İnkişaf və zəfər
yolu
İlham Əliyevin rəhbərliyi
ilə gedilən bu yol xalqımıza möhtəşəm
uğurlar və qələbələr bəxş edir
Azərbaycan Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyev ömrünün 60-cı
ilini Qarabağda qarşıladı. Həmin gün Xocavənd
rayonunun Hadrut qəsəbəsində hərbi hissənin
açılışında iştirak edən Prezident daha
sonra ailə üzvləri ilə birlikdə Şuşaya səfər
etdi. Bu, İlham Əliyevin 2021-ci il ərzində
Şuşaya etdiyi sayca yeddinci səfər kimi tarixə
düşdü.
Qətiyyətlə
yerinə yetirilən tarixi missiya
İndi
Şuşa da azaddır, Hadrut da. 30 ilə yaxın
işğal dövründə Azərbaycan xalqı bir gün
belə torpaqlarımızın azadlığa
qovuşacağına olan ümidini itirmədi. Bu ümidi
yaşadan Heydər Əliyevin başlatdığı və
İlham Əliyevin qətiyyətlə davam etdirdiyi məqsədyönlü
siyasət oldu. Bu siyasət yalnız ordu quruculuğu ilə
yekunlaşmadı.
Bu
yolda Prezident İlham Əliyev Azərbaycanın kompleks
inkişafını təmin etdi, beynəlxalq miqyasda
respublikamızın mövqelərini əhəmiyyətli dərəcədə
möhkəmləndirdi, Ermənistan üzərində
siyasi-diplomatik üstünlüyə nail oldu. İlham
Əliyevin yürütdüyü siyasət milli həmrəyliyimizi
daha da möhkəmləndirdi. Xalqımız milli amallar,
torpaqlarımızın azadlığı uğrunda öz rəhbərinin
ətrafında daha sıx səfərbər oldu.
İlham
Əliyev torpaqlarımızın azad edilməsi üçün
bütün cəbhələrdə mübarizə apardı və
hər zaman bəyan etdi ki, Azərbaycan torpaqlarında ikinci
erməni dövlətinin yaradılmasına imkan verməyəcək,
ərazilərimiz işğaldan azad ediləcək və məcburi
köçkünlər doğma yurdlarına qayıdacaqlar. Hələ
10 il əvvəl, 2011-ci il dekabrın 24-də - 50 illik yubileyi
günündə Ağcabədi rayonunun Taxtakörpü ərazisində
Laçın rayonundan olan məcburi köçkünlər
üçün salınan yeni yaşayış qəsəbəsinin
açılışında iştirak edən Prezident
İlham Əliyev deyirdi: “Bu, müvəqqəti
yaşayış məntəqəsidir. Torpaqlarımız
işğalçılardan azad olunandan sonra bütün
köçkünlər üçün Laçında, Kəlbəcərdə,
Ağdamda, hələ ki, işğal altında olan digər
torpaqlarda bundan da gözəl evlər tikəcəyik. Mən
buna şübhə etmirəm. Biz öz ərazi
bütövlüyümüzü mütləq bərpa edəcəyik.
Mən bu barədə fikirlərimi dəfələrlə
bildirmişəm, bir daha demək istəyirəm ki, bu, sadəcə
olaraq sözlər deyil, sadəcə olaraq bizim
arzularımız deyil, bu, həqiqətdir”.
Azərbaycan
Prezidenti öz siyasəti, öz qətiyyəti ilə bu həqiqəti
reallığa çevirdi, dünya erməniliyinə qalib gələrək
tarixi missiyasını yerinə yetirdi.
Qələbəyə
aparan siyasətin təntənəsi
44
günlük Vətən müharibəsi Prezident İlham
Əliyevin böyük qələbəyə aparan siyasətinin
təntənəsinə çevrildi. Bu Zəfər bir daha
İlham Əliyevin müdrikliyini, qətiyyətini, vətərpərvərliyini
dünyaya nümayiş etdirdi, dövlətinin və
xalqının milli maraqları üçün mübarizəsinin
məntiqi yekunu oldu. Bu Qələbə Heydər Əliyev
siyasi yolunun uğuru kimi tariximizə yazıldı. Vətən
müharibəsindəki Zəfərlə Azərbaycan xalqı
ədalətsiz beynəlxalq münasibətlər sistemində
öz milli haqqına çatmağın ən mükəmməl
nümunəsini yaratdı.
Prezident
İlham Əliyevin Şuşada Cıdır düzündən
bəyan etdiyi kimi, bundan sonra biz bu torpaqlarda əbədi
yaşayacağıq: “Bu gün biz azad Qarabağdayıq. Bu
gün biz azad Zəngəzurdayıq. Biz - bu torpaqların
sahibləri bu torpaqlara qayıtmışıq və bundan
sonra biz bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan
xalqının mənim sözlərimə inamı məni
daha da çox inandırırdı ki, biz buna nail
olacağıq. Xalqımız birləşdi, bir amal
uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi
və istədiyinə nail oldu”.
Bu
gün işğaldan azad edilmiş bütün ərazilərimiz
bərpa olunur, onlara yeni həyat verilir. Cəmi bir il ərzində
Qarabağda görülən işlərin miqyası olduqca əhatəlidir.
Böyük qayıdış üçün, ilk növbədə,
yeni yollar çəkilir, enerji ilə təminat gücləndirilir.
Artıq bir neçə şəhərin baş planı da təsdiq
olunub, yaşayış məhəllələrinin, inzibati
binaların təməli qoyulub. Cəmi bir neçə aya “Zəfər
yolu” çəkildi, Füzulidə Beynəlxalq Hava Limanının
inşası başa çatıb. Beləliklə,
işğaldan azad edilmiş torpaqlarımızda möhtəşəm
quruculuğun ən gözəl nümunələri
yaradılmaqdadır.
50
yaşında məcburi köçkünlərlə, 60
yaşında Şuşada…
Qarabağın
mirvarisi Şuşa şəhəri sürətlə bərpa
olunur. Şuşa Azərbaycanın tarixidir,
xalqımızın maddi-mənəvi abidəsidir.
Şuşanın hər binasında, hər küçəsində,
hər daşında xalqımızın keçmişi, adət-ənənələri
yaşayır. Ona görə düşmən 28 illik
işğal dövründə Şuşanın erməniləşdirilməsinə
çalışsa da, buna nail ola bilmədi. Çünki
Şuşa düşmənə boyun əymədi, onun saxta və
özgə mədəniyyətlərə qucaq açması
mümkün deyildi.
Şuşanı
işğal edənlər 28 il onu sadəcə
dağıdıblar. Şəhərin tarixini
saxtalaşdıra bilmədikləri üçün ona
böyük ziyan vurublar. Qəhrəman hərbçilərimizin
azad etdikləri Şuşa indi sağalır, sürətlə
keçmiş şöhrətini bərpa edir. Şəhərin
bərpası Prezident İlham Əliyevin xüsusi nəzarətindədir.
Dövlət başçısının il ərzində 7 dəfə
Şuşaya səfər etməsi də bunu təsdiqləyir.
Prezident
İlham Əliyevin 60 illik yubileyini Şuşada
qarşılaması isə mənəvi hadisədir. 50 illik
yubileyini məcburi köçkünlərlə qeyd edən
Azərbaycan Prezidenti 60 illik yubileyini Şuşada
qarşıladı. Aralarında canlı bağlantı olan bu
iki tarix İlham Əliyevin rəhbərliyi ilə gedilən
möhtəşəm yüksəliş yolunun təntənəsinin
təcəssümüdür. Azərbaycanın
inkişafını və torpaqlarımızın
işğaldan azad olunmasını təmin edən yol bundan
sonra da dövlətimizə və xalqımıza yeni nailiyyətlər
gətirəcək.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2021.- 29 dekabr.- S.1; 5.