Möhtəşəm qələbələrin
memarı
Başa çatmaq üzrə olan 2021-ci ilin yekunlarının ictimai mənafe baxımından qiymətləndirilməsi pandemiya rejiminin hökm sürdüyü bir mərhələdə inkişafın dolğun mənzərəsini göz önündə canlandırır.
Belə real mənzərə fonunda fəaliyyəti ilə ictimai etimadı doğruldan, xalqa layiqli xidməti daim önə çəkən hakimiyyət komandasının müəyyənləşdirdiyi hədəfləri gerçəkləşdirmək əzmi də bir daha üzə çıxır.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının ən layiqli davamçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyev ötən il qazandığımız tarixi Zəfərdən sonra da yeni dünya nizamının çağırışlarına cavab verən daxili və xarici siyasət yürüdərək respublikamızın beynəlxalq arenada siyasi nüfuz və iqtisadi gücünün artmasına nail olmuşdur.
Müasir dövrdə dövlət hakimiyyətinin möhkəmliyi həm də iqtidarın cəmiyyətin müxtəlif təbəqələrinin mənafelərini müdafiə etmək, ictimai qüvvələrin tarazlığını qoruyub saxlamaq, cəmiyyətə xas mülki, demokratik, özünüidarə meyillərinin mütərəqqi inkişafını təmin etmək qabiliyyəti ilə müəyyən olunur. Bu mənada, iqtisadi liberallaşma və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edən davamlı islahatlarla yanaşı, ölkədə demokratik təsisatların rolunun yüksəldilməsi, insan hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar beynəlxalq səviyyədə yüksək qiymət alır.
Azərbaycan Prezidenti İlham Əliyev ötən 18 ildə hökumətin fəaliyyətini özünəməxsus tələbkarlıqla saat mexanizmi kimi qurmuş və cilalamışdır. İdarəçilik sistemində özünü göstərən cüzi qüsurların belə aradan qaldırılması üçün ardıcıl kadr və struktur islahatları həyata keçirmiş, xalqa layiqli xidmət məramını vəzifədə irəli çəkdiyi kadrlar qarşısında ümdə vəzifə kimi aktuallaşdırmışdır. İdarəçiliyin təkmilləşdirilməsi prosesini diqqət mərkəzində saxlamaqla, cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gələrək yeni, çevik və işlək strukturların, dövlət komitələrinin, nazirliklərin yaradılmasını vacib sanmışdır. 2018-cü ilin 11 aprelində keçirilmiş prezident seçkilərindən sonra Nazirlər Kabinetinin formalaşdırılmış yeni tərkibi fonunda bunu əminliklə söyləmək mümkündür.
Dövlət başçısının iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində korrupsiya və digər neqativ hallarla mübarizədə siyasi iradə nümayiş etdirməsi, dövlət məmurları qarşısında sərt tələblər müəyyənləşdirməsi həm də praktik addımlarla müşayiət olunur. Dövlət orqanlarının fəaliyyətində elektron xidmətlərin genişləndirilməsi, vətəndaş məmnunluğu ideyasını praktik surətdə rellaşdıraraq Azərbaycan brendinə çevrilmiş “ASAN xidmət”, “ASAN Kommunal”, “DOST” kimi mərkəzlərin uğurlu fəaliyyəti cəmiyyətdə şəffaflıq və hesabatlılığı gücləndirməklə yanaşı, ümumilikdə ictimai şüurda inqilabi dəyişikliklərə yol açmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyinin və sülhünün təmin olunması, əksqütblü qüvvələr arasında etimad mühitinin formalaşdırılması istiqamətində atdığı addımlar onun ədalətli rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər. Buna əyani misal kimi, dövlət rəhbərinin ötən müddətdə 34 əfv fərmanı imzalamasını və 4000-dən çox məhkumu bağışlamasını vurğulamaq olar. Bu fərmanların hətta ağır dövləti cinayətlərdə iştirak etmiş bir sıra məhkumlara şamil edilməsi, eləcə də “Eks-prezidentlərin statusu haqqında” Konstitusiya Qanununun qəbulu, siyasi partiyaların fəaliyyəti üçün normal şəraitin, sivil dialoq mexanizmlərinin yaradılması Azərbaycanda kifayət qədər oturuşmuş, demokratik siyasi sistemin mövcudluğunu təsdiqləyir. 8 Noyabr - Zəfər Günü münasibətilə ölkəmizdə növbəti amnistiya aktının qəbulu isə cənab İlham Əliyevin idarəçilik fəlsəfəsində humanizm, milli birlik, həmrəylik və insanpərvərlik ideyalarının parlaq xətt təşkil etdiyini göstərmişdir.
Son 2 ildə dünya ölkələri üçün ciddi problemə çevrilmiş yeni növ koronavirus pandemiyasının ölkəmizə neqativ təsirlərinin azaldılması, vəziyyətin nəzarət altında saxlanılması, Avropa İttifaqı ölkələrindən cəmi bir ay sonra əhalinin vaksinasiyası prosesinə başlanılması, sosial və biznes dəstək paketlərinin reallaşdırılması ölkədə insan və vətəndaş mənafelərinin daim uca tutulmasının əyani təzahürləridir.
Hökumətin fəaliyyətində sosial-iqtisadi məsələlərə xüsusi diqqətin ayrılması əsaslı yanaşma olaraq, ilk növbədə, müstəqilliyin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün etibarlı zəmin hazırlamaq məqsədindən irəli gəlir. Pandemiyanın mənfi təsirləri şəraitində 2021-ci ildə respublika iqtisadiyyatında islahatlar inamla davam etdirilmiş, xüsusən də regional inkişafa, qeyri-neft ixracının rekord həddə artımına, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına xidmət edən mühüm addımlar atılmışdır.
2003-2021-ci illərdə qəbul edilmiş 150-dək dövlət proqramı uğurla icra edilmiş, əldə olunan iqtisadi inkişaf tempi sosial problemlərin həlli istiqamətində qətiyyətli addımların atılmasına imkan yaratmış, yoxsulluğun səviyyəsi 44,7 faizdən 4,9 faizə düşmüşdür. Ölkəmizdə reallaşdırılan ardıcıl və sistemli iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamamlanır: 2019-cu ildə iki sosial islahat zərfi qəbul olunaraq icra edilmiş, müavinət və təqaüdlərin məbləğinin orta hesabla 92 faiz, əmək pensiyasının minimum məbləğinin 72 faiz, minimum əməkhaqqının 92 faiz, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda işləyənlərin əməkhaqlarının orta hesabla 50 faiz artırılması təmin edilmişdir. 2022-ci ildə 29,9 milyard manat təşkil edəcək büdcə xərclərinin 13,9 milyard manatını və ya 44 faizinin sosial təyinatlı xərclərin təşkil edəcəyi gözlənilir. Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə imzaladığı mühüm fərman və sərəncamlar yeni sosial dəstək paketi kimi əhali tərəfindən yüksək dəstək alır.
Reallaşdırılan iqtisadi islahatlar nəticəsində Azərbaycan müasir dünyanın qabaqcıl ölkələrinin təcrübəsində müşahidə olunmuş “keyfiyyət inqilabı” mərhələsini yaşayır. “Keyfiyyət inqilabı” daimi, ardıcıl təkmilləşməni, daha dəqiq deyilsə, “məqsədlərin daimiliyini” elmi prinsip kimi önə çəkir. Bu proses bütün sahələrdə keyfiyyət dəyişikliklərinə və modernləşməyə xidmət edir. Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilməsi Azərbaycanın Avropa miqyasında rəqabətədavamlı iqtisadiyyata malik olmasının göstəricisidir.
İnkişaf, sosial və humanitar yönümlü islahatların genişləndirilməsində və səmərəli nəticələr verməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri xüsusi qeyd olunmalıdır. Dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü, xalqımızın azad siyasi iradəsinin təntənəsi kimi tarixiləşmiş 2016-cı ilin 26 sentyabr referendumu ilə Azərbaycan Respublikasında vitse-prezident vəzifələrinin təsis edilməsi, 2017-ci il 21 fevral tarixdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması, bu mənada, postneft dövründə Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatların davamlılığını təmin etmək və dövlət idarəçiliyinin səmərəliliyini yüksəltmək məqsədinə xidmət etmişdir.
Gələcəyə dair baxış və strategiyalar nə qədər mükəmməl olsa da, onların taleyi, həyata keçirilməsi gözlənilməz hadisələrdən, ssenarilərdən deyil, bütün hallarda lider missiyasından asılı olur. Ötən il 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun gücü, xalqımızın mübarizə əzmi, Prezident İlham Əliyevin yüksək liderlik qətiyyəti, diplomatik məharəti sayəsində qazandığımız tarixi qələbədən sonra Azərbaycan inkişafının dönüş mərhələsinə qədəm qoymuşdur. Dövlət başçısının siyasi iradəsi ilə post-konflikt mərhələsində yalnız ölkə miqyasında deyil, bütövlükdə, regionda və dünyada proseslərin axarını yeni məcraya yönəldə biləcək tarixi qərarlar verilir.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın siyasi, diplomatik və hərbi müstəvilərdə apardığı fəal iş regiondakı yeni siyasi reallığın dünya birliyinə və Ermənistana qəbul etdirilməsinə, tarixi qələbənin legitimləşdirilməsinə yönəlmişdir. Rəsmi Bakı qısa müddətdə haqlı və ədalətli yanaşmasını dünyanın fövqəlgüc dövlətlərinə və aparıcı təşkilatlarına qəbul etdirməyə nail olmuşdur. Dövlətimizin başçısı İlham Əliyev müharibədən dərhal sonra Ermənistanla aparılacaq danışıqların dəqiq yol xəritəsini müəyyən etmişdir. Aparıcı dövlətlər və təşkilatlar bu konstruktiv, ədalətli və prinsipial yanaşmanı əsas tutaraq hazırda Ermənistanla Azərbaycanın məhz sərhədlərin delimitasiya və demarkasiyası, humanitar problemlərin həlli, kommunikasiyaların bərpası məsələləri ətrafında danışıqlar aparması təklifini dəstəkləyirlər.
Ermənistanın son bir ildə regiondakı yeni reallığa qarşı çıxmaq, onu dəyişmək, müəyyən revanşist bəyanatlarla, eləcə də əsassız bəhanələrlə Azərbaycana qarşı təzyiqləri gücləndirmək cəhdləri iflasa uğramışdır. Rəsmi Bakı İrəvanın təkcə informasiya deyil, hərbi müstəvidəki təxribatlarına da tutarlı cavab vermişdir. Ermənistan son bir ildə bəzi Avropa ölkələrinə, hətta ən yaxın müttəfiqləri olan Rusiya və Fransaya olan ümidlərini itirmişdir. İrəvanın gözləntilərinin əksinə olaraq bu gün Rusiya, Fransa, Avropa İttifaqı ölkələri 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın formalaşdırdığı geosiyasi reallıqlardan çıxış edirlər. Prezident İlham Əliyevin post-konflikt dövründə ən böyük diplomatik uğurlarından biri də dünyanın əsas güc sahiblərinin müharibədən sonrakı proseslərdə münasibətdə eyni mövqedən çıxış etməsinə nail olmasıdır.
Türkiyə və Azərbaycan təşəbbüsçüsü olduğu “3+3” regional əməkdaşlıq platforması, eləcə də Zəngəzur dəhlizinin bərpası ideyası təkcə Rusiyanın deyil, Uzaq Şərqdən Avropayadək bir çox ölkələrin maraq dairəsindədir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edən xarici şirkət və dövlətlərin sayının getdikcə çoxalması Ermənistanın yeni geosiyasi reallığın dəyişə biləcəyinə olan sadəlövh inamını tamamilə puça çıxarmışdır. Rəsmi İrəvan xüsusilə noyabrın 26-da Rusiya Federasiyasının Soçi, dekabrın 15-də Brüssel şəhərlərində keçirilən üçtərəfli görüşlərdən sonra Azərbaycanla sülh danışıqlarının detalları üzrə danışıqların davam etdirilməsinin, kommunikasiyaların bərpası istiqamətində praktik addımlar atılmasının qaçılmaz proses olduğunu qəbul etmək məcburiyyətində qalmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti əsasında Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak məqsədilə Belçikaya səfəri və keçirdiyi görüşlər Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olmuşdur. Brüssel görüşü göstərmişdir ki, 2020-ci il noyabrın 10-da imzalanmış məlum üçtərəfli bəyanatdan çıxış edərək şərtlərini diktə edən, danışıqların gündəmini müəyyən edən ölkə məhz Azərbaycandır. Bu mövqe ölkəmizin hərbi-iqtisadi gücü ilə yanaşı, ilk növbədə, ədalətli, sivil, beynəlxalq hüquqa əsaslanan yanaşması, konstruktiv mövqeyi ilə şərtlənir. Dünya birliyi artıq bu qənaətdədir ki, indiki şəraitdə Azərbaycanın regionda yaratdığı geosiyasi reallıq Ermənistanın sosial-iqtisadi, siyasi böhrandan çıxması və Cənubi Qafqazın inkişafı üçün alternativsiz yoldur.
2021-ci il həm də işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində həyata keçirilmiş kompleks tədbirlər, eləcə də qısa zamanda reallaşdırılması fantastik görünə biləcək layihələrlə yaddaqalan olmuşdur. Şuşaya aparan Zəfər yolunun, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, işğaldan azad edilmiş rayonların baş planlarının təsdiqi, abadlıq-quruculuq işləri, infrastruktur layihələri və s. Azərbaycanın iqtisadi gücünün və qüdrətinin əyani göstəricidir.
Tarixi Qələbəmizin nəticəsi kimi Azərbaycan Respublikası uzun illər qeyri-qanuni şəkildə istismar olunmuş torpaqlarının aqrar-sənaye, ekoloji, hidroloji və s. potensialını bərpa etmək, mövcud resurslardan bəhrələnmək imkanı qazanmışdır. Həmin ərazilərin zəngin təbii ehtiyatları, şirin su qaynaqları, münbit torpaq örtüyü Qarabağ və Şərqi Zəngəzur bölgəsinin sürətli sosial-iqtisadi inkişafına, dövlət büdcəsinə daxilolmaların zamanla artımına, o cümlədən sosial-infrastruktur layihələrinin reallaşdırılmasına, yeni iş yerlərinin açılmasına yaxşı imkanlar açır.
Regionda sabitliyin əldə edilməsi Azərbaycana xarici investisiya axınının sürətlənməsinə, işğaldan azad edilmiş ərazilərdə münbit biznes mühitinin formalaşdırılmasına da yaxşı imkan yaratmışdır. Dövlət başçısı İlham Əliyevin 10 dekabr 2021-ci il tarixli “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamı bu baxımdan xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan Prezidenti İlham Əliyevin unikal idarəetmə təcrübəsi və yüksək liderlik keyfiyyətləri deməyə əsas verir ki, ölkəmizdə dövlət quruculuğu prosesi son dərəcə etibarlı əllərdədir. Tarixi Zəfər fonunda ölkəmizdə islahatlar prosesinin geniş vüsət alması ümumən sistem xarakterli dəyişikliklərə zəmin yaradır.
Hər addımda xalqının dəstəyinə güvənən dövlət başçısının müdrikliklə yürütdüyü daxili və xarici siyasət Azərbaycanın dünyada mövqelərini gücləndirməklə yanaşı, ümummilli məsələlərlə bağlı strateji hədəflərə doğru inamlı addımların atılmasında, dövlətimizin əbədi suverenliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında başlıca amil kimi çıxış edir.
Ağalar
VƏLİYEV,
Milli Məclisin
deputatı
Azərbaycan.-
2021.-23 dekabr.- S.1; 6.