Əsas məqsəd qeyri neft-qaz sənayesinin
inkişafını sürətləndirməkdir
İşğaldan azad olunmuş ərazilərin
potensialı bu məqsədə çatmağa əlavə güc
qatacaq
Prezident İlham Əliyevin ölkənin hərtərəfli inkişafı istiqamətində apardığı islahatlar bu gün real həyatda özünü göstərir. Belə reallıqlardan biri və bəlkə də birincisi son dövrlər qeyri neft-qaz sektorunun inkişafının xeyli sürətlənməsidir. Bunun nəticəsidir ki, qeyri-neft məhsullarının ixracı 45 faiz artıb. Energetikaya aid olmayan sənaye məhsullarının ixracının artımı isə 20 faizə çatıb.
Sözsüz
ki, bu nəticələr Prezident İlham Əliyevin
apardığı uğurlu sənayeləşmə siyasəti
sayəsində mümkün olub. Artıq neçə
vaxtdır bu sektorda çalışan sahibkarlara
çoxsaylı güzəştlər olunur, o cümlədən
güzəştli kreditlər verilir. Bundan əlavə, sənaye
parklarında və məhəllələrində fəaliyyət
göstərən sahibkarlara vergi və gömrük güzəştləri
tətbiq olunur. Onu da qeyd edək ki, həmin sənaye
zonalarında dövlət vəsaiti hesabına hər cür
müasir infrastruktur yaradılmışdır. Ümumiyyətlə,
son 10 ildə dövlətin ayırdığı güzəştli
kreditlərdə qeyri-neft sektorunda çalışan iş
adamlarının payı üstünlük təşkil edir.
Cari ilin yanvar-noyabr aylarında ÜDM-in qeyri neft-qaz sektoru
üzrə əlavə dəyərdə 6,4 faiz
artımın olması da
görülən həmin
tədbirlərdən qaynaqlanır.
Dövlət Statistika Komitəsinin verdiyi digər məlumata görə, cari ilin 11 ayı ərzində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 5,5 faiz artaraq 47,9 milyard manata çatmışdır. Həmin dövrdə sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 20,7 faiz artmışdır.
Sahibkarlığın inkişafı qeyri-dövlət sektorunda məhsul istehsalının artmasında da özünü göstərir. Belə ki, hesabat dövründə sənayedə məhsul istehsalının 82 faizi özəl sektora məxsus olmuşdur. Bu dövrdə ümumi istehsalın 91,6 faizi sənaye məhsullarının istehsalı, 8,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına formalaşmışdır.
Məlumdur ki, ölkəmizdə mədənçıxarma sənayesi məhsul istehsalında və ixracında önəmli paya malikdir və əsas gəlir mənbəyimizdir. Cari ilin 9 ayında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 30,6 milyard manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artmışdır. Hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 31,6 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 29,4 milyard kubmetr olmuşdur. Əmtəəlik neft hasilatı əvvəlki dövrlə müqayisədə eyni səviyyədə qalmış, əmtəəlik qaz hasilatı isə 23 faiz artmışdır.
Emal sənayesi üzrə də məhsul istehsalında müsbət dinamika müşahidə olunur. Bu sahədə ən çox artım tütün məmulatlarında, qida məhsullarında və içki istehsalında qeydə alınmışdır. Toxuculuq sənayesində ən yüksək artım dəri və dəridən hazırlanan məmulatlarda və ayaqqabıların istehsalında olmuşdur.
Cari ilin yanvar-noyabr aylarında neft məhsullarının istehsalının ümumi dəyəri 14,6 faiz artmışdır. Həmin dövrdə neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 2,3 dəfə, sürtkü yağlarının istehsalı 60,9, neft koksunun istehsalı 30,9, dizel yanacağının istehsalı 19, avtomobil benzininin istehsalı 6,8, yanacaq mazutunun istehsalı 1,5 faiz çoxalmışdır.
Qeyri-neft sənayesində məhsul istehsalının artması ölkəmizə bir sıra üstünlüklər qazandırır. Belə ki, bu sektorun istehsal imkanlarının artması əvvəla daxili tələbatın ödənilməsində önəmli rol oynayır, digər tərəfdən ixrac potensialını artırır. İxracın artması isə ölkəmizə əlavə valyutanın daxil olmasına imkan yaradır ki, bu da ölkəmizin maliyyə imkanlarını genişləndirir, milli valyutanın dəyərini artırır. Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 42,2, real istifadədə 31 faiz artaraq 2 milyard 53,6 milyon dollara bərabər olmuşdur.
Bu ilin ixracatında xam neft, təbii qaz, neft-qaz məhsulları ilə yanaşı, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, kimya sənayesi məhsulları, alüminium və ondan hazırlanan məmulatlar, həmçinin qara metallar və ondan hazırlanan məmulatlar, şəkər, bitki yağları, alkoqollu və alkoqolsuz içkilər üstünlük təşkil etmişdir.
Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibəsində qeyri neft-qaz sektorunun inkişafının bugünü və gələcəyi barədə demişdir: “Yenə də ixracın həcmində qeyri-neft seqmentinin nisbəti aşağıdır. Lakin hesab edirəm ki, bu seqment artacaq, xüsusilə azad edilmiş ərazilərdə yeni imkanlar və kənd təsərrüfatının, turizmin, bərpaolunan enerjinin və sənayenin nəhəng potensialını nəzərə alsaq. Beləliklə, biz gələcəkdə neft və qazdan asılılığı azaltmağı planlaşdırmışıq”.
Rüstəm
KAMAL,
Azərbaycan.-2021.- 26 dekabr.- S.8.