Azərbaycanın strateji dəyərini yüksəldən
şəxsiyyət
Dünyanın kiçik və ya böyük olmasından asılı olmayaraq, bütün dövlətlər müəyyən strateji dəyərə sahibdirlər. Hətta hansısa dövlətin strateji dəyəri yoxdursa və ya zəifdirsə, onu yaratmağa və inkişaf etdirməyə səy göstərirlər. Strateji dəyəri kifayət qədər yüksək olan dövlətlər isə onu qoruyub saxlamaq və daha da gücləndirmək üçün səylərini əsirgəmirlər.
ABŞ, Çin, Rusiya, Böyük Britaniya kimi böyük dövlətlər də, Lixtenşteyn və Lüksemburq kimi xırda ölkələr də bu istiqamətdə fəaliyyətə xüsusi önəm verirlər. Səbəb isə odur ki, beynəlxalq münasibətlər sistemində xarici ölkələr və aktorlar hər hansı bir digər ölkəyə münasibətdə onun strateji dəyərini nəzərə alırlar və bu dəyərin səviyyəsindən asılı olaraq həmin ölkəyə az və ya çox önəm verilir. Strateji dəyərin yüksək olması ölkənin xarici siyasətinin məqsədlərinə müvəffəq olmaq səviyyəsini də artırır.
Azərbaycan da beynəlxalq aləmin fəal üzvü kimi öz strateji dəyərinin yüksək olmasında maraqlıdır. Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanda hakimiyyətə qayıdanda ölkəmizin strateji dəyəri yox dərəcəsində idi. Uçurumda olan dövlətçiliyin xilası və Ermənistanın işğalçı qoşunlarının ərazilərimizin daha da dərinliyinə doğru təcavüzkarcasına irəliləməsinin dayandırılması ölkəmizin strateji dəyərinin təşəkkül tapması üçün ilkin zəmin yaratdı. Növbəti mərhələdə Ulu Öndərin böyük neft strategiyasının həyata keçirilməsinə başlaması dünyada enerji təhlükəsizliyinə töhfə verən ölkə kimi strateji dəyərimizin formalaşmasına xidmət etdi. 2000-ci ilin əvvəllərində isə Heydər Əliyevin uzaqgörən, çevik və iti zəkası sayəsində Azərbaycan qlobal terrorizmlə mübarizə və təhlükəsizliyin təmin olunması prosesinə fəal surətdə qoşuldu. Nəticədə Heydər Əliyev dövründə Azərbaycanın strateji dəyərinin inkişafı beynəlxalq enerji təhlükəsizliyi, terrorla mübarizə, sülh və təhlükəsizlik kimi həmin zamana xas olan fundamental faktorlarla bağlı oldu.
Cənab İlham Əliyevin 2003-cü ildə prezident seçilməsi ilə ölkəmizin strateji dəyərinin formalaşmasında yeni bir mərhələ başladı. İlham Əliyevin Ulu Öndərin başladığı yeni neft strategiyasını uğurla tamamlaması nəticəsində ölkəyə böyük gəlirlər daxil olmağa başladı. Amma məsələ təkcə neft gəlirlərində deyil. Nefti Azərbaycandan çox olan ölkələr var ki, bu, onlara problem və uğursuzluq gətirib, strateji dəyərlərini zəiflədib. Bu baxımdan əsas məsələ neftdən gələn gəlirlərin necə yönəldilməsində və istifadə edilməsindədir. Məhz İlham Əliyevin apardığı siyasət nəticəsində neft gəlirləri səmərəli istifadə edilərək ilk növbədə xalqımızın rifah və tərəqqisinə xidmət edir, həm də davamlılıq prinsipinə sadiq qalmaqla neft gəlirləri gələcək nəsillərin bəhrələnəcəyi sahələrin yaradılması üçün istifadə edilir. Eyni zamanda neft gəlirləri hesabına yeni layihələr həyata keçirildi, yeni işlər görüldü ki, onlar da nəticə etibarilə ölkənin strateji dəyərinin yeni istiqamətlərdə yüksəldilməsinə töhfə verir.
Son dövrdə həm ölkə daxilində, həm də ölkə xaricində bir sıra ekspertlər Azərbaycanın strateji dəyərində enerji təhlükəsizliyində oynadığı rolun aktuallığının azaldığını qeyd edirlər və bildirirlər ki, artıq Azərbaycanın strateji dəyərində başqa faktorlar daha çox rol oynayır. Amma bu cür yanaşma dolğun deyildir. Əslində İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması və neftlə yanaşı, qaz və qızıl kimi təbii sərvətlərdən istifadə və onların ixracı istiqamətində nailiyyətlər əldə edilmişdir. Ona görə də ilk baxışda sanki neftin əhəmiyyətinin azaldığı və enerji təhlükəsizliyi məsələsinin az önəm daşıdığı təəssüratı yaranır. Əslində isə Azərbaycanda digər sahələrdə əldə edilmiş inkişaf fonunda neftin əvvəlki dominant mövqeyi zəifləyib. Hazırda Azərbaycanın regional nəqliyyat və logistika mərkəzinə çevrilməsi prosesi gedir, qitələri və bölgələri birləşdirən dəmiryolu xətləri, hava və su yolları və avtomobil magistralları ölkəmizdə kəsişir. Bundan əlavə, Prezidentin təşəbbüsü ilə Azərbaycanın həyata keçirdiyi və ya evsahibliyi etdiyi bir çox beynəlxalq və qlobal xarakterli humanitar, siyasi, sülh və təhlükəsizlik sahəsində tədbirlər Azərbaycanın beynəlxalq aktor kimi qlobal rolunu formalaşdırır. Mahiyyət etibarilə İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın strateji dəyərinin formalaşması və yüksəlməsi təkcə enerji təhlükəsizliyi və terrorla mübarizə kimi amillərlə bağlı olmamış, bu sahədə yuxarıda qeyd etdiyimiz yeni istiqamətlər yaradılmışdı.
Bütün bunların fövqündə isə İlham Əliyevin 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan kimi göstərdiyi misilsiz hərbi və diplomatik liderlik keyfiyyətləri ona olan beynəlxalq ehtiramın dərinləşməsinə səbəb oldu. Müharibə 44 gün çəksə də, ona gedən hazırlıq yolu on illərlə görülmüş çoxşaxəli, planlı və sistemli fəaliyyətdən ibarətdir. Müharibədən sonrakı dövr də çağırışlarla doludur. Belə ki, döyüş meydanında qazanılmış Zəfərin nəticələrini möhkəmlətmək və onu beynəlxalq müstəvidə qəbul etdirmək vəzifəsi qarşıda durur. Bu vəzifəni müxtəlif xarici qüvvələrin Azərbaycana qarşı olan planları ilə üz-üzə qalaraq yerinə yetirmək işi daha da mürəkkəbləşdirir. Digər tərəfdən tamamilə dağıdılmış və minalanmış ərazilərimizin təmizlənməsi, bərpası, yenidən qurulması və doğma sakinləri ilə məskunlaşdırılması nəhəng miqyasda əmək, zəhmət, vaxt və resurslar tələb edir.
Müharibə zamanı BMT-nin 30 il ərzində icra edilməmiş qalan 4 qətnaməsini Azərbaycan özü təkbaşına 44 gün ərzində icra etdi. İndi isə bərpa, yenidənqurma, məskunlaşdırma və reinteqrasiya işlərini özü heç kəsin yardımı olmadan həyata keçirir. Bu çağırışların və qarşıda duran problemlərin təkbaşına həll edilməsi nəinki hər kiçik dövlətin, hətta hər böyük dövlətin də işi deyil. İkinci Dünya müharibəsindən də bildiyimiz kimi, müharibədən çıxmış ölkələrin köməyinə digər ölkələr və beynəlxalq təşkilatlar gəlməsələr, bu işləri etmək hətta mümkünsüz olur. ABŞ-ın Marşal planı buna misaldır. Müasir dövrdə də buna aid çoxlu nümunələr var. Azərbaycan o nadir ölkələrdəndir ki, bunu təkbaşına edir. Amma bunun ən müsbət tərəfi ondan ibarətdir ki, məhz buna görə bizim müstəqilliyimiz formal xarakter daşımır, həqiqi və faktiki müstəqillikdir və müstəqil daxili və xarici siyasət yürüdürük. Əlbəttə ki, digər dövlətlər və beynəlxalq aktorlar Azərbaycanın strateji dəyərini artıran bu fəaliyyətləri görürlər və ölkənin müstəqil siyasət yürütmə qabiliyyəti onun strateji dəyərini formalaşdıran əsas amillərdən biri kimi çıxış edir. Ölkəmizin hazırkı yüksək strateji dəyərinin memarı 60 illik yubileyini qeyd etdiyimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
24 dekabrda Prezident İlham
Əliyevin 60 yaşı tamam olur. Bu yubiley ərəfəsində
onun insani xüsusiyyətləri və şəxsi keyfiyyətləri
bir daha diqqət cəlb edir. İlham
Əliyevin şəxsi keyfiyyətlərinin və xüsusiyyətlərinin
ölkə rəhbəri kimi onun fəaliyyətində və
xüsusən də Azərbaycanın strateji dəyərinin
yüksəldilməsində nə dərəcədə əhəmiyyətli
olması məsələsinə qısa nəzər salaq.
O, keçmiş SSRİ-nin və dünyanın ən
nüfuzlu ali məktəblərindən
olan Moskva Dövlət Beynəlxalq Əlaqələr
İnstitutunun məzunu olmuş və orada dərs demişdir.
Belə yüksək səviyyəli təhsil,
akademik və pedaqoji fəaliyyət İlham Əliyev şəxsiyyətinin
formalaşmasında və yüksək intellektinin
inkişafında mühüm rol oynamışdır.
Buna görə də adətən İlham Əliyevin Moskva
Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun məzunu
olması və orada dərs deməsi haqlı olaraq xüsusi
vurğulanır və doğrudan da, belə bir ali
məktəbin məzunu və müəllimi olmaq böyük
üstünlükdür. Bununla belə qeyd edilməlidir ki, cənab
Prezident elə bir səviyyəyə və məqama
yetişib ki, İlham Əliyevin onun məzunu olması və
gənc yaşlarında orada mühazirə deməsi faktı
artıq ölkə rəhbərindən daha çox həmin
ali məktəbin özü
üçün bir qürur mənbəyinə, prestijə
çevrilib.
Hər şeydən əvvəl
o, sözün əsl mənasında Heydər Əliyev məktəbinin
yetirməsidir.
Təkcə ona görə yox ki, o, Heydər
Əliyevin oğludur, onun ailəsində, onun tərbiyəsi
ilə böyüyüb. Hərçənd
bu amil olduqca mühümdür. 1982-ci ildə
Ulu Öndərin şair və Qarabağ xanının vəziri
Molla Pənah Vaqifin məqbərəsini açmaq və Vaqif
Poeziya Günlərini keçirmək üçün
Şuşaya səfərləri zamanı gənc İlham
Əliyev onun yanında olub. Belə bir
mühit hələ həmin sovet dövründə onun gənc
yaşlarından milli ruhda böyüməsi, tariximizi və
tariximizin əhəmiyyətini dərindən dərk etməsi
baxımından vacib rol oynamışdır. Həm də
ona görə sözün əsl mənasında Heydər
Əliyev məktəbinin yetirməsidir ki, o, Heydər
Əliyevin dövlətçilik təcrübəsini
yaxından izləmiş, müstəqillik dövründə
isə Ulu Öndərin rəhbərliyi altında Azərbaycanda
müxtəlif vəzifələrdə
çalışmış, onunla birlikdə xarici tərəfdaşlarla
neft sazişlərinin bağlanması üçün
danışıqlarda yaxından iştirak etmişdir.
Belə bir deyim var ki,
xoşbəxt, uğurlu müəllim o müəllimdir ki,
şagirdi, tələbəsi özündən də
böyük uğur qazansın. Bu mənada Ulu Öndərin
ruhu şaddır. Rusiya Prezidenti Vladimir
Putin məşhur çıxışında demişdi ki,
Heydər Əliyev Azərbaycan çərçivəsinə
sığan siyasətçi deyildi. Bu
gün tam əminliklə demək olar ki, İlham Əliyev nəinki
Azərbaycan, hətta region çərçivəsinə
sığan siyasətçi deyil, onun siyasəti region
hüdudlarını aşaraq transregional və qlobal xarakter
daşıyır. Möhtərəm Prezidentin “peyvənd
millətçiliyi” və pandemiya ilə mübarizə məsələsindəki
qətiyyətli təşəbbüsləri, Qoşulmama Hərəkatının
inkişafına verdiyi töhfələr, dünyada idman və
olimpiya hərəkatına göstərdiyi xidmətlər,
beynəlxalq sülh məramlı işinə və humanitar məsələlərə
verdiyi dəstək, dinlər və sivilizasiyalar arasında əməkdaşlıq
və dialoqa verdiyi təkan onun siyasətinin Azərbaycan və
region hüdudlarını aşdığını təsdiq
edir.
İlham Əliyevin şəxsi
xüsusiyyətlərindən biri də onun daim zamanla, yeni
şəraitlə ayaqlaşmaq qabiliyyətidirsə, digəri
onun yeni reallıqlar yaratmağa qadır intellektual
potensialı və bu potensialı daim inkişaf etdirmək
bacarığıdır. Azərbaycanın Vətən
müharibəsində qazandığı qələbə sayəsində
regionda yeni geosiyasi reallıqlar yaratması bunun ən bariz
nümunəsidir. Əgər müharibəyə qədər
Şuşanın azad edilməsi xülya kimi
görünürdüsə, Türkiyə ilə müttəfiqliyimizi
rəsmiləşdirən Şuşa Bəyannaməsinin
imzalanması və ya Zəngəzur dəhlizi heç
mövzu da deyildi. Amma bu gün bütün
bunlar xoş bir gerçəklikdir, İlham Əliyevin
Prezident və Ali Baş Komandan kimi yaratdığı və
xalqımıza yaşatdığı gerçəklikdir.
Yuxarıda vurğulandığı kimi, bu yeni reallıqlar da Azərbaycanın
dünyadakı strateji dəyərinin və geosiyasi əhəmiyyətinin
yüksəlməsinə böyük töhfədir. Azərbaycanın
dünyanın müxtəlif hərbi, siyasi və iqtisadi
qütblərində duran dövlətlər və təşkilatlarla
konstruktiv, bərabərhüquqlu və məhsuldar tərəfdaşlıq
münasibətlərində olması onun ayırıcı
deyil, birləşdirici rol oynamasını və beynəlxalq
sülh və əməkdaşlığa töhfə verən
ölkə kimi çıxış etməsini şərtləndirir
və bu birləşdirici rol ölkəmizin strateji dəyərini
davamlı edir. Bunu əyani surətdə
göstərmək üçün bir nümunə yetər.
İlham Əliyev Azərbaycanı beynəlxalq
münasibətlər sistemində unikal oyunçuya
çevirib. Bir tərəfdən Rusiya ilə
yüksəksəviyyəli strateji tərəfdaşlıq və
mehriban qonşuluq münasibətləri qurub, digər tərəfdən
isə Ulu Öndərin “Bir millət, iki dövlət”
baxışını reallaşdıraraq NATO üzvü olan
qardaş Türkiyə ilə müttəfiqlik münasibətləri
qurmaqla gücümüzə güc qatıb. Bu baxımdan əlavə dəyər
anlayışı iqtisadi termin olsa da, İlham Əliyevin
yürütdüyü novator xarici siyasət nəticəsində
əlavə dəyər anlayışı Azərbaycanın
beynəlxalq münasibətlərində yeni anlam kəsb edib.
60 illik yubileyini Qarabağı, Şərqi
Zəngəzur və Şuşanı azad etmiş qalib ordunun
Müzəffər Ali Baş Komandanı kimi
ölkəsinin beynəlxalq səviyyədə strateji dəyərini
yüksəltmiş, ölkə səviyyəsində isə ərazi
bütövlüyümüzü bərpa edərək milli
qürurumuzu bərqərar etmiş rəhbər kimi qeyd edir.
Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevi 60 illik yubileyi münasibətilə
ürəkdən təbrik edir, ona şəxsi həyatında
və ölkəmizin lideri, ordumuzun komandanı kimi yeni nailiyyətlər,
yeni zirvələr fəth etməyi arzulayıram!
Adil ƏLİYEV,
Milli Məclis Sədrinin
müavini
Azərbaycan.-
2021.-24 dekabr.- S.6.