İlham Əliyevin şəhərləri

 

1993-cü il! Yenicə müstəqilliyini qazanmış respublika dağılmaq, məhv olmaq təhlükəsi altındadır.

Anarxiya, qanunsuz silahlı birləşmələr, vətəndaş müharibəsi ərəfəsi. Belə bir ərəfədə xalqın təkidli xahişi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldi. Büdcədə pul yox, iqtisadiyyat çöküb, müharibə şəraiti, torpaqlarımız işğal altındadır.

Bu böyük dövlət adamı iki ilin içində dağılmaqda olan respublikanın əl-ayağını bir yerə yığa bildi. Bütün silahlı dəstələri zərərsizləşdirdi. Və sübut etdi ki, hakimiyyətə gəlməyin yolu yalnız seçkilərdir, hakimiyyətin mənbəyi xalqdır. İqtisadiyyatı yenidən qurmağa başladı, “Əsrin müqaviləsi”ni imzaladı, Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirdi.

Ulu Öndərin ən böyük arzusu torpaqlarımızı düşmən işğalından azad etmək idi. Ömür vəfa etmədi.

Bu müqəddəs vəzifə Onun siyasi varisi İlham Əliyevin üzərinə düşdü.

Heydər Əliyevdən sonra hakimiyyətə gələn İlham Əliyev 17 il bütün döyüşlərə (oxu: görüşlərə) tək gedirdi. Ermənilər isə türklər demiş, heç vaxt təkər-təkər gəlmirdilər. Ermənistanın arxasında duran qüvvələr fikirləşirdilər ki, bu gənc (hakimiyyətə gələndə 43 yaşı vardı) lideri yerində oturda biləcəklər, Qarabağı Azərbaycandan qoparıb Ermənistana peşkəş edəcəklər. Müxtəlif layihələrlə gəlirdilər, müxtəlif təkliflərlə və sairə və ilaxır. Fikirləşirdilər ki, gəncdir, təcrübəsizdir, Heydər Əliyev kimi dünyada tanınan bir siyasətçi deyil.

Amma unudurdular ki, o, Heydər Əliyevin oğludur, Heydər Əliyev məktəbi keçib. Dünyanın öndə gedən diplomatik institutlarından birini əla qiymətlərlə bitirib.

Yadıma bir hadisə düşdü. Alparslan Türkeş dünyasını dəyişəndə Milliyyətçi Hərəkat Partiyasında Türkeşin oğlu Toğrul Türkeşi sədr seçmək istəyəndə önünə bir şərt qoydular ki, o, ülkü ocaqlarında təhsil almayıb, o zaman Toğrul bəy gülüb demişdi:

- Ülkü ocaqlarında mənim atamın yazdığı kitablardan dərs keçirlər. Bu ocaqlarda təhsil alanlar həftədə iki dəfə mənim atamın yazdığı kitablardan iki-üç saat təlim-tərbiyə alırlar. Necə olur ki, onlar ülküçü sayılır, amma hər gün iyirmi dörd saat atamın ideyaları ilə böyüyən mənim qarşıma belə şərt qoyursunuz.

Bir daha xüsusilə vurğulayıram ki, onlar unudurdular 43 yaşınadək Heydər Əliyevin təlim-tərbiyəsini, siyasi görüşlərini, əqidəsini, vətənpərvərliyini, milli məfkurəsini gündə 24 saat mənimsəyən və artıq yetişmiş, müdrikləşmiş İlham Əliyevlə qarşı-qarşıyadırlar.

İlham Əliyev qarşısına bir məqsəd qoymuşdu, Atasının ona etdiyi vəsiyyəti - torpaqlarımızı Ermənistanın işğalından xilas etmək, müstəqilliyini əbədi etmək vəsiyyətini həyata keçirmək üçün gecə-gündüz çalışır, mübarizə aparırdı.

Ölkənin iqtisadiyyatını qurur, dünyanın aparıcı dövlətləri ilə iqtisadi əlaqələr yaradır, Azərbaycanı tək regionda deyil, dünyada söz sahibinə çevirir, Müdafiə Sənayesi Nazirliyi yaradır, yeni ordu formalaşdırır, ordunun maddi-texniki bazasını möhkəmləndirir. Qarşısında bir amal var: güclü iqtisadiyyat, güclü dövlət, güclü ordu və ağıllı siyasət.

Birinci Qarabağ savaşında Allahın avtomat patronunu, ən sadə döyüş silahlarını xaricdən alan Azərbaycan indi nəinki öz ordusunu ən müasir silah-sursatlarla, raketlərlə, PUA-larla, dronlarla, ağır artilleriya ilə təmin edir, eləcə də dünyanın 30-a qədər dövlətinə silah-sursat satır.

Bəli, Prezident İlham Əliyev reklamsız öz işiylə məşğul idiheç bir danışıqlarda da bir addım geri çəkilmirdi. Bir sözlə, Ermənistan və havadarları bir daş idilərsə, Qayaya rast gəlmişdilər. Onlar “nöqtə” idilər, ammaNida” ilə qarşılaşmışdılar.

Hər şeyin bir zamana ehtiyacı vardı. Prezident deyirdi: “Mən nəyi, nə vaxt və necə etməyi yaxşı bilirəm”.

Vaxt gəldi, dediyini dedi, elədiyini də elədi. 44 günün içində, belə demək mümkünsə, ildırım sürəti ilə Azərbaycanın 30 ilə yaxın bir dövrdə işğal altında olan bütün torpaqlarını (təxminən 19 min kvadratkilometr) öz sərkərdəlik məharəti ilə azad etdi.

Hələ uzun illər bundan əvvəl deyirdi ki, gün gələcək müqəddəs Azərbaycan bayrağı işğal altında olan bütün torpaqlarımızda dalğalanacaq. O gün gəldi! Məhz onun sərkərdəliyi ilə ordumuzun müzəffər əsgərləri o bayrağı bütün Qarabağ boyu dalğalandırdılar.

Son beş əsrdə Azərbaycan ilk dəfəydi ki, Onun komandanlığı altında itirdiyi torpaqlara sahiblənirdi.

Bu 44 günlük müharibə bütün dünyanı, daha dəqiq desək, ermənilərin arxasında duran böyük dövlətləri təkcə çaşdırmamışdı, həm də sarsıtmışdı. Ermənistan da, arxasında duran dövlətlər də qarşılarında qüdrətli bir Azərbaycan, qüdrətli bir Sərkərdə gördülər.

Prezident İlham Əliyev özü də təkcə döyüşdə qalib gəlmədi, diplomatiyada da qalib gəldi. Məhz uğurlu xarici siyasəti nəticəsində. Özünün çevik diplomatiyası ilə dünyanın bir sıra söz sahibi olan ölkələri Azərbaycanın yanında oldular, haqq səsinə səs verdilər.

İlham Əliyev təkcə ata vəsiyyətini yerinə yetirmədi, O, Azərbaycan xalqının arzusunu, istəyini həyata keçirdi. Bir milyon qaçqın və məcburi köçkünün 30 ildə həsrətlə gözlədiyi qələbə müjdəsini də verdi. Azərbaycan xalqının qürurunu özünə qaytardı!

Artıq bir ildən çoxdur ki, işğaldan azad olmuş şəhər və kəndlərimizdə quruculuq işləri gedir. Bilirsiniz, bu quruculuq işində ən çətin olanı nədir? Biri var hər şeyi sıfırdan başlayasan, birivar minusdan başlayasan. Mənfur düşmən şəhər və kəndlərimizi elə bir xarabazara çeviriblər ki, o xarabazarlığı təmizləmək, yerində şəhər və kəndlər salmaq ikiqat maddi vəsait tələb edir. Təkcə Ağdamı xarabazarlıqdan təmizləmək üçün bəlkə də minlərlə maşın və texnika lazımdır. Şəhərdə hələ tikililəri demirəm, infrastrukturu yenidən qurmaq üçün milyardlarla manat pul lazımdır. Və Azərbaycan heç bir dövlətdən borc almadan bütün şəhər və kəndlərimizi yenidən qurur.

Müstəqillik qazanan gündən müharibələrdə, sonra da müharibə şəraitində yaşayan, 44 günlük Vətən müharibəsi aparan bir dövlət üçün bu çox ağırdı.

Yenə də ikiüzlü siyasətlə üz-üzəyik. Avropa İttifaqı heç bir kəndi-kəsəyi dağılmamış, evi-eşiyi yağmalanmamış Ermənistana 2,6 milyard dollar yardım ayırır, Azərbaycana isə 140 milyon dollar. Eybi yox, bu xalq Möhtərəm Prezidentin rəhbərliyi ilə bu sınaqdan da, bu çətinlikdən də uğurla çıxacaq.

Necə deyərlər, Möhtərəm Prezident İlham Əliyev əlini bu ağırlığın altına qoyubbunun da öhdəsindən gələcək. Təbii ki, xalqımızla bir yerdə.

Şair Məmməd Araz yazır:

Bir daşın qulpundan yapışsa hərə,

imiş bir kəndin şəhər olmağı?

İndi biz də hərəmiz bir daşın qulpundan yapışsaq Ağdamı, Füzulini, Kəlbəcəri və digər şəhər və kəndlərimizi abad eləmək nə çətin bir işdir?

Pyotr bataqlıqda şəhər saldı, indi onun adıyla adlanır Peterburq.

Əmir Teymur türk dünyasına iki böyük şəhər bağışladı - Səmərqənd və Buxara. Üstündən 500 il keçir, bu şəhərlərə Əmir Teymur şəhərləri deyirlər.

Dünyada şəhərləri yandıran, yer üzündən silən padşahlar olublar. Amma onların adı nə tarixdə qalıb, qalıbsa nifrətlə anılır, Neron kimi.

Qurub-yaradanlar yaşayır, üstündən yüz illər, min illər keçsə də.

İlham Əliyev köçəryanların, sərkisyanların, ohanyanların, nə bilim hansı yanların dağıtdığı şəhərləri yenidən tikir.

Bu şəhərlər təbii ki, öz adıyla yaşayacaq : Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər, Şuşa, Xocavənd. Amma illər, yüz illər keçəcək, bu şəhərlər tarixdə İlham Əliyevin şəhərləri kimi qalacaq.

Təkcə Ağdamı misal gətirim. Yüz minlik bir şəhər salınır. Dünyada tayı-bərabəri olmayan bir şəhər. Baş planla hamımız tanışıq. Mən Baş planla tanış olandan sonra bunu Ağdamda görüşdə Möhtərəm Prezidentə də dedim. Şəhərin bu Baş planı müharibədən sonra işlənmiş bir plan deyildi. Belə bir müdhiş planı hazırlamaq üçün uzun illər lazım idi. Deməli, Möhtərəm Prezident hələ müharibədən çox-çox əvvəl Qarabağda yenidən inşa olunacaq şəhər və kəndlərin layihələrini hazırlatmış, dəfələrlə memarların üstündə yenidən işləməsini tövsiyə etmiş və ən nəhayət, son qərara gəlmişdir. Layihələr o qədər dəqiqliklə, incəliklə işlənib ki, bu dörd-beş ayın məhsulu deyil.

Deməli, Möhtərəm Prezident torpaqlarımızın azad olunacağını və nə vaxt azad olunacağını, özünün dediyi kimi, çox gözəl bilirmiş.

30 ildir Şuşaya bayraq sancmağımıza inanmayanlara da xatırlatmaq istəyirəm ki, lap tezliklə Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Əsgəranda və Ağdərədə də dalğalanacaq. Hər şeyin bir zamana ehtiyacı var, zaman da bizim xeyirimizə işləyir. Bu zamanı da bizim xeyirimizə işlədən Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyevdir.

Möhtərəm Prezident İlham Əliyevin 60 yaşı tamam olur. Ona nə arzulayım?! Tanrı ona hər şey verib: boy-buxun, yaraşıq, Sərkərdəlik qabiliyyəti, Xalq sevgisi, 44 günlük müharibədə onu bir an da tək buraxmayan ömür-gün yoldaşı, qüdrətli dövlət, dünyada qəbul olunan müdrik bir siyasətçi. Tarixə adı qızıl hərflərlə yazılacaq qüdrətli bir Sərkərdə.

Mən Möhtərəm Prezidentə nə arzulayım?! Tanrı o günü İlham Əliyevə, Azərbaycan xalqına qismət eləsin ki, yenidən tikdiyi İlham Əliyevin şəhərlərinin sakinlərinin doğma yurd-yuvalarına dönəcəyi gün açılış lentlərini kəsməyi qismət eləsin. Ağdamda, Kəlbəcərdə, Laçında və sairə şəhərlərimizdə ad gününü öz ev-eşiyinə köçmüş qaçqınlarla birgə keçirtməyi, çay süfrəsi arxasında oturmağı, onlarla birgə Qarabağ plovu yeməyi arzulayıram.

Qismət olsa, mən də orada olmaq istərdim.

Möhtərəm Prezident, ad gününüzü ürəkdən təbrik edirəm. Sizə uzun ömür, cansağlığı və ömür-gün yoldaşınız, xalqın sevimlisi Mehriban xanım Əliyeva ilə birlikdə Azərbaycan naminə daha böyük uğurlara imza atmağınızı arzulayıram.

Tanrı Sizi qorusun!

 

Aqil ABBAS,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2021.-23 dekabr.- S.1; 6.