Azərbaycan Memarlar İttifaqının 85 illiyi qeyd olunub

 

 

Dekabrın 17-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Memarlar İttifaqının 85 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə, tədbir iştirakçıları Muğam Mərkəzinin foyesində Azərbaycan memarlarının layihələrindən ibarət sərgi ilə tanış olublar.

Dövlət himni səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan yubiley tədbirində Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, professor Elbay Qasımzadə çıxış edərək qurumun tarixindən danışıb. Bildirib ki, 1934-cü ildə Azərbaycan memarlarının birinci qurultayını keçirmək üçün təşkilat komitəsi yaradılıb və 1936-cı ilin mart ayında ittifaqın ilk təsis qurultayı olub.

Bu gün müstəqil Azərbaycan iqtisadi cəhətdən çox inkişaf edib. Ötən müddət ərzində paytaxtımızın siması çox dəyişib. Yeni parklar salınır, binalar tikilir, şəhər gündən-günə gözəlləşir. Bütün bunlar Prezident İlham Əliyevin diqqət və qayğısının göstəricisidir”, - deyə E.Qasımzadə vurğulayıb.

Ötən 85 ildə Azərbaycan memarlarının dünya memarlıq sənətinə çox gözəl əsərlər bəxş etdiyini söyləyən Elbay Qasımzadə qeyd edib ki, Azərbaycan memarlarının əsərləri yalnız respublikamızda deyil, dünyada da tanınır:Keçmiş SSRİ məkanında kifayət qədər nüfuzlu mütəxəssislər kimi ad qazanan Azərbaycan memarları arasında uzun müddət ölkənin Memarlar İttifaqına rəhbərlik edən akademik Mikayıl Useynovun xidmətləri əvəzsizdir. O dövrdə Azərbaycandan memar ixtisaslı yeganə Sosialist Əməyi Qəhrəmanı da məhz Mikayıl Useynov olub. Bu həm də Azərbaycan memarlığının beynəlxalq səviyyədə nüfuzunun göstəricisidir. Bu gün bizim istedadlı,  gənc memarlarımız varonlar bu sənəti bizdən sonra da yaşadacaqlar”.

E.Qasımzadə həmçinin diqqətə çatdırıb ki, müasir dövrdə Azərbaycan memarlığı və şəhərsalması dövlət siyasətinin ayrılmaz bir hissəsi olmaqla Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.

Mədəniyyət naziri Anar Kərimov yüksək adlara layiq görülmüş memarları təbrik edərək, onlara yaradıcılıq nailiyyətləri arzulayıb. “Memarlıq sənəti dünyanın inkişafını göstərən bir dəyərdir. Azərbaycan memarlıq sənəti onu göstərir ki, ölkəmizdə inkişaf etmiş sivilizasiya mövcud olub. Yüksək inkişaf etmiş Azərbaycan memarlıq sənəti  bu günuğurla davam edir. Ulu Öndər Heydər Əliyev memarlarımıza böyük diqqət göstərirdi. Bu gün bu ənənələr Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirilir. Otuz il işğal nəticəsində ermənilər tərəfindən memarlıq nümunələrimiz dağıdılıb. İndi qarşımızda bu memarlıq nümunələrini bərpa etmək kimi mühüm vəzifələr durur. İstərdik ki, gənc memarlar bu işdə fəal iştirak etsinlər”, - deyə nazir bildirib.

Bu gün Azərbaycan Memarlar İttifaqının beynəlxalq memarlar ailəsinin fəal üzvlərindən olduğunu deyən nazir vurğulayıb ki, memarın istedadı, yaradıcılıq qabiliyyəti olmazsa, yaşadığımız məkan bu qədər gözəl və rəngarəng ola bilməz.

Daha sonra nazir bu gün Prezident İlham Əliyev tərəfindən təltif edilən bir qrup memarı təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.  

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Azərbaycan memarlıq məktəbinin tarixi qədimlərə söykənir. “Ötən əsrin 30-cu illərindən fəaliyyət göstərən Memarlar İttifaqı Bakı şəhərinin idarəetmə orqanları ilə sıx əməkdaşlıq edib. Hazırda memarlarımız şəhərimizin gözəlləşməsində yaxından iştirak edirlər”, - deyən E.Əzizov bildirib ki, bu gün memarlarımızın bir qrupunun təltif edilməsi Prezidentin bu sahəyə diqqətinin bariz nümunəsidir.

Tədbirdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini, Əməkdar memar Elxan Əsədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov və digərləri milli memarlığın inkişafına böyük töhfələr vermiş memarları yüksək dövlət mükafatlarına layiq görüldüklərinə görə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Mərasimdə bir çox qurumun Azərbaycan Memarlar İttifaqına ünvanlandığı təbrik məktubu oxunub.

Tədbirdə Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonier Azərbaycan Memarlar İttifaqını 85 illiyi münasibətilə videoformatda təbrik edib.

Sonra bir qrup memara akademik Mikayıl Useynovun adına xatirə medalı təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Memarlar İttifaqının 85 illiyi ilə bağlı Azərbaycan və ingilis dilində kitab-albom hazırlanıb. Kitabda AZƏRTAC-ın fotolarından da istifadə olunub.

 

Azərbaycan.-2021.- 18 dekabr.- S.4.