QÜDRƏTLİ PREZİDENT, GÜCLÜ LİDER,
MÜZƏFFƏR KOMANDAN
Hər bir xalqın, hər bir dövlətin tarixində onun sonrakı inkişaf yolunu, müstəqillik yolunu müəyyənləşdirən taleyüklü məqamlar, tarixi qərarlar olmuşdur. Azərbaycan dövlətçilik tarixində də belə tarixi anlar olmuş və xalqımız bu məqamlarda doğru qərarlar qəbul edərək, öz taleyinə sahib çıxmışdır.
Azərbaycan xalqı müdrik xalqdır. 1993-cü ildə müstəqilliyimiz, dövlətçiliyimiz təhlükə qarşısında qalanda Azərbaycan xalqı böyük müdriklik nümayiş etdirərək, ən düzgün qərarı qəbul etmiş və ən doğru ünvana üz tutmuşdur. Xalqımız həmin məşəqqətli günlərdə Azərbaycanın dövlət müstəqilliyini, xalqımızın gələcəyini xilas etmək üçün inandığı, etimad göstərdiyi böyük lider Heydər Əliyevə müraciət edəndə də, 2003-cü ildə - yeni əsrin və yeni minilliyin başlanğıcında tarixi seçim anında Heydər Əliyev siyasətinə dəstək verəndə də eyni müdrikliyi, əzmi və qətiyyəti nümayiş etdirmişdir.
Yeni əsrin yeni LİDERİ
Ümummilli Lider Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına tarixi müraciətində tam haqlı olaraq cənab İlham Əliyevə böyük etimadını ifadə etmiş və bildirmişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Azərbaycan xalqı isə heç bir tərəddüd etmədən və əminliklə Ümummilli Liderin bu müraciətinə dəstək vermişdir. Ona görə ki, xalq özünün böyük lideri Heydər Əliyevə sarsılmaz inam bəsləyir, Onun göstərdiyi yolun ən düzgün yol olduğunu birmənalı qəbul edirdi.
Azərbaycan xalqı o reallığı da dərk edirdi ki, qarşıdakı dövrdə ölkəmizin gələcəyi naminə Heydər Əliyev siyasətinin davam etdirilməsi taleyüklü və həlledici amildir və Heydər Əliyev siyasətini davam etdirmək gücündə və iqtidarında olan, başlanılan qlobal işləri, transmilli layihələri uğurla həyata keçirə biləcək, Azərbaycanı Ulu Öndərin görmək istədiyi zirvələrə qaldıracaq yeganə lider möhtərəm Prezident İlham Əliyevdir. Azərbaycan xalqının bu tarixi seçimini şərtləndirən digər vacib amil isə şübhəsiz ki, yeni əsrin yeni LİDERİ kimi xarakterizə olunan cənab İlham Əliyevin ali kürsüdə fəaliyyətə başlayana qədər də bütün dövləti vəzifələri çox böyük uğurla həyata keçirməsi, nümayiş etdirdiyi xarizmatik liderlik və yüksək idarəçilik məharəti ilə istisnasız hər kəsin inamını qazanması olmuşdur.
Ali kürsüdə ilk gündən cənab Prezident İlham Əliyev bəyan etmişdir ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıca şərt ölkədə Heydər Əliyevin siyasətinin davam etdirilməsidir. Çünki təcrübəli siyasətçi, geniş dünyagörüşünə malik müasir lider və böyük strateq kimi cənab Prezident İlham Əliyev çox dəqiq müəyyən etmişdir ki, yalnız Heydər Əliyev strategiyasını həyata keçirməklə, Onun qoyduğu siyasi yolu davam etdirməklə Azərbaycanı güclü dövlətə çevirmək mümkündür. Zaman bir daha Azərbaycan xalqını haqlı çıxardı və Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan 18 ildir ki, uğurla inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Möhtərəm Prezident İlham Əliyevin təbirincə, “Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir”.
Prezident İlham
Əliyevin modern milli inkişaf doktrinası
18 il dövlətçilik
baxımından elə də böyük bir dövr olmasa da,
bu zaman keçidi xalqımızın dövlətçilik
tarixində ölkəmizin qarşısında duran hədəflərin
reallaşdırılması, respublikamızın
ardıcıl inkişafının təmin edilməsi,
müstəqilliyinin daha da möhkəmləndirilməsi,
tarixi nailiyyətlərin əldə olunması kontekstində ən
parlaq, ən şanlı dövrlərdən birini təşkil
edir. Dövlətimizin başçısı cənab
İlham Əliyev yeni minillikdə və müasir
çağırışlar fonunda Azərbaycanı modernləşdirmək,
ölkəmizi yeni inkişaf mərhələsinə
qovuşdurmaq missiyasını çox uğurla yerinə
yetirmişdir.
Cənab İlham Əliyevin
şəxsiyyətinin böyüklüyü həm də
ondadır ki, O, xalqı milli amallar və məqsədlər
naminə öz ətrafında böyük ustalıqla birləşdirə
bilmişdir. Ötən illər ərzində ölkəmizdə
mövcud olan ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyinin
əsasında da bu inam dayanır. Sarsılmaz
birlik, xalqın öz liderinə sonsuz inamı, liderin isə
öz xalqına arxalanması Azərbaycanın
qazandığı bütün uğurların dayaq nöqtəsini
təşkil etmişdir.
Son 18 il ərzində
Azərbaycan modernləşərək yeni bir keyfiyyət mərhələsinə
qədəm qoymuş, ölkənin siyasi, iqtisadi, mədəni
həyatı yeniləşərək tamamilə dəyişmişdir.
Möhtərəm Prezident İlham Əliyevin
praqmatik, çevik siyasəti, sistemli və ardıcıl
strateji kursu ölkəmizin müasir inkişafını təmin
etmişdir. Əgər Ulu Öndər Heydər
Əliyev xilaskarlıq missiyasını böyük məharətlə
yerinə yetirərək, Azərbaycan dövlətçiliyini,
müstəqilliyimizi qoruyub yeni minilliyə uğurla
çıxarmışdısa, möhtərəm Prezident
İlham Əliyev bu müstəqilliyi daha da möhkəmləndirmiş,
inkişaf etdirmiş, ölkəmizi regionun lider dövlətinə
çevirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan yeni əsrin əvvəllərində
keçid iqtisadiyyatı ilə vidalaşaraq yeni tərəqqi
və milli inkişaf arxitekturası üzərində möhkəmlənən
iqtisadi modelin tətbiqinə başlamış, postsovet
ölkəsi fazasından çıxaraq yüksək
inkişaf proqnozları ilə irəliləyən innovativ və
modern iqtisadiyyata malik ölkə
kimi inamla inkişaf etmişdir. Bu illər ərzində
iqtisadiyyatın dinamik inkişafı, uzunömürlü tərəqqi,
dayanıqlı makroiqtisadi sabitlik təmin edilmiş,
iqtisadiyyatın şaxələndirilməsinə nail
olunmuş, həyata keçirilən dövlət
proqramları bütün bölgələrin hərtərəfli
və tarazlı sosial-iqtisadi tərəqqisinə və
qeyri-neft sektorunun inkişafına yol açmışdır.
Prezident İlham Əliyevin milli inkişaf
doktrinasının başlıca hədəflərini təşkil
edən modern və innovativ iqtisadiyyatın idarə olunması
şəffaflığa və açıq cəmiyyətin təmin
edilməsinə əsaslanmışdır. Ölkəmizdə makroiqtisadi sabitliyin qorunub
saxlanılması, milli istehsalın və ixracın genişləndirilməsi,
regional inkişaf proqramlarının uğurlu icrası və
iqtisadi aktivlik coğrafiyasının regionlara doğru
genişlənməsi, modern sənaye quruculuğu, qeyri-neft
sektorunun sabit inkişafının təmin olunması kimi
başlıca strateji vəzifələr uğurla yerinə
yetirilmişdir.
Azərbaycanda
siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir
Azərbaycanda iqtisadi
islahatlar uğurlu siyasi islahatlarla tamamlanır. Başqa
sözlə, Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət
təşkil edir. Möhtərəm
Prezidentin prinsipiallığı bu sahədə də ciddi
uğurların əldə olunmasını təmin
etmişdir. Onun “Biz
çalışmalıyıq ki, dünyanın demokratik
baxımdan ən inkişaf etmiş ölkələrinin
standartlarına yaxınlaşaq və bunu edəcəyik” fikri
ölkənin liderinin demokratik proseslərinin
ardıcıllığının və dönməzliyinin təmin
edilməsi ilə bağlı tələbkarlığının
ifadəsidir. Müasir Azərbaycan
1993-cü ildə “Yolumuz demokratiya yoludur” deyən Ulu Öndərin
görmək istədiyi respublikaya çevrilmişdir.
Bu gün hakimiyyətin
bütün qollarında - qanunverici, icraedici və məhkəmə
hakimiyyətlərində dərin islahatlar həyata
keçirilir.
Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi
ilə siyasi sistemin təkmilləşdirilməsi və siyasi
dialoq mühitinin möhkəmləndirilməsi, yeni siyasi
konfiqurasiyanın yaranması, demokratik təsisatların fəaliyyətinə
geniş imkanların yaradılması, plüralizmin, insan
hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş
cəmiyyəti institutlarının gücləndirilməsi,
söz və məlumat azadlığının təmin olunması,
məhkəmə-hüquq sisteminin fəaliyyətinin daha da təkmilləşdirilməsi
istiqamətində həyata keçirilən ardıcıl
siyasət Azərbaycanın demokratik sütunlarının daha
da möhkəmlənməsini şərtləndirmişdir.
Xalqa ləyaqətlə
xidmət etmək nümunəsi
“Bizim siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı dayanır”. Möhtərəm
Prezident İlham Əliyevin dilindən dəfələrlə
səslənən bu fikir ölkəmizdə həyata
keçirilən sosial siyasətin mahiyyətini çox dəqiq
ifadə edir. Azərbaycanda görülən
bütün işlər, əldə olunan nailiyyətlər
ölkə vətəndaşları, onların ali mənafeyi üçündür. Azərbaycan xalqı əmindir ki, cənab İlham
Əliyevin Prezident kimi fəaliyyətinin qayəsini “xalqa ləyaqətlə
xidmət etmək” prinsipi təşkil edir.
Ötən 18 ildə Azərbaycanın
iqtisadi imkanlarının genişlənməsi və iqtisadi
qüdrətinin artması daha səmərəli və
çoxşaxəli sosial müdafiə tədbirlərinin həyata
keçirilməsinə imkan vermişdir. Məqsədyönlü
sosial tədbirlər nəticəsində əhalinin sosial
müdafiəsinin gücləndirilməsinə, rifah
halının yüksəlməsinə xidmət edən, vətəndaşların
ali mənafeyinin üstün tutulduğu
uğurlu sosial dövlət modeli
formalaşdırılmış, işsizliyin və
yoxsulluğun səviyyəsinin aşağı
salınmasına nail olunmuş, əməkhaqları, pensiya və
təqaüdlər əsaslı şəkildə
artırılmışdır. Möhtərəm Prezident
İlham Əliyevin cari il oktyabr ayının 16-da “Əhalinin
sosial rifahının qorunması sahəsində əlavə tədbirlər
haqqında” sərəncam imzalaması, bir neçə
gün öncə isə yeni sərəncam və fərmanlarla
əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin
artırılması istiqamətindəki islahatların
uğurla davam etdirilməsi bir daha Azərbaycanda vətəndaşların
rifah halının yüksəldilməsinin və sosial
müdafiə tədbirlərinin genişləndirilməsinin
qarşıdakı illərdə də prioritet
olacağını söyləməyə əsas verir.
Mehriban xanım
Əliyevanın uğurlu və çoxşaxəli fəaliyyəti
ölkəmizin tərəqqisinə mühüm töhfələr
verir
Azərbaycanın hərtərəfli
inkişafını xarakterizə edən mühüm məsələlərdən
biri də bütün sahələri əhatə edən
geniş və innovativ proqramların icrası, konseptual
yanaşmanın tətbiqidir. Möhtərəm
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən yeni nəsil və modern islahatlar
strategiyası Azərbaycanın dinamik inkişafını təmin
edən mühüm şərtlərdən biridir. Qabaqcıl institusional islahatlar sırasında isə
Birinci vitse-prezidentlik institutunun yaradılması müstəsna
əhəmiyyətə malikdir. Ötən
dövr göstərdi ki, ölkədə vitse-prezidentlik təsisatının
yaradılması və hörmətli Mehriban xanım
Əliyevanın Birinci vitse-prezident təyin edilməsi
sonrakı mərhələdə vətəndaşlara
dövlət diqqəti və qayğısının gücləndirilməsində,
cəmiyyətin bütün təbəqələrini əhatə
edən uğurlu sosial siyasətin davam etdirilməsində
mühüm amil olmuşdur. Mehriban
xanım Əliyevanın uğurlu və çoxşaxəli
fəaliyyəti, ölkəmizin tərəqqisi
ayrı-ayrı sahələrdə mühüm inkişaf
göstəricilərinin əldə olunması
baxımından böyük önəmə malikdir. Onun sosial və humanitar sahələrdə təşəbbüsləri,
gördüyü mühüm işlər ölkəmizdə
həyata keçirilən sosial müdafiə tədbirlərinin
miqyasının genişlənməsində əhəmiyyətli
rol oynayır. Mehriban xanım Əliyevanın istər 44
günlük Vətən müharibəsi dövründə
Ordumuza dəstək, Azərbaycan həqiqətlərinin beynəlxalq
ictimaiyyətə çatdırılması istiqamətində,
istərsə də pandemiya ilə mübarizədə həyata
keçirdiyi tədbirlər milli həmrəyliyimizin daha da
möhkəmlənməsi üçün əvəzsiz töhfədir.
Mehriban xanım
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu
dahi Heydər Əliyevin ölməz ideyalarını
yaşadır, bu ideyalar işığında mənsub
olduğu xalqa ləyaqətlə xidmət edir. Fondun milli-mənəvi dəyərlərin,
multikulturalizm ənənələrimizin, mədəni irsimizin
qorunmasında və dünyada təbliğində
mühüm rolu, elm, təhsil, mədəniyyət, səhiyyə
və idman sahələrinin inkişafına verdiyi əvəzsiz
töhfələr, xüsusi qayğıya ehtiyacı olan
insanlara əl tutması onun xalqın hər kəsiminin
böyük sevgisini qazanmasına səbəb olmuşdur.
Fondun bir çox ölkədə həyata keçirdiyi
humanitar təşəbbüslər isə Azərbaycanın adının
dünyada daha çox tanıdılmasına xidmət
edir.
Azərbaycan
Prezidentinin sülh və əməkdaşlıq missiyası
Ötən 18 ildə
bütün digər istiqamətlərdə olduğu kimi,
xarici siyasət sahəsində də Ulu Öndər Heydər
Əliyevin əsasını qoyduğu prinsiplər uğurla tətbiq
olunmuş, milli maraqlara söykənən müstəqil xarici
siyasət həyata keçirilmişdir. Möhtərəm
Prezident İlham Əliyev həmişə milli mənafe və
maraqların qorunmasında uzaqgörənlik və
prinsipiallıq nümayiş etdirmiş, hər zaman öz
xalqına arxalanmışdır. Dövlət
başçısının qətiyyəti, yüksək
diplomatik səriştəsi, həmçinin bütün məsələlərdə
beynəlxalq hüquqa və ədalətə istinad edən
mövqeyi sayəsində Azərbaycanın beynəlxalq
nüfuzu getdikcə yüksəlmiş, 2011-ci ildə 155
dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilmiş, 120 dövlətin
təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul
edilmişdir və təşkilata uğurla sədrlik etməkdədir.
Digər nüfuzlu beynəlxalq təşkilatlarla
əməkdaşlıq Azərbaycana inteqrasiyanın dərinləşməsinə,
ölkə reallıqlarını dünya ictimaiyyətinə
obyektiv və dolğun çatdırmağa imkan vermişdir.
Azərbaycan Prezidentinin sülh və humanizm,
birgə geniş əməkdaşlığı təmin edən
xeyirxah missiyası qlobal məkanda birliyin,
tolerantlığın, sivilizasiyalarararsı dialoqun,
multikulturalizmin dərinləşməsinə töhfə
verir, dövlətlərarası səmimi münasibətlərin
təmas nöqtələrinin trayektoriyasını müəyyən
edir. Azərbaycanın dövlət
başçısının təşəbbüsləri ən
yüksək səviyyədə qəbul olunur, Onun təşəbbüsü
ilə BMT, Qoşulmama Hərəkatı və digər
mühüm beynəlxalq təşkilatların vacib tədbirləri
keçirilir. Möhtərəm Prezident
İlham Əliyev həm də adı bütün dünyada
böyük ehtiram və hörmətlə səslənən
qlobal miqyaslı dövlət xadimidir.
Azərbaycan
Avrasiyanın nəqliyyat habına çevrilmişdir
Möhtərəm Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
dünyada enerji və kommunikasiya təhlükəsizliyinin təmin
olunmasına da əhəmiyyətli töhfələr verir. Son 18 ildə Prezident
İlham Əliyevin təşəbbüsü və ölkəmizin
müəllifliyi ilə nəhəng transmilli energetika layihələri
həyata keçirilmiş, Bakı-Tbilisi-Ceyhan əsas neft
ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri,
XXI əsrin ən böyük infrastruktur layihələrindən
biri olan “Cənub qaz dəhlizi” kimi enerji təhlükəsizliyində
mühüm rol oynayan nəhəng layihələr Avropanın
enerji xəritəsini dəyişdirmişdir. Həmçinin
Azərbaycanın təşəbbüsü ilə qlobal əhəmiyyət
daşıyan transnəqliyyat, kommunikasiya layihələri
reallaşdırılmış, Avropanı Asiya ilə birləşdirən
“Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat
dəhlizlərinin yaradılması təmin edilmiş, Azərbaycan
dünyada sayı məhdud olan kosmik ölkələr
sırasına qoşulmuşdur. Həyata
keçirilən qlobal layihələr nəticəsində Azərbaycan
Avrasiyanın nəqliyyat habına çevrilmişdir. Hazırda ölkəmizdə altı beynəlxalq
hava limanı var və Ermənistanın işğalından
azad olunmuş ərazilərdə daha üç beynəlxalq
hava limanı olacaqdır. Artıq
Füzuli rayonunda bu limanların birinin
açılışı olmuşdur. Davos
Forumunun reytinqinə əsasən, Azərbaycan yolların
keyfiyyətinə görə 27-ci, hava nəqliyyatı xidməti
və dəmir yolu nəqliyyatı xidmətinə görə
11-ci və 12-ci yerlərdə qərarlaşmışdır.
Hazırda bu istiqamətdə əsas prioritetlərdən
biri Zəngəzur dəhlizinin yaradılmasıdır. Həmin dəhliz Azərbaycandan Ermənistana və
oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına
gedərək Türkiyə və Avropaya qədər
uzanır. Şübhəsiz ki, bu dəhliz
yeni nəqliyyat qovşağı üçün çox
geniş imkanlara malik alternativ marşrut olacaqdır. Beləliklə, Prezident İlham Əliyevin təşəbbüsü
və ölkəmizin müəllifliyi ilə həyata
keçirilən nəhəng enerji və nəqliyyat layihələri
dövlətimizin güclənməsinə və beynəlxalq
mövqelərinin möhkəmlənməsinə geniş
imkanlar yaratmaqla yanaşı, daha geniş bir coğrafiyada əməkdaşlığın
və təhlükəsizliyin təmin olunmasına mühüm
töhfələr verir və Azərbaycan bu sahədə də
güclü aktor rolunu məharətlə icra edir.
Müharibə və
sülh dövrünün qəhrəmanı
Uzun illər ərzində Azərbaycanın
xarici siyasət institutunun qarşısında duran bir nömrəli
məsələ artıq tarixə qovuşmuş Qarabağ
münaqişəsinin həlli olmuşdur. Cənab
Prezident İlham Əliyev bu istiqamətdə də vəzifəni
konkret müəyyənləşdirərək, qeyd
etmişdir ki, “Azərbaycan heç vaxt öz ərazi
bütövlüyünün pozulması ilə
barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin
yaranmasına yol verməyəcəkdir. Ölkəmizin
ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar
əzəli yurdlarına qayıtmalıdırlar”. 2020-ci
ildə 44 günlük Vətən müharibəsində Azərbaycan
möhtərəm Prezident, müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə
özünün zəfər salnaməsinə daha bir möhtəşəm
səhifə əlavə edərək, qalib dövlət kimi
dünyaya öz gücünü göstərmişdir. Bu gün müzəffər Ali Baş Komandan
İlham Əliyev dünyanın tanınmış
ictimai-siyasi xadimləri tərəfindən haqlı olaraq
müharibə və sülh dövrünün qəhrəmanı
kimi qiymətləndirilir.
İstər Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin, istərsə
də möhtərəm Prezident İlham Əliyevin fəaliyyətinin
əsas qayəsini, nüvəsini torpaqlarımızın
işğaldan azad olunması təşkil etmişdir. Artıq tarixdə
qalmış münaqişənin sülh yolu ilə həll
edilməsi üçün dövlət
başçıları və nümayəndə heyətləri
ilə ikitərəfli, eləcə də çoxtərəfli
görüşlərdə, ATƏT-in Zirvə
toplantılarında, Minsk qrupunun həmsədrləri ilə
aparılan müzakirələrdə və digər
bütün platformalarda, eyni zamanda qarşı tərəflə
birbaşa danışıqlarda göstərilən səylər
ardıcıl və məqsədyönlü siyasətin
mühüm tərkib hissəsi kimi diqqət çəkir.
Bütün danışıq və görüşlərdə
Azərbaycanın ərazi bütövlüyünün bərpa
olunması, işğal faktının aradan
qaldırılması məsələləri qətiyyətlə
irəli sürülmüş, ölkəmizin ədalətli mövqeyinin
bütün beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi
və qəbul olunması üçün mümkün olan
bütün addımlar atılmışdır. Nüfuzlu beynəlxalq
təşkilatlar tərəfindən Dağlıq Qarabağ
münaqişəsinə dair mühüm qərarların qəbul
edilməsinə nail olunmuş, Azərbaycanın ərazi
bütövlüyü və suverenliyinə, beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığına hörmət ifadə edilmiş,
münaqişənin məhz bu prinsiplər əsasında həllinin
vacibliyi qeyd olunmuşdur. Azərbaycan münaqişənin
sülh yolu ilə həllinə dair bütün təşəbbüsləri
dəstəkləmiş, problemin ölkəmizin ərazi
bütövlüyü, sərhədlərin
toxunulmazlığı, beynəlxalq hüququn norma
və prinsiplərinə uyğun həlli istiqamətində
lazımi iradə ortaya qoymuşdur.
Azərbaycan Ordusu
dünya miqyasında 50 ən güclü ordu
sırasındadır
Biz Vətən müharibəsində
əldə etdiyimiz qələbəni təmin edən bir
çox amilləri qeyd edə bilərik. Birmənalı olaraq
vurğulaya bilərik ki, ən mühüm amil son 28 il ərzində Azərbaycanda bərqərar olmuş
səriştəli, etibarlı və məsuliyyətli siyasi rəhbərlik
fenomenidir. Möhtərəm Prezident İlham
Əliyevin rəhbərliyi ilə müasir dövrün
reallıqlarına və çağırışlarına
uyğun, böyük məharətlə həyata keçirilən
siyasət, ölkəmizin güclü iqtisadi əsaslara malik
olması Vətən müharibəsində qələbəni
təmin edən ən mühüm məsələlərdən
biri olmuşdur. Ölkəmizdə
iqtisadiyyatın dinamik inkişafı, davamlı tərəqqi,
dayanıqlı makroiqtisadi sabitlik təmin edilmişdir, Azərbaycanın
iqtisadi sütunları möhkəmdir, kifayət qədər
böyük iqtisadi və maliyyə imkanlarına malikdir.
Dayanıqlı iqtisadi inkişaf Azərbaycanda
bütün sahələrdə olduğu kimi, qüdrətli
ordu quruculuğu istiqamətində də genişmiqyaslı tədbirlər
həyata keçirməyə imkan vermiş, ölkəmizin
müasir dövrün ən yüksək standartlarına cavab
verən Silahlı Qüvvələri
formalaşdırılmışdır. Vətən
müharibəsində torpaqlarımızın
azadlığı uğrunda döyüşən əsgər
və zabitlərimizin əksəriyyəti məhz müstəqillik
dövründə dünyaya gəlmiş gənclərimiz
olmuşdur. Son illərdə Ordumuzun
maddi-texniki bazası əsaslı şəkildə gücləndirilmiş,
Silahlı Qüvvələrimiz ən müasir
döyüş texnikaları ilə, silah-sursatla təmin
olunmuşdur. Görülən məqsədyönlü
tədbirlər nəticəsində dünya miqyasında 50 ən
güclü ordu sırasında olan Azərbaycan Ordusunun texniki
imkanları böyük dərəcədə artmış və
İkinci Qarabağ müharibəsində bunu bir daha
nümayiş etdirdi. Azərbaycan Ordusunun Vətən
müharibəsində göstərdiyi şücaət,
yüksək döyüş qabiliyyəti və
apardığı əməliyyatlar dünya hərb tarixinə
qızıl hərflərlə yazılmışdır.
44 gün ərzində 5 şəhər, 4 qəsəbə,
300-ə yaxın kənd, çoxsaylı strateji yüksəkliklər
azad olunmuş, Ermənistan ordusu şanlı Azərbaycan
Ordusu tərəfindən darmadağın edilmişdir. Eyni zamanda biz ölkəmizdəki sabitliyi, milli
birliyi, həmrəyliyi, xalqımızın öz lideri ətrafında
“dəmir yumruq” kimi birləşməsini tarixi zəfərin əsas
səbəblərindən biri kimi dəyərləndirə
bilərik.
Xalqımıza
çoxəsrlik tarixinin ən böyük uğurunu və qələbəsini
yaşatmış müzəffər sərkərdə
Əlbəttə, Vətən
müharibəsində əldə etdiyimiz qələbə Azərbaycan
tarixində, Azərbaycan xalqının yaddaşında əbədi
yaşayacaq. Prezident, müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bu qələbə
sayəsində qalib xalq kimi özünü dünyaya ləyaqətlə
təqdim etmişdir. Ali Baş Komandan Ulu
Öndər Heydər Əliyevin vəsiyyətini yerinə
yetirərək, xalqımıza özünün çoxəsrlik
tarixində ən böyük uğuru və xoşbəxtliyi
yaşatmışdır. Bu gün Azərbaycan
xalqı müzəffər xalq kimi, Azərbaycan dövləti
qalib dövlət kimi yaşayır və əbədi
yaşayacaqdır.
Ölkəmizin gələcəklə
bağlı hədəfləri də kifayət qədər
aydındır. Möhtərəm Prezident İlham
Əliyev yeni dövrü quruculuq, inkişaf dövrü kimi
xarakterizə etmişdir. Azərbaycan
münaqişə sonrası bərpa və yenidənqurma mərhələsinə
qədəm qoymuşdur. Söhbət
işğaldan azad olunan ərazilərimizin yenidən
qurulması ilə yanaşı, regionda yeni proseslərin
başlanmasından gedir. Azərbaycan, Rusiya və Ermənistan
liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə
bəyanatı xüsusilə regionda kommunikasiya xətlərinin
açılması ilə əlaqədar olan 11 yanvar 2021-ci il
tarixli üçtərəfli Bəyanatla daha da inkişaf
etdirilmiş, regionda nəqliyyat kommunikasiya xətlərinin
açılması üçün konkret istiqamətlərdə
fəaliyyətə başlanılmışdır. Nəqliyyat, kommunikasiya, infrastruktur layihələri
regionda sülh, təhlükəsizlik və inkişafa töhfə
verəcək və bütün türk dünyası eyni
zamanda digər ölkələr üçün də əlavə
imkanlar yaradacaqdır. Regionda yeni
kommunikasiya və nəqliyyat dəhlizlərinin, o cümlədən
çox önəmli Zəngəzur dəhlizinin
yaradılması əməkdaşlığı daha da
gücləndirəcək, habelə ticarət dövriyyəsinin
artmasına xidmət edəcəkdir. Füzulidə
yeni beynəlxalq aeroportun inşası, gələcəkdə
Zəngilan və Laçında da tikintisi davam edən beynəlxalq
hava limanlarının istismara verilməsi regionun nəqliyyat
imkanlarını daha da genişləndirəcək.
Azərbaycan müasir şəhərsalma
üsulları, “ağıllı şəhər” və
“ağıllı kənd” konsepsiyalarını tətbiq edərək,
işğaldan azad olunmuş ərazilərimizdə
sıfırdan yeni şəhərlər və kəndlər
inşa edir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan
bütün bu işləri öz maddi imkanları hesabına
görür. Bölgənin zəngin
yeraltı və yerüstü təbii ehtiyatlara malik
olması, gələcəkdə əlverişli investisiya
mühitinin yaradılması onun iqtisadi potensialını daha
da artıracaqdır. Həyata keçiriləcək
tədbirlər milli iqtisadiyyatımızın da
inkişafına təkan verəcəkdir. Çünki
azad edilmiş bölgələrin iqtisadi potensialı kifayət
qədər böyükdür və ölkəmiz bu
potensialdan məharətlə istifadə edərək
Qarabağ bölgəsini nəinki Azərbaycanın,
dünyanın ən gözəl bölgələrindən
birinə çevirəcəkdir.
Bütün Azərbaycan
xalqının Prezidenti
Təbii ki, işğaldan azad
olunmuş ərazilərimizin bərpası və dirçəldilməsi,
məcburi köçkünlərimizin öz dədə-baba
torpaqlarına təhlükəsiz şəkildə
qayıtması ilə yanaşı, ölkəmizdəki
inkişaf dinamikasının qorunub saxlanılması, əhalinin
sosial-müdafiəsinin və rifahının yüksəldilməsi,
ölkəmizin beynəlxalq mövqelərinin daha da genişləndirilməsi,
təhlükəsizlik və sərhədlərimizin möhkəmləndirilməsi
kimi vacib məsələlər də qarşıdakı
dövrdə ölkəmizin əsas prioritetləri
sırasında olacaqdır.
Bəli, bu gün Azərbaycan
möhtərəm Prezident, müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə ən uca
zirvələri fəth edir. Azərbaycan xalqı
xoşbəxtdir ki, onun cənab İlham Əliyev kimi görkəmli
dövlət xadimi, qüdrətli, güclü, dünyada
böyük nüfuza və hörmətə malik milli Lideri
var.
Tam əminliklə söyləyə
bilərik ki, dünya tarixində iz buraxmış
böyük dövlət xadimlərinə xas olan liderlik
bacarığı, səriştəli idarəçilik
qabiliyyəti, qətiyyətlilik və prinsipiallıq, humanizm
və digər yüksək keyfiyyətləri Azərbaycanın
dövlət başçısında müşahidə
edirik. O,
2003-cü ildə ali kürsüdə vəzifəsinin
icrasına başlayanda “Mən bütün Azərbaycan
xalqının, hər bir Azərbaycan vətəndaşının
Prezidentiyəm” demişdi. Bu gün isə Azərbaycan
xalqı, hər bir Azərbaycan vətəndaşı öz
Prezidenti ilə fəxr edir!
Sahibə QAFAROVA,
Azərbaycan
Respublikası Milli Məclisinin Sədri
Azərbaycan.-
2021.-24 dekabr.- S.1; 3.