Güclü dövlətçiliyimizin və etibarlı gələcəyimizin təminatçısı

 

Cəmi iki ay əvvəl Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-ci ili arxada qaldı. 30 il dövlət və xalq olaraq zaman-zaman təbəddülatlarla, çətinliklərlə üzləşsək də, liderlərimizin müdrikliyi, uzaqgörənliyi və milli birliyimiz nəticəsində bütün proseslərdən üzüağ, alnıaçıq çıxmışıq. Bu mənada ümumiləşdirilmiş şəkildə götürsək, müstəqillik tariximizin Heydər Əliyevlə başlanan və indi İlham Əliyevlə davam edən illəri xalqımızın şərəf və iftixar tarixidir.

 

Regional inkişaf və məşğulluq

 

Ulu Öndər Heydər Əliyev müasir, hüquqi və demokratik Azərbaycan dövlətini yaratmış, öz inkişaf siyasəti ilə onun təməllərini möhkəmləndirmiş və yüksəliş yoluna çıxarmışdır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə Azərbaycan dövlətçiliyi tarixinin tamamilə yeni mərhələsinə qədəm qoyub. Hələ ilk dəfə 18 il əvvəl xalqın etimadını qazanan cənab İlham Əliyev öz əməlləri ilə qurucu lider və dövlətçiliyin ali missiyalarının layiqli daşıyıcısı olduğunu təsdiq edib.

Təcrübə göstərir ki, qətiyyətlilik, prinsipiallıq, zamanında sözünü demək, radikal tədbirlər görmək bacarığı əsl liderlərə xas keyfiyyətlər kimi dövlətin inkişafını şərtləndirən əsas amillər hesab olunur. Öz fəaliyyətində məhz bu keyfiyyətlərə söykənən Prezident İlham Əliyevin siyasi iradəsi Azərbaycanın daha da qüdrətlənməsinin, Cənubi Qafqazın lider dövlətinə, dünyada söz sahibinə çevrilməsinin leytmotivini təşkil edib. Ötən 18 ildə əldə olunan möhtəşəm nailiyyətlərin şahidləri kimi qəti əminliklə söyləyə bilərik ki, Azərbaycan dövləti bu illər ərzində sürətli inkişaf yolu keçib.

Prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi yüksəlişi ilə bağlı təşəbbüsləri regionların inkişafından başlayıb və bu, təsadüfi deyil. Çünki inkişafda çevikliyin, davamlılığın və mühüm makroiqtisadi nəticələrin əldə olunması həm də regionların inkişaf etdirilməsindən ibarətdir. Məhz bu səbəbdən hələ ilk prezident seçkiləri zaman cənab İlham Əliyev regionların inkişafı ilə bağlı prioritetləri xüsusi platforma şəklində elan etmiş və onları qətiyyətlə reallaşdırmışdır. Bəzi tərəflərinə nəzər salmaqla regional inkişaf siyasətinin nə kimi vacib uğurlu sosial və iqtisadi nəticələrə səbəb olduğunu deyə bilərik. Məsələn, ötən 18 ildə 2 milyondan artıq yeni iş yerinin yaradılması regional inkişafdan xəbər verən əsas sosial-iqtisadi göstəricidir. Azərbaycanın demək olar ki, bütün bölgələrində davamlı olaraq əməktutumlu, rəqabətqabiliyyətli yeni istehsal müəssisələri, xidmət sahələri istifadəyə verilmişdir.

Azərbaycan dövləti tərəfindən aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, onların aktiv əməyə cəlb edilməsinə, məşğulluğunun təmin olunmasına xüsusi diqqət yetirilir. Bu baxımdan Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamı mühüm əhəmiyyət kəsb edir. Sərəncam dövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açmaqla, özünüməşğulluq fəaliyyəti ilə işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir. Azərbaycanda özünüməşğulluğu inkişaf etdirmək üçün hərtərəfli şərait və imkan var. Artıq yerli banklar da bu proqramın həyata keçirilməsinə fəal dəstək verməyə başlayıblar.

 

İslahatlar davamlıdır

 

2018-ci ilin prezident seçkilərindəki qələbədən sonra Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev ciddi islahatların aparılacağını bəyan etmişdi. Nitqində sosial siyasətin daim diqqət mərkəzində olduğunu deyən Prezident növbəti illərdə çox ciddi islahatların aparılacağını və nəticədə vətəndaşlarımızın yaşayış səviyyəsinin daha da yaxşılaşacağını bildirmişdi.

Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatlar 2018-ci ildən iqtisadiyyatda şəffaflığın səviyyəsini artırdı, iqtisadi artımın yeni mənbələrinin tapılmasına imkan yaratdı, qeyri-neft sektorunun sürətli ikişafını təmin etdi. Təbii ki, bütün bu nəticələr özünü həm də dövlət büdcəsinin gəlirlərinin artımında, inflyasıyanın həcminin kiçik olmasında, ixracın həcminin artımında və Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminin artmasında göstərdi. 2018-ci ildə qəbul olunmuş 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər və 2019-cu ilin əvvəlindən başlayaraq artan büdcə gəlirləri hesabına cənab İlham Əliyevin sərəncamları ilə iki dəfə geniş sosial paket elan edildi.

2019-cu ilin sosial islahatları 4,2 milyondan artıq vətəndaşı əhatə etdi. Bu islahatların miqyas və vətəndaşların maddi rifahının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyəti vardı. Beləliklə, iqtisadi sahədə əldə edilmiş mötəbər uğurların sosial sferaya transformasiyası dövlət başçısının bəyan etdiyi sosial iqtisadi kursun başlıca prinsipi olmaqla, ölkə vətəndaşlarının sosial təminatını əhəmiyyətli dərəcədə artırdı.

Ən mühüm odur ki, sosial sahədə islahatlar həm davamlıdır, həm də kompleks xarakter daşıyır. Məsələn, bir neçə gün əvvəl parlament tərəfindən təsdiq olunmuş gələn ilin dövlət büdcəsində əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edən mühüm sosial məsələlər öz əksini tapmışdır. 2022-ci il üçün dövlət büdcəsinin xərclərində əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinin, növbəti ilin yanvarın 1-dən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və maliyyə yardımı alan bir sıra müəssisə və təşkilatlarda çalışanların əməkhaqlarının, həmçinin ölkədə əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması ilə bağlı xərclərin maliyyə təminatı üstünlük təşkil edəcək.

 

Səbəb və nəticə aspektləri

 

 Azərbaycanda sosial siyasət yalnız vətəndaşların yüksık sosial təminatına nail olunması və ya aztəminatlı ailələrin sosial qayğılarının yoluna qoyulması ilə bitmir. Ölkədə sosial siyasətin başqa bir uğuru sosial problemlərə, xüsusən əlilliyə yol açan səbəblərin aradan qaldırılmasıdır. Məsələn, Kür çayı boyunca sutəmizləyici qurğuların quraşdırılması vətəndaşların sağlamlığına xidmət edən mühüm addım kimi sosial siyasətin uğurlarından biridir. Dövlət başçısının sərəncamları ilə indiyədək xüsusən Kür və Araz çaylarının suyundan istifadə edən yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təminatı istiqamətində xeyli iş görülüb. Yüzlərlə kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılıb ki, bunun da nəticəsində əhalinin sağlamlığı qorunub.

Atılan addımlardan biri də “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” qanundur. Duzun yodlaşdırılması hesabına Azərbaycanda son illər yod çatışmazlığı xəstəlikləri (orqanizmdə yod çatışmazlığı nəticəsində qalxanabənzər vəzin funksiyalarının pozulması ilə əlaqədar yaranan patoloji vəziyyət - beyin funksiyalarının pozulması, uşaqsalma, uşağın ölü doğulması, ağıl kəmliyi, kretinizm və s.) dəfələrlə azalıb.

Son illər bu sahədə uğurla həyata keçirilmiş tədbirlərdən biri də neftlə çirklənmiş ərazilərin təmizlənməsidir. Digər prioritet istiqamət isə Azərbaycan Prezidentinin təşəbbüsü ilə son illərdə geniş vüsət almış yaşıllaşdırma tədbirləridir. Ümumiyyətlə, bu gün Azərbaycanda yaşıllaşdırma istiqamətində vacib addımlar atılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr buna nümunədir. Ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülən tədbirlərin hər biri insanların sağlamlığının möhkəmlənməsinə xidmət edir.

Təcrübə göstərir ki, bir sıra hallarda sosial problemlərin mənbəyi ailə qurulmasının düzgün planlaşdırılmamasıdır. Bu baxımdan nikah münasibətlərinin tənzimlənməsi zamanı sağlamlıq arayışlarının tələb olunması ailənin sağlam təməlinin formalaşdırılması baxımından vacib sosial qərar olmaqla hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.

Sosial siyasətin qarşısında duran əsas məqsədlərdən biri də uşaqların sağlamlığını qorumaq və gələcəyimiz üçün sağlam nəsil yetişdirməkdir. Bu istiqamətdə görülən işlərdən biri uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsidir. Həmin məqsədlə Milli Məclisdə “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Erkən evliliyə qarşı mübarizə də cəmiyyətimizdə olduqca aktual məsələlərdən biridir. Erkən nikah doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemi olaraq qalmaqdadır. Uşaqların anadangəlmə xəstə doğulmalarının əsas səbəblərindən biri də erkən nikahlardır. Çünki erkən nikahların əsas fəsadları ana və uşaqlar arasında ölüm hallarının çoxalması, doğulan uşaqlar arasında xəstə və əlil uşaqların çoxalmasıdır.

Avtomobil qəzaları, texnogen qəzalar da əlilliyi yaradan əsas səbəblərdir. Bunun da qarşının alınması üçün ölkəmizdə davamlı olaraq profilaktik tədbirlər həyata keçirilir. Yol hərəkəti qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsi, müəssisələrdə, istehsalatda texnogen qəzaların qarşısının alınması, tikintidə təhlükəsizliklə bağlı tələblər məhz bir məqsədə - insan amilinə xidmət edir.

Bütün bunlarla yanaşı, Azərbaycanda həyata keçirilən dövlət idman siyasətini   qeyd etməliyik. Məhz idmanın kütləviləşdirilməsi vətəndaşların fiziki sağlamlığının təmin olunmasında əhəmiyyətli rol oynayır.

 

Elektron idarəetmə - məmur vətəndaş təmasının azaldılması

 

Azərbaycanda hökumət-vətəndaş münasibətlərində mütərəqqi modelin yaradılması sosial siyasətin mühüm tərkib hissələrindən biridir. Bu zaman vətəndaş məmnunluğunun təmin edilməsi qarşıya qoyulan əsas tələbdir. Həmin məqsədlə struktur islahatlarının tərkib hissəsi kimi hökumət-vətəndaş münasibətlərində daha çevik mexanizmlərin tətbiqi, bürokratik əngəllərin aradan qaldırılması istiqamətində vacib addımlar atılıb. Onlardan biri ictimai xidmət sahəsində müsbət addım olan “ASAN xidmət” mərkəzlərinin yaradılmasıdır.

“ASAN xidmət” modeli artıq bir neçə ildir Azərbaycanda ictimai xidmət sahəsində dönüş yaradıb. Bu model dövlət-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir. Modelin yaranması göstərir ki, Azərbaycan dövləti inkişafın kompleks təmin olunması, neqativ halların tamamilə aradan qaldırılması və vətəndaş məmnunluğunun təmin edilməsi üçün bütün addımları atır. Reallıq ondan ibarətdir ki, bu mütərəqqi model Azərbaycanda nəinki uğurla tətbiq olunur, həm də dünyada yayılır.

İctimai, eləcə də sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, hər kəsə dost məramı ilə yanaşan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə yaradılan DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir. Agentliyin missiyası Azərbaycan əhalisinin dövlət tərəfindən təklif edilən əmək və sosial müdafiə xidmətlərinə xidmət mərkəzləri şəbəkəsi vasitəsilə müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə rahat çıxışını təmin etməkdir. Layihə əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.

DOST xidmətlərinin fəaliyyətə başlaması sosial xidmətlərlə bağlı dövlət orqanlarına müraciət zamanı vaxt itkisinin qarşısının alınması baxımından mühüm hadisədir. Bütün bunlarla yanaşı, “ASAN xidmət” və DOST modeli cəmiyyətin ümumi mədəni, dövlət-vətəndaş münasibətlərinin səviyyəsinin yüksəlməsi, dövlət xidmətlərinin göstərilməsində yeni platforma olmaqla yanaşı, korrupsiyaya qarşı mübarizə sahəsində aparılan institusional islahatların uğurlu nəticəsidir.

 

İşğala son qoyan siyasət

 

İkinci Qarabağ müharibəsi dövlətimizin gücünün, xalqımızın milli iradəsinin və həmrəyliyinin təntənəsinə çevrilərək torpaqlarımızın işğaldan azad olunması, pozulmuş ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. 44 günlük bu savaşda Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Azərbaycan Ordusu yalnız 30 illik müasir müstəqillik tariximizin deyil, son bir neçə əsrlik tariximizin ən şərəfli səhifəsini yazdı.

Artıq başa çatmış Dağlıq Qarabağ münaqişəsinin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri də 28 ildə qətiyyətli mövqe ortaya qoymadılar və Azərbaycan daim ikili standartlarla üzləşdi. Lakin xalqımız heç vaxt ümidini itirmədi. Bu ümidi yaşadan isə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi, Prezident İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi siyasət oldu. Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyini dəfələrlə bəyan edən İlham Əliyev ordumuzun döyüş imkanlarını ən yüksək səviyyəyə çatdırmaqla 44 günlük Vətən müharibəsində qələbəmizi təmin etdi. Bu zəfərin yaratdığı reallıqlar daha böyük uğurların başlanğıcıdır və Qafqazda ölkəmizin mütləq liderliyini, dünyada isə söz sahibi olmasını təmin edən amildir.

Tarixi torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzur artıq işğaldan azaddır, 30 ilə yaxın düşmənin vandallığı ilə üzləşən bu torpaqlar indi yenidən qurulur, tarixi şöhrətini bərpa edir. Cəmi bir il ərzində görülən işlərin miqyası olduqca əhatəli və sürətlidir. Görünən odur ki, azad olunmuş ərazilərin bərpası və vaxtilə Qarabağ və Şərqi Zəngəzurdan məcburi köçkün düşmüş vətəndaşlarımızın repatriasiyası üçün tədbirlər kompleks şəkildə həyata keçirilməkdədir.

Bu gün Azərbaycanda cəmiyyət həyatında baş verən hər bir keyfiyyət dəyişikliyi, nail olduğumuz hər bir uğur və Vətən müharibəsindəki qələbə göstərir ki, Prezident İlham Əliyevin dövlət rəhbəri kimi missiyası yalnız və yalnız dövlətə və xalqa xidmət məramı üzərində formalaşıb. Vətənpərvərlik və dövlətçilik prinsiplərinə köklənmiş bu missiyanın nəticəsidir ki, Azərbaycan bir dövlət olaraq tarixinin ən qüdrətli dövrünü yaşayır.

Xalqımız bundan sonra da dövlətimizə yüksəliş nəsib edən və zəfər yaşadan bu siyasətə etimad göstərəcək, cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək sarsılmaz milli həmrəylik nümayiş etdirəcək. Heydər Əliyev siyasəti daimidir, Prezident İlham Əliyev bu siyasəti layiqincə yaşadan və yeni mərhələyə yüksəldən müdrik rəhbərdir. Bu siyasi kurs güclü dövlətçiliyimizin və etibarlı gələcəyimizin alternativsiz təminatçısıdır.

 

Hadi RƏCƏBLİ,

siyasi elmlər doktoru, professor

 

Azərbaycan.- 2021.-24 dekabr.- S.15.