Yüksək beynəlxalq etimad
Qurucu
rəhbər, qlobal lider, müzəffər komandan
Prezident,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyev Azərbaycana rəhbərlik
etdiyi 18 il ərzində milli dövlət quruculuğunun
bütün parametrlərinə
uyğun qazandığı
uğurlara, habelə ötən ilin noyabrında 30 illik erməni işğalına
son qoyan 44 günlük
Vətən müharibəsinin
tarixi Qələbəsinə
görə güclü
lider kimi beynəlxalq aləmdə böyük nüfuz sahibidir.
Prezident İlham Əliyev xoşbəxt dövlət rəhbəridir ki, xalq onu sevir, onunla həmrəydir. Son 18 il ərzində onun əzmkarlığı və qətiyyəti sayəsində ölkəmizin iqtisadi gücü dəfələrlə yüksəlib, şəhər və rayonlarda böyük abadlıq, bərpa və quruculuq işləri aparılıb. Dünya standartlarına uyğun magistral yollar, müasir tipli məktəblər, xəstəxanalar, uşaq bağçaları, körpələr evləri, müalicə-sağlamlıq və turizm mərkəzləri istifadəyə verilib. Ən başlıcası, Azərbaycanın tarixi əraziləri erməni işğalından azad edilib və bu yerlərdə böyük tikinti-bərpa işlərinə başlanılıb. İndi Böyük Qayıdışa hazırlıq görülür. Genişmiqyaslı və hərtərəfli islahatlar sayəsində nəinki Qarabağın, Azərbaycanın siması büsbütün dəyişməkdədir.
Müasir, sivil və demokratik inkişaf yolunu seçmiş Azərbaycanın səsi dünyanın ən mötəbər kürsülərindən eşidilməkdədir. Prezident İlham Əliyevin hadisə və proseslərə prinsipial və qətiyyətli yanaşma tərzinə, ardıcıl və sistemli qərarqəbuletmə məharətinə, sarsılmaz iradəsinə heç bir kənar qüvvə təsir edə bilmir. Prezidentin həyata keçirdiyi uğurlu diplomatik gedişlər nəticəsində Azərbaycan müstəqil xarici siyasət formalaşdırıb. Ölkəmiz öz milli maraqlarına xidmət edən bərabərhüquqlu və qarşılıqlı əməkdaşlıq əsasında xoşniyyətli tərəfdaşlar üçün unikal məkana çevrilib. Bu siyasətin təntənəsi Azərbaycanın ictimai-siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində də öz təsdiqini tapıb. Bu həqiqət dünya siyasətçilərinin maraqla izlədiyi Brüssel görüşlərində də özünü büruzə verdi. İkinci Qarabağ müharibəsinin qalibi və məğlubu arasında aparılan danışıqlarda İlham Əliyev postmüharibə dövründə mövqeyini daha da möhkəmlədən lider kimi göründü. Noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə keçirilən üçtərəfli görüşdə olduğu kimi, Brüsseldə də şərtləri İlham Əliyev diktə etdi. Azərbaycan Prezidenti dünya birliyinin diqqətinə çatdırdı ki, Ermənistan götürdüyü öhdəliyi yerinə yetirməkdən açıq-aşkar boyun qaçırır. Bu da tərəflər arasında sülh sazişinin imzalanmasını gecikdirir.
Cənab İlham Əliyev bu fikirləri Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin, Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etdiyi görüşdə də söyləyib. Şarl Mişel üçtərəfli görüşdən sonra dərhal bütün təklif və tələblər nəzərə alınmaqla Azərbaycan Prezidentinin haqlı mövqeyini dəstəkləyən bəyanat yayıb.
Brüsseldə səfərdə olarkən dövlətimizin başçısı İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşündə Azərbaycanın alyansla etibarlı tərəfdaş olduğu vurğulandı və diqqətə çatdırıldı ki, Azərbaycan müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən NATO, BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İƏT, MDB və çoxlu sayda digər təşkilatlarla fəal əməkdaşlıq edir, habelə GUAM regional qrupun təsisçilərindən biridir. Azərbaycan bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə öz milli maraqlarını gerçəkləşdirir.
Prezident İlham Əliyevin yüksək nüfuz sahibi kimi beynəlxalq təşkilatlarda çıxışı, dövlət başçıları ilə görüşlərində təklif və tövsiyələri dəyərləndirildi. Bu həqiqət dünya dövlətlərini öz əsarətinə almış COVID-19 pandemiyası ilə qlobal mübarizə şəraitində tam aydınlığı ilə özünü büruzə verdi. Prezident İlham Əliyevin COVID-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunması; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər sırasındadır. Bu fakt Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi səviyyəsində də bir neçə dəfə etiraf olunub və bu baxımdan Azərbaycanın adı nümunəvi dövlətlər sırasında yer alıb. Prezident İlham Əliyevin Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model kimi seçilmişdir.
Dünyanın pandemiya tərəfindən hədəfə alındığı çətin günlərdə ölkəmiz və onun lideri İlham Əliyev sözün həqiqi mənasında bütün dövlətlər və onların liderləri üçün bir nümunə oldu. Milyonları ölümlə hədələyən qlobal pandemiya şəraitində əksəriyyət düşünürdü ki, beynəlxalq təhlükəsizliyə xüsusi cavabdehlik daşıyan dövlətlər BMT TŞ-nin daimi üzvləri ilə birlikdə, ya da fərdi olaraq bu ümumi bəlaya qarşı səylərin birləşdirilməsi məsuliyyətini üzərlərinə götürəcək və BMT Baş Məclisinin xüsusi sessiyasını çağıracaqlar. Həqiqət isə budur ki, məlum təşəbbüslə BMT TŞ-nin heç bir daimi üzvü çıxış etmədi. Bu təşəbbüsü dünyanın müxtəlif qitələrinin heç bir aparıcı dövləti irəli sürmədi. Bu təşəbbüslə BMT TŞ-nin 2 il qeyri-daimi üzvü olmuş, 2 dəfə dünyanın ən böyük təşkilatının Təhlükəsizlik Şurasına sədrlik etmiş Azərbaycan Respublikası və onun rəhbəri Prezident İlham Əliyev çıxış etdi. Əslində, Prezident bu təşəbbüslə həm də BMT-nin nüfuzunun qaldırılması məqsədinə xidmət edən bir davranış ortaya qoyub.
Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti daha çox xarici siyasətdə özünü göstərir. Xarici siyasət kursunda tarazlaşdırılmış konsepsiyaya üstünlük verən Azərbaycan Prezidenti çıxışlarında, xarici jurnalistlərə verdiyi müsahibələrdə dəfələrlə vurğulamışdır ki, Vətən müharibəsinin tarixi nailiyyətlərindən biri də Zəngəzur dəhlizidir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması Azərbaycanın böyük siyasi qələbəsidir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihəsi masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır.
Görünən odur ki, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu təkliflər reallaşmaqdadır. Artıq bir sıra Avropa ölkələri, eləcə də indiyəcən neytrallıq nümayiş etdirən xarici dövlətlər indi Azərbaycan liderinin mövqeyini dəstəkləyirlər.
Rəhman SALMANLI,
Azərbaycan.-2021.- 26 dekabr.- S.7.