Rumıniya Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir

 

 

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 17-də Rumıniyanın ölkəmizdəki səfiri Vasili Soare ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfirə diplomatik fəaliyyətində uğurlar arzulayan Sahibə Qafarova qeyd edib ki, Rumıniya dünyada Azərbaycanın müstəqilliyini tanıyan ikinci, Avropa İttifaqının üzv dövlətlər arasında isə ilk ölkədir. Ötən illər ərzində ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirən Milli Məclisin sədri bu əlaqələrin siyasi, mədəni, humanitar, iqtisadi və digər sahələri əhatə etdiyini diqqətə çatdırıb. Ölkə başçılarının qarşılıqlı səfərləri və ölkələrimiz arasında əməkdaşlığa dair mövcud olan müqavilə-hüquqi bazanın əlaqələrimizə dinamizm verdiyini diqqətə çatdıran sədr Azərbaycanla Rumıniya arasında yüksək səviyyəli münasibətlərin parlamentlərarası əməkdaşlığa da müsbət təsir göstərdiyini deyib. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları uğurla fəaliyyət göstərir. Eyni zamanda, parlamentarilərimiz beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edirlər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyi parlaq Qələbədən sonra Azərbaycanın regionda yaratdığı reallıq barədə Rumıniya səfirini məlumatlandıran Milli Məclisin sədri bildirib ki, hazırda işğal dövründə tamamilə dağıdılmış şəhər və rayonlarımızda genişmiqyaslı quruculuq və bərpa işləri aparır. Sahibə Qafarova, həmçinin ərazilərin minalardan təmizlənməsi, Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində hərbi və mülki vətəndaşların həlak olması, Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyəti və digər məsələlər barədə məlumat verib. O deyib ki, Azərbaycan çoxkonfessiyalı, multikultural bir ölkədir. Biz sülhpərvər ölkə kimi, regiondadünyada daimi sülhün təmin olunmasını istəyirik.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Vasili Soare ölkəmizdə fəaliyyət göstərməkdən məmnunluğunu dilə gətirib. O, Azərbaycanın Şərqi Qərblə birləşdirən ölkə olduğunu, Rumıniyanın ölkəmizlə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib.

Diplomat Azərbaycan və Rumıniyanın dost ölkələr olduğunu qeyd edib və səfir kimi fəaliyyətində ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə daha da inkişafı üçün səy göstərəcəyini söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.-2021.- 18 dekabr.- S.2.