ADAU-nun tələbəsi
təqaüdünü şəhid ailəsinə
bağışladı
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bakalavr pilləsi məzunu, I kurs magistr tələbəsi Əkrəm Mahmudzadə tələbə təqaüdünü ali təhsil müəssisəsinin dillər kafedrasının müəllimi, şəhid mayor Sərxan Muxtarovun həyat yoldaşı Vəfa Muxtarovaya bağışlamışdır.
Tələbənin
atası Ədalət Mahmudov deyib ki, övladı bu təşəbbüsü
ilə bütün tələbələrə nümunə
göstərərək dövlətin şəhid ailələrinə
diqqət və qayğıkeşliyinə dəstək olmaq
istəyini nümayiş etdirmişdir.
44 günlük Vətən müharibəsində ADAU-nun da əməkdaşları iştirak edərək torpaqlarımızın azad olnmasında fədakarlıq göstərmişlər. Universitetin Elmi Şurasının qərarına əsasən, ADAU-nun döyüşlərdə iştirak etmiş 6 əməkdaşının vəzifə maaşlarına 200 manat əlavə olunmuş, 2 nəfər assistentlikdən baş müəllim vəzifəsinə keçirilmişdir. Bununla yanaşı, universitetin Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə ADAU-nun həmin 6 əməkdaşına ümumilikdə 2700 manat məbləğində maddi yardım göstərilmişdir.
Bundan başqa, ADAU rəhbərliyi Vətən müharibəsində şəhid olmuş Canlar Cavadovun 5 azyaşlı uşağını himayəyə götürmüş və ailəyə 3 il müddətində hər ay 300 manat məbləğində maddi yardım ödəməyi, eləcə də Vətən müharibəsi dövründə Ermənistanın raket hücumları nəticəsində hər iki valideynini itirən tələbə Sevil Əliyevaya büdcədənkənar vəsait hesabına hər ay 150 manat məbləğində təqaüd verməyi qərara almışdır.
Sabir
ƏLİYEV,
Azərbaycan.-2021.- 26 dekabr.- S.12.