Liderlik fenomeni
Müzəffər Ali Baş Komandan İlham Əliyev haqqında yazımı böyük qürur hissi ilə dünya şöhrətli yazıçı, diplomat, Beynəlxalq Aytmatov Fondunun prezidenti Çingiz Aytmatovun aşağıdakı kəlamları ilə başlayıram.
O, İlham Əliyevin 2003-cü ilin oktyabrın 15-də xalqın mütləq əksəriyyətinin dəstəyi ilə demokratik yolla Azərbaycan Prezidenti seçildikdən bir müddət sonra jurnalistlərə verdiyi müsahibəsində dövlətimizin başçısının qloballaşan dünyanın lider etalonu adlandırmış və demişdir: “Ulu Öndər əbədiyyətə qovuşanda xeyli nigarançılıq keçirdim. Lakin yerində layiqli varisi qaldığı üçün arxayınlaşdım. Qırğız və Azərbaycan türklərinin dəyərli “Ot kökü üstə bitər” deyimi var və çox fəxarətvericidir ki, bu deyim öz təsdiqini tapdı. 2003-cü ilin payızında Azərbaycan xalqı seçimini etdi - İlham Heydər oğlu Əliyevi özünə prezident seçəndə mən buna öz xalqımın uğuru kimi sevindim... Bəli, bu gün İlham Heydər oğlu Əliyev öz xalqı, ölkəsi qarşısında üzərinə götürdüyü çox şərəfli, şərəfli olduğu qədər də ağır vəzifənin öhdəsindən bacarıqla gəlir, atasının müəyyən etdiyi və özünün son dərəcə praqmatik düşüncə, idarəetmə məharəti, liderlik istedadı ilə sahib durduğu siyasi kursu bacarıqla davam etdirir”.
Böyük yazıçı və diplomatın İlham Əliyevin şəxsiyyəti haqqında söylədiyi fikirlərin Ulu Öndər Heydər Əliyevin 2003-cü ilin oktyabrın 1-də İlham Əliyevin ölkə prezidentliyinə namizədliyini irəli sürərkən onun haqqında dediyi fikirləri ilə üst-üstə düşməsi bir azərbaycanlı ziyalısı kimi məndə də qürur hissi doğurdu.
Ulu Öndər Heydər Əliyev və dünya şöhrətli alim, akademik Zərifə xanım Əliyeva kimi böyük şəxsiyyətlərin ailəsində doğulub boya-başa çatmış və onlardan dərs almış, hələ 42 yaşı tamam olmamış Prezident seçilən İlham Əliyev üzərinə düşən bu çətin, çətin olduğu qədər də şərəfli vəzifənin məsuliyyətini dərk edərək 2003-cü il oktyabr ayının 31-də dövlətə və xalqa sədaqət andı içərkən dedi: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsərin olan Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”. Bununla da İlham Əliyev Ulu Öndər Heydər Əliyevin apardığı siyasəti davam etdirmək niyyətində olduğunu açıq-aşkar nümayiş etdirdi.
İlham Əliyev öz vədinə əməl edərək son 18 il ərzində atası Ulu Öndər Heydər Əliyevin yolunu yaradıcılıq və ləyaqətlə davam etdirərək, öz istedadı, qətiyyəti, ölkəyə rəhbərlik və orduya sərkərdəlik etmək bacarığı sayəsində Azərbaycanı dünyanın ən dinamik inkişaf edən lider dövlətləri sırasına, onun ordusunu isə ən güclü ordusu olan ölkələrin sırasına çıxarmağa nail oldu.
Elə bunun nəticəsidir ki, o, ata vəsiyyətini yerinə yetirərək xalqını öz ətrafında “dəmir yumruq” kimi birləşdirməklə rəşadətli Azərbaycan Ordusu ilə dünyanın hərb tarixində ilk dəfə olaraq cəmi 44 gün çəkən Vətən müharibəsində erməni ordusunu darmadağın, dünya erməni faşizmini və erməni mifini məhv edərək Ermənistanın torpaqlarımızın üzərindəki 30 ilə yaxın işğalına son qoyub ədaləti bərpa etdi. Bu böyük qələbə ilə ilk növbədə Azərbaycan xalqının böyük xalq olduğunu bütün dünyaya nümayiş etdirdi, xalqın adının Qalib Xalq, Azərbaycan Ordusunun adını Müzəffər Ordu, öz adını isə Yenilməz Sərkərdə kimi əbədi olaraq tarixə qızıl hərflərlə yazdırdı.
Əlbəttə, bu nailiyyətlərin əldə edilməsi asan yolla başa gəlməmişdir. Prezident İlham Əliyev atasının “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir” kəlamını əsas götürərək dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən qətiyyətli addımlar ataraq, bir sıra fərman və sərəncamlar imzalayaraq Ulu Öndərin inkişaf strategiyasını həyata keçirməyə başlamışdır. Onun bu istiqamətdə imzaladığı fərman və sərəncamlar, təsdiq etdiyi dövlət proqramları deyilənlərə əyani sübutdur.
Dövlət başçısının fərman və sərəncamlarında respublikamızın iqtisadi, sosial və demoqrafik inkişafı sahəsində əldə edilmiş uğurlu nəticələrin və müsbət meyillərin qorunub saxlanılması, onların ardıcıl və daha da məqsədyönlü şəkildə davam etdirilməsi, regionların tarazlı və üstün inkişafının təmin olunması, əhalinin sağlamlığının və rifahının yaxşılaşdırılması, əmək qabiliyyətli əhalinin, o cümlədən qaçqın və köçkünlərin səmərəli məşğulluğunun təmin edilməsi ilə bağlı hökumət və dövlət orqanları qarşısında duran konkret vəzifələr və onların həyata keçirilməsi mexanizmləri öz əksini tapmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi altında bu tədbirlərin uğurla yerinə yetirilməsi nəticəsində respublikamızın əsas iqtisadi və rifah göstəricisi olan ÜDM-in orta illik artım sürəti hələ 2005-2010-cu illərdə orta hesabla 17 faiz təşkil etmiş və bu göstəriciyə görə ölkəmiz dünyanın ən lider dövlətinə çevrilmişdir. 2010-cu ildə BMT-nin İnsan İnkişafına dair növbəti hesabatında isə ilk dəfə olaraq Azərbaycan Respublikası dünyanın 169 ölkəsi arasında 67-ci yeri tutaraq “orta inkişaf etmiş” ölkələrdən “yüksək inkişaf etmiş” ölkələr qrupuna daxil edilmişdir. 2003-2020-ci illəri əhatə edən 17 il ərzində isə ölkəmizdə ÜDM-in həcmi 10 dəfə artaraq 7,2 milyard manatdan 72,4 milyard manata; adambaşına düşən məbləği isə 8,3 dəfə artaraq 873 manatdan 7262,8 manata, büdcənin gəlirləri 20,3 dəfə artaraq 1,2 milyard manatdan 24,4 milyard manata, xarici valyuta ehtiyatlarımız 32 dəfə artaraq 1,6 milyard ABŞ dollarından 51,2 milyard ABŞ dollarına yüksəlmişdir.
Bu illər ərzində əhalinin yoxsulluq səviyyəsi 45 faizdən 6,2 faizə düşmüşdür. Son 18 ildə Azərbaycanda daxili və xarici mənbələrdən iqtisadiyyata 274 milyard ABŞ dolları məbləğində investisiya yönəldilmiş, 2,4 milyondan artıq yeni iş yerləri açılmış və onların 75 faizindən çoxu regionların payına düşmüş, yeni yaradılmış iş yerlərinin 1,6 milyonu və ya 66,6 faizini isə daimi iş yerləri təşkil etmişdir.
Bütün bunlar son 18 il ərzində ölkə iqtisadiyyatının dayanıqlı inkişafının rəqabətqabiliyyətliliyinin təmin edilməsində də mühüm rol oynamışdır. Təqdirəlayiq haldır ki, dünyanın ən tanınmış analitikləri, ekspertləri və nüfuzlu strateji elmi-tədqiqat mərkəzləri, aparıcı reytinq institutları ölkəmizin inkişaf modelini qabaqcıl və mütərəqqi nümunə kimi qiymətləndirmişlər.
Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, onun rifahı, təhlükəsizliyi və sağlamlığı hər şeydən üstündür”, - deyən Prezident İlham Əliyevin siyasi kursunda sosial sahə daim prioritet sahə kimi onun diqqət mərkəzində olmuşdur. Təsadüfi deyildir ki, dövlət başçısının rəhbərliyi və bilavasitə təşəbbüsü ilə əhalinin sosial təminatı ilə bağlı dünyanın heç bir ölkəsində rast gəlinməyən kompleks xarakterli tədbirlər işlənib hazırlanır və uğurla həyata keçirilir.
Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində 300 mindən çox məcburi köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmiş və onların məişət şəraiti yaxşılaşdırılmışdır. Son iki-üç il ərzində bu diqqət və qayğı daha da artırılmışdır. 2021-ci ilin oktyabr ayınadək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillə təmin edilmiş və ilin sonunadək onlara daha 3 min mənzilin verilməsi nəzərdə tutulmuşdur. Prezident İlham Əliyevin 2021-ci ilin yanvarında imzaladığı sərəncama əsasən isə 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlilləri mənzil və fərdi evlə təmin olunmuşdular.
Xüsusi olaraq vurğulanmalıdır ki, dünyanın bütün ölkələrini çıxılmaz vəziyyətə salmış COVID-19 pandemiyası ilə mübarizədə Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ilk gündən atdıqları uğurlu addımlar, həyata keçirdikləri strategiya bütün dünya tərəfindən Azərbaycan modeli kimi qəbul edilmişdir. Azərbaycan xalqının mənafeyi nəzərə alınmaqla ölkə rəhbərliyi tərəfindən vaxtında görülmüş qabaqlayıcı tədbirlər, atılmış qətiyyətli addımlar sayəsində pandemiya ilə mübarizədə uğurlu nəticələr əldə olunmuşdur.
Bu gün biz fəxrlə deyə bilərik ki, pandemiya ilə bağlı iqtisadiyyatın tənəzzül keçirməsi səbəbindən Beynəlxalq Valyuta Fonduna kömək üçün müraciət etmiş 150-dək ölkə arasında Azərbaycanın adı yoxdur. Əksinə, respublikamız ilk gündən yüksək humanizm nümayiş etdirərək pandemiyadan sarsılmış bir sıra dövlətlərə və beynəlxalq təşkilatlara maliyyə dəstəyi göstərib. Qabaqlayıcı, məhdudlaşdırıcı tədbirlər imkan verdi ki, biz pandemiyanın geniş vüsət almasının qarşısını alaq və buna nail olaq. Təsadüfi deyildir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan dövlətinin bu sahədə gördüyü işləri yüksək qiymətləndirmiş və Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Belə bir ağır mərhələdə həyata keçirilən sosialyönümlü islahatlar dövlət başçısının inqilabi islahatların təşəbbüskarı və lideri olduğunu bir daha sübut edir.
Bu da danılmaz həqiqətdir ki, Prezident İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi siyasətin uğurla başa çatmasında onunla çiyin-çiyinə çalışan və xalqımızın sevimlisinə çevrilmiş Azərbaycanın qeyrətli qızı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın misilsiz xidmətləri var. Dahi rəhbərimiz Heydər Əliyevin adını daşıyan fondun prezidenti kimi səlahiyyətlərinə başladığı ilk gündən Mehriban xanım Əliyeva cəmiyyətin həssas təbəqələrinin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşmış və onların həlli üçün əlindən gələni əsirgəməmişdir. Xanım Mehriban Əliyeva cəmiyyəti narahat edən problemlərin həllində xüsusi əzmkarlıq göstərən, bir çox yeni, humanist və xeyirxah təşəbbüslərin müəllifi və icraçısı kimi çıxış edən dövlət xadimi kimi nəinki ölkəmizdə, həm də beynəlxalq aləmdə böyük nüfuz qazanmış, Azərbaycan dövlətinin və bir sıra ölkələrin ən yüksək mükafatlarına layiq görülmüşdür. Xanım Mehriban Əliyeva ölkəmizin adını bütün dünyada yüksəklərə qaldırmış, millətimizin və Azərbaycan qadınının ləyaqət və şərəfini hər yerdə ucaltmış, vətənimiz Azərbaycana çoxlu dostlar qazandırmışdır.
Bu gün Azərbaycan xalqı Qalib Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün ən xoşbəxt günlərini yaşayır. İndi başlıca vəzifə ölkəmizin iqtisadi və hərbi qüdrətini daha da artırmaqla yanaşı, erməni faşistlərinin işğalından azad edilmiş ərazilərimizi bərpa etmək, torpaqlarımızı erməni vandallarının basdırdıqları saysız-hesabsız minalardan təmizləmək və həmin ərazilərdən didərgin salınmış insanlarımızı doğma ata-baba yerlərinə qaytarıb onların layiqli məskunlaşmalarını təmin etməkdən ibarətdir.
Bir tərəfdən, COVID-19 pandemiyasının, digər tərəfdən də, Azərbaycan-Ermənistan müharibəsinin mənfi sosial-iqtisadi nəticələri və çətinliklərinə baxmayaraq, xalqımız öz Müzəffər Prezidenti İlham Əliyevin ətrafında daha da sıx birləşərək geniş quruculuq işləri ilə, ilk növbədə isə işğaldan azad olmuş torpaqlarımızın abadlaşdırılması, yenidən qurulması kimi müqəddəs vəzifənin yerinə yetirilməsi ilə məşğuldur. Ulu Öndər Heydər Əliyevin 17 noyabr 1990-cı ildə Naxçıvan MR-də ucaltdığı bayrağımız indi erməni faşistlərinin 30 illik işğalından azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanmaqdadır.
Onu da qeyd edək ki, 2021-ci ildə həmin ərazilərin bərpa edilməsinə 1,2 milyard manat vəsait ayrılmış, 2022-ci ildə isə bu vəsaitin məbləğinin 2,2 milyarda çatdırılması nəzərdə tutulmuşdur. Bütün bu vəsaitlər dövlət büdcəsindən ayrılır. “Zəfər büdcəsi” kimi tarixə düşən gələn ilin dövlət büdcəsinin xərcləri ilk dəfə olaraq 26,8 milyard manat, xərcləri isə 29,9 milyard manat təşkil edəcək. Büdcədə sosial xərclərin payı 46,8 faizə çatdırılacaq və bu, 2021-ci ilə nisbətən 13,5 faiz və ya 1 milyard 650 milyon manat artacaq.
Müzəffər Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurla həyata keçirdiyi dayanıqlı, innovativ və inklüziv yanaşmalara əsaslanan inkişaf strategiyası nəticəsində yaxın gələcəkdə Azərbaycan Respublikası dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsinə və ən qüdrətli ordusu olan dövlətə çevriləcək, əhalisinin rifah səviyyəsi isə ən yüksək səviyyəyə qalxacaq.
Rövşən MURADOV,
Milli Məclis
Aparatının İqtisadi
qanunvericilik
şöbəsi müdirinin müavini, iqtisad elmləri doktoru, professor
Azərbaycan.-
2021.-24 dekabr.- S.15.