Şuşanın məşhur
məhəllələri
Şəhərin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub. Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olub. Qalanın salınması tarixi 1750-1751-ci illərdən hesablanır. Şəhər bir müddət Pənahəli xanın şərəfinə Pənahabad, sonradan isə Şuşa qalası və Şuşa adlandırılıb.
Yadellilərin hərisliklə göz dikdiyi Şuşa həm də çoxməhəlləliyi ilə məşhur olub. Bu qala-şəhər 17 məşhur məhəlləsi ilə tanınıb.
Şəhərin XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri Seyidlidir. Cabbar Qaryağdıoğlunun evi də bu məhəllədə yerləşir. Şəhərdəki bütün məhəllələrin özünün ayrıca məscidi, hamamı, kiçik meydanı və bulağı olub, Seyidlidə də həmçinin. Culfalar isə şəhərin aşağı məhəllələrindən biridir. Bəzi mənbələrdə adı Cuhudlar kimi qeyd olunub. Aşağı məhəllələrdən biri də Quyuluqdur. Bu məhəllə su quyuları ilə bol olduğundan belə adlandırılıb.
Şəhərin ən aşağı hissəsində yerləşdiyinə görə məhəllələrdən birinin adı Çuxurdur. Hacı Quluların mülkü, Bülbülün Şuşadakı ev-muzeyi bu məhəllədə yerləşir. Dördçinar da Şuşanın aşağı məhəllələrindən hesab olunur. Lakin bu məhəllə tarixə qovuşduğundan onun dəqiq yeri haqqında məlumat yoxdur. Deyirlər ki, Dördçinar çox kiçik olub, yəni məhəllə bir neçə evdən ibarət imiş. Ona görə də zaman-zaman Təzə məhəlləyə birləşib.
Dördlər qurdu ilə Hacı Yusifli Şuşanın aşağı hissəsindəki məhəllələrdən sayılır. Şəhərin şərq hissəsində yerləşir. Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra məhəllənin XVIII əsrə aid memarlıq abidələri olan 90 faizdən çox tikililəri məhv edilib. Hacı Yusifli məhəlləsi isə məşhur divanbəyi Hacı Yusif ağa Hacı Rəhim ağa oğlu Muğanlının adını daşıyır. Məşhur Azərbaycan şairi Qasım bəy Zakirin evi, məhəllə məscidindən başqa, Aşağı Gövhər ağa məscid kompleksi də bu məhəllədədir.
Qala divarlarına ən yaxın ərazidə Xurşidbanu Natəvanın sarayı, Əsəd bəy Cavanşirin saray kompleksi, Xan Şuşinskinin evi, Üzeyir bəy Hacıbəylinin ata mülkü yerləşib. Çöl qala, Qarabağın ən ünlü soylarından olan Zöhrabbəyovların evi, Qaraböyük xanın sarayı, ictimai xadim Əhməd bəy Ağaoğlunun atasının mülkü yerləşən Qurdlar və Saatlı məhəllələrindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Qarabağ xanlığının baş vəziri, şair Molla Pənah Vaqif Saatlı məhəlləsində yaşamış, mədrəsədə dərs demişdi.
Köçərli Şuşanın yuxarı məhəllələrindən biridir. Firudin bəy Köçərlinin nəslinin adı ilə bağlıdır. Firudin bəyin əsli Cavanşir mahalının Köçərli kəndindəndir. Ulu babası Məhəmməd bəy Köçərli kəndindən Şuşaya köçüb, burada yurd-yuva salıb, beləliklə, Şuşada Köçərli məhəlləsi yaranıb.
Şuşanın həmçinin Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllələrindən də Azərbaycan xalqının dünyaya bəxş etdiyi ictimai və dövlət xadimləri, eləcə də ədəbi simalar az olmayıb. Merdinlinin əhalisi Cavanşir-Dizaq mahalı Hacılı, eləcə də Yağlıvənd, Qaraxanbəyli, Zərgər, Dədəli və Merdinli obalarının camaatından ibarət olub. Merdinli məhəlləsindən də bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirmələridir. Şirin su hamamı da bu məhəllədədir. Şuşa yalnız əsrarəngiz təbiəti ilə deyil, məşhurların yetişdiyi məhəllələri ilə də tanınmışdır.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2021.- 26 dekabr.- S.9.