Ən böyük himayədar
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı dünyaya öz gücünü nümayiş etdirdi, bütün cahana səs salan “Dəmir yumruq”la haqq və ədaləti bərpa edərək möhtəşəm qələbənin müəllifinə çevrildi, şanlı Zəfər tarixi yazdı.
Hər zaman Azərbaycanın qəsdinə duran ermənilərin qəddini əyən, onları sözün əsl mənasında darmadağın edən 44 günlük müharibə həm də zəfərə gedən yolda lider amilinin nə qədər vacib rola malik olduğunu bir daha əyani olaraq isbatladı.
Hamılıqla qəbul edilən həqiqətdir ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbənin memarı olan Prezident İlham Əliyevin liderlik xüsusiyyətləri, yenilməz sərkərdəlik qabiliyyəti, böyük ustalıqla apardığı siyasət ölkəmizin ərazi bütövlüyünün, tarixi ədalətin bərpa edilməsində, xalqın vahid ideya, prinsip, məqsəd ətrafında birləşməsində xüsusi çəkiyə malik olub.
İndi Azərbaycan işğaldan azad etdiyi ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya səs salan abadlıq-quruculuq işlərinə başlayıb, qısa zaman kəsiyində bu istiqamətdə böyük işlər görüb. Bu yerlərdə dövrümüzün ən qabaqcıl tələblərinə cavab verən, müasir texnologiyaların tətbiqi ilə yaradılan modern infrastruktur həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də doğma yurdlarına qayıdacaq insanların normal həyat şəraiti ilə təminatında mühüm rol oynayacaq.
Həyata keçirilən abadlıq-quruculuq işlərinin müəllifi olan cənab İlham Əliyev bərpa prosesi, müvafiq infrastrukturların ərsəyə gəlməsi ilə bağlı layihələrin icrasına şəxsən nəzarət edir. Prezident İlham Əliyev azad olunmuş ərazilərin bərpası, yenidən qurulması prosesində yenə dünya üçün nümunə olacaq bir konsepsiya həyata keçirir.
Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə zəruri infrastrukturun yaradılması indi ən müxtəlif istiqamətləri əhatə edir. Bu yerlər üçün hazırlanan və artıq bəzilərinin, konkret halda Ağdamın təqdimatı olan baş planından belə bəlli olur ki, azad olunmuş ərazilərdə ən müasir tələblərə cavab verən idman infrastrukturunun qurulması da əsas diqqət mərkəzində saxlanılır.
Azərbaycanda modern idman infrastrukturunun yaradılması istiqamətində çoxsaylı vacib layihələr həyata keçirilib və hazırda bu proses böyük bir vüsətlə davam edir. Beynəlxalq Olimpiya Hərəkatının fəal üzvlərindən olan Azərbaycanda onlarca olimpiya-idman kompleksləri inşa olunub, digər idman obyektlərində əsaslı yenidənqurma işləri aparılıb. Bunun nəticəsidir ki, Azərbaycanın idman infrastrukturu ölkəmizə çoxsaylı beynəlxalq yarışlara evsahibliyi etmək imkanı qazandırır. İndi yeni olimpiya idman komplekslərinin, digər idman müəssisələrinin tikintisinin əsas məkanlarından biri məhz işğaldan azad edilən ərazilər olacaq.
Prezident İlham Əliyevin birbaşa diqqəti nəticəsində bu ərazilərdə də idmanın inkişafına yeni təkan verən maddi-texniki bazanın yaradılması və möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına imkan verən infrastrukturun qurulması ölkə idmanının inkişafına mühüm təkan olacaq. Güləşdən tutmuş cüdoya, şahmatdan tutmuş müxtəlif digər intellektual və komanda oyunlarına qədər, eləcə də bir çox digər idman növündə Azərbaycanı layiqincə təmsil edəcək idmançılar nəsli artıq azad olunmuş ərazilərdə də yetişəcək. Bu, Azərbaycanın idman ölkəsi kimi bütün dünyada layiqli yerini daha da möhkəmləndirəcək, onun nüfuzunu daha da yüksəldəcək, üçrəngli bayrağını yeni zirvələrə ucaldacaq.
Son 18 ilə nəzər yetirdikdə digər sahələrdə olduğu kimi Azərbaycan idmanının tarixində də şanlı səhifələr yazıldığının şahidi oluruq. Ötən dövr ərzində ölkəmizdə idman və olimpiya hərəkatının inkişafında böyük canlanma müşahidə olunub. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasəti, həmçinin idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir. İdman strukturunun yenidən qurulması, yeni-yeni idman obyektlərinin, olimpiya idman komplekslərinin inşa edilməsi bu sahənin inkişafı ilə bağlı möhkəm təməl yaradıb. Ölkəmizin bütün bölgələrində müasir səviyyəli idman infrastrukturu formalaşdırılıb. Bundan başqa, idmançıların dövlət tərəfindən daim qayğı ilə əhatə olunması, onların bütün problemlərinin həll edilməsi, yüksəksəviyyəli təlim-məşq toplanışlarının keçirilməsi onların beynəlxalq turnirlərdə yüksək nəticələr əldə etməsini təmin edir.
Artıq 2021-ci ilə də yekun vururuq. Hər ilin sonunda ilin idman uğurları təntənəli şəkildə qeyd olunur. Cari ilin ən böyük idman hadisələri sözsüz ki, Tokioda keçirilən Yay Olimpiya və Paralimpiya Oyunları idi. Əlbəttə, Olimpiya Oyunlarına gedən hər bir idmançı yalnız qələbə barədə düşünür. Bu fonda dördilliyin zirvə yarışına 44 idmançı ilə qatılan Azərbaycan komandası turniri 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb. Paralimpiyaçılarımız isə 19 medalla tarixi rekorda imza atdılar. Olimpiadada yarışan və qalib gələn idmançılar alqışla qarşılanır, qarşıdakı turnirlərə daha məsuliyyətlə yanaşırlar. Hər birimiz istərdik ki, Azərbaycan idmançıları da ən azından Rio Olimpiadasında qazanılan 18 medallıq nəticədən çox da geridə qalmasınlar. Lakin dünyanı ağuşuna alan koronavirus pandemiyası dövründə yaşanan hadisələr idmançılarımızdan da yan keçmədi. Azərbaycanda bir sıra obyektlərin, o cümlədən idman zallarının fəaliyyətinə məcburən qadağa qoyuldu, idmançılarımız olimpiadaya normal şəkildə hazırlaşa bilmədilər.
Fəxarət hissi keçirirəm ki, bu gün cənab İlham Əliyevin rəhbəri olduğu dövlətdə idman mütəxəssisi kimi çalışıram. Hakimlik fəaliyyətimlə bağlı mütəmadi olaraq beynəlxalq yarışlarda, çempionatlarda iştirak edirəm. Xarici həmkarlarımla, həmçinin beynəlxalq idman qurumlarının rəhbərləri və təmsilçiləri ilə söhbətlərdə xüsusilə vurğulanır ki, Azərbaycan həm öz idmançılarının yüksək potensialına, idman uğurlarına, həm də beynəlxalq idman hərəkatına böyük töhfələrinə görə qabaqcıl idman ölkəsi sayılır. Müsbət cəhətlərdən biri də Azərbaycanda beynəlxalq idman yarışlarının ən yüksək səviyyədə keçirilməsidir. Artıq dünyada idman yarışlarının təşkilində mükəmməl Azərbaycan modeli var və bu, birmənalı etiraf olunur.
Ömrümün 40 ilini idmana həsr etmişəm. 20 ildən artıqdır ki, beynəlxalq səviyyədə hakimlik fəaliyyəti göstərirəm. Üç olimpiada, dəfələrlə ən ali idman yarışlarını idarə etmişəm. Söylədiklərim rəsmi, nüfuzlu xarici idman mütəxəssislərinin rəyləri, mülahizələridir. Bu uğurlar bizi çox sevindirir. Şübhəsiz ki, bu nailiyyətlərlə yalnız biz idmançılar deyil, elə bütün vətəndaşlarımız qürur duyur. Hər dəfə Azərbaycan bayrağı qaldırılanda, himnimiz səslənəndə, yeni dostlar, yeni təəssübkeşlər, ən əsası isə yeni azarkeşlər qazanırıq. Bu uğurlara görə, əlbəttə ki, möhtərəm Prezident İlham Əliyevə minnətdarıq, borcluyuq.
Bir məqamı da vurğulamaq istərdim. Təəssüf ki, Azərbaycan idmanında son vaxtlar həm problemlərlə üzləşirdik, həm də lazımsız arxayınçılıq yaranmışdı. Bunun nəticəsini də son illərdə idman yarışlarının medal göstəricilərində aydın görürdük. Xeyli müddətdir ki, bu problemlərlə bağlı möhtərəm Prezidentimiz iradlarını bildirir, problemləri göstərirdi. Açıq danışmaq istəyirəm, Prezident həyəcan təbili çalırdı. Biz bu vəziyyəti Milli Olimpiya Komitəsi çərçivəsində, idman federasiyaları daxilində mütəxəssislərlə müzakirə edirdik. Nəhayət, Prezidentin qərarı ilə Azərbaycan idmanının inkişafının yeni mərhələsi başladı. Hörmətli Fərid Qayıbov gənclər və idman naziri vəzifəsinə təyin olunarkən cənab Prezidentin onun qarşısında qoyduğu konkret vəzifələr mənim fikrimcə, bu sahədə islahatların konkret hədəfləridir. Yəni Prezident hansı sahədə nə problemlər var, onları açıq söylədi. Həm də onları necə həll etməyin yollarını həmişəki kimi böyük müdrikliklə bəyan etdi. Artıq proses başlayıb və ilkin təəssüratım çox müsbətdir.
Federasiyaların rəhbər, məşqçi heyətlərinin yenidən təşkili sürətlə gedir. Özü də olduqca düzgün seçimlər aparılır. Öz sahələrində səmərəli fəaliyyət göstərən şəxslər inanırıq ki, federasiyalardakı ətaləti, ləngimələri tezliklə aradan qaldıracaqlar.
Milli Olimpiya Komitəsinin sonuncu hesabat seçki konfransı da idman islahatlarına təşkilati dəstək baxımından mühüm hadisə oldu. Problemlərdən danışıldı, yeni istiqamətlər müəyyənləşdirildi, yeni tərkib seçildi. Tərkib peşəkarlardan ibarətdir və qısa müddətdə bu sahədə köklü dəyişiklik yaratmaq gücündədir. Mən də MOK-un Təftiş Komissyasına üzv, sonra isə sədri seçildim. Bu etimada görə MOK-un prezidenti zati-aliləri cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm.
Son 18 il ərzində yüz minlərlə insan hörmətli Prezidentin qayğısını, himayədarlığını, diqqətini görüb. Milyonlarla həmvətənimizə müstəqil dövlət, yüksək rifah, inkişaf etmiş cəmiyyət, qalib ölkənin vətəndaşı adını bəxş edən İlham Əliyevin həm də on minlərlə azərbaycanlının həyatında birbaşa mərhəmət payı var. O, əsl xalq adamı, əsl lider, əsl qalib baş sərkərdədir!
Hicran ŞƏRİFOV,
MOK-un Təftiş Komissiyasının sədri,
Əməkdar bədən tərbiyəsi və idman xadimi,
beynəlxalq dərəcəli hakim
Azərbaycan.-
2021.-23 dekabr.- S.8.