Prezident xalqı bir daha əmin etdi: heç kim unudulmur, heç nə yaddan
çıxmır
Dövlət
başçısının 23 dekabr
2021-ci il tarixli fərmanı
Birinci Qarabağ
müharibəsi iştirakçıları arasında böyük əks-səda doğurub
Çox da böyük deyil bu kənd. Hünəri, mərdliyi isə böyükdür. Çünki “kürəyi”ni Genqüzey, Dolmatlı, Keçəməl kimi əzəmətli dağlara söykəyib. Qara Qayadan bolluca dəyanət payı alıb. Bir də igid övladlarının qeyrətinə sığınıb, sücaətinə arxalanıb tarixboyu.
2020-ci ilin iyul ayında namərd qonşumuz Tovuza hücum edərkən döyüşlərin getdiyi kənddir bu. 30 ildən çox bir müddətdə erməni qəsbkarları tərəfindən çox belə hücumlara, yanğınlara məruz qalıb Ağdam kəndi. Həmişə də yağının mənfur niyyətini, işğalçılıq arzusunu puç edib.
- Kəndimiz sərhəddə yerləşdiyindən Ermənistan silahlı qüvvələrinin bölmələri son bir ilə qədər mütəmadi olaraq atəşkəsi pozaraq qanlı hadisələr törədirdilər. Əslində, kəndi ələ keçirməyi 1980-ci illərin sonlarından hədəfə almışdılar. Bizim igidlərimiz isə elə o vaxtlardan könüllü surətdə dağlara çəkilərək, düzlərə səpələnərək sinələrini yurda sipər etmişdilər. Torpaq uğrunda şəhidlər verdik, düşmən qocamıza, körpəmizə silah açdı. Amma heç kim qorxmadı, geriyə çəkilmədi, torpağın müdafiəsində daha möhkəm dayandı... Bizim bu balaca kəndin də Şəhidlər xiyabanı var. Burada kimlər uyumur?! 1990-cı illərin qəhrəmanları, sonralar ermənilərin zaman-zaman qətlə yetirdiyi günahsız sakinlər, 2020-ci ilin iyulunda mərdliklə döyüşərək öz yurdu uğrunda baş qoyan əsgər, Vətən müharibəsində Murovdağda şəhidlik zirvəsini fəth edən igid...
Bunları Tovuz Rayon İcra Hakimiyyəti başçısının Ağdam kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Elman Sadıqov deyir. Sonra da əlavə edir ki, kəndin Birinci Qarabağ savaşından üzübəri Vətən uğrunda öz sağlamlığından keçən onlarca sakini var. Ovaxtkı döyüşçülər indi yaşa dolublar. Ancaq bir dəfə də ağrı-acıları barədə dillərinə kəlmə gətirməyiblər. Əksinə, həmişə deyiblər ki, lazım olsa, yenə də hər biri silaha sarılmağa hazırdır.
Bu insanlara böyük hörmət bəslənir. Həm də təkcə Ağdam kəndində, Tovuz rayonunda deyil, ölkəmizin hər yerində. Hansı tərəfə üz tutsalar, harada qonaq olsalar, dincəlsələr, müalicə alsalar ehtiramla qarşılanırlar. Xalqın yanında, dövlətin hüzurunda başı ucadır onların - Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşənlərin, canını-qanını əsirgəməyənlərin hamısının! Dövlətimiz də onların xidmətini, haqqını unutmur. Hər şəhid ailəsi kimi, hər qazi, müharibə veteranı, Vətən qarşısında borcunu yerinə yetirərkən sağlamlığını itirən hərbçinin səhhəti, mənzil şəraiti, güzəranı şəxsən Prezident, Ali Baş Komandan İlham Əliyevin daim diqqətindədir.
Cari il dekabrın 23-də dövlət başçısının imzalaqığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman bu istiqamətdə atılan mühüm addımlardan biridir. Bu sənədin imzalanması Ağdam kəndindən olan Birinci Qarabağ müharibəsi əlillərini də sevindirib. Onlar 6 nəfərdir: Xaliq Hüseynov, İsa Əliyev, Mübariz Səfərov, Umud İsmayılov, Etibar Yusifov, Şaiq Tağıyev.
İndi ömrünün ahıl çağını yaşayan İsa Əliyev deyir:
- Birinci Qarabağ müharibəsinin II dərəcəli əliliyəm. 8 il - 1988-ci ildən 1996-cı ilə kimi doğma kəndimi erməni vandallarından qorumuşam. Əvvəlcə könüllü kimi döyüşmüşəm, sonra ordu formalaşdı, xidmətimiz rəsmiləşdi. Həmin illər ərzində səhhətimə olmazın zərbələr dəydi... 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə övladlarımızın Qələbə qazanması bizım yaralarımızı sağaltdı, qəlbimizə dinclik gətirdi, itirdiyimiz döyüş dostlarımızın qisasının alınması vicdanımıza rahatlıq bəxş etdi. İlham Əliyev hünəri tarixboyu yaşayacaq! Bizim xidmətlərimizə dəyər verdiyi, haqqımızı unutmadığı üçün də dövlətimizin başçısına, yenilməz sərkərdəmizə bir daha “Var olun!” deyirik.
Xaliq Hüseynov da II dərəcəli müharibə əlilidir. 1992-ci ilin əvvəlindən atası Teymur kişinin xeyir-duası ilə torpağın müdafiəçiləri sırasına qoşulub və qoçaq bir gənc olduğunu döyüşlərdə də göstərib. Erməni qəsbkarları növbəti dəfə atəşkəsi pozub təxribat törədəndə - 1994-cü il iyunun 17-də düşmənə tutarlı cavab verərkən bir ayağını itirib. Bu hadisədən sonra artıq döyüşə bilməsə də, ruhdan düşməyib, dinc əməklə məşğul olub, ailə qurub. Dörd övlad ömrünün keşiyində dayanıb veteranımız. Dövlət tərəfindən xidmətlərinin unutdulmadığı üçün çox məmnundur. Deyir ki, ona Tovuz rayonunun mərkəzində mənzil verilib. Eləcə də dövlətin verdiyi “OKA” avtomobili bu illər ərzində onun “əlindən çox tutub”.
Prezidentin imzaladığı yeni fərman Xaliq Hüseynovun və onun böyük ailəsinin sevincinə səbəb olub. Ağdam kəndində yaşayan Birinci Qarabağ müharibəsi əlillərinin hamısı Prezidentin bu humanist addımını yüksək dəyərləndirir. Dövlətdən alacaqları birdəfəlik ödəmənin onların ailə büdcəsinə dəstək olacağını, vəsaiti evin, uşaqların ehtiyacına, bağ-bostanlarının əkilib-becərilməsinə yönəldəcəklərini bildirirlər. Ən başlıcası isə, onlar bunu maddiyyatdan çox, mənəviyyatla bağlayırlar: “Məsələnin məğzi təkcə pulda deyil, Prezidentimizin diqqətində, qayğıkeşliyində, bizi yadda saxlamasında, xidmətimizə dəyər verməsindədir”.
Gənclər, böyüməkdə olan nəsil də görür ki, heç nə unudulmur, heç kim yaddan çıxmır. Belə fərmanlar həm də onların vətənpərvərlik tərbiyəsində özünəməxsus bir dərsdir.
Flora SADIQLI,
Azərbaycan.-2021.- 18 dekabr.- S.1;6.