Beynəlxalq miqyasda dəstək qazanan təşəbbüslər
Dünyanı cənginə alan koronavirus (COVID-19) pandemiyası artıq iki ildir ki, bəşəriyyəti ciddi şəkildə təhdid etməkdədir. Virusun ilk qeydə alındığı vaxtdan indiyədək 276 milyona yaxın insanın ona yoluxması, 5,3 milyon nəfərdən artıq insanın vəfat etməsi bu mərəzin nə qədər dəhşətli və təhlükəli olmasından xəbər verir.
Azərbaycan dünyaya açıq dövlət olduğundan 2020-ci il fevral ayının sonunda artıq bir çox ölkəyə ayaq basmış koronavirusun respublikamızda da qeydə alınması təəccüblü sayılmadı. Ən əsası o idi ki, Azərbaycan hökuməti ilk gündən koronavirusla mübarizənin ən effektiv nümunəsini ortaya qoya bilmişdi.
Qabaqlayıcı tədbirlər nəticəsiz
qalmadı
Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabineti yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargahın yaradılması, sərhədlərin bağlanılması, karantin rejiminin və hərəkət məhdudiyyətinin tətbiq olunması, sosial və məhdudlaşdırıcı izolyasiya tədbirlərinin həyata keçirilməsi, kütləvi yoluxmanın qarşısını almaq məqsədilə təhsil prosesinin, ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinin dayandırılması, bütün kütləvi tədbirlərin ləğv edilməsi kimi vacib addımlar Azərbaycan hökumətinin ilk gündən koronavirusla mübarizəyə olduqca diqqətli yanaşmasının göstəriciləri oldu.
Həmçinin qısa zamanda səhiyyə infrastrukturu koronavirusla mübarizəyə istiqamətləndirildi. COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi üçün 40-dan artıq xəstəxana müəyyən edildi, qısa zamanda modul tipli xəstəxanalar quraşdırılaraq istifadəyə verildi. Hazırda Azərbaycanın bütün bölgələrini əhatə etməklə çoxlu sayda tibb müəssisəsində COVID-19-a yoluxmanı təyin etmək mümkündür. Ötən ilin mart ayında isə Azərbaycanda virusa yoluxmanın qiymətləndirilməsinə imkan verən cəmi 6 laboratoriya var idi. Lakin koronavirusla mübarizənin effektivliyini artırmaq üçün onların sayı qısa müddətdə 40-ı ötdü. Habelə tibb müəssisələrinin diaqnostik və müalicə vasitələri ilə təminatı, xüsusi tibbi avadanlıqların, dərman preparatlarının, testlərin, süni tənəffüs aparatlarının, müasir ECMO cihazlarının alınaraq ölkəmizə gətirilməsi təmin edildi. Ən mühüm addımlardan biri də o oldu ki, ölkəmizdə qoruyucu vasitələrin, dezinfeksiya vasitələrinin istehsalı təşkil olundu və qısa müddətdə bu sahədə olan çatışmazlıqlar aradan qaldırıldı.
Koronavirusla mübarizədə qəhrəman həkimlərimizin əməyini xüsusi qeyd etmək istərdim. Respublikamızda ilk gündən böyük tibbi heyət koronavirusla mübarizəyə səfərbər olundu. Həkimlərimiz həm laboratoriyalarda, həm xəstəxanalarda, həm də karantin üçün ayrılmış xüsusi yerlərdə bu dəhşətli bəlaya qarşı qətiyyətlə mübarizə apardılar, infeksiyanın daha geniş yayılmaması üçün mücadiləyə qalxdılar, on minlərlə insanı yenidən həyata qaytardılar.
Onu da qeyd edim ki, virus Azərbaycanda qeydə alınan dövrdə dünyanın bir çox yüksək inkişaf səviyyəsinə malik ölkələrində hər gün COVID-19-dan on minlərlə insan dünyasını dəyişirdi. Faciəvi və gərgin mənzərə ondan xəbər verirdi ki, heç bir ölkə, səhiyyə və elmi-tədqiqat mərkəzi dünyanın nə zamansa belə bir vəziyyətlə üzləşəcəyini güman etmirmiş. Bu da təbii idi, çünki bəşəriyyət pandemiyalar dövrünü artıq tarixə qovuşmuş mərhələ sayırdı. Tibbin müasir inkişaf səviyyəsi qarşısında bir daha hər hansı belə kütləvi xəstəliklərin baş qaldıra bilməyəcəyinə böyük bir əminlik vardı.
Bütün bunlarla yanaşı, ilk vaxtlarda bəzi ölkələrdə problemə laqeyd yanaşılmasının acı nəticələri özünü kəskin şəkildə göstərdi. Xüsusən Avropa ölkələrində virusun yayıldığı ilk aylarda qısa müddətdə minlərlə insanın vəfat etməsi, sayı on mini aşan gündəlik yoluxmaların baş verməsi birinci növbədə xəstəliyə qarşı zamanında qabaqlayıcı addımların atılmamasının nəticəsi idi.
Azərbaycanda isə qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin sayəsində koronavirusun ciddi və faciəvi fəsadlar verməsinin qarşısı alındı. Respublikamızda xəstəlik dalğasına hazırlığı şərtləndirən əsas amillər həm də digər ölkələrdə baş verənlərdən düzgün nəticə çıxarılması, özünü maksimum doğruldan təcrübələrin tətbiqi üçün addımların vaxtında atılması oldu.
Ən mühümü odur ki, ölkə ictimaiyyəti ilk gündən Prezident İlham Əliyevin problemlə mübarizədə qətiyyətini, görülən tədbirlərlə, atdığı addımlarla insanların yanında olduğunu gördü. Onu da qeyd etmək yerinə düşər ki, bütün dünyada ilk dəfə Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycanda yaradılıb. İlkin olaraq Prezidentin Ehtiyat Fondundan 20 milyon manat vəsait ayrıldı. Xalqımızın milli həmrəyliyi və dəstəyi ilə fonda 100 milyon manatdan artıq vəsait toplandı. Prezident və Birinci vitse-prezident 1 illik əməkhaqlarını fonda ianə etdilər.
Koronavirus infeksiyası ilə əlaqədar yaranmış vəziyyət Azərbaycanda tibbi xidmətin yüksək səviyyəsini, respublikamızın istənilən ekstremal hala qarşı hazırlıqlı olduğunu bir daha təsdiqlədi. Eyni zamanda ölkə ictimaiyyəti pandemiyanın sosial-iqtisadi sferaya mənfi təsirlərinin azaldılması istiqamətində də ilk gündən Prezident İlham Əliyevin prinsipial mövqeyini gördü. Dövlət başçısının tapşırığı ilə həm koronavirusla mübarizə, həm aztəminatlı insanların, həm sahibkarların və bütövlükdə iqtisadiyyatın bu qlobal pandemiya dövründə çətinlik çəkməməsi üçün nə lazımdırsa edildi. Xidmət və digər sahələrdə çalışan yüz minlərlə vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənildi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkənin bütün şəhər və rayonlarında yaşayan aztəminatlı, yaşı 65-dən yuxarı tənha və kimsəsiz yaşlılara, əlillərə sosial xidmətlər göstərildi, humanitar aksiyalar, qanvermə aksiyaları həyata keçirildi.
Azərbaycan qlobal
liderlik rolunu üzərinə götürdü
COVID-19 bütün dünyanı
başına alan qlobal problemdir. Ona görə
pandemiya ilə mübarizədə bütün ölkələrin
həmrəyliyinə nail olunmasının vacibliyi ilk gündən
meydana çıxan çağırış idi. Bu çağırışı ilk dəyərləndirən
isə möhtərəm Prezident İlham Əliyev oldu.
Pandemiya qarşısında
dünya ölkələrinin əksəriyyətinin
özünə qapandığı dövrdə Azərbaycan
qlobal liderlik rolunu üzərinə götürdü,
pandemiyanın öhdəsindən gəlmək
üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı
təbliğ edən ilk ölkələrdən oldu.
Məhz cənab İlham Əliyev
koronavirusla mübarizədə beynəlxalq həmrəyliyin əldə
olunması üçün təşəbbüslərlə
çıxış etdi. Ötən ilin
aprel ayında dövlət başçısının təşəbbüsü
ilə Türk Şurasının koronavirusla mübarizəyə
həsr olunmuş Zirvə görüşünün
keçirilməsi bu istiqamətdə baş tutan dünya
dövlətləri arasında ilk beynəlxalq tədbir idi.
Azərbaycan Prezidenti ortaya
qoyduğu məqsədyönlü mövqeyi, prinsipial
yanaşmanı daha bir qlobal təşəbbüslə davam
etdirdi. Türk Şurasının Zirvə
görüşündən sonra Azərbaycanın təşkilatçılığı
ilə koronavirusla mübarizə üzrə beynəlxalq həmrəylik
niyyətli növbəti tədbir baş tutdu. 2020-ci ilin
may ayında Qoşulmama Hərəkatının Təmas Qrupu
formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı
birlikdəyik” mövzusunda Zirvə görüşü
keçirildi.
Daha sonra 150-dən artıq ölkənin
dəstəyi ilə BMT Baş Assambleyasının dövlət
və hökumət başçıları səviyyəsində
xüsusi sessiyasının təşkili, Azərbaycanın
Qoşulmama Hərəkatı adından BMT-nin İnsan
Hüquqları Şurasında irəli sürdüyü
“Bütün ölkələrin peyvəndlərə bərabər
və universal çıxışının təmin edilməsi”
adlı qətnamənin 2021-ci ilin mart ayında yekdilliklə qəbul
olunması Prezident İlham Əliyevin koronavirusla mübarizədə
qlobal həmrəyliyin təmin olunması istiqamətində fəaliyyətinin
uğurlu nəticələri kimi tarixə düşdü. Bu qətnamədən göründüyü kimi,
Prezident İlham Əliyevin qlobal həmrəyliyin təmin
olunmasında diqqət yetirdiyi xüsusi məsələlərdən
biri varlı və kasıb ölkələr arasında peyvəndlərin
bərabər paylanılması, bu sahədə qeyri-bərabərliyə
son qoyulmasıdır. Qoşulmama Hərəkatının
sədri kimi də Azərbaycan Prezidenti “peyvənd millətçiliyi”,
varlı və kasıb ölkələr arasında peyvəndlərə
əlçatanlıqla bağlı getdikcə dərinləşən
qeyri-bərabərliyə qarşı mübarizəni daim
gündəlikdə saxlayır. Bu ilin sentyabrında BMT
Baş Assambleyasının 76-cı sessiyasının illik
ümumi müzakirələrində videomüraciət vasitəsilə
çıxış edən Prezident İlham Əliyev bir daha
dünyada mövcud olan peyvənd millətçiliyini
qınamış, iradlarını bildirmiş və Azərbaycan
tərəfindən Qoşulmama Hərəkatı adından
peyvəndlərə bərabər və universal
çıxışın təmin edilməsi ilə
bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli
sürüləcəyini elan etmişdir.
Bu il noyabrın
18-də BMT Baş Assambleyanın üçüncü komitəsində
“COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul
qiymətə, vaxtında və universal əlçatanlığın
təmin edilməsi” adlı qətnamənin layihəsi
müzakirə olunub və səsvermə ilə qəbul
edilib. 171 ölkə qətnamənin lehinə səs
verib. Sənəddə inkişaf etmiş
və inkişaf etməkdə olan ölkələr
arasında COVID-19 əleyhinə peyvəndlərin
bölgüsündə mövcud olan bərabərsizlikdən
ciddi narahatlıq bildirilir və bunun Dayanıqlı
İnkişaf Məqsədlərinin icrasına əngəl
törədən başlıca amillərdən olduğu
vurğulanır. O cümlədən COVID-19-a
qarşı mübarizədə çoxtərəfliliyin, eləcə
də beynəlxalq həmrəylik və əməkdaşlığın
əhəmiyyətinə xüsusi vurğu edilir. Bu xüsusda bütün dövlətlər, özəl
şirkətlər və digər aktorlar COVID-19 əleyhinə
peyvəndlərə bərabər, məqbul qiymətə,
vaxtında və universal əlçatanlığın təmin
edilməsi istiqamətində konkret tədbirlər görməyə
çağırılır. Bütün
dövlətlər COVID-19 əleyhinə peyvəndlərin
ixracı ilə bağlı mövcud olan əsassız maneələri
aradan qaldırmağa və peyvəndlərin
hazırlanması və səmərəli paylanması sahəsində
əməkdaşlığa dəvət olunur. Həmçinin BMT Baş katibinə Baş
Assambleyanın növbəti sessiyasına hazırkı qətnamənin
icrası ilə bağlı hesabat təqdim etməsi
tapşırılır.
Bütün bunların davamı kimi
bu il dekabrın 16-da BMT-nin Baş Assambleyasında Azərbaycan
tərəfindən Qoşulmama Hərəkatının
adından irəli sürülmüş COVID-19 əleyhinə
peyvəndlərə bütün ölkələrin bərabər,
məqbul qiymətə, vaxtında və universal əlçatanlığının
təmin edilməsi ilə bağlı qətnamə qəbul
edilib. 179 ölkənin dəstəyi ilə qəbul
edilən qətnamənin əleyhinə heç bir ölkə
səs verməyib.
“Peyvənd millətçiliyi”nin aradan qaldırılması COVID-19
pandemiyasına qarşı mübarizədə Prezident
İlham Əliyevin irəli sürdüyü olduqca
mühüm və tarixi qlobal təşəbbüsdür. BMT Baş Assambleyasında qəbul olunan qətnamə
isə beynəlxalq ictimaiyyətin cənab İlham Əliyevin
bu təşəbbüsünü dəstəklədiyini
göstərir. Onu da xatırladaq ki, Azərbaycan
hökuməti koronavirusla mübarizədə qlobal həmrəyliyin
təcəssümü kimi onlarca ölkəyə humanitar və
maliyyə köməkliyi göstərib, Ümumdünya Səhiyyə
Təşkilatına maliyyə yardımları ayırıb,
bir neçə ölkəyə təmənnasız olaraq
vaksin göndərib.
Hər zaman vətəndaşların
yanında olan lider
Bəşəriyyətin əsas
probleminə çevrilmiş COVID-19 pandemiyasının
planetimizin gələcək mənzərəsini necə
müəyyənləşdirəcəyini aydın
proqnozlaşdırmaq isə hələlik çox çətindir. Amma ötən iki ilin
reallıqları, proseslər göstərir ki, virusun
qarşısının alınması mümkündür. Koronavirusla mübarizədə müsbət nəticələrin
əldə olunması isə təkcə hökumətin fəaliyyətindən
asılı deyil. Dövlət qurumları
bununla bağlı nə qədər birbaşa məsuliyyət
daşısalar da, virusla mübarizə həm də hər
bir vətəndaşın bilavasitə vəzifəsidir.
Əgər bu ilin əvvəlinə qədər
virusla mübarizədə əsas təsirli amil karantin
qaydalarına əməl etmək idisə, bu gün həm də
vətəndaşların peyvənd olunması COVID-19-un
yayılmasının qarşısının
alınmasında əsas vasitədir. Xüsusilə
vurğulamaq istərdim ki, vətəndaşların
vaksinasiyası ilk gündən Azərbaycan Prezidentinin
xüsusi nəzarətindədir.
Bu ilin yanvarından
başlanan vaksinasiya nəticəsində artıq ölkə
vətəndaşlarının 60 faizdən artıq bir hissəsi
peyvənd olunub. Ölkəmiz hazırda peyvəndlənmənin
səviyyəsinə görə qabaqcıl yerlərdə qərar
tutub ki, bu da həyata keçirilən düzgün dövlət
siyasətindən xəbər verir.
Bütün bunların nəticəsidir
ki, Azərbaycanda vəziyyət əksər ölkələrlə
müqayisədə olduqca yaxşıdır.
Bu gün yoluxma sayında azalma
müşahidə edilir. Lakin belə vəziyyət
bizi arxayınlaşdıra bilməz. Ayrı-ayrı
ölkələrin təcrübəsi göstərir ki, məhz
arxayınlıq son nəticədə ağır fəsadlara
yol açır. Xüsusən noyabr
ayının sonunda Afrikanın cənubunda COVID 19-un “omikron”
adlandırılan yeni növ ştamının
aşkarlanması hər kəsi daha məsuliyyətli
olmağa çağırır. Artıq
“omikron” ştamının “delta” ilə müqayisədə
daha sürətli yayıldığı öz təsdiqini
tapıb. London İmperial Kollecində aparılan
araşdırma “omikron”a yoluxma riskinin “delta” variantı ilə
müqayisədə 5,4 dəfə yüksək
olduğunu üzə çıxarıb.
Yeddilər qrupu (G7) ölkələrinin
səhiyyə nazirləri də “omikron” ştamının
sürətli yayılması ilə əlaqədar
yaranmış vəziyyəti dünya səhiyyə sistemi
üçün ən böyük təhlükə kimi qəbul
etməyə çağırıb. Yoluxma hallarının
sayının artımından çox narahat olan nazirlər
baş verənlərin qlobal səhiyyə üçün ən
böyük cari təhlükə kimi qəbul edilməsi ilə
bağlı razılığa gəliblər. “Delta” ştamı hazırda dominant variant olaraq qalsa
da, “omikron” ştamının 2022-ci ilin ilk iki ayında Avropa
qitəsində daha sürətlə yayılacağı
gözlənilir. Avropa Xəstəliklərin
Qarşısının Alınması və Nəzarəti Mərkəzi
bildirir ki, “omikron”un yayılması ilə “delta” ştamına
nəzərən ölüm və xəstəxanaya yerləşdirilmə
sayının artacağı güman edilir.
Həyata keçirilən
qabaqlayıcı tədbirlərin və koronavirusa
qarşı düzgün mübarizənin nəticəsində
Azərbaycanda hələlik “omikron” qeydə alınmayıb. Bununla belə
“omikron” ştamına görə kəskinləşməkdə
olan qlobal pandemik vəziyyət COVID-19-la mübarizədə
çağırışların aktual
qaldığını göstərir. Xüsusən
qonşu ölkələr olan İranda, Gürcüstanda yeni
ştamın qeydə alınması bizi daha məsuliyyətli
olmağa sövq edir. Bu istiqamətdə
atılmalı olan əsas addımlar isə karantin tədbirlərinə
əməl etməklə yanaşı, peyvənd
olunmaqdır. Böyük britaniyalı
alimlər koronavirusa qarşı peyvəndin
üçüncü dozasının xəstəliyi
ağır keçirməyin ən azından 85 faiz
qarşısını aldığını
açıqlayıblar.
Azərbaycan dövləti
COVID-19 infeksiyasının qarşısının
alınması üçün əlindən gələni
edir. Pandemiya rejiminə son qoyulması Prezident İlham
Əliyevin fəaliyyətində ən prioritet məsələlərdən
biridir. Cənab Prezidentin bu məsələ
ilə bağlı fəaliyyətinə nəzər
saldıqda görərik ki, dövlət
başçısı koronavirusla mübarizədə ən
vacib, ən zəruri bütün addımları atıb.
Görünən odur ki, Azərbaycan dövləti
koronavirusla uğurlu və qətiyyətli mübarizə
aparır və İlham Əliyevin rəhbərliyi ilə
xalqımız bu sınaqdan layiqincə çıxacaq.
Əhliman
ƏMİRASLANOV,
Milli Məclisin Səhiyyə
komitəsinin sədri,
Akademik
Azərbaycan.-
2021.-24 dekabr.- S.6.