“Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstan Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2021-ci il sentyabrın 22-də Nyu York şəhərində imzalanmış “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstan Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan tərəfinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2021-ci il

 

Azərbaycan.- 2021.- 24 dekabr.- S. 22.