Regionların sənaye
potensialından səmərəli istifadə qeyri-neft
sektorunun inkişafını sürətləndirib
Prezident İlham Əliyevin apardığı uğurlu islahatlar sayəsində ölkədə yüzlərlə kiçik, orta və iri müəssisə, sənayeni inkişaf etdirmək məqsədilə nəhəng istehsal sahələri olan texnoparklar yaradılıb.
Texnoparklar həm ərazisinə, həm də burada yerləşən müəssisələrin sayına və istehsal etdiyi məhsulların növünə görə sənaye nəhəngləri sayılır. Digər sənaye birlikləri - sənaye məhəllələri isə texnoparklardan fərqli olaraq kiçik və yığcamdır. Buradakı müəssisələrdə əsasən yerli xammaldan istifadəyə üstünlük verilir. Lakin texnoparklardakı kimi, sənaye məhəllələrində də yüksək texnologiyalardan istifadə edilərək keyfiyyətli məhsul istehsal olunur. Sənaye məhəllələrinin bir üstün cəhəti də bölgələrdə yerləşməsidir. Bu, yerli sahibkarlara az məbləğdə investisiya qoymaqla dövlətin verdiyi güzəştlərdən istifadə etmək imkanı yaradır. Onlar da bu imkanlardan yararlanaraq öz işlərini müasir səviyyədə qura bilirlər.
Yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin davamlı inkişafını və əhalinin məşğulluğunu təmin etməkdə sənaye məhəllələrinin rolu böyükdür. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından da sənaye məhəllələrinin müstəsna əhəmiyyəti var.
Ölkəmizdə sənayenin inkişafına ən yüksək səviyyədə bu cür diqqət təsadüfi deyil. Əvvəla sənaye iqtisadiyyatın aparıcı sahələrindəndir. Qeyd etdiyimiz kimi, uğurla həyata keçirilən sənayeləşmə siyasəti sayəsində Azərbaycanın müxtəlif regionlarında yüzlərlə müasir sənaye müəssisəsi yaradılıb. Nəticədə daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, eləcə də ixracın həcmi və coğrafiyası genişlənib.
Ən əsası isə, əsas hədəf olan qeyri-neft sektorunun inkişafı sürətlənib və dönməz xarakter alıb. Sənaye məhəllələrinin istehsal sahələri həcmcə kiçik olsa da, istehsal etdikləri məhsul növlərinə görə çoxşaxəlidir. Belə məhəllələrin bir üstünlüyü də odur ki, ölkənin bütün şəhər və rayonlarında bu cür müəssisələr yaratmaq mümkündür və yaradılır da. Çünki bir çox müəssisələrin xammalı həmin bölgələrdə yerləşir. Kiçik sahələri əhatə etdiyi üçün onların quraşdırılmasının xərci də azdır. Belə müəssisələr onlara kiçik və orta sahibkarların sərmayə qoymaq imkanına malik olduqları üçün də sərfəlidir. Yeri gəlmişkən qeyd edək ki, bu istiqamətdə həyata keçirilən siyasətin əsas məqsədi hər bir rayonda sənaye məhəllələrinin yaradılmasıdır.
Neftçala Sənaye Məhəlləsi
bu sahədə birincilərdəndir. İndi burada hətta minik avtomobilləri istehsal olunur. Artıq “Xəzər” avtomobilləri
alıcıların rəğbətini
qazanmağa başlayıb.
Odur ki, gələcəkdə
müəssisədə ildə
10 min avtomobilin istehsalı
nəzərdə tutulur.
Məhəllədə “Kəhf” MMC də fəaliyyət göstərir. Müəssisənin illik istehsal gücü 25 ton balıq yemi istehsal etməkdir.
Qarşıdakı illər müəssisədə
mal-qara üçün,
eləcə də digər yemlərin istehsalı planlaşdırılır.
Onu da bildirək ki, müəssisənin yaradılması üçün
12 milyon manat investisiya qoyulub. Bunun 5,9 milyon
manatı Sahibkarlığın
İnkişafı Fondundan
alınmış güzəştli
kreditdir.
Neftçala Sənaye Məhəlləsində
daha bir müəssisə fəaliyyət
göstərir. İllik istehsal gücü 2 milyon tara olan
“Metak” MMC-yə 1,35 milyon manat
investisiya yatırılıb.
Həmin müəssisəyə də Sahibkarlığın İnkişafı Fondu tərəfindən 600 min manat güzəştli kredit verilib. “Gilan PİVOT” MMC-nin investisiya dəyəri isə 1 milyon manatdır. Müəssisədə 15 nəfər işlə təmin edilib. Bundan başqa, Neftçala Sənaye Məhəlləsində “Toğrul-2008”, “Providence Limited”, “Azproduct”, “Petroqeoaz” MMC-lər fəaliyyət göstərir.
Hacıqabul və Sabirabad sənaye məhəllələri də ölkədə məhsul istehsalına öz töhfələrini verir. Masallı Sənaye Məhəlləsi isə Prezident İlham Əliyevin 2016-cı il iyunun 13-də imzaladığı sərəncamla yaradılıb. Ümumi sahəsi 10 hektar olan sənaye məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur, o cümlədən 2,5 MVt gücündə elektrik enerjisi təchizatı, gücü saatda 25 kubmetr olan sutəmizləyici qurğu qurulub, su və kanalizasiya sistemi, təbii qaz təchizatı, rabitə və nəqliyyat infrastrukturu yaradılıb. Eləcə də yüksək standartlara cavab verən 3 istehsal modulu, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib, genişmiqyaslı abadlıq işləri aparılıb. Hazırda burada mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək, taxta emalı məmulatları istehsal olunur.
Göründüyü kimi, Prezident İlham Əliyevin sənayeləşmə siyasəti öz müsbət bəhrəsini verir. İndiyədək sənaye parkları və sənaye məhəllələrində ümumilikdə 5 milyard manatlıq məhsul istehsal edilib, 2 minə yaxın yeni iş yeri yaradılıb. Sənaye parkları və sənaye məhəllələrində məhsul istehsalı ildən-ilə artmaqda davam edir. Təkcə cari ilin 9 ayında bu sahədə 1,5 milyard manatlıq məhsul istehsal olunub. Son məlumata görə, bu sahənin sənayenin qeyri-neft sektorunda xüsusi çəkisi 14,2, qeyri-neft sənaye məhsullarının ixracında payı isə 25,9 faizdir.
Rüstəm KAMAL,
Azərbaycan.-2021.- 18 dekabr.- S.5.