Ölkəmizdə qış turizminin coğrafiyası genişlənir

 

 

Qarlı-şaxtalı qış fəslinin özəlliklərindən yararlanmaq  istəyən turistlərin sayı heç də yaz-yay aylarındakından az olmur. Dünya Turizm Təşkilatının statistikasına əsasən, hər il səyahət etmək istəyənlərin təxminən 30-35 faizi istirahət mərkəzlərinə məhz qış ayında üz tuturlar. İsveçrə, Skandinaviya ölkələri, Çexiya, ABŞ, Kanada və Rusiya qış turizminin inkişaf etdiyi ölkələr sırasındadır.

Ekspertlər də bu fikirdədirlər ki, COVID-19 pandemiyasının dünyada yaratdığı çətinliklər səbəbindən, o cümlədən Azərbaycanda da istər yaz-yay, istər payız-qış fəslində vətəndaşların səyahətə və istirahətə getmək imkanları məhdud olmuşdur. Digər tərəfdən Ermənistan silahlı birləşmələrinin ölkəmizin 20 faiz ərazisini 30 ilə yaxın işğal altında saxlaması və ötən ilin sentyabrında başlanan Vətən müharibəsi də turizmin inkişafını ləngidən amillərdən olmuşdur. Ancaq buna baxmayaraq, ölkəmizin müəyyən bölgələrində müasir yollar çəkilmiş, yeni turizm sahələri, istirahət mərkəzləri  yaradılmışdır. Turizmin inkişafı baxımından əlverişli şəraitə malik ölkəmizdə, xüsusilə Qusar, Qəbələ, Göygöl və Gədəbəydə yaradılan istirahət guşələri göstərir ki,  Azərbaycan qış turizminin təşkili baxımından hər cür imkanın olduğu ölkələrdəndir. Son illər respublikamızda fəaliyyət göstərən turizm şirkətləri respublikamızın füsunkar bölgələrinə səyahətləri tur paketlər vasitəsilə təşkil edirlər. Tur paketlərin qiymətindəki müxtəliflik ilk növbədə səyahətin müddətindən, hotellərdə göstərilən xidmətlərin fərqliliyindən və əyləncəli proqramların təşkilindən asılıdır. Müşahidələrdən görünür ki, keçirilən bu kimi bir çox tədbir, xüsusilə idman yarışları əcnəbi vətəndaşlarda ölkəmizə olan marağı xeyli artırır.  Belə olan halda Azərbaycana bir gələn bir də gəlmək istəyir. Belə ünvanlardan biri də Qubanın Qonaqkənd kəndidir. Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan bu məkan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir.

 

Qonaqkənddə turizmin kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial və s. inkişafı üçün geniş imkanlar mövcuddur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba rayonuna səfərləri zamanı Qonaqkənddə də olublar. Prezident İlham Əliyev ictimaiyyət nümayəndələri və kənd sakinləri ilə görüşündə bu yerlərin özəlliklərindən danışarkən demişdir: “Mən ilk dəfədir Qonaqkənddəyəm. Amma bu kənd haqqında çox eşitmişəm və bilirəm ki, bu kəndin Azərbaycan tarixində çox böyük yeri var, tarixi yerdir, tarixi yaşayış məskənidir. Bilirəm ki, Qonaqkənd camaatı həmişə zəhmətkeş olub, həmişə mərd olub, həmişə Azərbaycan dövlətçiliyinin keşiyində durub. Onu da bilirəm ki, bu kəndin əsas problemi yol problemi idi. Doğrudan da, bu yolun çəkilməsi hesab edirəm ki, tarixi hadisə sayıla bilər. Quba rayonunda əhəmiyyət baxımından bir Xınalıq yoludur, bir də Qonaqkənd yolu idi. Xınalıq yolu da keçilməz bir yol idi, oraya da gedib çatmaq üçün saatlarla vaxt lazım idi və qış aylarında, ümumiyyətlə, təcrid vəziyyətində idi. Qonaqkənd də həmçinin. Vahid müəllim də, Quba ictimaiyyəti də dəfələrlə bu məsələni qaldırmışdı. Nəhayət, biz buna nail olduq. İndi Qubadan buraya təxminən yarım saata gəlmişəm. Düzdür, mən gələndə yollar açıq olur, amma hər halda 40-45 dəqiqəyə gəlmək olar”.

 

Dövlət başçısı daha sonra bildirmişdir ki, “Buraya gələrkən yol boyunca gördüm, kəndlərdə yeni evlər tikilir. Bura çox gözəl turizm zonasıdır. Bu yol olmadığı üçün buraya turist də gəlmirdi. Əminəm ki, indi bu gözəl mənzərəli yerlərdə çox gözəl istirahət zonaları, hotellər, ictimai yerlər yaradılacaq. Yəni Qubanın bu hissəsi canlanacaq. Buna şübhəm yoxdur”.

 

Turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi bu gün Azərbaycanda qarşıda duran ən mühüm vəzifələrdən biridir. Azərbaycanda turizmin inkişafına dair dövlət proqramının həyata keçirilməsi nəticəsində bu sahədə mühüm işlər görülmüşdü. Eyni zamanda beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. Son illərdə isə  Azərbaycanda əldə olunan sosial-iqtisadi irəliləyiş bu vəzifənin yeni imkanlara adekvat səviyyədə həllinə şərait yaradır.

 

Azərbaycanda qış turizmindən söhbət düşəndə ilk ağla gələn “Şahdağ” Qış-Yay Turizm Kompleksi olur. Qonaqlarını qəbul etdiyi ilk gündən insanların geniş maraq dairəsində olan kompleksə həmişə olduğu kimi, bu il də gələnlər az deyil. Buraya müxtəlif ölkələrdən, o cümlədən Rusiya Fedarasiyasından gələnlər çoxluq təşkil edir.

 

Azərbaycanda qış turizminin, eləcə də digər turizm növlərinin coğrafiyasını  genişləndirmək istiqamətində ötən ilin noyabrında 30 illik erməni işğalından azad edilmiş Qarabağ və ətraf rayonlarda da imkanlar istənilən qədərdir. İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan Qarabağ artıq yağı tapdağından azad edilib. Ekspertlərin fikrincə, yaxın illərdə bu bölgə ölkəmizdə turizmin inkişafına güclü təkan verəcək. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə - Ağdama, Zəngilana, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Şuşaya və Hadruta səfərləri zamanı dəfələrlə vurğulamışdır ki, biz erməni vandallarının darmadağın etdiyi şəhər və kəndlərimizi əsl cənnətə çevirəcəyik. Təbii ki, bu da yaxın gələcəkdə bu yerlərə böyük turist axınına səbəb olacaq.

 

Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişaf strategiyasına uyğun tədbirlər həyata keçirilir.

 

 Yeni yollar, dünya standartlarına uyğun aeroportlar, müasir tipli yaşayış massivləri, bir sözlə, böyük quruculuq işləri icra edilir. Əhalinin geri qayıdışı, yaşayışın və infrastrukturun bərpası ilə paralel olaraq Qarabağda turizm məhsullarının   yaradılması, habelə istehlakı da planlaşdırılıb. Bir neçə aydır ki, nəqliyyat və mülki infrastrukturun yaradılmasına start verilib.

 

Gələcəkdə Füzuli-Xocavənd-Şuşa-Laçın, Füzuli-Cəbrayıl-Zəngilan, Zəngilan-Qubadlı-Kəlbəcər-Laçın, Bərdə-Ağdam istiqamətlərində turizm marşrutlarının təşkili nəzərdə tutulur. Regionların ayrı-ayrılıqda turizm potensialında Qarabağ zonası yüksək qiymətləndirilir. Burada mədəni tədbirlərin təşkili, festivallar, turizm məhsulları təqdim edilə bilər. Laçın-Kəlbəcər istiqamətində təbiət, qış turizmi və sağlamlıq turizmi inkişaf etdiriləcək. Qubadlı-Zəngilanda mədəniyyət və təbiət, Füzuli-Ağdam-Cəbrayılda isə mədəniyyət və işğalın nəticələrini göstərmək üçün bəzi tikililər saxlanılmaqla turistlər üçün nümayiş etdiriləcək.

 

İstər yay, istərsə də qış aylarında Xudafərin vasitəsilə İran, Naxçıvan üzərindən isə Türkiyə turistlərinin gəlməsi mümkün olacaq. İşğaldan azad edilmiş ərazilərə bu iki istiqamətdən turist axını gözlənilir.

 

Şuşa qış turizmi, eləcə də tarixi, sağlamlıq və mədəni turizm üçün böyük imkanlara malikdir. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü və s. turizm üçün geniş perspektivlər vəd edir. Turşsuyun şəfalı və müalicəvi suyu isə sağlamlıq turizminin inkişafına gətirib çıxaracağı şübhəsizdir.

 

Bu yerlər dağlıq ərazi olduğundan dağ və alpinizm turizmi diqqətçəkən olacaq.

 

Təbiətinin zənginliyinə görə Qarabağın gələcəyi daha çox ekoturizm və qış turizmi ilə bağlı olacaq. Yaxın gələcəkdə Qarabağ dünyada mühüm ekoloji turizm məkanlarından birinə çevriləcək.

 

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2021.- 26 dekabr.- S.9.