Dünyanın ehtiram göstərdiyi lider
Təcrübə
göstərir ki, hər bir siyasi və iqtisadi prosesin
uğurlu nəticəsi ilk növbədə dövlətə
rəhbərlik edən şəxsin qətiyyəti, iradəsi
və mövqeyi ilə təmin olunur. Tarixin sınaqlarından
çıxmış bu formul hazırda Prezident İlham
Əliyevin liderliyi ilə Azərbaycanın nail olduğu tarixi
və möhtəşəm uğurların timsalında
öz təsdiqini tapmaqdadır.
Cənab Prezident
İlham Əliyev o liderlərdəndir ki, öz müdrikliyi,
atdığı addımlar və tarixi proseslərin
gedişatını milli mənafelər üçün
nizamlamağı bacarmaqla dövlətinin və
xalqının şərəf salnaməsinin müəllifinə
çevrilir. Bu baxımdan Ulu Öndər Heydər Əliyev
yolunun ən layiqli siyasi davamçısı kimi Prezident
İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi ötən
18 ildə Azərbaycanın nail olduğu hər bir uğur və
hər bir inkişaf nümunəsi müasir müstəqillik
tariximizin möhtəşəm hadisələridir. Ötən
18 ildə Azərbaycan olduqca böyük və tarixi keyfiyyət
dəyişiklikləri yaşayıb. Prezident İlham Əliyev çox
qısa müddətdə bütün sahələrin
inkişafına nail olmaqla Azərbaycanın ən yeni tarixinə
qızıl hərflərlə yazılan nailiyyətlərin
banisinə çevrilib. 18 ildə bütün Azərbaycan
yenidən qurulub və bunu Milli Məclisdə təmsil etdiyim
İsmayıllı rayonunun timsalında da aydın görmək
mümkündür.
Azərbaycanın hər
bir uğuru ölkə vətəndaşlarının öz
rəhbərinə olan inamını daha da gücləndirib.Təsadüfi
deyil ki, ötən hər prezident seçkisi seçicilərin
mütləq əksəriyyətinin öz səslərini cənab
İlham Əliyevə verməsi ilə əlamətdar olub.
İnkişaf proseslərinin davamlı olmasını arzulayan
vətəndaşlar hər dəfə seçkilərdə
İlham Əliyevə dəstəyini nümayiş etdirib. Bu,
Azərbaycanda cəmiyyətin mövcud siyasi kursa rəğbətinin
və inamının real təsdiqi olmaqla bərabər,
milyonların arzusunu, istəyini özündə ehtiva edib.
Fəxarət doğuran
digər məqam isə Prezident İlham Əliyevin dünyada
dərin analitik təfəkkürə və məqsədyönlü,
düşünülmüş siyasi iradəyə malik lider
kimi qəbul olunmasıdır. Qətiyyəti, diplomatik məharəti
onu dünyanın nüfuzlu siyasi rəhbərləri cərgəsinə
çıxarıb. Ona görə də Azərbaycan
Prezidentinin şəxsiyyəti bu gün beynəlxalq səviyyədə
ehtiramla qəbul olunur. Dövlətimizin
başçısının hadisələrə
baxışı, münasibəti hər bir beynəlxalq tədbirin
diqqətlə izlənilən məqamlarındandır. Bir
neçə gün əvvəl Prezident İlham Əliyevin
Brüsselə səfəri zamanı Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişel və NATO-nun
Baş katibi Yens Stoltenberq tərəfindən yüksək
ehtiramla qarşılanması da bir daha bunları təsdiq
etdi. Brüsseldə keçirdiyi görüşlərin hər
biri Prezident İlham Əliyevin qlobal miqyasda yüksək imicə
malik siyasi lider, Azərbaycanın isə uğurları qlobal
miqyasda qəbul edilən ölkə olduğunu növbəti
dəfə nümayiş etdirdi.
Prezident İlham
Əliyevin Azərbaycana rəhbərliyinin zirvə nöqtəsi
isə əlbəttə ki, ötən ilin Vətən
müharibəsində torpaqlarımızın işğaldan
azad edilməsi oldu. Xalqımızın intizarında olduğu
bu tarixi reallığın müəllifi Müzəffər
Ali Baş Komandan İlham Əliyevdir. Cənab İlham
Əliyevin həyata keçirdiyi kompleks inkişaf siyasəti,
respublikamızın yüksəlişi
torpaqlarımızın azad edilməsi üçün tarixi
şəraitin formalaşmasını və Ermənistan
üzərində hərbi qələbəni təmin etdi.
Torpaqlarımızın azad edilməsi ilə cənab
İlham Əliyev həm də dövlətimiz və
xalqımız üçün olduqca mühüm və tarixi
vəzifəni şərəflə yerinə yetirdi.
Bu ilin noyabrında
Soçidə, dekabrında isə Brüsseldə keçirilən
görüşlər göstərdi ki, cənab İlham
Əliyev Vətən müharibəsində qazanılan qələbəni
indi siyasi-diplomatik sferada qətiyyətlə davam etdirir. Bu
görüşlərin heç birində “Dağlıq
Qarabağ münaqişəsi”, “status” kimi ifadələrdən
istifadə edilmədi, Minsk qrupunun adı belə çəkilmədi.
Bu da bir daha təsdiq edir ki, həm Rusiya, həm Avropa
İttifaqı Prezident İlham Əliyevin yaratdığı
yeni reallıqları tam bölüşür.
Məramında humanizm,
xeyriyyəçilik və insanlara kömək etmək kimi
ülvi prinsiplər dayanan və Beynəlxalq Qızıl
Xaç və Qızıl Aypara Hərəkatının
ölkəmizdə yeganə təmsilçisi olan Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin də yüksəlişi,
respublikamızın aparıcı qeyri-hökumət təşkilatlarından
birinə çevrilməsi Prezident İlham Əliyevin diqqət
və qayğısının nəticəsidir. Xüsusilə
qeyd etmək istərdim ki, cənab İlham Əliyevin prezident
kimi fəaliyyətə başladığı ilk aylarda
verdiyi qərarlardan biri “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə
dövlət qayğısının artırılması
haqqında” 31 yanvar 2004-cü il tarixli sərəncam olub.
2007-ci ildə “Azərbaycan
Qızıl Aypara Cəmiyyəti haqqında” qanunun qəbulundan
sonra AzQAC həm də Azərbaycanda xüsusi statuslu təşkilata
çevrilib. Bu qanunun qəbulu da məhz Prezident İlham
Əliyevin qanunvericilik təşəbbüsü nəticəsində
mümkün oldu. Hazırda bu qanun dünyada nümunə kimi
istifadə edilir. Cənab İlham Əliyevin 7 aprel 2008-ci il
tarixli sərəncamına əsasən isə hər il
martın 10-u Azərbaycanda Qızıl Aypara Günü kimi
qeyd olunur. Cəmiyyətin yubileylərinin dövlət səviyyəsində
qeyd olunması, üzvlərinin orden və “Tərəqqi”
medalı ilə təltif olunması fəaliyyətimizə
verilən ali dəyər olmaqla bizlərə humanizm və
xeyriyyəçilik kimi müqqəddəs missiyamızı
daha inamla həyata keçirməyimizə yüksək stimul
verib.
Bütövlükdə, 2004-cü
ildən bəri Azərbaycan Prezidenti AzQAC-a dövlət
qayğısının artırılması ilə
bağlı 12 sərəncam imzalayıb ki, bu da fəaliyyətimizə
diqqət və qayğının yüksək göstəricisi
olmaqla, bizi işimizdə daha məsuliyyətli olmağa,
ölkəmizə layiqincə xidmət göstərməyə
sövq edir.
“Respublikamızın müasir ictimai və sosial həyatında
Qızıl Aypara Cəmiyyəti özünəməxsus yer
tutur, humanizm və könüllülük prinsiplərinə əsaslanaraq
qayğıya ehtiyac duyan insanlara lazımi yardım göstərir”
deyən Prezident İlham Əliyevin AzQAC-ın fəxri
üzvü olması bu qurumun dəyərini, xüsusi çəkisini
artırıb.
Onu da qeyd edim ki, Prezident
İlham Əliyevin dövlətimizə layiqli və uğurlu
rəhbərliyi yaradıcı fəaliyyətimdə də
öz əksini tapır. Bu günlərdə deputat həmkarım
Eldar Quliyevin sözlərinə bəstələdiyim mahnı
əsasında hazırlanan musiqi layihəsi də bu qəbildəndir.
İnanıram ki, bu mahnı xalqımız tərəfindən
rəğbətlə qarşılanacaq.
Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycanın nailiyyətləri
dövlətin və xalqın taleyində əsl liderlərin
müstəsna rolunu aydın təsəvvür etməyə
imkan verir. Qarşıda İlham Əliyevin rəhbərliyi ilə
dövlətimizi daha böyük nailiyyətlər və
möhtəşəm inkişaf nümunələri gözləyir.
Bu yolda cənab İlham Əliyevə uğurlar arzu edirik və
hər birimiz əminik ki, müdrik, qətiyyətli və
uzaqgörən siyasət dövlətimizin sürətli
yüksəlişini bundan sonra da layiqincə təmin edəcək.
Novruzəli ASLANOV,
Milli Məclisin deputatı,
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
prezidenti
Azərbaycan. - 2021.-23 dekabr.- S.5.