İlham Əliyev BTC-nin uğur salnaməsini davam etdirir

 

2021-ci il Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin yubileyi ilidir. 2006-cı il iyulun 13-də tam sistem kimi istismara verilmiş bu kəmər öz yaradıcısının - Ulu Öndər Heydər Əliyevin adını şərəflə daşıyaraq bir-birinin ardınca yeni uğurlar qazanır.

BTC 15 ildən çoxdur ki, Xəzər neftini dünya bazarlarına təhlükəsiz, etibarlı, sakitekoloji baxımdan minimum risklə nəql edir. Regionun neft ixracı arteriyası sayılan bu boru xəttinin salnaməsi qısa olsa da, çox zəngindir. Elə bu günlərdə layihənin əməliyyatçısı olan bp şirkəti bildirib ki, BTC indiyədək Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ümumilikdə 500 milyon ton neft daşıyıb.

BTC vasitəsilə nəql edilmiş Xəzər neftinin 500 milyonuncu tonu - SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neftiNordorse” adlı tankerə yüklənib və Triestə (İtaliya) yola salınıb. Bu, BTC-nin indiyədək nəql etdiyi neftin vurulduğu 4922-ci tankerdir. BTC-nin Ceyhan terminalına çatdırdığı xam neftlə ilk tanker isə 2006-cı il iyunun 4-də yüklənmişdi. O vaxt təqribən 600 min barel “Azəri-Çıraq-Günəşli” neftiBritish Hawthorn” tankerinə vurularaq Ceyhandan dünya bazarlarına göndərilmişdi. Həmin gündən keçən müddət ərzində 500 milyon ton neft ixracı boru kəmərinin müstəsna səmərəlilik nümayiş etdirməsinin, texniki təhlükəsizlik və istismar baxımından yüksək göstəricilərə nail olmasının aydın göstəricisidir.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bu münasibətlə fikrini belə ifadə edib: “500 milyon ton neft ixracı BTC boru kəmərinin 15 illik sabit və səmərəli fəaliyyətinin nəticəsidir. Uzun müddət keçməsinə baxmayaraq, BTC qapalı Xəzər hövzəsi ilə dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında birbaşa strateji əlaqə yaratmaqla regionun əsas enerji ixrac arteriyası olmaqda davam edir. Biz hamımız BTC-nin uğur hekayəsi ilə, o cümlədən üç ölkə boyunca insanların və icmaların həyatına gətirdiyi böyük müsbət dəyişikliklərlə qürur duymalıyıq. BTC, həqiqətən də, hər mənada möhtəşəm bir ixrac sistemidironun əldə etdiyi nailiyyətlər bizdə qürur hissi oyadır. Bu dünya səviyyəli kəmərin üç ölkə boyunca gecə-gündüz təhlükəsiz və sakit fəaliyyət göstərməsi üçün çalışan bütün insanlara çox təşəkkür edirəm. Mən həmçinin göstərdikləri dəstəyə və uğurlu əməkdaşlığa görə BTC-nin səhmdarlarına da öz minnətdarlığımı bildirirəm”.

Xatırladaq ki, BTC Ko.-nun səhmdarları bp (30,10 faiz), AzBTC (25 faiz), MOL (8,90 faiz), “Ekvinor” (8,71 faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), İTOÇU (3,40 faiz), İNPEKS (2,50 faiz), “EksonMobil” (2,50 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.

Uzunluğu 1768 kilometr olan BTC boru kəməri Xəzər regionundan Aralıq dənizinə təhlükəsiz və məsuliyyətli şəkildə xam neft ixrac etmək üçün çəkilib. Xəttin gündəlik ötürücülük gücü 1,2 milyon barel təşkil edir. Keçdiyi ərazilərin coğrafiyasından asılı olaraq onun borularının diametri 46, 42 və 34 düymdür. Üç tranzit ölkə ərazisində kəmərin 8 nasos stansiyası və 98 siyirtmə məntəqəsi var.

BTC öz marşrutu boyu bir neçə dağ silsiləsi qət edir, o cümlədən 2830 metr yüksəkliyə qalxır, eləcə də 3000 yol, dəmir yolu, yeraltı və yerüstü kommunikasiya xətti, eni 500 metrədək çatan Ceyhan çayının keçididaxil olmaqla, 1500-dən artıq su hövzəsi ilə kəsişir. Ceyhana yaxınlaşarkən yenidən dəniz səviyyəsinə enir.

Dünya miqyasında dövrünün ən böyük və ən mürəkkəb mühəndis-texniki qurğularından biri hesab edilən BTC-nin tikintisinə dörd il vaxt sərf olunub. Belə ki, layihə 2002-ci ilin iyul ayında təsdiqlənib və 2006-cı ilin may ayında başa çatdırılıb. 2018-ci il mayın 29-da Səngəçal terminalında “Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimindəki nitqində Prezident İlham Əliyev BTC barədə demişdir: “2002-ci ildə biz artıq “Azəri-Çıraq” yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildibu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün eyni zamanda etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir”.

Kəmərin çəkilişi üçün 220 min boru hissəsi qaynaqla bir-birinə calanıb. Tikintinin ən qızğın dövründə işə 22 min insan cəlb edilib. Bunların 80 faizə qədəri inşaat işləri gedən ərazilərin öz sakinləri olub. Kəmərin araya-ərsəyə gəlməsi üçün 110 milyondan artıq adam-saat sərf edilib. Daha bir maraqlı fakt: tikintiyə xidmət edən maşınlarla ümumi uzunluğu 200 milyon kilometrdən artıq olan yol keçilib. Bu isə Yer kürəsi ətrafında 10 dəfə dövrə vurmağa bərabərdir.

BTC tikinti mərhələsindən başlayaraq regiona əhəmiyyətli faydalar gətirib və müsbət dəyişikliklərə yol açıb. Kəmər Bosfordan yan keçməklə, onsuz da yüksək hərəkət sıxlığı olan boğazlar vasitəsilə neftin nəqlinin və bununla bağlı ekoloji risklərin azaldılmasına xidmət edib. Layihə başlandığı vaxtdan kəmərin marşrutu boyunca 550-dən çox icma ilə (750 mindən çox insan) sıx əməkdaşlıq şəraitində çoxsaylı sosial təşəbbüs həyata keçirilibbu fəaliyyət davamlı xarakter daşıyır.

Ulu Öndər özünün şah əsərlərindən olan BTC-ni çox sınaqlardan keçirdi. Nəhayət, 2003-cü ilin fevral ayında Vaşinqtonda keçirilən “Şərq-Qərb enerji dəhlizi reallıqdır” konfransı öz işini davam etdirdiyi günlərdə  Beynəlxalq Maliyyə Korporasiyasının, BTC-yə kredit verəcək digər qurumların rəhbərləri ilə görüşdü, söhbətlər apardı, layihənin  irəliləməsinə təkan verdi.

BTC-nin uğur salnaməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. 2004-cü ilin fevral ayında  Bakıda, “Gülüstan” sarayında dövlət başçısının  iştirakı ilə layihənin maliyyələşməsinə aid son sənədlər imzalandı və bu problem tamamilə həll olundu.

2005-ci ilin mayında Prezidentimizin içtirakı ilə kəmərə Səngəçal terminalındakı baş nasos stansiyasından ilk neft vuruldu. 2006-cı ilin iyulunda isə   dövlət başçısı   kəmərin tam bir sistem kimi işə düşməsi münasibətilə Türkiyədə  keçirilən tədbirlərdə iştirak etdi.

Ötən illər ərzində BTC Prezident İlham Əliyevin diqqəti və dəstəyi ilə Azərbaycanı beynəlxalq enerji ailəsinə qovuşdurub və dünyanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir: “Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq. Azərbaycanı beynəlxalq enerji ailəsinə daxil edə bildik. Həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə edə bilmişik”.

BTC-nin əhəmiyyəti həm də onun özündən sonra neçə-neçə nəhəng layihəyə yol açmasındadır. Prezident İlham Əliyev  təşəbbüskarı olduğu “Cənub qaz dəhlizi”nin möhkəm bünövrəyə əsaslandığını dəfələrlə vurğulayıb: “Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi, yəni bu dəhliz yaradılmasaydı, “Şahdəniz” layihəsinin icrası böyük sual altında ola bilərdi. Məhz dəhlizlərin mövcudluğu, Azərbaycan ilə Gürcüstan və Türkiyə arasındakı üçtərəfli uğurlu əməkdaşlıq nəticəsində biz “Şahdəniz” layihəsinin icrasına nail ola bildik.”

Vaxtilə Ümummilli Lider Heydər Əliyev BTC-nin iqtisadi gücünü qeyd etməklə yanaşı, onu həm də Azərbaycanı Avropa ilə daha sıx bağlayacaq polad kəmərə bənzətmişdi. Bu gün Bakı-Tbilisi-Ceyhan kəməri  Azərbaycan, Gürcüstan, Türkiyə və Qərb ölkələri arasında iqtisadisiyasi əlaqələrin güclənməsinə dəstək verir, tranzit ölkələrə mühüm gəlirlər gətirir.

 

Flora SADIQLI

 

Azərbaycan. - 2021.-24 dekabr.- S.16.