Azərbaycan ilə Türkiyə arasında transmilli layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu var

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 22-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməz ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə inkişafından məmnunluq ifadə edilib. Cari ilin fevralında Ankarada keçirilmiş İqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 9-cu iclasında əldə olunmuş razılıqların iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi baxımından vacibliyi qeyd olunub.

Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunularaq, birgə həyata keçirilən transmilli layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu xüsusi vurğulanıb.

Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində aparılacaq müzakirələrin və imzalanacaq sənədlərin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

 

Azərbaycan.- 2021.- 23 dekabr.- S.12.