Dünya birliyində
söz sahibi olan LİDER
Müstəqil Azərbaycan
dövlətinin siyasətində dünya birliyi ölkələri
ilə əlaqələrin yaradılması və inkişaf
etdirilməsi mühüm yer tutur. Uzun illər ərzində
ölkəmizin dünya dövlətləri ilə
formalaşdırdığı qarşılıqlı etimad
və əməkdaşlıq mühiti Azərbaycan Respublikasına
beynəlxalq miqyasda böyük nüfuz
qazandırmışdır. Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını
qoyduğu xarici siyasət xətti dünya birliyi ölkələri
ilə tarazlaşdırılmış münasibətlərdən
müstəqil dövlətçilik siyasətinə doğru
inkişafın formalaşdırılmasının müsbət
nəticələrini meydana qoymuşdur. Müstəqillik
illərində Azərbaycan qonşu dövlətlərlə
qarşılıqlı etimada əsaslanan münasibətlərdən
dünya ölkələri ilə səmərəli əməkdaşlığa
doğru böyük yol keçmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin
xarici siyasətini müasir dövrün reallıqlarına
uyğun olaraq yeni inkişaf mərhələsinə
çatdırmışdır. Dövlət rəhbərimizin
apardığı ardıcıl və məqsədyönlü
siyasət Azərbaycan Respublikasının dünya birliyindəki
yerinin və mövqeyinin daha da möhkəmləndirilməsinə
uğurla xidmət edir. Müstəqil
dövlətimiz özünə etibarlı tərəfdaşlar
qazandırmış, bununla da qarşılıqlı əməkdaşlıq
mühiti daha da genişləndirilmiş və möhkəmləndirilmişdir.
Azərbaycan Respublikasının Avropa
İttifaqı miqyasında qazandığı böyük
nüfuz, Asiya ölkələri ilə yaratdığı səmərəli
əməkdaşlıq Prezident İlham Əliyevin
apardığı məqsədyönlü siyasətin real nəticəsidir.
Dövlət başçımızın ölkəmizə
rəhbərlik etdiyi 18 il ərzində
beynəlxalq münasibətlər sahəsində
qazandığı böyük uğurlar aparılan siyasətin
sınaqlardan çıxmış reallıq olduğunu əyani
şəkildə nümayiş etdirir.
Beynəlxalq təşkilatlarda
Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər
Prezident İlham Əliyevin adı və çoxcəhətli
fəaliyyəti ilə bağlı olan xidmətin əməli
ifadəsidir.
Azərbaycan Respublikasının BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsi və
bu mötəbər qurumun iclaslarına sədrlik etməsi
müstəqil dövlətimizin xarici siyasət sahəsindən
gəlib çatdığı ən mühüm məqamlardan
biridir. Pandemiya dövründə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə Birləşmiş Millətlər Təşkilatının
xüsusi sessiyasının çağırılması və
COVID-19 şəraitində dünya üçün aktual və
zəruri olan qlobal məsələləri müzakirə etməsi
dövlət rəhbərimizin beynəlxalq nüfuzunun real
göstəricisidir. BMT-nin pandemiya məsələlərinə
həsr olunmuş xüsusi sessiyasında Azərbaycan
Respublikası Prezidentinin dərin məzmunlu
çıxışı bu bəşəri bəladan xilas
olmaq yolları və COVID-19 pandemiya şəraitində əməkdaşlıq
mühitinin inkişaf etdirilməsinin proqramı kimi səslənmişdir.
Bununla Prezident İlham Əliyev planetar
baxışlara malik dünya liderlərindən biri olduğunu
nümayiş etdirmişdir. Azərbaycan
xalqı haqlı olaraq Prezident İlham Əliyev kimi həm
ölkə daxilində, həm də beynəlxalq aləmdə
böyük nüfuza malik olan qüdrətli bir liderinin
olması ilə fəxr edir.
Avropa ölkələri ilə
əməkdaşlığın inkişaf etdirilməsi
istiqamətində də Azərbaycan Respublikası
böyük məsafə qət etmişdir. Avropa
İttifaqına üzv dövlətlərlə Azərbaycan
Respublikasının ikitərəfli münasibətlərinin
davamlı olaraq inkişafda olması Prezident İlham
Əliyevin dönmədən həyata keçirdiyi xarici siyasətin
real bəhrəsidir. Hazırda müstəqil
Azərbaycan dövlətinin Avropanın aparıcı dövlətləri
ilə əməkdaşlığının bütün
istiqamətlər üzrə yüksələn xətlə
dinamik inkişafı etibarlı tərəfdaşlıq
mühitinin daha da möhkəmləndirilməsi ilə
yanaşı, ölkəmizin iqtisadi-ticarət əlaqələrinin
coğrafiyasının genişləndirilməsinə də
şərait yaradır. Azərbaycan
qazının Avropa bazarlarına çıxarılması və
daimi istifadəçilər qazanması bu işin uğurlu
iqtisadi layihə olmasından başqa, həm də ölkəmizin
beynəlxalq münasibətlər sahəsində həyata
keçirdiyi düzgün siyasətin bəhrəsidir. Avropa ölkələri ilə Azərbaycan
Respublikasının ticarət dövriyyəsinin ildən-ilə
artması çoxillik qarşılıqlı əlaqələrin
əsasında əldə edilmiş mühüm nəticədir.
Bakı şəhərində böyük
müvəffəqiyyətlə keçirilmiş Avropa
Oyunları Olimpiyası Qərb ölkələri ilə əlaqələrimizin
əhatə dairəsinin daha da inkişaf etdirilməsinə təkan
vermişdir. Prezident İlham Əliyevin 2021-ci il Brüssel səfəri Avropa ilə yeni əməkdaşlıq
imkanlarının yaradılmasına geniş üfüqlər
açmışdır. Avropa ölkələrinin
enerji təhlükəsizliyində mühüm yer tutması
ölkəmizin Qərbə doğru inkişafının
böyük perspektivlərə malik olduğunu nümayiş
etdirir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasətində
Asiya faktoru da xüsusi yer tutur. XXI əsrdə
dünya siyasətində Asiya amilinin get-gedə güclənməsi
ölkəmizin Asiyaya doğru addımlarının genişləndirməsini
şərtləndirmişdir. Prezident
İlham Əliyevin Asiyanın inkişaf etmiş dövlətləri
ilə qurduğu çoxcəhətli əlaqələr Azərbaycanın
bu istiqamətdə də uğurlu siyasət
apardığını göstərir. Asiya
siyasətində Çin Xalq Respublikası ilə əlaqələrin
şəbəkəsinin genişləndirilməsi və real nəticələr
verməsi bu istiqamətdə dövlətlərarası
münasibətlərin səmərəli olduğunu
qabarıq şəkildə nəzərə
çarpdırır. Azərbaycanın Çin Xalq Respublikasının
dövlət siyasətində xüsusi yer tutan “Bir kəmər
- bir yol” proqramının həyata keçirilməsinə
verdiyi töhfə Asiyada ölkəmizin mövqelərinin
gücləndirilməsində mühüm rol oynayır.
Çin Xalq Respublikasının Azərbaycanın
müəllifi olduğu Bakı-Tbilisi-Qars dəmir yolunun Avropa
ilə Asiyanı əlaqələndirməsinə xüsusi
maraq göstərməsi əlaqələrimizin konkret səmərəli
nəticələrə malik olduğunu əyani şəkildə
təsəvvür etməyə imkan yaradır. Hazırda Çin Xalq Respublikasının Prezident
İlham Əliyevin Qarabağda qazanılmış tarixi Zəfərdən
sonra irəli sürdüyü Zəngəzur-Laçın dəhlizi
layihələrinə dəstək verməsi Çin Xalq
Respublikası ilə əlaqələrimizin gələcəyinə
nikbin baxmaq üçün əsas verir.
Pakistan İslam
Respublikası ilə Azərbaycan Respublikası arasında
qurulmuş çoxcəhətli əlaqələr ölkəmizin
Asiya siyasətinin aparıcı bir istiqamətini təşkil
edir. Azərbaycan Respublikasının dövlət
müstəqilliyini ilk olaraq tanıyan dövlətlərdən
biri olan Pakistan İslam Respublikası ilə Ulu Öndər
Heydər Əliyev tərəfindən yaradılmış əlaqələr
son illərdə bütün sahələr üzrə
inkişaf etdirilərək yeni mərhələyə
çatdırılmışdır. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Pakistan
İslam Respublikasının rəhbərləri ilə
keçirdiyi görüşlər, apardığı
danışıqlar, əldə etdiyi razılaşmalar,
imzaladığı rəsmi sənədlər ölkələrimiz
arasında strateji müttəfiqlik səviyyəsində
münasibətlərin yaranması ilə nəticələnmişdir.
Son illərdə Pakistan-Azərbaycan əlaqələrində
hərbi əməkdaşlıq istiqamətində
atılmış addımlar qarşılıqlı əlaqələrin
yeni bir mərhələyə daxil olduğundan xəbər
verir. İkinci Qarabağ - Vətən
müharibəsində Pakistan İslam Respublikasının Azərbaycanın
haqq işinə verdiyi birmənalı dəstək ölkələrarası
münasibətlərin daha etibarlı dayaqlara malik
olmasının sübutudur. Hazırda
ölkələrarası əlaqələrin Azərbaycan-Türkiyə-Pakistan
münasibətləri miqyasında genişlənməsi bu
ittifaqın dünya birliyinə töhfə verə biləcək
yeni bir mərhələ səviyyəsinə
çatdırılmasını nümayiş etdirir. Prezident İlham Əliyevin Pakistan rəsmiləri ilə
əldə etdiyi növbəti razılaşmalar ikitərəfli
əlaqələrin çoxtərəfli münasibətlər
miqyası səviyyəsinə yüksəldilməsini təmin
etmişdir.
Azərbaycan
Respublikasının Asiya ölkələri arasında Yaponiya,
Cənubi Koreya, Sinqapur, Malayziya ilə münasibətlərin
qarşılıqlı iqtisadi maraqların və mədəniyyətlərarası
əlaqələrin inkişaf etdirilməsi ölkəmizin
Şərq siyasətinin aparıcı xəttini müəyyən
edir. Avropa İttifaqının Şərq tərəfdaşlığı
proqramının həyata keçirilməsində yaxından
iştirak edən Azərbaycan Respublikası Prezident İlham
Əliyevin düşünülmüş siyasəti nəticəsində
həm də ayrı-ayrı Asiya ölkələri ilə
qarşılıqlı əlaqələr əsasında əməkdaşlığını
inkişaf etdirir. Azərbaycan Respublikası Prezidentinin
Asiya ölkələrinə dövlət və işgüzar
səfərləri və bu dövlətlərlə imzaladığı sənədlər
Şərq ölkələri ilə əlaqələrin yeni
mərhələyə daxil olmasına təkan verir.
Şərqə doğru
inkişaf strategiyasında Azərbaycan Respublikasının
Orta Asiya respublikaları ilə əlaqələrinin də
özünəməxsus xüsusi yeri var. Orta Asiya
respublikaları ilə əlaqələrin türk
dünyası ilə əlaqələr sferasına daxil
olması bu istiqamətdəki dövlətlərarası əlaqələrin
xüsusi əhəmiyyət daşıdığını
nümayiş etdirir. Prezident İlham Əliyevin Türk
Dövlətləri Şurasının Zirvə
görüşlərində, Orta Asiya respublikalarına rəsmi
səfərləri zamanı bu ölkələrlə əlaqələrin
ön mövqeyə çəkilməsinə və genişləndirilməsinə
töhfə verir. Qazaxıstanın ölkəmizin
neft axını layihələrində iştirak etməyə
maraq göstərməsi, Özbəkistanın Türk
Dövlətləri Şurasında rəsmi olaraq təmsil
olunması yeni tarixi mərhələnin
reallıqlarıdır. Azərbaycan Respublikası Prezidenti İlham
Əliyevin Türkmənistan Respublikası ilə qurduğu
münasibətlər bu ölkənin həm dövlətimizlə,
həm də türk dünyası ilə əlaqələrinin
formalaşmasında mühüm əhəmiyyət kəsb
edir. Dövlət rəhbərimizin Xəzər
dənizində uzun illər neytral zona kimi istifadəsiz
qalmış “Dostluq” neft-qaz yataqlarının ortaq şəkildə
istismara açılması üçün atdığı
addımlar hər iki ölkə üçün səmərəli
olan əhəmiyyətli layihələrin icrasını
önə çıxarmışdır. Bütün
bunlar Azərbaycan-Orta Asiya respublikaları əlaqələrində
böyük canlanma yaratmış, əhəmiyyətli dərəcədə
səmərəli olan yeni-yeni layihələrin meydana
çıxmasına səbəb olmuşdur. Görkəmli dövlət xadimi Heydər
Əliyevin bəyan etdiyi “Bir millət - iki dövlət” modeli
əsasında əsl müttəfiqlik nümunəsi göstərən
Azərbaycan-Türkiyə münasibətləri ilə əlaqələrin
inkişaf etdirilməsi ilə yeni üfüqlər
qazanır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq
miqyasda xüsusi rola və mövqeyə malik olan Qoşulmama Hərəkatına
rəhbərlik etməsi ölkəmiz üçün beynəlxalq
əlaqələr baxımından yeni bir əməkdaşlıq
platformasının meydana çıxması ilə
müşayiət olunur. Dövlət başçımızın Qoşulmama Hərəkatına
üzv dövlətləri ilə qurduğu səmimi və
etibarlı dialoq, bu Hərəkatda təmsil olan üzv
dövlətlərinə göstərdiyi diqqət, ehtiyacı olan
dövlətlərə zəruri hallarda etdiyi yardımlar
müstəqil ölkəmizə çoxsaylı yeni dostlar və
tərəfdaşlar qazandırmışdır. İkinci Qarabağ - Vətən müharibəsində
Azərbaycanla bağlı olan məsələlərin Birləşmiş
Millətlər Təşkilatında müzakirəsi
zamanı Qoşulmama Hərəkatı ölkələrinin
göstərdiyi dəstək bu hərəkatla əlaqələrin
hansı səviyyədə əhəmiyyətli olduğunu əyani
şəkildə təsəvvür etməyə şərait
yaradır. Prezident İlham Əliyev
Qoşulmama Hərəkatının fəaliyyət dairəsini
genişləndirməklə bu təşkilatın nüfuzunu
daha da qüvvətləndirmişdir. Pandemiyanın
tüğyan etdiyi dövrdə Azərbaycan
Respublikasının Qoşulmama Hərəkatı ölkələrindən
daha çox ehtiyacı olan dövlətlərə
vaxtında yardım göstərməsi, onlara kömək əlini
uzatması üzv dövlətlərlə ölkəmizin
arasındakı münasibətlərin daha da möhkəmləndirilməsinə
böyük töhfələr verir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dünya ölkələri
ilə qarşılıqlı etimada əsaslanan əlaqələrin
və əməkdaşlığın yaradılması ilə
beynəlxalq münasibətlərin, təhlükəsizlik və
əməkdaşlığın inkişafına təsir
göstərən məqsədyönlü bir siyasəti
uğurla həyata keçirir. Dövlət rəhbərimizin
qarşılıqlı əlaqələrin genişləndirilməsi
və möhkəmləndirilməsində müstəqil
dövlətçilik maraqları ilə qlobal miqyasda regional və
beynəlxalq maraqları qarşılıqlı surətdə
əlaqələndirməsi və inkişaf etdirməsi Azərbaycan
Respublikasının nüfuzunu daha da artırmış,
qarşımızda yeni perspektivlər
açmışdır. Uğurla rəhbərlik etdiyi
Azərbaycan Respublikasında və Beynəlxalq miqyasda
qazandığı böyük nüfuz Prezident İlham Əliyevi
dünya liderləri sırasına
çıxarmışdır. Azərbaycan
Respublikasının siyasi, iqtisadi, hərbi və mədəniyyət
sahələrində baş vermiş böyük dəyişikliklər,
əldə olunmuş möhtəşəm nailiyyətlər
müstəqil dövlətin qüdrətli
sükançısını qətiyyətinin və dövlətçilik
istedadının təntənəsidir. Azərbaycanın
ölkədaxili inkişafı və dünya birliyinə
verdiyi töhfələr dövlət
başçımızın liderlik missiyasını əyani
şəkildə nümayiş etdirir. Xalqımız
Prezident İlham Əliyevin simasında ölkəmizdə
davamlı və dayanıqlı inkişafla yanaşı,
dünya birliyinin də möhkəmləndirilməsinə və
inkişaf etdirilməsinə təsir göstərən,
töhfələr verən qüdrətli lideri ilə fəxr
edir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev dünya birliyində söz sahibi
olan qüdrətli liderdir.
Rza TALIBOV,
siyasi elmlər üzrə fəlsəfə
doktoru
Azərbaycan.
- 2021.-24 dekabr.- S.8.