Azərbaycan mediası
üçün yeni başlanğıc
İctimai kommunikasiyalar bütün dövrlərdə insanların həyatında mühüm yer tutub. Müasir informasiya cəmiyyəti şəraitində isə bu sahənin əsas istiqamətlərindən olan media fəaliyyəti indi tarixdə ən böyük inkişaf mərhələsinə qədəm qoyub.
Aramsız informasiya axını ilə işləyib, bu axını yönləndirən medianın öz spesifik xüsusiyyətləri var. Düzgün tənzimləndikdə media fəaliyyəti cəmiyyətin dürüst, obyektiv məlumatlandırılmasına, maarifləndirilməsinə, aydın ictimai rəyin formalaşdırılmasına xidmət edir. Sağlam informasiya vasitələri, ilk növbədə, dövlətçiliyə, xalqın maraqlarına və ideallarına xidmət etməlidir. Belə mövqe KİV-i xalqın etibarlı müttəfiqinə, onun maraqlarının müdafiəçisinə, milli dövlətçiliyi möhkəmlədən sosial quruma çevirir. Cəmiyyətdə qəbul olunmayan mətbuat orqanı isə təbii ki, öz sosial niyyətini yerinə yetirə bilmir. Onun nüfuzu aşağı olur və sözü eşidilmir. Media subyektləri cəmiyyətin qayğıları ilə yaşamalıdır. Lakin bunun üçün hazırlıqlı, öz ixtisasını kifayət dərəcədə bilən, işinin peşəkarı sayılan qələm sahiblərinin olması zəruridir.
Yaşadığımız dövrün mürəkkəbliyi, taleyüklü məsələləri, Azərbaycan mediasının milli ruh və demokratik amallar üzərində köklənmiş ənənələri də bütün dövrlərdə peşəkarlardan xalqının, dövlətinin həqiqətlərinə xidmət etməyi, keçdiyi yolu, qarşılaşdığı çətinlikləri, onun uğur və problemlərini düzgün və obyektiv işıqlandırmağı, cəmiyyətimizin tərəqqisinə xidmət göstərməyi tələb edir. Bu nöqteyi-nəzərdən milli mediamızın da kamil yaradıcılıq ənənələri vardır. Ustadlarımız üçün həyat həqiqətlərini düzgün ifadə etmək, baş verən hadisələrin mahiyyətini obyektiv göstərmək müqəddəs bir prinsip olmuşdur. Əsl qələm əhlinin yazısı zamanın danışan dili olmalı, dövrün həqiqətini deməlidir. Bu baxımdan mətbuat qədər qüdrətli və cəmiyyətdə mütərəqqi, müasir ovqatlar, ideyalar formalaşdıran ikinci bir vasitə yoxdur.
Medianın öz inkişaf yolundan kənara çıxması, idarə olunmayan informasiya xaosunun ziyanları barədə heç danışmağa dəyməz. Ona görə də dünyanın bütün sivil ölkələrində media sahəsində ictimai münasibətlərin tənzimlənməsinə xüsusi diqqət yetirilir. Bu sahədə qanunvericilik normaları zaman-zaman təkmilləşdirilir, müasir dünyamızın çağırışlarına uyğunlaşdırılır.
Media hər zaman inkişaf yolunda cəmiyyətdən bir addım öndə addımlayan, mütərəqqi yenilikləri ictimai həyatımıza gətirən, onların normaya çevrilməsinə xidmət göstərən təsisatdır. Ona görə bu sahənin özü də çox sürətlə dəyişir. Yeni inkişaf mərhələlərinə transformasiya olunur. Müasir meyillərdən təsirlənir. Bütün bunlar isə media sahəsində qanunvericilik normalarının da zamanla təkmilləşdirilməsini, dövrün tələblərinə uyğunlaşdırılmasını labüd edir. 1875-ci ilin 22 iyulundan təməli qoyulmuş milli mətbuat tariximizin ilki olan “Əkinçi”dən üzübəri biz bu mərhələləri bir neçə dəfə yaşamışıq. Dövr dəyişdikcə bu proses də davam edəcək.
Çünki inkişaf, zamanla həmahəng yenilənmə heç zaman tamamlanmayan prosesdir. Təkcə bir faktı diqqətə çatdıraq ki, 1999-cu ildə qəbul olunmuş, hazırda da qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanuna bu günə kimi 79 dəfə dəyişiklik edilib. Amma bu qədər dəyişiklikdən sonra da qanun yenə müasir tələblərlə uzlaşmır. Fikrimizcə, bunun özü də media sahəsində dəyişikliklərin nə qədər sürətlə baş verməsinin bariz göstəricisidir.
Mediada
islahatlar və onun inkişafı dövlət
üçün prioritetdir
Azərbaycan mediası bu gün yeni bir inkişaf dönəmindədir. Bu fəaliyyət
sahəsində möcüzələr yaradan texniki tərəqqidən
mediada təqdim olunan məzmuna, mövzuların işlənmə
və çatdırılma formalarına qədər hər
bir məqamda belə bir inkişafın izlərini
görürük. Ənənəvi media fəaliyyətinin
sərhədlərini aşan yeniliklər həm bu sahənin
inkişafına, həm də ümumən cəmiyyət həyatına
böyük faydalar gətirir. Bununla belə, gözlənilməz
sürətli inkişafın, media fəaliyyətinin peşəkar
dairədən çıxaraq kütləviləşməsinin
yaratdığı müəyyən çətinliklər də
olur. Ona görə bu istiqamətdə müəyyən
islahatların aparılmasına, inkişaf proseslərinin
düzgün məcrada tənzimlənməsinə
böyük ehtiyac vardır. Cəmiyyət
həyatı üçün mühüm əhəmiyyət
kəsb edən bütün məsələlər kimi, bu da
Azərbaycan dövlətinin diqqətindədir. Media fəaliyyəti sahəsində ictimai münasibətlərin
müasir çağırışlara uyğun düzgün
qurulmasından ötrü dövlət üzərinə
düşən vəzifələri yerinə yetirir.
Tarixi qələbəmizlə
tamamlanmış Vətən müharibəsinin başa
çatmasından qısa müddət sonra Azərbaycan
Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində
islahatların dərinləşdirilməsi haqqında” fərman
imzalaması, həmin fərman əsasında Medianın
İnkişafı Agentliyinin yaradılması və “Media
haqqında” qanun layihəsinin hazırlanması barədə
tapşırığın verilməsi milli informasiya məkanında
davamlı inkişafın Azərbaycan dövləti
üçün mühüm prioritet təşkil etdiyini və
inkişafa doğru atılan addımların
ardıcıllığını göstərir.
“Media haqqında” qanun layihəsi ictimai müzakirəyə
də çıxarılıb. Peşəkar
çevrələrdə layihənin təfərrüatlarının
geniş şərhi verilib, ayrı-ayrı müddəalarına
rəy bildirilib. Milli Məclisdəki
müzakirələrlə paralel belə bir ictimai müzakirə
də təbii ki, faydalıdır və media sahəsində
maksimum təkmil bir qanunun formalaşmasına xidmət edir.
Media islahatları ilə bağlı Azərbaycan
dövlətinin siyasi iradəsinin təcəssümü olan
bu layihənin mahiyyəti və kifayət qədər həssas
bir sahəyə aidliyi nəzərə alınaraq onun
hazırlanması zamanı çoxsaylı media nümayəndələri
və ekspertləri ilə fikir mübadiləsi
aparılıb. Bu müzakirələrdə
800-ə yaxın media subyekti, jurnalist və ekspert iştirak
edib. İrəli sürülən
faydalı təkliflər layihənin məzmununda nəzərə
alınıb. Şübhəsiz ki,
geniş ictimai müzakirələrdə formalaşan
maraqlı təkliflər də növbəti mərhələlərdə
dəyərləndiriləcək.
Hər yazar jurnalistdirmi?
Sivil münasibətlər sisteminin mövcud olduğu
bütün cəmiyyətlərdə media anlayışı
sosial məsuliyyət anlayışı ilə yanaşı
dayanır. Azərbaycanda da məsuliyyətli medianın
mövcud olması bütün sağlam düşüncəli
insanların arzusudur. Çünki media
öz ictimai missiyasını yalnız sosial məsuliyyət
prinsiplərinə əməl etdikdə yerinə yetirə
bilir və cəmiyyətə faydalı olur. Məsuliyyətli media isə yalnız qanunların
yaxşı işlədiyi şəraitdə inkişaf edir.
Bu, dünya təcrübəsinin əsrlər ərzində
ortaya qoyduğu reallıqdır. Azərbaycanda
da “Media haqqında” yeni qanun layihəsinin başlıca məramı
odur. Layihə ilə tanışlıq
göstərir ki, qanun statusu aldıqdan sonra ona düzgün əməl
edilərsə, bu sənəd ölkəmizdə məsuliyyətli
medianın inkişafına təkan verəcək və
mütərəqqi nəticələrə gətirəcək.
Bu mənada “Media haqqında” qanun layihəsini
milli mediamızın inkişafı üçün yeni
imkanlar və böyük bir başlanğıc saymaq olar.
Qanun layihəsinin müsbət cəhətlərindən
biri media subyektlərinin təsnifatı ilə
bağlıdır. Əsrlərin təcrübəsi nəticəsində
formalaşmış media fəaliyyətində media subyektlərinin
ənənəvi bölgüsü də müəyyənləşmiş
və bu təsnifat uzun illər ərzində mövcud
olmuşdur. Amma son onilliklərdə
baş verən dəyişikliklər, birmənalı olmayan
yanaşmalar təsnifat məsələləri ilə
bağlı təsəvvürlərin yayğınlaşmasına
gətirib çıxarırdı. Bu isə
təbii ki, jurnalistin ictimai obrazına da kölgə salır
və peşəkarlığa xələl gətirirdi. Yeni qanun layihəsində isə media subyektlərinin
dəqiq təsnifatı verilir. Beləliklə,
layihə dolayısı ilə jurnalistin sosial portretinin müəyyənləşməsinə
kömək göstərir. Qəbul
olunacaq yeni qanun sosial şəbəkələrin və
“bloger”lərin fəaliyyətini tənzimləməyəcək.
Beləliklə, sosial şəbəkələrdə
müəyyən izləyici kütləsi toplamış səhifələrin
kütləvi informasiya vasitəsi, blogerlərin isə
jurnalist sayılması kimi yanlış təsəvvürlər
aradan qalxacaq.
“Vətəndaş
jurnalistikası” adlandırılan və peşə olaraq
deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət də
bu qanunun təsir dairəsindən kənarda qalacaq. Həqiqətən, biz gündəlik həyatımızda
müəyyən hüquqi bilgilərə malik olan və yeri
gələndə başqalarına müəyyən hüquqi
məsləhətlərini əsirgəməyən nə qədər
şəxs görürük. Yaxud təlimlər
keçən, mühazirələr oxuyan nə qədər
insanlarla rastlaşırıq. Onların
hamısını vəkil, yaxud müəllim hesab edə bilmərik.
Ona görə ki, vəkillik də, müəllimlik
də peşəkar fəaliyyət növüdür. Bu fəaliyyətlə məşğul
olmağın müəyyən şərtləri,
standartları, tələbləri var. Eyni hal vətəndaş
jurnalistikası ilə məşğul olanlara da aiddir. Sosial şəbəkələrdə öz rəyini,
fərdi təəssüratlarını paylaşmağa kimsəyə
qadağa qoyulmur. Amma bu, heç bir halda
peşəkar jurnalistika deyil. Bu cür
paylaşımların “vətəndaş jurnalistikası”
adı altında ənənəvi jurnalistika ilə bərabər
tutulması yanlış yanaşmadır.
Orasını da qeyd edək ki, qanun layihəsində təsbit
olunmuş “jurnalist anlayışı” xidmət müqaviləsi
əsasında işləyən jurnalistləri də əhatə
edir. Qanun jurnalistika peşəsinin ciddi mahiyyət
qazanmasına təkan verəcək, ictimaiyyətdə
jurnalistikaya və jurnalistlərə qarşı
formalaşmış neqativ düşüncənin ortadan
götürülməsinə şərait yaradacaq, jurnalistin
nüfuzu yüksələcək, ictimaiyyət və media
arasında qarşılıqlı etimadın güclənməsi
təmin olunacaq.
“Media haqqında” qanun layihəsi ən mühümü
dövlət-media münasibətlərində əsas elementlərdən
biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə
də müsbət təsirini göstərəcəkdir.
Media
reyestrinin faydaları
Qanun layihəsinin öz məqsədinə
çatması, ümumən cəmiyyətimizə faydalı
olması üçün onun müddəalarının
düzgün anlaşılması, əsas qayəsinin dəqiq
qavranılması çox mühümdür. Ona görə
də layihənin xüsusilə geniş polemika
doğurmuş məqamlarına aydınlıq gətirilməsi
faydalı olardı. Bunlardan biri media
reyestrinin yaradılması ilə bağlıdır. Bəziləri bu müddəanı jurnalistika fəaliyyəti
ilə məşğul olmaq istəyənlərə
qarşı guya qadağa mexanizmi kimi yozmağa
çalışsalar da, bunun da heç bir əsası yoxdur.
Fikrimizcə, bu, həmin müddəanın
hüquqi məntiqinin düzgün anlaşılmamasından
irəli gəlir. Məsələ
burasındadır ki, jurnalistlərin media reyestrinə daxil
edilməsi könüllüdür. Medianın
İnkişafı Agentliyinin verdiyi jurnalist vəsiqəsi
olmasa da, şəxs jurnalist kimi yenə fəaliyyət
göstərə biləcək. Media
subyektləri onlarla işləyən jurnalistlərə
özlərinə məxsus vəsiqələri verməkdə
tam müstəqil olacaqlar. Media reyestrinin məqsədi
isə media subyektlərinin sayının müəyyənləşdirilməsi,
bununla da media subyektlərinə və onların işçilərinə
tanınan hüquqların müdafiəsi mexanizminin
formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli
və səmərəli həyata keçirilməsinin təmin
edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır.
Xatırladaq ki, çap mediasının fəaliyyətə
başlamazdan əvvəl qeydiyyatdan keçməsi, bu zaman
lazımi məlumatları təqdim etməsi Azərbaycanda
uzun illərdir ki, tətbiq edilən hüquqi prosedurdur. İndi isə bu yanaşma onlayn media subyektlərinə
də tətbiq olunacaq. Eyni zamanda media
subyektlərinə dair qeydiyyat məlumatları daha təkmil
qaydada sistemləşdiriləcək, bu məlumatların
toplandığı ümumi baza media reyestri
adlandırılacaq.
Reyestrə
daxil edilmək üçün tələb olunan məlumat və
sənədlər mahiyyət etibarilə mətbu nəşrlərin
uçotu zamanı tələb olunanlardır, sadəcə
müasir dövrün çağırışlarına
uyğunlaşdırılmışdır. Bu məlumatlar
və sənədlər media subyektlərində mövcuddur,
reyestr sadəcə onları vahid bazada toplayacaq, pərakəndəliyin
qarşısını alacaq. Məlum
olduğu kimi, Azərbaycan hökuməti medianın
inkişafına mütəmadi qaydada dəstək tədbirləri
həyata keçirir. Məlumatların
tamlığı, sistemli, nizamlı şəkildə
olması ondan ötrü lazımdır ki, bu kömək
öz ünvanına çatsın. Əsl
media subyektləri ondan faydalana bilsinlər. Etiraf edək ki, dağınıq və səpələnmiş
məlumatlar medianın inkişafına dəstək layihələrinin
həyata keçirilməsinə və bu istiqamətdə səmərəli
fəaliyyətin təşkil edilməsinə kifayət qədər
mane olurdu. İndi isə bu sahədə
stimullaşdırıcı addımların daha effektiv şəkildə
həyata keçirilməsinə şərait yaranacaq. Bunun da yolu çox sadə olacaq. Belə ki, kütləvi informasiyanın əldə
olunması, ötürülməsi, istehsalı və
yayımı fəaliyyətini təsadüfi və
qeyri-müntəzəm şəkildə həyata keçirən,
əsas istiqaməti media sahəsində fəaliyyətin həyata
keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcəkdir.
Beləliklə, güzəşt və
imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin
və jurnalistlərin dairəsi müəyyənləşəcək,
bu istiqamətdəki fəaliyyətin həcmi və əhatə
dairəsi planlaşdırılacaqdır.
Media reyestri isə həm media subyektlərinin, həm də
jurnalistlərin fəaliyyətinin daha səmərəli təşkilinə,
onların hüquqlarının ən yüksək səviyyədə
qorunmasına, eyni zamanda heç bir qanuni əsası olmadan
özünü media subyekti və ya jurnalist kimi təqdim edən,
bu statusdan xoşagəlməz məqsədlərlə
sui-istifadə edib əsl jurnalistin şərəfli
adını nüfuzdan salan ünsürlərin fəaliyyətinin
qarşısını alacaq. Adları media reyestrinə
daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin
təqdim olunması da könüllülük prinsipi əsasında
həyata keçiriləcək. Eyni zamanda
bunun media mühitinin sağlamlaşmasına çox müsbət
təsirləri olacaq.
“Copy-paste” jurnalistikasından qurtuluş
Qanun layihəsində son illər jurnalistikamızın yaralı yerinə çevrilmiş müəllif hüquqları ilə bağlı da səmərəli həll yolları var. Azərbaycan jurnalistikası hazırda “copy-paste” janrından çox ciddi əziyyət çəkməkdədir. Bir media subyektinin hazırladığı, tirajladığı material cəmi bir neçə dəqiqə sonra heç bir istinadsız onlarca portalda yayılır. Jurnalistlər, ayrı-ayrı media subyektləri arasında bununla bağlı tez-tez mübahisələr düşür, qarşıdurma yaranır. Ona görə də qanun layihəsində informasiyaya dair tələblərin müəyyənləşdirilməsi, eyni zamanda müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi ilə bağlı müddəalar öz əksini tapıb. Bütün bunlar media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaq. Media subyektləri istehsal etdikləri məhsullar üzərində müəlliflik hüquqlarını qoruya biləcəklər. Onların bir-birindən xəbər “oğurlamaq” kimi ziyanlı vərdişi ortadan qalxacaq. Ciddi xəbər uğrunda sağlam rəqabət yaranacaq, informasiya ilə işləmək bacarıqlarını inkişaf etdirəcək.
Yeni qanun layihəsinin media orqanlarının fəaliyyətinə icazə ilə bağlı müddəaları da kifayət qədər demokratikdir. İnternet televiziyalarının lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyaları da öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər. Eyni zamanda çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur.
Ümumən, “Media haqqında” qanun layihəsində nəzərdə tutulan müddəalar Azərbaycanın informasiya mühitinin milliləşdirilməsinə və sağlamlaşdırılmasına, daxili informasiya məkanının təhlükəsizliyinin təmin edilməsinə, cəmiyyətdə jurnalistin nüfuzunun yüksəlməsinə, mətbu sözün məsuliyyətinin artmasına və mediaya ictimai inamın yüksəlməsinə xidmət edəcəkdir.
İradə
ƏLİYEVA,
Azərbaycan.-2021.- 18 dekabr.- S.1;6.