Qətiyyətli siyasət, dəyişməz
mövqe
Brüssel
səfəri İlham Əliyevin sözü ilə əməlinin
vəhdətinin növbəti nümayişi oldu
Bu həftə bütün diqqətlər Brüsselə yönəldi. Çünki İkinci Qarabağ müharibəsində qalib və məğlub ölkələrin rəhbərləri ilk dəfə Belçikada bir araya gəldi. Düzdür, buna qədər üçtərəfli görüşlər baş tutmuşdu. Amma Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı təkbətək görüşdə postmüharibə dövrünün reallıqları, nəqliyyat-kommunikasiya məsələlərinin həlli, 10 noyabr bəyanatının həll olunmamış müddəaları müzakirə edilməli idi.
Belçikada 2 görüş baş tutdu. Öncə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə üçtərəfli, sonra təkbətək görüşdə müzakirələr aparıldı.
Noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə keçirilən görüşdə olduğu kimi, Brüssel görüşündə də İlham Əliyev qətiyyətli və prinsipial mövqeyini bir daha ortaya qoydu. Qalib Komandan bəyan etdi ki, 10 noyabr bəyanatının müddəaları birmənalı şəkildə icra olunmalıdır. Ermənistanın bir il ərzində ortaya qoyduğu mövqe isə göstərir ki, rəsmi İrəvan bəhanələrlə vaxt uzadır və bununla da dolayısı ilə Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan boyun qaçırır, sülh sazişinin imzalanmasını gecikdirir.
NATO və Avropa İttifaqı tərəflərə çağırış etdi
Bu bir həqiqətdir ki, regionda təhlükəsizliyin yaranmasında maraqlı olan ölkələr, beynəlxalq təşkilatlar bu istiqamətdə müəyyən addımlar atırlar.
Növbəti addım isə Avropa İttifaqından gəldi. Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində iştirak etmək üçün Brüsselə səfər edən İlham Əliyev mühüm görüşlər keçirdi. Belçikada NATO-nun mənzil-qərargahında alyansın Baş katibi Yens Stoltenberq, Avropa Şurasının Prezidenti Şarl Mişel ilə görüşdə faydalı müzakirələr aparıldı. Azərbaycanın hər iki təşkilatla münasibətlərinin yüksələn xətlə inkişaf etdiyi vurğulandı.
Şarl Mişelin iştirakı ilə keçirilən üçtərəfli görüşdə bütün məsələlər müzakirə olundu. Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəldilər. Eyni zamanda kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə edildi. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlindi.
Avtomobil yolunun marşrutunun müəyyən edilməsi ilə bağlı müzakirələr isə davam etdiriləcək.
Əminliklə deyə bilərik ki, nəticə etibarilə bu görüşdə müzakirə olunan məsələlər rəsmi Bakının mövqeləri ilə tam üst-üstə düşür. Yəni bu dəfə də Azərbaycan istədiyinə nail oldu.
Şarl Mişel bəyanatında Ermənistan və Azərbaycan arasında münaqişənin aradan qaldırılmasına çağırış etdi və bu çağırışın arxasında da Ermənistana ünvanlanan mesajlar durur. Əvvəla bununla Aİ Prezidenti Ermənistana çatdırdı ki, Qarabağ münaqişəsi artıq keçmişdə qalıb və bununla barışmaqdan başqa yol yoxdur. Digər tərəfdən ermənilərə xatırladılır ki, Azərbaycan qalib ölkədir və bütün dünya belə bölgənin taleyi ilə bağlı qərarlar qəbul edərkən bundan sonra 44 günlük savaşın nəticələrini, Azərbaycanın qələbəsini nəzərə almaq məcburiyyətindədir. Deməli, beynəlxalq təşkilatlar da razılaşırlar ki, qalib Azərbaycan söz sahibidir və məğlub ölkə onun dedikləri ilə hesablaşmalıdır.
Keçirilən görüşdə regiondakı durum müzakirə mövzusu oldu və hər iki təşkilat tərəfindən tərəflərə çağırışlar edildi. Azərbaycan Prezidenti isə hər şeyin göz önündə olduğunu deyərək, Ermənistanın sülh danışıqlarından yayındığını bəyan etdi: “Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistan tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi, iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik”.
Bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir
Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdə İlham Əliyev bir daha mövqeyini ifadə edərək dedi ki, regionda kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapıb. Beləliklə, bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir.
Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, Prezident dedi ki, o da Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın göstərilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir: “Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”.
Dekabrın 15-də Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində iştirak edən Prezident İlham Əliyev uğurla inkişaf edən Azərbaycan-Avropa İttifaqı əlaqələrinə diqqət çəkərək Aİ ilə ölkəmiz arasında 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyətini vurğulayıb.
Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxunun artıq başa çatdırıldığını bildirən Prezident sənədin qalan hissəsinin qarşıdan gələn dövr ərzində aparılacaq danışıqlar nəticəsində yekunlaşdırılacağına ümidvar olduğunu ifadə edib. Dövlətimizin başçısı Azərbaycanın Avropa İttifaqının 9 üzv dövləti, yəni quruma üzv olan ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlığa dair sənədlər imzaladığını vurğulayıb. İkitərəfli əsasda imzalanmış bu strateji tərəfdaşlıq sənədlərinin əlaqələrimizin xarakterini nümayiş etdirdiyini deyib.
Azərbaycan Prezidenti üçtərəfli görüşü də dəyərləndirərək Şarl Mişelin təşəbbüsü ilə aparılan bu danışıqların çox praktiki olduğunu və təfsilatlı xarakter daşıdığını, burada Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirə olunduğunu, nəticə etibarilə səmərəli və praqmatik keçdiyini diqqətə çatdırıb.
Brüsseldə İspaniyanın “El Pais” qəzetinə müsahibə verən İlham Əliyev bir daha vurğulayıb ki, Ermənistana dəfələrlə mesaj ünvanlasa da, rəsmi İrəvan köhnə ampluasından əl çəkmir. Bu onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir.
Prezident ümid etdiyini bildirib ki, yəqin Avropa tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklər. Əks təqdirdə Azərbaycanla sülh razılaşması olmazsa, onlar gələcəkdə yenə də əziyyət çəkə bilərlər.
Ermənistanın inkişafı üçün yeganə yol...
Prezident İlham Əliyevin mövqeyi tamamilə açıq və aydındır. Azərbaycan sülh istəyir, müharibə yox. Azərbaycan İkinci Qarabağ müharibəsinin qalib dövlətidir və bu reallıq nəzərə alınmalıdır.
Prezidentin də söylədiyi kimi, Dağlıq Qarabağ münaqişəsi həll olunub. Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur. Azərbaycan onu güc yolu və siyasi vasitələrlə həll edib. BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul olunandan 27 il sonra bunu birtərəfli qaydada həyata keçirib və bu, ilk növbədə, Ermənistan tərəfindən nəzərə alınmalı olan yeni reallıqdır.
İlham Əliyev müsahibəsində qeyd edib ki, postmüharibə vəziyyətinin gedişatından göründüyü kimi əsas beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən çəkinməli, Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır.
Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycanla və Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq, düşmən qonşu deyil, normal qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasıdır. Əgər bu formul Ermənistan hökuməti və siyasi elita tərəfindən qəbul edilsə, irəliləyiş üçün şans var.
Avropa İttifaqı, eləcə də NATO qismində regionda gedən sülh yaradıcılıq proseslərinə müəyyən mənada diqqət yetirilir və həm NATO-nun baş katibinin, həm də Avropa İttifaqı Şurası sədrinin mövqeyi bundan ibarətdir ki, regionda dayanıqlı sülh yaransın və postmünaqişə dövrünün bütün problemləri aradan qaldırılsın. Bu da o deməkdir ki, beynəlxalq təşkilatlar Azərbaycanın sözünü deyir.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2021.- 18 dekabr.- S.1;6.