Bakıda Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçirilib

 

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin həmsədrliyi ilə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, iki gün davam edən Forum Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində, strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə təşkil edilib.

Forumda açılış nitqi ilə çıxış edən energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunu zirvədə olan Azərbaycan-Türkiyə münasibətlərinin enerji sahəsində də müttəfiqlik səviyyəsinə yüksəlməsini dəstəkləyən platforma kimi qiymətləndirib. Təhlükəsizliyi, inkişafı və tərəqqini təmin edən Azərbaycan-Türkiyə birliyinin Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə regionda yeni geosiyasi reallıqların və inkişaf proseslərinin aparıcı faktoru olduğu bildirilib.

İki ölkə arasında enerji əməkdaşlığına diqqət çəkən nazir deyib: “Qardaş Türkiyəyə 2018-ci ilin iyul ayından bu ilin dekabr ayınadək TANAP-la 13,6 milyard kubmetr təbii qaz nəql olunub. Bu ilin 11 ayı ərzində Türkiyəyə nəql olunmuş 7,7 milyard kubmetr təbii qazın 5,1 milyard kubmetri TANAP-ın payına düşüb. Ümumiyyətlə, Türkiyənin qaz bazarına 2007-ci ildən indiyə kimi “Şahdəniz” yatağından 85 milyard kubmetrdən çox təbii qaz ötürülüb”.

Çıxış zamanı “STAR” Neft Emalı Zavodu, Petkim kimi layihələrin timsalında ölkəmizin Türkiyədəki investisiya fəaliyyəti də vurğulanıb: “Azərbaycanın Türkiyədəki sərmayəsi 19 milyard dollardan çoxdur. Prezident İlham Əliyevin ifadə etdiyi kimi ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər”.

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz öz çıxış nitqində xalqlarımızın eyni soykökünə və qarşılıqlı bağlara malik olmasından qaynaqlanan Azərbaycan-Türkiyə əbədi qardaşlıq münasibətlərinin daha da inkişaf etdiyini bildirib. Ölkəmizin Vətən müharibəsindəki Qələbəsinə diqqət çəkən nazir deyib: “İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilməsi planlaşdırılan “Yaşıl enerji konsepsiyası” çərçivəsində bundan sonra da həm dövlət, həm də özəl sektorumuzla Azərbaycanın yanında olacağıq. Bu yolla həm regionda davamlı sülhün bərqərar olması, həm də işğaldan azad edilmiş rayonların yenidən qurulması üçün Azərbaycanla koordinasiyalı fəaliyyət göstərməyə davam edəcəyik. İnanıram ki, karbohidrogen sənayesi sahəsində birgə həyata keçirdiyimiz çoxsaylı uğurlu əməkdaşlıq təcrübələrinin bərpa olunan enerji sahəsinə transferi əlaqələrimizə yeni təkan verəcək”.

Forumda, həmçinin iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev, TPAO-nun baş direktoru Melih Han Bilgin, Türkiyə Elektrik Ötürmə Şirkətinin baş direktoru Orhan Kaldırım və Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Enerji Şurası rəhbəri Haluk Kalyoncunun çıxışları dinlənilib. Müvafiq sahələr üzrə əməkdaşlığın inkişafı istiqamətində görülən işlər, nəzərdə tutulan tədbirlər barədə məlumat verilibİşçi qruplarının Forumdan əvvəl keçirilmiş ilk görüşlərinin nəticələri barədə müzakirələr aparılıb.

Tədbirin sonunda Azərbaycan və Türkiyə arasında 6 sənəd imzalanıb. “Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunun Protokolunu, həmçinin “Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair anlaşma memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.

Bununla yanaşı, Forum çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzerGold” QSC ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi və MTA Beynəlxalq Mədənçilik Şirkəti arasında əməkdaşlığın həyata keçirilməsi sahəsində anlaşma memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi arasında yer elmləri sahəsində əməkdaşlığa dair anlaşma memorandumu”, həmçinin “Azerenerji” ASC və “Türkiye Elektrik İletim Anonim Şirketi” (TEİAŞ) arasında əməkdaşlıq Protokolu imzalanıb.

İmzalanma mərasimindən sonra media nümayəndələri üçün brifinq keçirilib.

Qeyd edək ki, 1-ci Enerji Forumu Azərbaycan və Türkiyə arasında mövcud enerji əməkdaşlığının genişləndirilməsini, yeni əməkdaşlıq imkanlarının dəyərləndirilərək onların konkret layihələr vasitəsilə reallaşdırılmasını hədəfləyir.

 

Azərbaycan.- 2021.-23 dekabr.- S.13.