Hörmətli cənab Prezident, Sizin liderliyinizlə...

 

 

Dövlətin yüksəlişi, qlobal miqyasda özünə layiqli yer tutması ona rəhbərlik edən liderlərdən asılıdır. Respublikamızın 1993-cü ildən sonra yazılan tarixinə nəzər yetirsək, bunu aydın görərik. Məhz Ulu Öndər Heydər Əliyevin başlatdığı və bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs güclü Azərbaycan dövlətinin qurulmasını, onun yerləşdiyi bölgənin liderinə, dünyada isə nüfuzlu söz sahibinə çevrilməsini təmin edib.

Azərbaycan müstəqil siyasət yürüdən beynəlxalq birliyin fəal üzvü, aktual qlobal müzakirələrin fəal iştirakçısı, beynəlxalq enerji təhlükəsizliyində aparıcı dövlətlərdən biridir. Vətən müharibəsindəki qələbə isə respublikamızın beynəlxalq nüfuzunu daha da artıran tarixi amil oldu. Bütün bunları təmin edən Prezident İlham Əliyev beynəlxalq miqyasda, bütün siyasi dairələrdə ehtiramla qəbul olunan dövlət başçısı və siyasi liderdir. Yubileyi münasibətilə xarici ölkələrin dövlət və hökumət başçılarının, siyasi və ictimai xadimlərin  Prezident İlham Əliyevə  ünvanladıqları təbriklərdə bu bir daha öz təsdiqini tapır.

 

 

 

Mehriban ƏLİYEVA: “Biz Sizinlə fəxr edir və Sizi çox sevirik!”

 

 

 

“Bu gün mən milyonlarla Azərbaycan vətəndaşı kimi Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bizə - Azərbaycan xalqına milli qürur və birlik hissi bəxş etdiyinizə görə Sizə təşəkkür edirik. Uzun illərdir ki, hər bir azərbaycanlının qəlbində yaşayan istəyini və müqəddəs arzusunu çin etdiyinizə görə Sizə minnətdarıq. Azərbaycan xalqı müzəffər xalqdır!”

Bu fikirlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrikində yer alıb. Birinci vitse-prezidentin bununla bağlı rəsmi “İnstaqram” səhifəsində etdiyi paylaşımda deyilir: “Böyük işlər bir anda baş tutmur. İstənilən tarixi nailiyyətə aparan yol uzun, mürəkkəb və çətin olur. Sizin tarixi xidmətiniz ondadır ki, bu yola qədəm qoydunuz və onu şərəflə keçdiniz. Misilsiz xidmətiniz ondadır ki, bütün bu illər ərzində ölkəyə başçılıq edərək verdiyiniz qərarlarla Azərbaycan xalqının Zəfər qazanmasını təmin etdiniz.

Sizin gücünüz ondadır ki, bu yolda Siz xalqın etimadını qazanmağı bacardınız və məhz xalqın inam və sevgisinə arxalanaraq bu dəyərli etimadı doğrulda bildiniz. Tarixi xidmətiniz ondadır ki, bu illər ərzində bütün çətinliklərə, təzyiqlərə, bəzən əsassız və ədalətsiz fikirlərlə üzləşdiyinizə baxmayaraq, bir an belə inamınızı, ümidinizi və iradənizi itirmədiniz. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi böyük missiyanın yerinə yetirilməsi də məhz Sizin yenilməz iradəniz sayəsində mümkün oldu.

Mən bilirəm ki, Siz həmişə öz xalqınıza inanmısınız. Məhz bu inam Sizin bütün şəxsi keyfiyyətlərinizlə birgə qazandığınız və qazanacağınız qələbələrin mənbəyidir.

Sizə ən səmimi təşəkkürlər! İcazənizlə, yubiley gününüzdə Sizə və bütün Azərbaycan xalqına uzun ömür, möhkəm cansağlığı və bütün arzularınızın yerinə yetməsini diləyirəm.

Sizin uğur yolunuz davam etməkdədir və qarşıda hələ Vətənimiz naminə görəcəyiniz çoxlu işlər var. Tanrı Sizə güc və səbir versin! Uca Allah Sizi və Azərbaycan xalqını bu müqəddəs yolda qorusun! Biz Sizinlə fəxr edir və Sizi çox sevirik!”

Mehriban Əliyevanın təbrikində yer alan bu fikirlər həm də bütün Azərbaycan xalqının ürəyindən gələn sözlərdir.

 

 

 

Rəcəb Tayyib ƏRDOĞAN: “Qətiyyətli rəhbərliyiniz altında Can Azərbaycanın hər il

 

yeni uğurlara imza atmasına şahid olmaqdan böyük sevinc hissi keçirirəm”

 

 

 

Miqyasına və məzmununa görə Azərbaycan-Türkiyə münasibətlərinin dünyada analoqu yoxdur. Ötən ilin 44 günlük Vətən müharibəsi zamanı iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətləri özünün tarixi sınağından layiqincə çıxaraq daha da möhkəmləndi. Xalqımızın möhtəşəm Qələbəsi ilə başa çatan bu savaş  Azərbaycan və Türkiyəni bir-birinə daha da yaxınlaşdırdı, əlaqələri daha da sarsılmaz etdi.

Azərbaycanın uğurları, qələbələri qardaş dövlət kimi Türkiyənin də siyasi rəhbərliyini ürəkdən sevindirir. Bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə təbrikində də qeyd olunur. Azərbaycan Prezidentini 60 yaşının tamam olması münasibətilə özünün və millətinin adından səmimi-qəlbdən təbrik edən, İlham Əliyevə ailə üzvləri ilə birlikdə cansağlığı, xoşbəxt və uzun ömür arzulayan Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunda deyilir: “Qətiyyətli rəhbərliyiniz altında Can Azərbaycanın hər il yeni uğurlara imza atmasına şahid olmaqdan, qlobal miqyasda qazandığı nüfuzu və nail olduğu rifahı görməkdən böyük sevinc hissi keçirirəm. Qarabağın əvvəlcə işğaldan azad edilməsində, indi isə yenidən qurulması və bərpasında göstərdiyiniz əzm və qətiyyət Türkiyə tərəfindən böyük təqdirlə qarşılanır.

Sarsılmaz qardaşlıq bağları əsasında yaratdığımız, yüksək səviyyəli səfərlərlə inkişaf etdirdiyimiz əməkdaşlığımız sayəsində bölgəmizin mənzərəsini və gələcəyini müəyyənləşdirən bir çox ortaq layihələr reallaşdırmışıq və reallaşdırmaqda davam edəcəyik.

Ümummilli Lider Heydər Əliyevdən bizlərə miras olan “bir millət, iki dövlət” prinsipinə söykənən, müttəfiqlik mərtəbəsinə yüksəltməyi qərarlaşdırdığımız əzmkarlığımızı hər bir sahədə daha da inkişaf etdirmək iradəmiz sarsılmazdır. Əzəli və əbədi qardaşlığımızın şərti olan qarşılıqlı dəstək və həmrəyliyimiz regionumuzda sülh, sabitlik və rifahın da təminatıdır”.

Onu da qeyd edək ki, dekabrın 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi bir daha yubileyi münasibətilə təbrik edib, ona Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib. Dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

 

 

 

Vladimir PUTİN: “Sizin rəhbərliyinizlə Azərbaycanın iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurlar hamı tərəfindən etiraf olunur”

 

 

 

Azərbaycan-Rusiya münasibətləri son illərdə sürətlə inkişaf edib. Xüsusən iki ölkənin prezidentləri arasında olan dostluq münasibətləri, onların siyasi iradəsi və birgə səyləri bütün sahələrdə əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradıb. Bunun nəticəsidir ki, ildən-ilə yüksələn xətt üzrə inkişaf edən dövlətlərarası  münasibətlər hazırda strateji səviyyəyə yüksəlib.

 

Prezident İlham Əliyevi təbrik edənlər arasında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də var. Diqqət çəkən məqam odur ki, Vladimir Putin həm də İlham Əliyevi ilk təbrik edənlərdəndir. Bu faktın özü Azərbaycan Prezidentinin dövlət başçıları arasındakı yüksək nüfuzunun ən bariz təsdiqidir. Çünki Rusiya kimi supergücün rəhbərinin bu diqqətini başqa cür dəyərləndirmək də mümkün deyil.

 

Məktubda Prezident İlham Əliyevin ən mürəkkəb vəziyyətlərdə belə ölçülüb-biçilmiş, uzaqgörən qərarlar qəbul etməyi bacaran müdrik və təcrübəli dövlət xadimi olduğu, Azərbaycanın iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurların hamı tərəfindən etiraf edildiyi vurğulanır. Təbrik məktubunda deyilir: “Siz haqlı olaraq, istər həmvətənləriniz arasında, istərsə də beynəlxalq aləmdə ən mürəkkəb vəziyyətlərdə belə ölçülüb-biçilmiş, uzaqgörən qərarlar qəbul etməyi bacaran müdrik və təcrübəli dövlət xadimi kimi nüfuz qazanmısınız. Sizin rəhbərliyinizlə Azərbaycanın iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurlar hamı tərəfindən etiraf olunur.

 

Bizim yoldaşlıq münasibətlərimizi yüksək qiymətləndirirəm. Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi, həmçinin regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi naminə Sizinlə konstruktiv, məzmunlu dialoqun və sıx birgə fəaliyyətin davam etdirilməsinə şad olaram. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar arzulayıram. Fürsətdən istifadə edib ailənizə mənim səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”.

 

Rusiya Prezidenti də İlham Əliyevə telefonla zəng edib. Vladimir Putin dövlətimizin başçısını yubileyi münasibətilə bir daha təbrik edib, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rusiya Prezidentinə minnətdarlığını bildirib.

 

Dövlət başçıları strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər. Telefon söhbəti zamanı Soçi görüşü məmnunluqla xatırlanıb, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

 

 

 

Si CİNPİN: “Dostluq və əməkdaşlıq əlaqələrinin ölkələrimizin, xalqlarımızın rifahı naminə

 

yeni səviyyəyə yüksəlməsi üçün Sizinlə birgə səy göstərməyə hazıram”

 

 

 

Əhalisinə görə dünyanın ən böyük dövləti olan, eyni zamanda olduqca güclü iqtisadiyyata malik, beynəlxalq siyasi proseslərdə öz mövqeyi ilə fərqlənən Çinlə Azərbaycanın əlaqələri dostluq   qarşılıqlı etimad üzərində qurulub. Coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşmələrinə baxmayaraq, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafına hər zaman əlverişli zəmin yaradıb. Azərbaycan “Vahid Çin” siyasətinə hər zaman hörmətlə yanaşıb. Çin isə artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyib.

 

Təsadüfi deyil ki, Prezident İlham Əliyevi təbrik edən nüfuzlu siyasi liderlərdən biri də Çin Xalq Respublikasının Sədri Si Cinpindir. Onun təbrik məktubunda deyilir: “Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Son illərdə Çin-Azərbaycan münasibətləri sürətli və sabit şəkildə inkişaf edir, qarşılıqlı siyasi etimad gündən-günə möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq isə uğurla və səmərəli surətdə irəliləyir. Bu ilin iyun ayında telefon danışığımız zamanı biz ikitərəfli əlaqələrin inkişafı və əsas istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mühüm razılıqlar əldə etdik. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verir, ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin ölkələrimizin, xalqlarımızın rifahı naminə yeni səviyyəyə yüksəlməsi üçün Sizinlə birgə səy göstərməyə hazıram. Sizə möhkəm cansağlığı və firavanlıq arzu edirəm”.

 

 

 

Kasım-JomartTOKAYEV: “AzərbaycanSizinstratejikursunuzlabundansonradadayanıqlı inkişafyoluilə irəliləyəcək”

 

 

 

Ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Orta Asiyanın ən böyük türk dövlətlərindən olan Qazaxıstanı Azərbaycanla mənəvi ortaqlıqdan başqa, digər dəyərlər də bağlayır. Belə ki, hər iki türk dövləti son illərdə dinamik sosial-iqtisadi inkişafa nail olub. O cümlədən böyük neft-qaz ixracatçısına çevrilən Azərbaycan və Qazaxıstan dünyanın enerji təhlükəsizliyinin real təminatçıları rolunda çıxış edirlər.

 

Azərbaycanla Qazaxıstan arasında əlaqələr son illərdə xüsusilə genişlənib. Əlaqələrin genişlənməsinə Prezident İlham Əliyevin verdiyi töhfələr Qazaxıstanın rəhbərliyi tərəfindən təqdir olunur. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Prezident İlham Əliyevə təbrik məktubunda deyilir: “Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin. Siz bu yubiley gününü haqlı olaraq öz xalqınızın tanınmış, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, ölkənin sosial-iqtisadi inkişafında mühüm nailiyyətlərə və beynəlxalq arenada nüfuzunun artırılmasına tarixi töhfə vermiş lideri kimi qarşılayırsınız.Əminəm ki, Azərbaycan Sizin strateji kursunuzla bundan sonra da dayanıqlı inkişaf yolu ilə irəliləyəcək, güclü və firavanlaşan dövlət quruculuğu işində yeni zirvələr fəth edəcək.

 

Qazaxıstanda Sizin Qazaxıstan-Azərbaycan münasibətlərinin dərinləşməsinə verdiyiniz şəxsi töhfənizi yüksək qiymətləndirir və iki ölkə arasında çoxillik dostluq, qarşılıqlı dəstək və strateji tərəfdaşlıq tellərinin bundan sonra da möhkəmlənməsinə böyük əhəmiyyət verirlər.

 

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə məsul dövləti fəaliyyətinizdə böyük nailiyyətlər, qardaş Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram”.

 

Kasım-Jomart Tokayev İlham Əliyevə telefonla da zəng edib, yubileyi münasibətilə təbriklərini çatdırıb, ona möhkəm cansağlığı və dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

 

Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbası Nursultan Nazarbayev də Prezident İlham Əliyevi təbrik edib. Səmimi təbriklərini çatdıran Nursultan Nazarbayev yazır: “Siz dövlət başçısı kimi atanız - mənim dostum Heydər Əliyevin başlatdığı işi davam etdirərək xalqın rifahının yüksəldilməsində, ölkənin iqtisadiyyatının inkişafında və beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsində böyük nailiyyətlər əldə etmisiniz. Ölkənizin ərazi bütövlüyünün bərpası xüsusi sevinc doğurmuşdur. Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasında Sizin səyləriniz regionda təhlükəsizliyə və sabitliyə töhfə verir”.

 

 

 

Şavkat MİRZİYOYEV: “Sizin rəhbərliyinizlə Azərbaycanda genişmiqyaslı sosial-iqtisadi

 

islahatlar və səmərəli quruculuq işləri həyata keçirilir”

 

 

 

Azərbaycan-Özbəkistan əlaqələri də ortaq dəyərlərə, dostluğa, qardaşlığa söykənir. Son dövrlərdə iki ölkə arasında ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurları Özbəkistanda da diqqətlə izlənilir və təqdir olunur. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrikində yazır: “Altmış illik yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan çox məmnunam. Ötən dövrdə Siz həqiqi lider, beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmış, öz ölkəsinin inkişafına və onun xalqının firavanlığına qiymətli töhfə vermiş dövlət xadimi kimi layiqincə tanınmısınız. Bu gün Sizin rəhbərliyinizlə Azərbaycanda genişmiqyaslı sosial-iqtisadi islahatlar və səmərəli quruculuq işləri həyata keçirilir.

 

Cari ilin noyabr ayında İstanbulda Türk Şurasının Zirvə toplantısında layiq görüldüyünüz “Türk Dünyasının Ali Ordeni” qardaş xalqlarımızın birliyinin təmin olunması və regionda sabitlik yaradılması üçün Sizin həyata keçirdiyiniz genişmiqyaslı fəaliyyətin etiraf edilməsinə parlaq sübutdur.

 

Biz çox məmnunuq ki, son illərdə siyasi, ticari-iqtisadi, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və humanitar sahələrdə strateji tərəfdaşlıq əlaqələri xalqlarımızın ortaq tarixi, dini və mədəni kökləri əsasında, həmçinin qarşılıqlı etimad və hörmət ruhunda fəal inkişaf edir.

 

Yüksək və ali səviyyələrdə danışıqlar aparılması mütəmadi xarakter daşıyır, xüsusən bu ilin noyabr ayında keçirilmiş səmərəli dialoqlar və görüşlər, heç şübhəsiz, Özbəkistan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşməsinə xidmət edəcək, çoxşaxəli əməkdaşlığın miqyasının daha da genişlənməsinə şərait yaradacaq”.

 

 

 

Aleksandr LUKAŞENKO: “Sizin dostluğunuzu, etimadınızı, dəstəyinizi, Belarusun

 

mənafeyinə şəxsən diqqət yetirməyinizi çox yüksək qiymətləndirirəm”

 

 

 

Azərbaycana dost ölkələrdən biri də Belarusdur. Respublikamızla bu ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasındakı səmimi dostluq mühüm rol oynayır. İlham Əliyevlə Aleksandr Lukaşenkonun şəxsi dostluq münasibətləri isə əlaqələrin məzmun və mahiyyətinin zənginliyinə xüsusi dinamizm verir.

 

Prezident İlham Əliyevi təbrik edənlər arasında Belarus Prezidenti Aleksandr Lukaşenko da var. “Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bir dəfə Siz çox düzgün qeyd etmisiniz: Əgər gələcək haqqında fikirləşməsən, bu günün məsələlərini həll etmək çox çətindir. Azərbaycan bu prinsipi əsas tutaraq sosial-iqtisadi inkişaf sahəsində sanballı uğurlar qazanmış, beynəlxalq miqyasda öz mənafelərini qətiyyətlə müdafiə edən güclü və nüfuzlu dövlətə çevrilmişdir.

 

Minsk ilə Bakı arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla davam etməsini məmnuniyyətlə qeyd edirəm. Əminəm ki, nəzərdə tutduğumuz irihəcmli infrastruktur layihələrinin reallaşması çoxplanlı əməkdaşlığın dərinləşməsi üçün möhkəm təməl olacaq. Sizin dostluğunuzu, etimadınızı, dəstəyinizi, Belarusun mənafeyinə şəxsən diqqət yetirməyinizi çox yüksək qiymətləndirirəm. Görüşlərimizi səmimiyyətlə xatırlayır, qonaqpərvər Belarus torpağında Sizi tez-tez görməyə ümid edirəm.

 

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti vəzifənizdə həyata keçirdiyiniz quruculuq işlərində yeni uğurlar arzulayıram”, - deyə Aleksandr Lukaşenko təbrik məktubunda yazır.

 

 

 

Qurbanqulu BERDİMƏHƏMMƏDOV:

 

“Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində qazanılmış böyük uğurlar Sizin adınızla bağlıdır”

 

 

 

Azərbaycan-Türkmənistan münasibətləri də sürətlə inkişaf edir. Xüsusilə qeyd edilməlidir ki, bu ilin yanvarında Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması münasibətlərin yüksək səviyyəsindən xəbər verdi.

 

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov təbrikində Azərbaycanın uğurlarının Prezident İlham Əlliyevin adı ilə bağlı olduğunu qeyd edir: “Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm. Bu gün Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində qazanılmış böyük uğurlar, ölkənizin iqtisadi inkişafında mühüm nailiyyətlər, dünya arenasında onun nüfuzunun möhkəmlənməsi ayrılmaz surətdə Sizin adınızla bağlıdır.

 

Siz bütün varlığınızı doğma ölkənizin mənafelərinin qorunmasına, ümummilli hədəflərin və proqramların gerçəkləşməsinə həsr etmisiniz. Xalqa bu cür sədaqətli xidmət yüksək qiymətə layiqdir.

 

Ölkələrimiz arasında strateji və mehriban qonşuluq münasibətlərinin inkişafına, xalqlarımızın səmimi dostluğunun və qardaşlığının möhkəmlənməsinə Sizin şəxsi diqqətinizi və hərtərəfli dəstəyinizi xüsusi qeyd etmək istərdim.

 

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə firavanlığı, ölkənizin qardaş xalqına bundan sonra da sülh, tərəqqi və inkişaf arzulayıram”.

 

 

 

Emoməli RƏHMON: “Sizin həyat yolunuz, xalqınızın rifahı naminə fəal və fədakar əməyiniz ölkəyə vicdanla xidmətin parlaq nümunəsidir”

 

 

 

Azərbaycan-Tacikistan əlaqələri iki dövlətin və xalqın maraqlarına uyğun inkişaf edir. Prezident Emoməli Rəhmon təbrikində bildirir ki, ikitərəfli qarşılıqlı əlaqələrin keyfiyyətcə yeni inkişaf mərhələsinə çatmasını Tacikistanda Prezident İlham Əliyevin adı ilə bağlayırlar: “Həyatınızın əlamətdar günü - 60 illik yubileyiniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin. Bu xoş gündə qeyd etmək istəyirəm ki, Sizin həyat yolunuz, xalqınızın rifahı naminə fəal və fədakar əməyiniz ölkəyə vicdanla xidmətin parlaq nümunəsidir. Dost Azərbaycan xalqı sosial-iqtisadi dəyişikliklərin reallaşmasında, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsində, habelə respublikanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsində Sizin rəhbərliyinizlə qazanılmış uğurlara görə haqlı olaraq fəxr edə bilər.

 

İkitərəfli qarşılıqlı əlaqələrin yüksək etimad səviyyəsi ilə səciyyələnən keyfiyyətcə yeni inkişaf mərhələsinə çatmasını Tacikistanda Sizin adınızla bağlayırlar.

 

Bu xoş fürsətdən istifadə edib vurğulamaq istəyirəm ki, biz ölkələrimiz arasında dostluq və çoxtərəfli əməkdaşlıq münasibətlərinin hərtərəfli möhkəmlənməsi və genişlənməsi üçün Sizinlə bərabər bütün tədbirləri görmək əzmindəyik”.

 

 

 

İrakli QARİBAŞVİLİ: “Belə bir nümunəvi qardaşlığa görə Sizə bir daha təşəkkür edirəm”

 

 

 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də hökumət və gürcü xalqı adından Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Azərbaycanın uğurlu bir dövlət kimi qurulmasında Sizin xidmətləriniz və rolunuz ölçüyəgəlməzdir. Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində Sizin şəxsi səylərinizi nə qədər yüksək qiymətləndirdiyimizi xüsusi qeyd etmək istərdim.

 

Gürcü və Azərbaycan xalqları arasında ənənəvi dostluq Gürcüstan üçün çox dəyərlidir. Bu, ölkələrimizin mehriban qonşuluq və yaxın tərəfdaşlıq münasibətlərinin inkişafı üçün mühüm amildir. Qətiyyətlə inanıram ki, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq həmişə regionun sabitliyinə, tərəqqisinə və rifahına güclü təminat olacaqdır.

 

Şadam ki, xüsusən son dövrlərdə əməkdaşlığımızın yüksək səviyyəsi ümumi maraq kəsb edən bir sıra sahələrdə birgə uğurlu işlərimiz üçün möhkəm zəmin yaratmışdır.

 

Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Gürcüstanla Azərbaycan arasında qardaşlıq, dostluq, tərəfdaşlıq əlaqələri inkişaf edir, dərinləşir və bu işdə Sizin şəxsi töhfəniz çox böyükdür. Belə bir nümunəvi qardaşlığa görə Sizə bir daha təşəkkür edirəm. Əminəm ki, əlaqələrimiz Gürcüstan-Azərbaycan dostluğunun və əməkdaşlığının möhkəmlənməsinə yeni və daha güclü təkan verəcək, son nəticədə ölkələrimizə firavanlıq, sabitlik gətirəcəkdir. Ölkələrimiz gürcü və Azərbaycan xalqlarının çoxəsrlik mehriban qonşuluğa və dostluğa əsaslanan uğurlu əməkdaşlığını bundan sonra da davam etdirəcəklər.

 

Əziz dostum, hörmətli Prezident, icazə verin Sizə öz səmimi ehtiramımı bir daha ifadə edim. Sizə rifah və Azərbaycan Prezidenti kimi qarşıya qoyduğunuz məqsədlərə çatmaqda uğurlar arzulayıram”.

 

Qeyd edək ki, İrakli Qaribaşvili Prezident İlham Əliyevə həm də telefonla zəng edərək təbriklərini çatdırıb.

 

Prezident İlham Əliyevi təbrik edənlərin əhatə dairəsi olduqca genişdir. Onların arasında xeyli sayda dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların rəhbərlərini, din xadimlərini görmək mümkündür. Hər bir təbrik Prezident İlham Əliyevin şəxsiyyətinə olan yüksək diqqət və ehtiramdan, dövlətimizin başçısının yüksək nüfuzundan xəbər verir.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2021.- 26 dekabr.- S.1;4.