Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20 faiz artırılsın:

1.1.      Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;

1.2.      Heydər Əliyev Mərkəzi;

1.3.      “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

1.4.      Azərbaycanda Atatürk Mərkəzi;

1.5.      Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

1.6.      Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;

1.7.      Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;

1.8.      Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu;

1.9.      Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;

1.10.    Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi;

1.11.    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi;

1.12.    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;

1.13.    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı memorial kompleksi”;

1.14.    Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;

 

1.15.    Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi EkspertizaPatoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;

1.16.    Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi;

1.17.    Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;

1.18.    Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;

1.19.    Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri Uşaq Evləri İdarəsi;

1.20.    İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1.      bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan qurumlarda çalışan rəhbər digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etsin;

2.2.      bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 dekabr  2021-ci il

Azərbaycan.-2021.- 18 dekabr.- S.2.