Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
xüsusi rütbəsi olan
əməkdaşlarının aylıq pul
təminatının və dövlət qulluqçusu
olmayan mülki
işçilərinin aylıq vəzifə (tarif)
maaşlarının artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilsin.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılsın.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan əlavə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ödənilir.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.
6. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr
2021-ci il
Azərbaycan.- 2021.- 24 dekabr.- S. 23.