Böyük Zəfərin mükəmməl salnaməsi

 

Paytaxt meriyasında “Vətən müharibəsi tarixi - Şəxsiyyət faktoru” və “Zəfər memuarları” kitablarının  təqdimatı keçirilib

 

Bakı Şəhər İcra Hakimiyyətində tanınmış tarixçilərin, diplomatların,  hərbçilərin, məmurların, Milli Məclisin deputatlarının, Vətən müharibəsi veteranları və qazilərinin iştirakı ilə Vətən müharibəsində qazanılan Şanlı Qələbə və onun tarixinə həsr edilən “Vətən müharibəsi tarixi - Şəxsiyyət faktoru” və “Zəfər memuarları - Döyüşçülər Sərkərdə və müharibə haqqında” kitablarının təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu kitablar müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biridir. Kitab müharibənin əvvəlindən bu günə kimi olan bütün  mərhələləri əhatə edir. Birinci Qarabağ müharibəsindəki məğlubiyyət, onun səbəbləri, Vətən müharibəsindəki Qələbə kitabın hazırlanması prosesində iştirakçılar tərəfindən ətraflı araşdırılmışdır. Bu gün biz tam əminliklə deyə bilərik ki, bu Şanlı Qələbənin kökündə şəxsiyyət faktoru, İlham Əliyev fenomeni dayanır. Kitabda bütün bu məsələlər açılır.

Vətən müharibəsində əldə etdiyimiz Zəfər dövlət başçısının intellekti, müdrik siyasəti və dahi sərkərdəlik məharəti sayəsində əldə olunub. Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi sayəsində  ölkədə güclü iqtisadiyyatbunun sayəsində qüdrətli ordu yaradılıb. Beynəlxalq münasibətlər sahəsində önəmli uğurlar əldə edilib ki, bunun da nəticəsində Zəfər qazanılıb.

Hazırda dahi şəxsiyyət İlham Əliyevin siyasəti nəticəsində azad edilmiş torpaqlarda şəhər və yaşayış məntəqələrinin aktiv bərpa prosesi aparılır və Azərbaycan özünün yeni və şanlı tarixini yazır.

Biz, bu dövrün müasirləri olaraq müharibə həqiqətlərini təhlil etməli və gələcək nəsillərə düzgün çatdırmalıyıq. Bu baxımdan “Vətən müharibəsi tarixi - Şəxsiyyət faktoru” və “Zəfər memuarları - Döyüşçülər Sərkərdə və müharibə haqqında” kitablarının hazırlanması  ideyası meydana gəldi və bu gün kitablar geniş ictimaiyyətə təqdim olunur.

 Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanan “Vətən müharibəsi tarixi - Şəxsiyyət faktoru” kitabına tarixçi alimlərin, hərbçilərin, Milli Məclisin deputatlarının, tanınmış jurnalistlərin, məmurların Vətən müharibəsi ilə bağlı yazıları, “Zəfər memuarları - Döyüşçülər Sərkərdə və müharibə haqqında” kitabına isə Vətən müharibəsinin iştirakçısı olan zabit, döyüşçü və qazilərin dahi Sərkərdə, Savaş və Zəfər barədə memuarları daxil edilərək nəfis tərtibatda çap olunub.

 Təqdimat mərasimində çıxış edən “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov,  Milli Məclisin deputatı Anar İsgəndərov,   Müdafiə Nazirliyi 5-ci Ordu Korpusunun komandiri, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov,  Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva və digər çıxış edənlər kitabların əhəmiyyətini qeyd edərək bu nəşrlərin Vətən savaşında qazanılan Şanlı Qələbənin geniş təbliğində mühüm rol oynayacağını vurğulamışlar.

Kitabların 4 dildə - Azərbaycan, rus, türkingilis dillərində çapı nəzərdə tutulub.

 

Ülkər XASPOLADOVA

 

Azərbaycan.- 2021.-23 dekabr.- S.7.