Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd edilib
Dekabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)
100 illik yubileyi qeyd olunub.
AZƏRTAC
xəbər verir ki, Heydər Əliyev Mərkəzində
keçirilən mərasimdə
Prezident Administrasiyasının
Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri
Fərəh Əliyeva,
Milli Məclisin deputatları, dövlət
və hökumət rəsmiləri, elmi ictimaiyyətin nümayəndələri
iştirak ediblər.
Tədbirdə əvvəlcə Dövlət
himni səsləndirilib,
Vətən müharibəsi
şəhidlərinin xatirəsi
bir dəqiqəlik sükutla anılıb.
Yubiley mərasimində çıxış
edən ADPU-nun rektoru
professor Cəfər Cəfərov
Prezident İlham Əliyevin “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamında ADPU-nun zəngin
və məhsuldar inkişaf yoluna xüsusi qiymət verildiyini diqqətə çatdırıb. Son illər
ərzində ali təhsil müəssisəsində görülən
işlərdən və
aparılan islahatlardan,
əldə olunan nəticələrdən danışıb.
Rektor bildirib ki, müstəqillik dönəmində ADPU-nun yubileyləri
keçirilib. Amma ilk dəfədir ki, yubiley tədbirini
təcavüzkar Ermənistanı
diz çökdürmüş
qalib dövlətin vətəndaşları kimi,
torpaqları işğaldan
azad olunmuş qalib xalqın nümayəndələri kimi
böyük sevinc və iftixarla qeyd edirik. Bu sevinci, bu qüruru bizə yaşadan Müzəffər
Ali Baş Komandanımız
və rəşadətli
ordumuz olub. Fəxr edirik ki, misli
görünməmiş Zəfərin
qazanılmasına universitetimizin
tələbə və
məzunları da töhfə veriblər.
Yetirmələrimizdən təqribən 200 nəfəri ön cəbhədə vuruşub,
onlarca məzunumuz qazi olub, 12 nəfər
şəhidlik zirvəsinə
yüksəlib.
1921-ci ildə cəmi 6 tələbə və 8 müəllimlə Ali Pedaqoji
Kişi İnstitutu adı altında fəaliyyətə başlayan
universitetimiz bu gün 18600 nəfərdən
çox tələbəsi,
1684 nəfərlik professor-müəllim
və inzibati-texniki heyəti ilə ölkənin ikinci böyük ali təhsil ocağına çevrilib.
Son 100 ildə ADPU-nu 160 mindən
çox tələbə
bitirib ki, onlar da istər
təhsil, istərsə
də digər sahələrdə Azərbaycanın
ümumi inkişafına,
sosial-iqtisadi və mədəni tərəqqisinə
kifayət qədər
sanballı töhfələr
veriblər.
Son illər cəmiyyət
həyatının bütün
sahələrində aparılan
köklü və sistemli islahatlar təhsil sahəsində də özünü göstərib. İslahatlar, ilk növbədə, təhsilin bütün pillələrində məzmun
və bazanın yenilənməsinə, yüksək
intellektli, geniş dünyagörüşlü, yaradıcı
təfəkkürlü, praktik
səriştəli və
vətənpərvər ruhlu
gənclərin yetişdirilməsinə
yönəlib. Sadalanan istiqamətlərin
hər birində nisbətən qısa zaman kəsiyində nəzərəçarpacaq dəyişikliklər
baş verib, danılması mümkün
olmayan uğurlar qazanılıb.
İcrası bu il başa çatan strateji inkişaf planımıza uyğun olaraq, məzmunun yenilənməsi, tədris
və imtahan prosesinin maksimum şəffaflaşdırılması, yeni nəsil təhsil proqramlarının
hazırlanması, elmi-tədqiqatların
səmərəliliyinin artırılması,
beynəlxalq əlaqələrin
genişləndirilməsi və
infrastrukturun təkmilləşdirilməsi
vasitəsilə təhsilin
keyfiyyətinin yüksəldilməsinə
nail olmaq əsas hədəflərimizdən
olub.
Son illər Azərbaycan
Dövlət Pedaqoji Universitetində bir neçə yeni layihənin icrasına başlanılıb. Bunlardan birincisi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında
ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması
üzrə Dövlət
Proqramı” çərçivəsində
ABŞ-ın Corc Vaşinqton Universiteti ilə uğurla davam edən ikili diplom proqramıdır.
Hazırda 50 gəncin
magistratura təhsili aldığı bu proqram üzrə cari tədris ilinin sonunda ilk məzun buraxılışı
olacaq, növbəti ildən isə qəbul planını 25 nəfərdən 40 nəfərədək
artırmaq nəzərdə
tutulur. Razılıq hissilə deyə
bilərəm ki, proqram bizə dünyaca məşhur Corc Vaşinqton Universitetinin təhsil elmləri sahəsindəki
zəngin təcrübəsindən
faydalanmaq üçün
geniş imkanlar yaradır.
Məzmunun yenilənməsi və
müəllimlərin bacarıqlarının
artırılması sahəsində
Təhsil Nazirliyinin dəstəyi ilə “Tvinninq” layihəsi çərçivəsində 4 ixtisas pilot olaraq akkreditasiyadan keçirilib.
Təhsil İnstitutu ilə
birgə 3 ixtisasın
məzmunu yenilənib.
Heydər Əliyev Fondunun
Regional İnkişaf İctimai
Birliyi ilə inklüziv təhsil layihəsi çərçivəsində
müəllimlər üçün
təlimlər təşkil
olunub, müvafiq dərslik xarici dildən tərcümə
və çap edilib. 2020-ci ildən etibarən bütün ixtisaslar üzrə “İnklüziv
təhsil” fənni tədris planına daxil edilib. Təhsil Nazirliyi və Təhsil İnstitutunun köməyi ilə müəllimlərimiz STEAM təlimi
alıb, müvafiq
STEAM laboratoriyaları yaradılıb
və STEAM dərsləri
8 ixtisas üzrə tədris planına salınıb. ABŞ səfirliyi və Azərbaycan Müəllim
İnkişaf Mərkəzi
ilə birlikdə ingilis dili müəllimləri
üçün TKT təlimləri
keçirilib, müəllimlərin
işə qəbulunda
seçki mexanizminin
real tətbiqi sayəsində
yeni təfəkkürlü
gənc müəllimlər
universitetə daha geniş şəkildə
cəlb edilib və sair tədbirlər
yerinə yetirilib.
Hazırda ADPU-da 22 ixtisas
üzrə Azərbaycan
bölməsi ilə yanaşı, son illər ixtisas sayı 3-dən 10-a
çatdırılan rus
bölməsi də fəaliyyət göstərir.
Eyni zamanda cari tədris
ilində bakalavr səviyyəsində ibtidai
sinif və riyaziyyat müəllimliyi ixtisasları üzrə ingilis bölməsi açılıb.
Ali məktəbin əsas
reytinq göstəricilərindən
birincisi yetirmələrinin
əmək bazarında
yer tapmasıdır. Bu baxımdan son illərdə
Azərbaycan Dövlət
Pedaqoji Universitetinin məzunlarının müəllimlərin
işə qəbulu
(MİQ) və magistraturaya
qəbul imtahanlarında
göstərdikləri nəticələri
qənaətbəxş saymaq
olar.
Ötən tədris ilində ADPU-dan bakalavr səviyyəsində
2119 nəfər məzun
olub. Məzunlarımızın 873-ü
magistraturaya imtahan verib, onlardan 353-ü yetərincə bal toplayaraq qəbul olunub. Bu il
ADPU məzunlarının MİQ imtahanlarındakı nəticələri
də uğurlu olub. Belə ki, magistraturaya qəbul olanlar və hərbi xidmətə yollananlar istisna olmaqla, universiteti bitirmiş 2119 bakalavrdan 1306-sı həmin
imtahanlarda iştirak edib, onlardan 1089 nəfəri 30-dan yuxarı
bal toplayıb. Qəbul olanlardan 530 nəfər 40-60, 184 nəfər
isə 50-60 bal yığaraq yüksək
nəticə göstərib.
Cəmi bir neçə il
əvvəllə müqayisədə
bu göstərici bəzi ixtisaslar üzrə 4-5, bəzilərində
isə 7-8 dəfə
yaxşılaşma deməkdir.
Yubiley başa
vurduğumuz 100 ilə
və xüsusən də cari vəziyyətə
baxaraq nəticə çıxarmaqla yanaşı,
həm də gələcək üçün
ciddi planlar qurmaq vəzifəsini qarşıya qoyur. Sözsüz
ki, ADPU-nun mövcud vəziyyətində də
müasir pedaqogikanın
və təhsil elmlərinin ortaya çıxardığı ciddi
tələblər, dəyişilməsi,
müasirləşməsi tələb
olunan kifayət qədər işlər
var. Elm, təhsil və
texnologiyaların misli
görünməmiş sürətlə
inkişaf etdiyi XXI əsrdə milli-mənəvi
dəyərlərə bağlı,
Vətənə və
dövlətə sadiq,
yaradıcı təfəkkürlü
və müasir dünyagörüşlü, dərin
savadlı və praktik səriştəli,
rəqəmsal və xarici dil biliklərinə
sahib olan gənc mütəxəssislər və
fəal vətəndaşlar
yetişdirmək əsas
hədəflərimizdəndir. Biz çalışırıq ki, yetirmələrimiz elmi-texnoloji nailiyyətləri
dərindən mənimsəsinlər,
lakin hazır məhsula aludə olmasınlar, onun yalnız istehlakçısı
deyil, həm də istehsalçısı
olmağa səy göstərsinlər. Hazırda qarşıda
duran mühüm vəzifələrdən biri
universitetimizin 2030-cu ilədək
Strateji inkişaf planını müasir dövrün tələbləri
nəzərə alınmaqla
hazırlamaqdan və icra etməkdən ibarətdir. İnanıram ki, dövlətimizin dəstəyi ilə ADPU öz mövcudluğunun ikinci yüzilliyinə daha inamla və
qlobal çağırışlara
daha hazırlıqlı
şəkildə daxil
olacaq.
Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev
vurğulayıb ki, Pedaqoji Universitetin ölkədə istər təhsil, istərsə də elmin inkişafında
müstəsna rolu olub. Universitetin məzunları həm təhsil, həm də çalışdıqları
digər sahələrdə
ölkənin ümumi
inkişafına, sosial-iqtisadi
və mədəni tərəqqisinə kifayət
qədər sanballı
töhfələr veriblər.
Nazir universitetin əldə etdiyi uğurlardan, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ADPU-nun ABŞ-ın Corc Vaşinqton Universiteti ilə uğurla davam edən ikili diplom proqramının əhəmiyyətindən danışıb. Həmçinin ADPU-ya tələbə qəbulunun, eləcə də universitetin məzunlarının müəllimlərin işə qəbulu imtahanlarının nəticələrinin yüksək olduğunu bildirib.
Emin Əmrullayev deyib: “Son illər istər müəllimlərin işə qəbulu müsabiqəsi, istərsə də müəllimlik ixtisasına qəbulda statistik rəqəmlər artıb. MİQ vasitəsilə işə qəbul olan müəllimlərin sayı 18 min nəfərdən təxminən 55-56 min nəfərə çatıb, yəni bu rəqəm 3 dəfə artıb. Bu da daha artıq rəqabətqabiliyyətli və keyfiyyətli müəllim seçmək imkanı yaradıb. Müəllimlik ixtisasının formatının və mənasının dəyişməsi çox vacibdir. XXI əsr müəlliminə XX əsr müəllimində olan bacarıqlarla yanaşı, əlavə bacarıqlar da tələb olunur, artıq yeni bacarıq tələbləri də var”.
Nazir vurğulayıb ki, ali məktəbin məzunlarının bir qismi fəaliyyətini işğaldan azad edilmiş ərazilərdə davam etdirəcək. Bu, yeni nəslin hazırlanması baxımından vacib və ümidverici məqamdır.
Daha sonra çıxış edən ADPU-nun gənc müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Səbinə Əlizadə, universitetin IV kurs tələbəsi İsmayıl Nəsirov ADPU-nun təhsil sahəsindəki rolundan söz açıb, professor-müəllim heyətini təbrik edərək uğurlar arzulayıblar.
Mərasimdə ADPU-nun 100 illiyinə həsr edilmiş film nümayiş etdirilib.
Tədbir bədii hissə ilə davam edib.
Azərbaycan $g 2021.- 18 dekabr.- S.4.