Əsrlərin mirasına
böyük qayğı
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev milli dövlətçilik tariximizdə yeni
bir mərhələnin yaradıcısıdır. Görkəmli
fikir adamlarımızın xalqımızın gələcəyi
ilə bağlı amalları, yüz illər ərzində
müəyyənləşən strateji məqsədlərimiz
məhz cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi
zamanında reallaşdı. Azərbaycan Prezidenti Ulu Öndər
Heydər Əliyevin qarşıya qoyduğu aydın
inkişaf istiqamətləri ilə müstəqil dövlətimizi
tarixinin ən qüdrətli intibah dövrünə yetirdi. Bununla da təxminən iki əsrin
problemini həll etməyə nail oldu. Ordumuzun gücü ilə
torpaqlarımızı düşmən tapdağından azad
etdi. Azərbaycan Prezidenti xalqımızı ən
böyük qələbəyə yetirən qüdrətli
şəxsiyyət və güclü Liderdir.
Tarix boyu
yaşadığımız keşməkeşlər,
işğallar, əsarətlər, başımıza gələn
müsibətlər bizi toplum olaraq taleyimizə boyun əyməyə
öyrətmişdi. Torpaqlarımızı itirə-itirə
getməyimizə acı taleyimiz kimi dözürdük.
Hansısa məqamlarda qəsbkarların
qarşısını almağa nail olanda buna sevinirdik. Azərbaycan
Prezidenti isə 44 günlük Vətən müharibəsi ilə
bu taleyimizi dəyişdi. İtirilmiş Azərbaycan
torpaqlarını geri almağa müvəffəq olmuş
qüdrətli Sərkərdə kimi adını tarixə əbədi
yazdı, yeni bir tarixin başlanğıcını qoydu. Və
bu başlanğıcdan gələcəyə doğru yola
çıxan Azərbaycanı qarşıda yalnız
uğurlar, möhtəşəm günlər gözləyir.
Xalqa xidmət
nümunəsi
Azərbaycan
Prezidentinin 2003-cü ildə ölkəmizə rəhbərliyi
dövründən, ondan da əvvəl Ulu Öndər Heydər
Əliyevin yaxın silahdaşı kimi ötən əsrin
90-cı illərinin ortalarından xalqımıza
qazandırdığı nailiyyətlərin miqyası
çox genişdir. Ən müxtəlif sahələrdə
çalışıb və məşğul olduğu hər
işdə xalqına fayda verməyi qarşısına ali məqsəd
qoyub və bu məqsədinə də çatıb. Ona
görə də Azərbaycan Prezidentinin həyat və fəaliyyəti
dövlətimizə xidmət nümunələri ilə zəngindir.
Bu illər
ərzində əzmlə həyata keçirilən
milli-strateji inkişaf kursu ilə Azərbaycan özünəməxsus
tərəqqi modelini formalaşdırıb. Dünya birliyində
layiqli yer tutub. Onun siyasi iradəsi sayəsində icra olunan
irimiqyaslı layihələrlə ölkəmiz regionun əsas
söz sahibi, inkişaf mərkəzi kimi mövqelərini
möhkəmləndirib. Belə bir fəaliyyət dövlətimizin
gələcəyi üçün aydın proqram, etibarlı
yol bələdçisi olub.
Bu gün
cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki,
tarixi inkişaf proseslərindən keçməsin.
Bütün istiqamətlərdə misilsiz tərəqqi,
oyanış ruhu hökm sürür. Ölkədə gedən sosial-iqtisadi inkişaf proseslərindən
tutmuş insanların rifahına, innovasiyaların həyatımıza
gəlişinə, cəmiyyətin maraqlarına, Azərbaycanın
getdikcə abadlaşan mənzərəsinə qədər bu
ruhu duyub hiss edə bilirik.
Mədəniyyətdən
başlanan intibah
İntibah
çox zaman mədəniyyətdən başlanır. Ölkə
rəhbərinin həyata keçirdiyi inkişaf siyasətində
də mədəniyyətin xüsusi yeri var. Azərbaycana rəhbərliyi
dövründə Prezident İlham Əliyev cəmiyyət həyatının
digər mühüm sferaları kimi, mədəniyyət sahəsində
də əsaslı islahatlar aparıb. Mənəvi dəyərlərimizin
inkişafını daim diqqət mərkəzində
saxlayıb. Mədəniyyət sahəsində 600-dən
çox fərman və sərəncama imza atıb. Bu istiqamətdə
böyük investisiya tutumlu proqramlar icra olunub. Paytaxt Bakıda
və regionlarımızda bir sıra mədəniyyət mərkəzləri,
teatr binaları, sərgi salonları, rəsm qalereyaları
istifadəyə verilib. Eyni zamanda mövcud mədəniyyət
obyektlərinin müasir standartlara uyğun təmiri,
maddi-texniki bazasının gücləndirilməsi, muzey
fondlarının komplektləşdirilməsi və
ekspozisiyaların zənginləşdirilməsi istiqamətində
irihəcmli layihələr reallaşdırılıb.
Prezident
İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində
ölkəmiz BMT, İslam Əməkdaşlıq Təşkilatı,
UNESCO, Avropa Şurası, Avropa İttifaqı, ICESCO və
başqa nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli
əməkdaşlıq əlaqələri qurub. Bu əlaqələrin
mühüm bir qismi məhz mədəniyyət sahəsinə
aiddir. Dövlət başçısının 14 fevral
2014-cü il tarixli sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət
Konsepsiyası” sonrakı dövr üçün ölkənin
mədəni həyatının müasir tələblər səviyyəsində
qurulmasına əsaslı stimul vermişdir.
Bu gün
Azərbaycan incəsənəti ölkəmizi dünyada daha
geniş miqyasda tanıtmaqdadır. UNESCO və ICESCO kimi
mötəbər beynəlxalq təşkilatlar Azərbaycanı
yüksək sivilizasiyalı bir ölkə kimi tanıyır.
Bizim bir çox mədəniyyət abidələrimiz bu
nüfuzlu qurumların maddi və mənəvi irs
siyahısına salınmışdır.
Dövlət
başçısı mədəniyyətə fərdləri
birləşdirən dəyər kimi yanaşır. Bunu bəşəriyyətə
xidmət etmək istəyən bütün insanların ali
niyyətlərinin ifadəsi kimi görür. Prezident İlham
Əliyev mədəniyyətlər arasında uğurlu
dialoqun dünyanı bir çox problemlərdən xilas edə
biləcəyinə inanır. Bütün imkanları ilə
buna töhfə verməyə çalışır.
Çünki zəmanəsinin ən parlaq liderlərindən
biri, uzaqgörən dövlət xadimi kimi fərqli mədəniyyətlər
arasında toqquşmaların dünyamızı hansı fəlakətlərə
apara biləcəyi də ona yaxşı əyandır. Bu
gün Azərbaycan bütün dünyada
tolerantlığın, multikulturalizmin, fərqli mədəniyyətlər
arasında hörmət ruhunun örnəyini yaradır. Şərqlə
Qərbin təmas məkanı, tolerantlıq ölkəsi kimi
hər kəsin marağını cəlb edir. Azərbaycan
Prezidenti xalqımızın tarixən malik olduğu
tolerantlıq ruhunu, multikulturalizm
ənənələrini dövlət siyasətinin
mühüm bir hissəsinə çevirməyə müvəffəq
olub. 2008-ci ildə Azərbaycanın təşəbbüsü
ilə başlanan “Bakı Prosesi” dünyada sülhün əldə
olunmasına, gərginliklərin mümkün qədər
minimallaşdırılmasına, toplumlar arasında
anlaşmaların yaranmasına, qlobal problemlərin həlli ilə
bağlı faydalı təşəbbüslərin
formalaşmasına ciddi töhfələr verir. 2008-ci ildə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
irəli sürülən mədəniyyətlərarası
dialoqa dair “Bakı Prosesi” regional təşəbbüsdən
beynəlxalq platformaya çevrilmişdir.
Azərbaycan
adına bütün bu uğurların əldə
olunmasında ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun rəhbəri, UNESCO və ICESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın da mühüm xidmətləri
var. Görkəmli sənət adamlarının - şairlərimizin,
bəstəkarlarımızın, elm xadimlərimizin yubileylərinin
UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinə,
incəsənətinə verilən yüksək qiymətin təzahürüdür.
Azərbaycan
dövləti bu gün ölkəmizdə yaşayan
bütün xalqların nümayəndələrini ortaq mədəni
dəyərlər ruhunda bir araya gətirir. Tarixi qələbəmizdən
sonra Şuşada təntənəli şəkildə
keçirilən “Xarı- bülbül” festivalı, “Musiqi
irsi və Qarabağ atları Cıdır düzündə”
musiqili kompozisiya bunun təzahürü idi. Həmin festivalda
Azərbaycan dövləti eyni bir dövlətdə, eyni bir
bayraq altında, eyni arzularda qovuşmuş mədəniyyətlərin
nə qədər möhtəşəm bir gözəllik
yaratdığını, sülhə, davamlı inkişafa,
rifaha, xoşbəxtliyə yol açdığını
bütün dünyaya sərgilədi. Bu möhtəşəmliyin
müəllifi Azərbaycan Respublikasının Prezidentidir. Bu
misilsiz mənzərə cənab İlham Əliyevin əsəridir.
Həyata
qaytarılan abidələr
Vətən
müharibəsindəki tarixi zəfərimizdən sonra azad
torpaqlarımızda yenidən həyat canlanır, quruculuq tədbirləri
geniş vüsət alır. Bu prosesdə də mədəniyyət
məsələlərinə
xüsusi önəm verilir. Bölgədə infrastruktur
layihələri ilə yanaşı, tarixi və mədəniyyət
abidələrinin inventarlaşdırılması, mühafizəsi,
o cümlədən bərpası istiqamətində
genişmiqyaslı işlər həyata keçirilir. Erməni
vandallarının tarixi nişanələrimizi silmək
üçün on illər ərzində dağıdıb
tar-mar etdiyi abidələrimiz yenidən həyata
qaytarılır.
Heydər
Əliyev Fondu da tarixi bərpa işlərində dövlət
tərəfindən reallaşdırılan layihələrə
vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini
göstərir. Bu işlərə yerli mütəxəssislərlə
yanaşı, xarici ekspertlər, o cümlədən Avstriya,
Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya,
Türkiyə, Gürcüstan və digər ölkələrdən
olan peşəkarlar cəlb olunub.
Ötən
müddət ərzində artıq bir sıra mədəniyyət
abidələrinin bərpası başa
çatdırılıb. Bu ilin avqust ayında Şuşa
şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə
kompleksinin təmir-bərpa və yenidənqurma işləri
yekunlaşıb və kompleks istifadəyə verilib. Həmçinin
dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü,
görkəmli bəstəkar Üzeyir bəy Hacıbəylinin
heykəli Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən
qurularaq Şuşa şəhərində ucaldılıb.
Burada tarixi abidələr yerləşən hissələr
zonalara ayrılıb. Şuşa şəhərindəki
150-dən çox tarixi abidənin hər biri xüsusi diqqətdədir.
Bununla
Şuşanın həyatında yeni bir sabah
açılır. Bu sabahın günəşindən Azərbaycanın
gələcəyinə işıq düşür.
Xalqımızın bu torpaqlarda əbədi həyatı,
xoşbəxtliyi, bizimlə eyni ümumbəşəri dəyərləri
paylaşan hər kəslə sülh və əmin-amanlıq
içində yaşamaq, dünyaya fayda vermək əzmi
görünür.
Böyük
şəxsiyyətlərimizə verilən dəyər
Bu gün
Azərbaycan öz milli-mənəvi dəyərlərini,
tarixi şəxsiyyətlərini dünyada təbliğ edir.
Beynəlxalq ictimaiyyət xalq olaraq bizi tarix boyu bəşər
mədəniyyətinə ciddi töhfələr vermiş
mütəfəkkirlərimizin mənəvi irsi
işığında tanıyıb dəyərləndirir. Nəsimi,
Nizami və başqa böyük şəxsiyyətlərimizin
yaradıcılığına diqqət yönəltməklə
Azərbaycan bu dühaların yaradıcılıq
dünyasından müasir bəşəriyyətin,
çağdaş insanın problemlərinə həllər
tapır. Azərbaycanda dövlət rəhbərimizin təşəbbüsü
ilə “Nəsimi ili”, “Nizami ili”nin elan olunması belə
böyük dühalarımızı cəmiyyətimizə də,
gənc nəsillərimizə də fərqli yöndən
tanıdır. Onların mənəvi irsi
işığında gələcəyə doğru aydın
yol göstərilir.
Yada salaq
ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə
2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olundu.
Böyük şair və mütəfəkkir İmadəddin
Nəsiminin 650 illiyi ilə bağlı silsilə tədbirlər
keçirildi. Həmçinin Nəsiminin yubileyi Parisdə -
UNESCO-nun mənzil-qərargahında da qeyd edildi.
Prezidentin 5 yanvar 2021-ci il tarixli Sərəncamı əsasında isə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar 2021-ci il ölkəmizdə “Nizami ili” elan olundu. Bu, təkcə Nizami yaradıcılığına, ədəbiyyata deyil, ümumilikdə mədəniyyətə, Azərbaycana və sivilizasiyaya verilən dəyərdir.
Missiya
Azərbaycan Prezidenti ölkəmizi uğurlu gələcəyə aparır, məqsədyönlü daxili və xarici siyasətinin uğurları sayəsində milli maraqlarımızı qoruyur. Dünyada sülhün, insanların xoşbəxt həyatının təmin olunması, bəşəriyyəti narahat edən problemlərin həlli, ölkələr arasında faydalı əməkdaşlıqların qurulması məqsədilə irəli sürdüyü qlobal təşəbbüslər və onların özünü doğruldan tarixi nəticələri dövlət rəhbərimizin zəmanəmizin ən parlaq liderlərindən biri olduğunu göstərir, şəxsiyyətinə dərin rəğbət formalaşdırır.
Vətəndaşlarımızın rifahına xidmət edən sosial siyasət, müasir çağırışlara uyğun davamlı islahatlar, dayanıqlı inkişafa zəmin yaradan zəruri əsaslar, cəmiyyətimizdə milli vəhdətin, hərtərəfli tərəqqi mühitinin təmin olunması Prezident İlham Əliyevin Azərbaycana qazandırdığı mühüm nailiyyətlərdir.
Tarixi Zəfərimizdən sonra yaranmış yeni tarixi reallıqda cənab İlham Əliyev regionun sülh, dayanıqlı inkişaf məkanı olmasını hədəfləyən strateji kursla Cənubi Qafqaz regionunun gələcəyinin memarı missiyasını həyata keçirməkdədir.
İradə ƏLİYEVA,
Azərbaycan.-2021.- 26 dekabr.- S.9.