Azərbaycan sahibkarlığını zirvələrə yüksəldən LİDER

 

Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıdışı ilə ölkəni ziddiyyətlər burulğanından xilas etdi və dünyada gedən siyasi proseslərə peşəkar təsir imkanlarından istifadə edərək Azərbaycanda zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoydu.

Ümummilli Liderin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 18 ildə respublikamız bütün sahələrdə özünün dinamik inkişafı ilə dünya birliyinin diqqət mərkəzində olmuşdur. Bu illər ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə qeydə alınmamışdır.

Bu gün nəinki milyonlarla azərbaycanlının, eləcə də bütün türk dünyasının görkəmli siyasi xadimi olan İlham Əliyev son 200 illik tariximizdə Azərbaycan torpaqlarını işğaldan azad edən ilk dövlət başçısıdır. Bir il öncə “Qarabağ Azərbaycandır və nida işarəsi”ni bəyan edən Ali Baş Komandanın taktiki strategiyası, müdrik qərarları, müzəffər Ordusu sayəsində hazırda “Qarabağ Azərbaycandır!” bəyanatı dəyişməz həqiqətdir.

Azərbaycanın böyük Qarabağ zəfərinə nail olmasında əsas komponentlərdən biri ölkə iqtisadiyyatının inkişafıdır ki, bu konsepsiyanın da əsasını Ümummilli Lider Heydər Əliyev qoymuşdur. “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir” deyən Azərbaycanın dahi rəhbəri güclü ölkənin bünövrəsini qoyacaq iqtisadi islahatlara başlamış və böyük dövlətlərin Azərbaycanda iqtisadi maraqlarını balanslaşdıran “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmuşdur. Bununla Azərbaycan Avropanın, Qərbin enerji təhlükəsizliyində söz sahibinə çevrilmiş və iqtisadi inkişafın, dövlət müstəqilliyinin möhkəm təminatının bünövrəsi qoyulmuşdur. Azərbaycanın bu uğurlarını davam etdirən İlham Əliyev peşəkar siyasətçi, diplomat kimi - Ulu Öndər Heydər Əliyevin Qarabağı işğaldan azad etmək vəsiyyətini gerçəkləşdirmək üçün böyük daxili islahatlar aparmış, ölkəmizin strateji müttəfiqi olan Türkiyə ilə bütün sahələrdə əlaqələri daha yüksəklərə daşımışdır.

Azərbaycanın iqtisadi qüdrətinin davamı olaraq ölkənin hərbi büdcəsi də artmışdır. Azərbaycan Ordusunun müasir silahlarla təchiz olunması, şəxsi heyətinin sosial vəziyyətinin yaxşılaşdırılması, təhsilinə xüsusi diqqət yetirilməsi, xaricdə təhsil alan zabit heyətinin formalaşdırılması, birgə təlimlərin keçirilməsi Silahlı Qüvvələrimizin güclənməsinə səbəb olmuşdur. Nəticədə Azərbaycan ordu quruculuğunda böyük uğurlar qazanmış və beşinci nəsil silah arsenalına malik ordu formalaşmışdır.

Digər səbəb uğurlu xarici siyasət amilidir. Azərbaycanın xarici siyasəti güclü iqtisadiyyat və qüdrətli Ordunun formalaşmasından sonra qarşıya qoyulan ali məqsədlərə çatmaq üçün çox mühüm əhəmiyyət daşıyırdı. Burada biz təməli Ulu Öndər tərəfindən qoyulan balanslaşdırılmış xarici siyasətin uğurla davam etdirilməsini qeyd edə bilərik. Biz yaxın qonşularımız Rusiya, İran ilə münasibətləri qoruyub saxlayaraq Türkiyə ilə münasibətlərimizi artıq strateji müttəfiqlik, qardaşlıq səviyyəsinə qaldırdıq. Təsadüfi deyil ki, “Can Azərbaycan” kəlməsi ilə Azərbaycan xalqına müraciət edən Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına “Dostum, qardaşım, şəxsinə böyük hörmətim olan İlham Əliyev” deyə xitab edir. Bu, əlbəttə, Türkiyə-Azərbaycan münasibətlərində ən yüksək mərhələdir. Eyni zamanda İlham Əliyev Avropa İttifaqı ilə güclü ticari əlaqələrimizin qurulmasında, xüsusilə Avropanın Şərq ölkələri ilə münasibətlərinin daha möhkəm olmasına böyük töhfələr vermiş, nəticədə Qərbin enerji təhlükəsizliyində Azərbaycan müstəsna yer tutmuşdur. Xatırladaq ki, həmin dövlətlərin bir çoxu Avropa İttifaqının, NATO-nun üzvüdür və bu qurumlarda tərəfdaşların olması Azərbaycana əlavə siyasi manevr imkanları yaradır. Diqqət yetirsəniz, Azərbaycan Qoşulmama Hərəkatından başqa, heç bir regional, hərbi birliklərə üzv olmur və öz baxışlarında daha çox ikitərəfli münasibətlərin qurulmasına tərəfdardır.

Vətən müharibəsi dövründə dünyanın böyük gücləri, həmçinin türkdilli dövlətlər, eyni zamanda Ukrayna, İsrail, Pakistan kimi müttəfiqlər, eləcə də digər Şərqi Avropa ölkələri məhz uğurlu iqtisadi-siyasi münasibətlər nəticəsində bizə Qarabağın azad olunmasında siyasi və mənəvi dəstək vermişlər.

Azərbaycan xalqı öz liderinin ətrafında bir yumruq kimi sıx birləşərək, Qarabağımızın azad olunması uğrunda bütün səylərini ortaya qoydu və öz qəhrəmanlığı ilə dünyanı yaxşı mənada təəccübləndirdi. Nəticədə Qarabağ məsələsində Azərbaycan xalqı siyasi, həlledici, qərarverici bir səviyyəyə yüksəldi. Cənab Prezidentin özünün də dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan xalqının bu birliyinin təcəssümü olan “Dəmir yumruq” düşmənin başına endirildi, 30 ilə yaxın müddətdə torpaqlarımızın 20 faizini işğalda saxlayan Ermənistan ordusu darmadağın edildi. Vətənpərvər, rəşadətli Azərbaycan Silahlı Qüvvələri bir-birinin ardınca şəhər və kəndlərimizi, eyni zamanda noyabrın 8-də Qarabağın ürəyi olan Şuşanı düşmən tapdağından qurtardı. Keçən il noyabrın 10-da düşmənin imzaladığı kapitulyasiya bəyanatına əsasən ölkəmizin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı təmin edildi, bununla da doğma torpaqlarımızdan didərgin düşən məcburi köçkünlərimizin, ümumiyyətlə, bütövlükdə Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyuldu.

Azərbaycanın Vətən müharibəsindəki möhtəşəm Qələbəsinə həsr olunmuş, ötən il dekabrın 10-da təşkil edilən Zəfər paradının keçirilməsindən təxminən bir il ötür. Çox qısa zamanda təşkil olunan parada hazırlıq işlərinə Ermənistanın kapitulyasiya aktı imzalamasından dərhal sonra başlanılmışdı. Şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış müharibənin bitməsindən cəmi bir ay sonra keçirilən parad əvvəlkilərdən tam fərqli idi. Çünki bu parad Qələbə paradı idi. Bu paradda Azərbaycan işğalçı Ermənistan üzərində qazandığı qələbəni, torpaqlarımızın ərazi bütövlüyünün öz gücümüz hesabına təmin edildiyini dünyaya nümayiş etdirirdi.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadiyyatın ön plana çəkilməsidir. Dövlət proqramlarının, Prezidentin fərman və sərəncamlarının icrası ölkənin iqtisadi inkişafının sürətləndirilməsini uğurla təmin edir, bu prosesdə özəl sektorun payını və rolunu artırmaqla sahibkarlığın inkişafına güclü təkan verir.

Bu gün hər bir sahibkar dərk edir ki, qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir. Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Postneft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabətqabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülüb.

Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutmuşdur. Qəbul olunan dövlət proqramlarının icrası, həyata keçirilən kompleks islahatlar ölkəmizdə sabitliyi və davamlı inkişafı təmin etmişdir. Əhalinin həyat səviyyəsi yüksəlmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, regionların tarazlı inkişafına nail olunmuş, sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açılmışdır.

Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilir.

 Ötən ay Bakıda dünyanın 40-dan çox ölkəsindən ali və yüksəksəviyyəli nümayəndələrin, sabiq dövlət və hökumət başçılarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, eləcə də digər nüfuzlu qonaqların iştirak etdiyi 8-ci Qlobal Bakı Forumunda Azərbaycan reallıqları ilə bağlı səslənən fikirlər İlham Əliyevin yürütdüyü siyasətə verilən yüksək qiymətin təzahürü idi.

Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 8-ci Zirvə Görüşündə Azərbaycan Prezidenti haqqında səslənən fikirlər, həmçinin İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi, dövlətimizin başçısının dediyi kimi, Azərbaycan xalqına verilmiş ən böyük dəyər idi.

Ordeni təqdim edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə diqqət edək: “Qarabağda təxminən otuz il davam edən işğala qətiyyətli rəhbərliyinizlə 44 gün kimi qısa bir müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur. Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb”. Bu, dostcasına səslənən səmimi fikirlər idi.

Noyabrın 26-da Soçidə Prezident İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Dövlətimizin başçısına yüksək münasibət onun qarşılanmasından başladı. Vladimir Putinlə İlham Əliyevin görüşü əsl dost görüşü idi. İkitərəfli görüş hər iki dövlətin regiondakı sülhə 10 noyabr və 11 yanvar bəyanatlarına tam bağlılığını ortaya qoydu. İlham Əliyevin uzaqgörən siyasətinin təntənəsi məhz Soçidə bir daha özünü göstərdi. Görüşün ən önəmli tərəflərindən biri Kremlin rəsmi Bakı ilə, demək olar ki, bütün məsələlərdə ortaq fikri daşıması oldu. İlham Əliyev Soçidə regionun söz sahibi, lideri kimi qarşılandı və Kreml Azərbaycanın mövqeyini birmənalı şəkildə qəbul və təsdiq etdi.

İki gün sonra, noyabrın 28-də cənab İlham Əliyev Türkmənistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə qatıldı. Azərbaycanın xilaskar lideri həm toplantıdakı çıxışında, həm də üzv dövlətlərin liderləri ilə təkbətək görüşündə bir daha regionda yaranmış yeni reallıqları qiymətləndirdi və dost-qardaş ölkələri Qarabağa, Şərqi Zəngəzura investisiya yatırmağa, birgə işbirliyinə dəvət etdi. Prezident İlham Əliyev qeyd etdi ki, Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin önəmli hissəsinə çevriləcək. İlham Əliyev əmin olduğunu bildirdi ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər.

Postmüharibə dövrü yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradılır.  Təkcə Zəngəzur dəhlizinə fikir versək görərik ki, Prezidentin söylədiyi kimi, yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran və Ermənistanın deyil, digər ölkələrin də maraqlarına cavab verən bu proseslə Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər.

Bir il ərzində icra olunan layihələrə diqqət yetirdikdə əminliklə deyə bilərik ki, Qarabağ və Şərqi Zəngəzur tezliklə Azərbaycanın deyil, regionun ən gözəl guşələrindən biri olacaq. Çünki bu yerlərin təbiəti çox səfalıdır. Həm də ona görə ki, burada bərpa-quruculuq işləri müasir dünya standartlarına uyğun icra edilir. Məsələn, “ağıllı” kənd və şəhər layihələri insanların ətraf mühitə ziyan vurmadan yaşamasına hesablanıb.

Bölgənin bərpa-quruculuq işlərinə infrastruktur layihələrindən başlanılıb və bu, təsadüfi deyil. Çünki mükəmməl infrastruktur yaratmadan iqtisadiyyatın bərpası və insanların məskunlaşması mümkün deyil. Odur ki, indiyədək yüz kilometrlərlə avtomobil yolunun çəkilməsi istiqamətində xeyli iş görülüb. Tarixi “Zəfər yolu”nun çəkilməsi təkcə infrastruktur layihəsi deyil, şanlı qələbəmizə qoyulan abidədir. İndi işğaldan azad olunan ərazilərdə dəmir yolu çəkilir, Zəngilan Hava Limanında tikinti işləri aparılır. Bütün bunlarla Prezident İlham Əliyev regionda yaranmış yeni reallıqlara uyğun əməkdaşlıq təkliflərinə hər zaman açıq lider olduğunu bir daha təsdiqləyir.

Azərbaycan sahibkarları əmindirlər ki, birgə səylərimiz nəticəsində tez bir zamanda Qarabağımızı yenidən dirçəldəcək, insanların öz doğma yurdlarına dönməsinə nail olunacaqdır. Bu sahədə dövlətlə özəl sektor arasında dialoqun, əməkdaşlığın olması da xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin qərarı ilə Qarabağda iş qurmaq istəyən sahibkarların təkliflərini toplamaq məqsədilə işçi qrupu yaradılmış və sahibkarların təqdim etdiyi təkliflər hökumətə təqdim edilmişdir. Bununla bağlı artıq bir çox layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bunlar “Yeni memarlıq”, “Ağıllı şəhər”, “Ağllı kənd”, “Yeni iqtisadiyyat” və digər layihələrdir.

Qeyd olunanlar nəzərə alınaraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində   dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Prezidentin müvafiq fərmanları ilə “YAŞAT” Fondu və “Qarabağ Dirçəliş Fondu” yaradılmışdır. Ölkə ictimaiyyətinin böyük rəğbətlə qarşıladığı bu fərmanlardan sonra həmin fondlara ianələrin köçürülməsində Azərbaycan sahibkarları fəallıq göstərirlər.

Azərbaycan Ordusuna və xalqına arxalanan İlham Əliyev Azərbaycanın dövlət sərhədlərini bərpa edən, 30 illik işğala son qoyan, Qarabağa azadlıq, sülh, rifah gətirən Ali Baş Komandandır. Bu yolda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da əməyi böyükdür.

Sərbəst bazar münasibətlərinə, özünütənzimləməyə əsaslanan iqtisadi sistemdə insanların sosial müdafiəsinə və rifahına hesablanmış müxtəlif layihələrin, ən başlıcası, mənəvi-etik dəyərlərin yad təsirlərdən qorunması xüsusilə aktualdır. Bu təsirləri zərərsizləşdirmək isə yalnız yüksək mənəviyyatlı şəxsiyyətlərin üzərinə düşür. Hazırda bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasızlıqla həyata keçirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sırada dayanır.

Mehriban xanım Əliyeva Ulu Öndərin ali ideyalarına əsaslanan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən dövlət xadimi olmaqla yanaşı, milli dəyərlərə böyük sevgisi, humanizmi, nəcib xanımlığı ilə xalqımızın qəlbində dərin ehtiram qazanıb.

İnamla deyə bilərik ki, Ülu Öndərin ali ideyalarına əsaslanan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin milli mədəniyyətin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri vardır. Heydər Əliyev irsinin uğurla davam etdirilməsində, qələbələr qazanmasında Mehriban xanım Əliyevanın da böyük fədakarlığı, layiqli xidmətləri vardır. Mehriban Əliyevanın dahi şəxsiyyətin adını daşıyan fondun rəhbəri kimi ölkə və dünya miqyasında həyata keçirdiyi mərhəmət aksiyaları, sosial layihələr Heydər Əliyevin əbədiyaşar ruhuna ən böyük ehtiram nümunələridir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olduğu qısa müddətdə öz zəngin fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək nüfuz, dərin ehtiram qazanmış Mehriban xanım, Azərbaycanın inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırılmasının qarşıda duran ən başlıca məqsəd olduğunu bəyan etmişdir.

2021-ci ildə də nüfuzlu beynəlxalq qurumların reytinqlərində Azərbaycan iqtisadi göstəricilərinə görə ilk sıralarda yer almışdır. Dünyanın ən böyük beyin mərkəzlərindən olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycan 6 pillə irəliləyərək 172 ölkə arasında 38-ci yerdə qərarlaşmış, dünya üzrə orta göstəricidən yuxarı və Avropa ölkələri səviyyəsində nəticə göstərmişdir. Belə ki, Azərbaycan iqtisadi azadlıq üzrə mümkün 100 baldan 70,1 bal toplayaraq, Avropa regionunda 45 ölkə arasında 23-cü yerdə qərarlaşmış, onun ümumi balı regional orta göstəriciyə bərabər və dünya üzrə orta göstəricidən yüksək olmuşdur. Bu yüksəlişə isə əsas etibarilə bank, əmlak, monetar, vergi, fiskal və digər istiqamətlərdə qeydə alınan inkişaf trendləri ilə nail olunub.

 Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyasına uyğun olaraq həyata keçirilən siyasət ölkədə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirmişdir. Dövlət başçısının söylədiyi kimi, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir.

Məlum olduğu kimi, iki ildir bütün bəşəriyyət görünməz bir düşmənlə - koronavirusla mübarizə aparır. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atılmış, bu istiqamətdə ölkəmiz qlobal həmrəylik nümayiş etdirərək dünyada öz fəal rolunu oynamışdır. Təsədüfi deyil ki, koronavirus pandemiyasının təsirindən yaranmış dərin maliyyə böhranı bir sıra ölkələrdə iqtisadiyyatın tənəzzülə uğramasına və sosial gərginliyin artmasına gətirib çıxardığı bir vaxtda ölkəmiz qlobal böhranın təsirindən maksimum qorunmuş, sosial-iqtisadi inkişaf, vətəndaşlarımızın rifah halının yüksəldilməsi tədbirləri ardıcıl davam etmişdir. Belə ki, keçən dövr ərzində dövlət fondları və digər maliyyə resursları səfərbər edilmiş, ümumi maliyyə dəstək paketi 3,5 milyard manatdan artıq olmuşdur.

Prezidentin təşəbbüsü ilə təsis edilmiş Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsi və işçilərin ixtisar olunmaması ilə bağlı çağırışlara sahibkarlar da qoşularaq cəmiyyətdə yüksək həmrəylik nümayiş etdirmişlər. Belə bir çətin şəraitdə Azərbaycan hökuməti ölkə sahibkarları üçün dəstək mexanizmlərini işə salmış, pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sahələrinə güzəştlər tətbiq etməyə başlamışdır. Qanun layihəsinə əsasən, pandemiyadan zərər çəkən sahibkarlıq subyektləri 2020-ci ilin əmlak və torpaq vergisindən azad edilmişlər.

Aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin uğurla icra olunması Azərbaycanı dünyada güclü və demokratik dövlət, nüfuzlu və etibarlı tərəfdaş kimi tanıtmışdır. Biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlər nəticəsində ölkəmizdə iqtisadi aktivliyin bərpası sahibkarlıq subyektlərinin artımı ilə müşayiət olunur. Belə ki, 2021-ci ilin 6 ayında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,9 faiz artaraq 640,4 min, ƏDV ödəyicilərinin sayı 8,9 faiz artaraq 31,7 min, qeydiyyatdan keçmiş obyektlərin sayı isə 5,8 faiz artaraq 176,8 min təşkil etmişdir ki, bu da sahibkarlıq subyektlərinin sayının artımının real təsdiqidir.

Azərbaycanda sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilməkdədir. Azərbaycanda 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir.

2021-ci ilin 10 ayı ərzində ölkədə 71,6 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox ümumi daxili məhsul istehsal olunması, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyərin 5,9 faiz artması qeyri-neft sektorunda sahibkarlığın inkişafının real göstəricisidir. Sahibkarlığın inkişafına dövlət dəstəyi göstərilməsi sayəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi davam edir. Qeyd olunmalıdır ki, bu prosesin dövlət büdcəsinə əlavə yük yaratmadan həyata keçirilməsi üçün kreditləşdirmədən geri qaytarılan vəsaitlər hesabına təmin edilir.

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən iqtisadiyyata güzəştli kredit dəstəyi çərçivəsində 2021-ci ilin 6 ayında 774 investisiya layihəsinin maliyyələşdirilməsinə 43 milyon manat güzəştli kredit verilmişdir ki, bu da 1160 yeni iş yerinin açılmasına şərait yaratmışdır.

Əldə edilmiş uğurların davamlılığının təmin olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini, sahibkarlara, xüsusilə də kiçik və orta sahibkarlara göstərilən texniki, maliyyə, hüquqi, metodiki və digər xidmətlərin əhatə dairəsinin genişləndirilməsini, keyfiyyət səviyyəsinin daha da artırılmasını zəruri edir, bu sahədə institusional yanaşmanı şərtləndirir. Azərbaycan Sahibkarlar Konfederasiyası bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir. Təşkilatımız hazırda qeyri-neft sektorunun inkişafı üzrə ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında işini qurur, sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminar, konfranslar keçirir və sahibkarların hüquq, vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparılır. Əvəzində sahibkarlarımız da öz müəssisələrini müasir tələblərə uyğun qurur, ixrac bazarları üçün daha çox rəqabətqabiliyyətli məhsullar istehsal edir, xarici bazarlarda mövcud olan geniş imkanlardan faydalanmaq məqsədilə peşəkarlıqlarını artırırlar.

Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir, yalnız sahibkarlara dəstək verməklə kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edir. Azərbaycan hökuməti, Azərbaycan Həmkarlar Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası sosial dialoqun bərabər-hüquqlu subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklərin edilməsi və icrasının təmini, bir sıra əmək və sosial iqtisadi məsələlərin həlli istiqamətində birgə iş aparır. Xatırladaq ki, Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş imzalanmışdır. Eyni zamanda əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.

 Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkənin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında kömək göstərir.

Cari ildə beynəlxalq və regional təşkilatlarla birgə keçirilən 30-dan çox tədbirdə, xarici ölkələrin diplomatik nümayəndəlikləri və donor təşkilatları ilə keçirilən 21 görüşün əsas mövzularından biri də Qarabağın iqtisadi imkanları və inkişafı potensialı olmuşdur.

Sentyabr ayında Türk Şurası, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilən Türk Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin 10-cu görüşü çərçivəsində Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və inkişafına həsr olunmuş Türk Biznes Forumu təşkil olunmuş, forum çərçivəsində ASK ilə Qazaxıstan Respublikasının “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi arasında Anlaşma Memorandumu imzalanmışdır.

Həmin dövrdə İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Baş katibi cənab Yusif Həsən Xələvinin ölkəmizə səfəri Sahibkarlar Konfederasiyası tərəfindən təşkil olunmuş və 2022-ci ilin may ayında Azərbaycanda keçirilməsi planlaşdırılan “Dayanıqlı Kənd Təsərrüfatı” mövzusunda beynəlxalq forumun təşkili və bioloji təmiz məhsulların yetişdirilməsində Qarabağ torpaqlarının potensialı məsələsi müzakirə edilmişdir.

2021-ci il noyabrın 10-da türkdilli ölkələrdən 300-dən çox sahibkarın iştirakı ilə Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən Türk Ticarət və Sənaye Palatasının 3-cü Baş Assambleyasında və Türk Biznes Forumunda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

2021-ci il dekabrın 2-də Çin Beynəlxalq Ticarət Palatasının və Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurasının birgə təşkilatçılığı ilə “2021 Kəmər və Yol Ticarət və İnvestisiya Forumu”nda Azərbaycan Sahibkarlar Konfederasiyasının iştirakı və əsas sessiyada videomüraciətin səsləndirilməsi iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

10 dekabr 2021-ci il tarixində hər iki ölkədən 100-dən çox sahibkarın iştirakı ilə keçən Azərbaycan-Özbəkistan Biznes Şurasının onlayn formatda ikinci iclasında ölkələrimiz arasında ticarət dövriyyəsinin hazırkı vəziyyəti və qarşılıqlı investisiya yatırımı ilə bağlı təqdimatlar olmuş, xüsusən də Qarabağda pambıqçılığın, həmçinin ölkəmizdə dəri emalı müəssisələrinin inkişafı mövzuları ətrafında müzakirələr aparılmışdır.

Bütün bunlarla yanaşı, ölkəmizdə sahibkarlığın inkişafının dəstəklənməsi üçün konfederasiyaya üzv sahibkarların iştirakı ilə xarici ölkələrdə 8 görüş təşkil edilmiş, rayon nümayəndələri ilə 20 görüş keçirilmiş, ASK-nin tabeliyindəki komissiyaların 17 iclasında iqtisadiyyatın müxtəlif sahələri ilə bağlı məsələlər təhlil edilmişdir. Sahibkarlardan daxil olan müraciətlərə baxılaraq, onların qaldırdığı problemlərlə bağlı müvafiq dövlət orqanları ilə birgə araşdırmalar aparılmışdır. Azərbaycanda quşçuluğun inkişafı ilə bağlı tədbirlər planı hazırlanmış, baxılması üçün Kənd Təsərrüfatı Nazirliyinə və Qida Təhlükəsizliyi Agentliyinə təqdim olunmuşdur. Eləcə də Vergi Məcəlləsində dəyişikliklər, tikintidə qeyri-rəsmi məşğulluğun qarşısının alınması, “Şagirdlik müqaviləsi” ilə əlaqədar hazırlanmış qanunvericilik layihələri ilə bağlı konfederasiya bir sıra təkliflərlə çıxış etmişdir.

Sahibkarların maarifləndirilməsi və məlumatlandırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində sahibkarlara 43 həftəlik məlumat bülleteni, hüquqi qanunvericiliklə bağlı yeniliklərin izahını əhatə edən 7 hüquqi icmal təqdim edilmişdir. Sahibkarların dövlət dəstək tədbirləri haqqında məlumatlılığını yüksəltmək, eləcə də Qarabağda yaradılan yeni iqtisadi zonalar, sənaye parkları və s. mövzuların daha geniş və analitik səpkidə təqdim edilməsi üçün “Biznes həyatı” jurnalının 27 və 28-ci sayları dərc edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: Sosial -iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə uyğun olaraq Azərbaycan Sahibkarlar Konfederasiyasının “2021-2023-cü illər üzrə Kommunikasiya Strategiyası” hazırlanmışdır.

Məlumdur ki, bu gün Azərbaycanın qarşısında 30 il ərzində məhv edilmiş Qarabağ torpaqlarını yenidən dirçəltmək kimi şanlı missiya dayanır. Azərbaycan sahibkarları da Qarabağın və Şərqi Zəngəzurun yenidən firavanlığına qovuşması, iqtisadi cəhətdən dirçəlməsi naminə səylərini əsirgəmirlər. Bu məqsədlə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da öz növbəsində üzv olduğu beynəlxalq təşkilatlar, xaricdə yaşayan azərbaycanlı iş adamları, eləcə də milli sahibkarlarımızın potensial imkanlarından istifadə etmək məqsədilə geniş tədbirlər görür. Bu gün Qarabağda sökülüb viran qoyulan, iqtisadi infrastrukturu dağılan bütün obyektləri birlikdə tikmək əzmindəyik.

Bir ölkənin Prezidenti, bir xalqın lideri olmaq böyük şərəfdir. Lakin xalqın sevimlisi olmaq, onun hörmət və ehtiramını qazanmaq daha böyük bəxtəvərlikdir. İlham Əliyev özünün qeyd etdiyi kimi, xoşbəxt insandır. Çünki öz ölkəsinə şanlı Zəfər gününü və xoşbəxtliyi bəxş edən Prezident İlham Əliyevə xalqımızın sevgisinin, hörmət və ehtiramının miqyası ölçüyəgəlməzdir.

Bu günlərdə 60 illik yubileyini qeyd edən dövlətimizin başçısı ötən illərdə hər kəsə örnək ola biləcək olduqca zəngin, mənalı və qalib bir həyat yolu keçmişdir. Fürsətdən istifadə edərək çoxminlik Azərbaycan sahibkarları adından dövlət başçısını yubiley münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, ölkəmizin inkişafı, xalqımızın rifahı, Qarabağımızın çiçəklənməsi naminə fədakar fəaliyyətində uğurlar arzulayırıq.

Sizinlə fəxr edirik, Cənab Prezident!

 

Məmməd MUSAYEV,

Azərbaycan Respublikası

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları

Milli Konfederasiyasının prezidenti

 

Azərbaycan.- 2021.-23 dekabr.- S.1; 9.