Tarixin ən güclü Azərbaycanını
yaradan LİDER
Hər bir xalqın dövlət quruculuğu tarixində lider amili həlledicidir. Bəşəriyyət bu danılmaz həqiqəti zaman-zaman sübuta yetirmişdir. Belə bir reallıq bugünkü dünyamızda da öz aktuallığını qoruyur. Güclü lider insanların dövlətçilik arzularını milli amala çevirir. Xalqı bu amal ətrafında səfərbər edərək təşkilatlandırır və hədəflərə çatdırır. Bu, dəyişməz qanunauyğunluqdur. Ona görə də konkret dövlətlərin inkişaf tarixini izləyəndə mütləq ən azı bir güclü liderin imzasını görürük. Onun dövlətin və cəmiyyətin hərtərəfli inkişafındakı möhtəşəm xidmətlərinin şahidi oluruq.
Qalib xalq və Lider
Azərbaycanın milli dövlətçilik tarixinin müasiri olduğumuz dönəmləri də buna bariz nümunədir. Prezident İlham Əliyevin müəllifliyi ilə indi Vətən tarixinin parlaq səhifələri yazılır. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətin uğurları sayəsində respublikamız ən qüdrətli mərhələsini yaşayır.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etmiş Ordumuzun qazandığı tarixi zəfərdən sonra xalqımız firavan gələcəyini qalib xalq kimi yaradır. Dünya bizi Zəfər qazanmış, haqq-ədalət uğrunda savaşını qalibiyyətlə tamamlamış güclü dövlət kimi tanıyır, qəbul edir, hörmət bəsləyir. Bu Zəfərin müəllifi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və daim öz qüdrətli liderinə inanan, dəstək verən xalqımızdır. Bu Zəfər Lider-xalq birliyinin, vəhdətinin təcəssümüdür.
“Tarixin ən güclü Azərbaycanı” ifadəsi hazırda qürur doğuran kəlmələrlə yanaşı, əhatə olunduğumuz reallığın aynasıdır. Azərbaycan, həqiqətən, tarixinin heç bir dönəmində bu qədər güclü, qüdrətli olmayıb. Ölkəmizin bugünkü mənzərəsi dövlətin inkişafı, tərəqqisi üçün fədakarlıq göstərən, xəyallarında belə bir Azərbaycanın mənzərəsini qurmağa çalışan, vətənini sevən bütün millət xadimlərimizin reallaşan arzularıdır.
Xalqın lideri ilk növbədə insanları ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacarmalıdır. Ulu Öndər Heydər Əliyevin yetkin bir məfkurə olaraq xalqımıza təqdim etdiyi azərbaycançılıq ideologiyasının əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq prinsipləri indi milli birliyin əsas təminatçısı kimi çıxış edir. Bu prinsiplərə sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev isə öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərir, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu təsdiqləyir.
Bu, Ulu Öndərin, böyük dövlət adamının formalaşdırdığı ideyalar üzərində yaranan tarixi gerçəkliklərdir.
Prezident İlham Əliyev tərəfindən görülən işlərin, əməli addımların müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın fundamental əsaslarını təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin qorunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc müstəvisində sürətli şəkildə irəliləməsi müasir Azərbaycanın gerçəklikləridir.
Milli inkişaf ideyalarının
davamçısı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurunu təmin edən çox amillər var. Başlıca amil bu siyasətin möhkəm təmələ əsaslanmasıdır, başlanğıcdan düzgün istiqamətə yönəlməsidir. Prezident İlham Əliyev yeni və müstəqil Azərbaycan uğrunda ən ağır mübarizələrdə Ulu Öndər Heydər Əliyevlə çiyin-çiyinə addımlayıb. Həyata keçirilən dövlət quruculuğu proseslərində, islahatlarda fəal iştirak edib. Azad bazar iqtisadiyyatının qanunauyğunluqlarına mükəmməl surətdə yiyələnib. Gənclər siyasətinin hazırlanması və həyata keçirilməsində mühüm rol oynayıb. Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri və AŞ PA-nın vitse-prezidenti kimi ölkəmizin beynəlxalq aləmə inteqrasiyasında, respublikada aparılan çoxşaxəli islahatların, hüquqi dövlət, vətəndaş cəmiyyəti proseslərinin öz məqsədinə çatmasında tarixi xidmətləri olub.
Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinə başçılıq edib. Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi məsul vəzifələrdə çalışıb. Ulu Öndərin ötən əsrin 90-cı illərinin ortalarından reallaşdırdığı və ölkəmizin sosial-iqtisadi inkişafının rəhninə çevrilən yeni neft strategiyasının icrasına dəyərli töhfələr verib. Bu strategiyanın Azərbaycan xalqının maraqlarına uyğun həyata keçirilməsi, regionda yeni bir iqtisadi-siyasi reallıq formalaşdırması, Azərbaycanın təşəbbüsü ilə qlobal enerji-kommunikasiya layihələrinin həyata vəsiqə qazanması həm də cənab İlham Əliyevun fədakar xidmətləri sayəsində mümkün olub.
İdman sahəsində əldə edilmiş tarixi nailiyyətlərlə, xüsusilə gənc nəsil üçün mükəmməl örnəklər yaradıb. Sağlam həyat tərzini, fiziki və mənəvi hazırlığı, vətənpərvəlik tərbiyəsini cəmiyyətimizdə böyük bir dəyərə çevirib. 44 günlük Vətən savaşı zamanı və bu gün də cəmiyyətimizdə müşahidə etdiyimiz böyük coşquda, qalibiyyət ruhunda, milli həmrəylikdə ölkə rəhbərinin təlqin etdiyi bu dəyərlərin rolu çox böyükdür. İdmançılarımızın beynəlxalq arenalarda əldə etdikləri qələbələrlə, ucalan bayrağımızla, səslənən himnimizlə, Azərbaycan idmançılarının qazandıqları zəfərlərlə, bəlkə heç özümüz də fərqinə varmadan Ali Baş Komadan bizi arzusunda olduğumuz ən böyük Qələbəyə hazırlayırmış. Bütün bunları həyatımızın ən sevincli anlarını yaşayanda anladıq.
Partiya quruculuğu işində də Prezident İlham Əliyevin xidmətləri mühümdür. Dövlət başçısı müasir baxışları, yanaşmaları, yüksək diplomatik məharəti və intellektual davranışları ilə ölkəmizin siyasi mühitinə yeni bir mədəniyyət gətirdi. Bu mühitdə yeni standartlar müəyyənləşdirildi. Ölkədə yeni çağırışlara yönələn sağlam münasibətlər yarandı. Qarşıda duran məsələlər normal diskussiya məcrasına yönəldildi. Gələn il 30 illiyini qeyd edəcək partiyamız bütün bu keyfiyyətləri ilə zəngin ənənələrə, təşkilati dəyərlərə malikdir. Yeni Azərbaycan Partiyası hər zaman yüksək siyasi mədəniyyət daşıyıcısı olub.
Sözümüz və əməlimiz eyni dəyərə malikdir
Yeni Azərbaycan Partiyasının VII qurultayı 2021-ci ilin əlamətdar hadisəsi kimi yadda qaldı. Bu qurultayın ən mühüm tarixi faktlarından biri isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni hədəfləri nəzərdə tutan nitqi idi.
Cəmiyyətimiz indiyə qədər Azərbaycan Prezidentinin müxtəlif məsələlərə həsr olunmuş çox çıxışlarının şahidi olub. Bu çıxışların hər biri böyük proqram xarakteri ilə diqqət çəkib. Dövlət başçısının nitqlərində ayrı-ayrı strateji istiqamətlərdə əldə edilmiş nəticələrə verilən ədalətli qiyməti, bu günün reallıqlarının düzgün təhlilini və gələcəklə bağlı aydın planları, qarşıya qoyulmuş konkret vəzifələri görürük. Yeni Azərbaycan Partiyasının VII qurultayındakı nitqi zamanı isə YAP Sədri müasir dünyamızda inkişaf məramlı güclü siyasi təşkilat necə olmalıdır, öz fəaliyyətini necə qurmalıdır suallarını cavablandıraraq, bunun fikir mənzərəsini yaratdı. Partiyanın özünü müasir dünyamızın çağırışlarına uyğunlaşdırması üçün dəqiq vəzifələr müəyyənləşdirdi. Aydın tövsiyələr verdi. Eyni zamanda elə qurultay zamanı bu vəzifələrin yerinə yetirilməsi istiqamətində əsaslı addımlar atıldı. Bir sıra mühüm dəyişikliklər edildi.
Azərbaycan Prezidenti partiyanı yeniləşmiş formatda daha işlək olmağa, problemlərin həllində fəallığa çağırdı. Məlumdur ki, son illər ölkəmizdə köklü islahatlar aparılır. Cəmiyyət həyatının müxtəlif sahələrində əhəmiyyətli dəyişikliklər baş verir. Azərbaycan özünü qlobal inkişaf trendlərinə uyğunlaşdırır. Dünyada baş verən ardıcıl dəyişikliklərə həmahəng addımlar atır. Bir sıra mütərəqqi dəyişiklikləri öz həyatına gətirir. Hər birimiz onların səmərəsini gündəlik həyatımızda dərhal hiss edə bilirik. Prezident İlham Əliyev bütün bu yenilikləri siyasi islahatlar sahəsində də zəruri sayır: “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm”.
Bu, hələ 1992-ci ilin 21 noyabrında elan edilməsinə hazırlıq ərəfəsində partiyaya Yeni Azərbaycan adını təklif edən və bu qurumu Azərbaycan insanlarının yenilənmə, müsbətə doğru davamlı dəyişikliklər arzusunun zirvəyə gedən yolgöstərəni kimi görən Ulu Öndər Heydər Əliyevin amallarından irəli gəlir. Yeni Azərbaycan Partiyası ötən illər ərzində ölkəmizin, cəmiyyətimizin yenilənməsi üçün aparılan işlərdə yaxından iştirak etdi. Eyni zamanda özünü də zaman-zaman yenilədi. İnkişaf reallıqlarına çevik şəkildə uyğunlaşdı və bu proses müasir dövrümüzdə də davam edir. Çünki yenilik heç zaman hansısa bir nöqtədə dayanmayan davamlı prosesdir. VII qurultayda həyata keçirilən dəyişikliklərlə, partiyanın rəhbər strukturlarında baş verən yeniliklərlə Yeni Azərbaycan Partiyası növbəti inkişaf dönəminə uğurla daxil oldu.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qurultayda Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini vəzifəsinə seçilməsi xüsusilə mühüm əhəmiyyət daşıyır. Yüksək təşkilatçılıq, həyata keçirdiyi layihələrlə bütün dünyada böyük nüfuz qazanmış, vətəndaşlarımızın sevgi və rəğbət bəslədikləri Mehriban xanım Əliyevanın partiya işində də yaxından iştirakı bu nüfuzlu təşkilatın inkişafına, daha da güclənməsinə xidmət edir.
Zəfər Komandanı
Prezident İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli Lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıqla və uğurla davam etdirdi. Sonda hədəfinə çatdı, ata vəsiyyətini yerinə yetirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi.
Ölkə rəhbəri müharibəyə kimi ən geniş beynəlxalq arenalarda, ən yüksək kürsülərdə dəfələrlə bütün dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Azərbaycan bu məsələdə öz mövqeyindən bir addım da olsun geri çəkilməyəcək. Eyni zamanda nizami ordu quruculuğu prosesini uğurla davam etdirdi. Qısa müddətdə Silahlı Qüvvələrimiz həm təchizatına, həm peşəkar hazırlığına, həm də döyüş ruhuna görə dünyanın ən öncül orduları sırasında qərarlaşdı. Ölkə rəhbərimizin yüksək səriştə ilə qurduğu diplomatik münasibətlər hərbi hissələrimizin ən müasir silahlarla təchiz olunmasına imkan yaratdı. Buna 44 günlük Vətən müharibəsində hər birimiz şahid olduq. Təsadüfi deyil ki, Azərbaycan XXI əsrin innovativ müharibəsini apardı. Mülki əhaliyə heç bir xətər yetirməyən, düşmənin yalnız hərbi obyektlərini hədəfə alan müasir silahlarla dünyanın hərb tarixində yeni bir səhifə açdı. Azərbaycanın Vətən müharibəsində nümayiş etdirdiyi örnəklərin, yaratdığı təcrübənin bu gün dünyanın aparıcı hərbi məktəblərində öyrənilməsi də bu tarixin qürur duyulmalı məqamlarıdır.
Bütün bunlar Prezident İlham Əliyevin həm də böyük sərkərdəlik istedadıdır. Ali Baş Komandan Vətən müharibəsini Azərbaycana rəhbərliyi dövründə yetişdirdiyi gənc nəslin nümayəndələri ilə apardı. Əlbəttə, qazanılmış zəfər yaşından, milli mənsubiyyətindən, siyasi baxışından asılı olmayaraq, vahid amal uğrunda birləşmiş bütün dünya azərbaycanlılarının birgə qələbəsidir. Bununla belə, tarixi reallıqdır ki, hərbi əməliyyatların gedişində bir əlində silah, köksündə üçrəngli bayrağımız, bəzi hallarda yaralı yoldaşını çiynində tutub düşmənin üzərinə atılan gənclik cənab İlham Əliyevin vətənpərvərlik ruhunda yetişdirdiyi nəsildir. Qarabağı, Şərqi Zəngəzuru məhz onlar azad etdilər. Sıldırım qayalardan kəndirlə dırmanaraq, yüngül silahlarla düşmənin tankının, topunun üzərinə atılan igidlərimiz bu nəslin təmsilçiləri idilər.
Təxminən 30 il çəkən, sülh danışıqları ilə bu qədər müddətdə həll olunmayan münaqişəyə 44 günlük Vətən müharibəsi ilə yekun vuruldu. Bütün dünya gördü ki, haqqı sübuta yetirməkdən ötrü təkcə beynəlxalq hüquq normaları kifayət etmir. Doğrunun, ədalətin sənin tərəfində olması ilə də iş bitmir. Qələbə arzusuna çatmaq üçün həm də güclü, qüdrətli olmalısan. Yeri gələndə vuran əlinin zərbəsini də göstərməlisən.
Vətən müharibəsi nəticəsində əldə etdiyimiz möhtəşəm Zəfər milli birliyimizin təntənəsinə çevrildi. O tarixi günlərdə bütün Azərbaycan xalqı bir nəfər kimi Ali Baş Komandanla həmrəylik, inam, etibar, yüksək vətənpərvərlik, əzmkarlıq nümayiş etdirdi. Bütün gücü, imkanları, güvəni ilə dövlət başçısının yanından çəkilmədi. Əli silah tutan hər kəs ordu sıralarına yazılmaq üçün növbəyə durdu. Bu, yeni şanlı tarixin başlanğıcı, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi və böyük liderin qələbəsiydi.
Həmin günlərdə Ali Baş Komandan mahir sərkərdə kimi təkcə döyüşləri idarə etmirdi, durmadan irəliləyən ordumuzun apardığı hərbi əməliyyatları yönləndirmirdi, eyni zamanda özü də diplomatiya səngərində vuruşurdu, informasiya savaşı aparırdı, Ermənistanın və onun saysız-hesabsız havadarlarının informasiya təxribatlarını uğurla dəf edirdi, verdiyi müsahibələrlə təxribatçıları susdururdu. Düşmənin uydurma miflərini ifşa edirdi. Azərbaycanın bu savaşda haqlı olduğunu, ədalət uğrunda çarpışdığını bütün dünyaya faktlar, aydın dəlillərlə sübuta yetirirdi.
Vətənə sevgi örnəyi
Azərbaycan Prezidenti qurucu liderdir. Erməni vandallarının təxminən 30 ilə yaxın müddətdə dağıdıb viran qoyduqları yurdlarımızda bu gün geniş bərpa işləri başlanıb. Azərbaycan dövləti dağıdılmış şəhər və kəndlərimizi “ağıllı şəhər”, “ağıllı kənd” konseptində yenidən qurur. Dayanıqlı inkişaf məqsədlərinə, ölkəmizin milli prioritetlərinə uyğun aparılan abadlıq işləri ilə Azərbaycanı işğalçı Ermənistandan daha bir fərqini dünyanın diqqətinə çatdırır. Göstərir ki, bizim ali niyyətimiz dağıdıb uçurmaq, vandalizm əməlləri törətmək deyil, qurub yaratmaqdır, dünyaya fayda verməkdir.
Prezident İlham Əliyev müasir dünya siyasətinə həm də yüksək mənəvi dəyərlər gətirdi. Dövlət başçısının sözü ilə əməli həmişə üst-üstə düşür. Özünün də bəyan etdiyi kimi, Azərbaycan Prezidentinin hər sözü imzası qədər keçərlidir. Dövlət rəhbəri qurulan tərəfdaşlıq münasibətlərinə, verilən sözlərə, ortaya qoyulan prinsiplərə hər zaman sadiqdir və başqalarından da bunu gözləyir. Ona görə də müasir dünya siyasətində Prezident İlham Əliyev şəxsiyyətinə çox böyük hörmət var.
Bu gün Azərbaycan bütün dünya üçün tolerantlıq məkanı, fərqli mədəniyyətlərin təmas yeri kimi tanınır, multikulturalizm təşəbbüslərini təşviq edir. Mədəniyyətlər arasındakı fərqlərin insanlar arasında fərqlərə çevrilməməsi üçün bütün imkanlardan istifadə edir. Azərbaycanın evsahibliyi ilə keçirilən beynəlxalq humanitar forumlar, 2008-ci ildən uğurla aparılan “Bakı prosesi” nüfuzlu beynəlxalq qurumlar tərəfindən təqdir olunur. Bütün bunlar təbii ki, Azərbaycan Prezidentinin dünyaya, bəşəriyyətə töhfə verən siyasətidir.
Bu siyasətin uğur qazanmasında ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da böyük xidmətləri var.
Azərbaycan Prezidenti bəşəriyyətin xoşbəxt gələcəyini qarşıdurmalarda, ziddiyyətlərdə deyil, məhz əməkdaşlıqda, problemlərə birgə həllər axtarmaqda görür. Vətən müharibəsindəki qələbəmizlə indi regionda yeni tarixi reallıqlar yaradılıb. Bu reallıq, ümumən, Cənubi Qafqazın xoşbəxt gələcəyi üçün xoş bir başlanğıcdır. Əsas amal, əsas niyyət Cənubi Qafqazı sülh, əməkdaşlıq, davamlı inkişaf məkanına çevirməkdir. Regionun bütün tərəqqipərvər sakinləri bu amala da qovuşacaqlar!
İradə ƏLİYEVA,
Azərbaycan.- 2021.-24 dekabr.- S.16.