Müzəffər Komandan, Qüdrətli, Qurucu Lider

 

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil USUBOV:

 

“Prezident İlham Əliyev xalqımız qarşısında onilliklər boyu ən vacib məqsəd kimi müəyyənləşən taleyüklü vəzifələri elə peşəkarlıqla, qətiyyətlə, yüksək vətənpərvərliklə həll edib ki, tarix onu Azərbaycan var olduqca yaşadacaq”

 

 Bitməkdə olan 2021-ci il dünya miqyasında dərin böhranlar, ciddi problemlərlə müşayiət olunsa da, Azərbaycan timsalında onlar özünü büruzə vermədi. Qlobal fəsadlardan qorunmağın uğurlu Azərbaycan modeli Zəfər ilindən sonrakı dövrdə də bütün sahələr üzrə nailiyyətlərin, dayanıqlı inkişafın ardıcıllığını, həmçinin möhkəm təhlükəsizliyi təmin etdi.

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil USUBOVla müsahibəmizdə də elə əsas mövzu ölkəmizdə təhlükəsizliyin təmini vəziyyətidir. Ancaq həmsöhbətimiz hesab edir ki, təhlükəsizlik məsələləri yalnız müdafiə və hərbi xarakter daşımır, onu tarixi Zəfərdən sonra xüsusən daha geniş miqyasda qəbul etmək mütləqdir. Prezident İlham Əliyev uzun onilliklərin tarixi problemlərini və təhlükəsizliklə bağlı təhdidləri həll etməklə yanaşı, həm də dövlətimiz üçün uzunmüddətli strateji inkişaf hədəflərini müəyyənləşdirib və onlara doğru-düzgün yolu seçib. Azərbaycan artıq yeni regional təhlükəsizlik sisteminin və daha möhkəm sabitliyin memarı, Qafqazın əsas güc mərkəzidir.

General-polkovnik Ramil USUBOV əmindir ki, nəyi necə və nə zaman edəcəyini dəqiq bilən Prezident İlham Əliyevi tariximiz qüdrətli liderliyin mükəmməl örnəyi, əsl vətəndaşlığın kamil nümunəsi kimi daim yaşadacaq.

- Ramil müəllim, hər bitməkdə olan il həm də keçilən yolun hesabatı, dəyərləndirmə məqamıdır. Bu dövrün ən mühüm əlaməti isə bütün sahələrdə böyük Zəfərin real nəticələrinin aydın görünməsi, xalqımızın bu tarixi qələbə ab-havasında yaşamasıdır. Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi kimi Sizin bu tarixi prosesə münasibətiniz necədir?

- Fikrimcə, Vətən müharibəsində əldə olunan tarixi Qələbə bəlkə də yeganə hadisədir ki, ona münasibətdə vətəndaşlarımızın vəzifəsindən, siyasi mənsubiyyətindən, milli-dini baxışlarından asılı olmayaraq, fərqli mövqeyi yoxdur. Azərbaycan xalqının tarixi Zəfərin yüksək ruhunu yaşaması, bu qələbənin möhtəşəm təəssüratlarının davam etməsi tam təbiidir və bu ovqat həmişə mövcud olacaqdır.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ikiəsrlik münaqişənin həll olunması, haqqın, ədalətin, nəhayət, qalib gəlməsi əlahiddə tarixi hadisədir və o, ən mühüm dövlətçilik amili, xalqımızın qürur mənbəyi kimi Azərbaycan tarixində gələcəkdə də böyük iftixarla anılacaqdır. Bu baxımdan mən, - yəqin, elə bütün vətəndaşlarımız da, - 2021-ci ili məhz Zəfər dövrünün tərkib hissəsi, davamı kimi qəbul edirik.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qüdrətli sərkərdəliyi altında Silahlı Qüvvələrimizin və xalqımızın müəllifi olduğu bu qələbə Azərbaycanın müstəqillik illərində artan gücünü, inkişafını bütün dünyaya göstərdi və uğurları davam edən mühüm hadisədir. Həm də ona yalnız tariximizin bir mərhələsinin layiqli yekunu kimi yanaşmamalıyıq, daha parlaq gələcəyi və yeni hədəfləri müəyyənləşdirən proses kimi qəbul etməliyik. Cənab Prezidentin “dəmir yumruğ”u təkcə tarixi ədaləti bərpa etmədi, indi artıq bütün bölgənin yeni inkişaf mərhələsini formalaşdırır. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın, Cənubi Qafqazın etibarlı, möhkəm təhlükəsizlik sistemi yaradılır və ölkəmizin regionun lideri kimi beynəlxalq əhəmiyyəti yüksəlir.

Azərbaycanda yaşayan bütün xalqların təmsilçilərinin iştirak etdiyi Vətən müharibəsi həmçinin Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının növbəti təntənəsi oldu. Bir daha sübut olundu ki, ölkəmizdə yaşayan bütün sağlam əqidəli vətəndaşlar, millətindən, dinindən, ictimai baxışlarından asılı olmayaraq, ölkə Prezidentinin ətrafında səfərbər olublar və cənab İlham Əliyevə alternativsiz yeganə inam, etimad, vahid rəmz kimi yanaşırlar. Məhz bu faktorlar dövlətçiliyin gücünü, davamlı tərəqqisini və etibarlı təhlükəsizliyini təmin edən əsas amillərdir.

Ötən dövrün, demək olar ki, hər gününü xalqımız zəfər ovqatında keçirir. Həm Vətən uğrunda şəhid olan igidlərimizi sonsuz ehtiramla, böyük rəhmətlə anırıq, həm də azad olunan ərazilərimizin sürətlə dirçəlməsinə şahid oluruq.

Qarabağın işğaldan qurtulması Ulu Öndərin vəsiyyəti idi və dövlətimizin başçısı Böyük Şəxsiyyətin bütün vəsiyyətləri kimi bunu da layiqincə, şərəflə və böyük məharətlə həyata keçirdi. Tarixi torpaqlarımızın azad edilməsi həm də Prezident kimi fəaliyyətinin əsas hədəflərindən, məqsədlərindən olmuşdu. Dövlət başçısının Qarabağın azadlığına 17 il ərzində necə prioritet vəzifə kimi yanaşdığını əvvəlcə daxili işlər naziri, sonra isə təhlükəsizlik şurasının katibi kimi mən hər iş günü aydın görmüşəm.

Bir məqamı da qeyd edim ki, Ali Baş Komandanın müəllifi olduğu bu Zəfər tariximizin ikinci Xilaskarlıq, Qurtuluş missiyasıdır. 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini, müstəqillyini dağılıb məhv olmaqdan qorudu, ölkəmizə və xalqımıza qurtuluş bəxş etdi. Eynilə Prezident İlham Əliyev də 2020-ci ilin 10 noyabrında Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edib, bu ərazilərə, ümumiyyətlə isə, vətənimizə və millətimizə başucalığı, xilas, qurtuluş bəxş etdi.

- Sizcə, Zəfərin ötən bir il ərzində ən böyük nəticəsi, xüsusən də milli və regional təhlükəsizlik baxımından nə oldu?

- Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Qələbə nəticədən daha çox başlanğıcdır. Özü də bu, Azərbaycanla yanaşı, Cənubi Qafqazı, eyni zamanda Avrasiya bölgəsini əhatə edir.

Cənab Prezidentin qeyd etdiyi kimi, 10 noyabr 2020-ci ildən sonra Qafqazda heç nə əvvəlki kimi olmayacaq və artıq deyil də. Ötən bir il ərzində Azərbaycanın və onun rəhbərinin liderliyi ilə region tarixinin yeni səhifəsi açılıb. Beynəlxalq ictimaiyyətdə buna “İlham Əliyevin reallıqları” deyirlər. Tam haqlıdırlar.

Fakt budur ki, indi Cənubi Qafqaz cənab İlham Əliyevin yaratdığı reallıqların müsbət təsiri, düzgün istiqaməti, qarşılıqlı faydalılığı, ən əsası isə möhkəm sülh və təhlükəsizlik şəraiti ilə yeni həyatına başlayır. Nəzərə alaq ki, Cənubi Qafqaz bölgəsi ötən əsrin 80-ci illərindən etibarən qanlı savaş mənbəyinə çevrilmişdi. Kənar qüvvələrin iştirakı ilə başlayan, böyük tələfatlarla, kütləvi insan itkisi, qaçqınlıq və köçkünlük problemləri ilə müşayiət olunan bu müharibələr silsiləsində məhz Azərbaycanın Vətən savaşı dönüş nöqtəsi oldu.

Bölgəmizdə maraqları olan məlum dövlətlərin və beynəlxalq təşkilatların yaratdıqları süni əngəllərlə həlli uzanan münaqişələrdən birinin belə yüksək peşəkarlıqla və qısa müddətdə nizamlanması, şübhəsiz ki, regionda yeni situasiya yaradır. Bu situasiya təhlükəsizlikdən iqtisadiyyatadək, demək olar ki, bütün sahələri əhatə edir.

Müzəffər Ali Baş Komandan tarixi ədaləti və beynəlxalq hüququn onilliklərlə pozulan əsas müddəlarını öz qüdrəti ilə, millətinin və Silahlı Qüvvələrinin gücü ilə bərpa etdi, bu prosesin gedişində görünən və görünməyən kənar müdaxilələri, təsirləri qətiyyətlə neytrallaşdırdı, bacarıqla dəf etdi. Möhtərəm Prezidentimiz sübut və nümayiş etdirdi ki, dövlətinin gücü, xalqının iradəsi və məhz düzgün milli siyasətlə çoxlarına mümkünsüz görünəni mümkün etmək olar. Bu, bölgəmiz üçün də ilk idi və mükəmməl başlanğıc oldu. Qarabağın azadlığı ilə bitən bu prosesin daha geniş miqyasda regional təsiri var, özü də bu təsir çox böyükdür.

Azərbaycan savaşın başlandığı 1990-cı illərdə itirdiyi iki istiqamət üzrə mühüm strateji mövqelərdə mütləq suverenliyini artıq təmin edib. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesində ilkin işlərə başlanılıb, onların yeni reallıqların şərtlərinə uyğun prinsipiallıqla aparılacağına əsla şübhə yoxdur. Prezident İlham Əliyevin qətiyyətli qərarı budur ki, tarixi ərazilərimizdə bir qarış torpaq belə nəzarətimizdən kənarda qala bilməz.

Digər mühüm amil isə uzun onilliklər dünyanın təhlükəli bölgələri sırasında olan Cənubi Qafqazda artıq bir ildir ki, möhkəm və etibarlı təhlükəsizlik sisteminin formalaşdırılması prosesinin başlanmasıdır. Bu da “dəmir yumruğ”un yaratdığı reallıqdır. Təhlükəsizlik sistemi bölgə dövlətləri üçün iqtisadi, sosial, ticarət, nəqliyyat-logistik, siyasi, milli maraqların qorunması və bu kimi digər həyati əhəmiyyət kəsb edən istiqamətləri əks etdirir. Azərbaycan Prezidentinin təşəbbüsü olaraq bölgənin əsas üç dövləti və Cənubi Qafqazın sərhəd qonşularının iştirakı ilə yeni əməkdaşlıq formatının yaradılması üçün aparılan işlər də məhz buna yönəlib.

Dövlət başçısının siyasi iradəsi budur ki, Azərbaycanın bərqərar etdiyi tarixi ədalət Cənubi Qafqazı qarşıdurma, münaqişə ocağından inkişaf və rifah mərkəzinə çevirsin, bölgədə tam yeni iqtisadi-ticarət münasibətləri formalaşsın, regional kommunikasiyalar tədricən qitələrarası logistik qovşaq funksiyası daşısın. Bu və digər tədbirlər nəticə etibarilə region ölkələrinin və xalqların rifahının yüksəlməsinə, ən əsası isə təhlükəsizliyin daha etibarlı və möhkəm təməllərə söykənməsinə böyük töhfə verəcək.

Cənab İlham Əliyev müəllifi olduğu tarixi zəfərlə Qafqazda bərqərar etdiyi təhlükəsizliyin əsaslarını indi regional əməkdaşlıq, tərəqqi və rifahla daha da möhkəmləndirir və onu bütün bölgənin nailiyyəti kimi təsbit edir. Möhtərəm Prezidentin bütün qərar və addımları milli maraqları ehtiva etməklə yanaşı, regional mənafeləri də əks etdirir.

Bugünkü dövlətimiz tarixin ən qüdrətli Azərbaycanıdır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasətin bu möhtəşəm nəticəsini reallaşdıran isə, əlbəttə ki, möhtərəm Prezidentdir, onun uğurlu fəaliyyətidir.

Cənubi Qafqazda gedən inkişaf prosesinə bölgənin daxilindən və kənardan müəyyən hallarda maneələr, təxribatlar törədilməyə cəhd edilir. Bunların bəzilərindən ictimaiyyətimiz məlumatlıdır. Ancaq bütün bu cəhdlər əbəsdir. Dövlət başçısının mahir diplomatik məharəti, qətiyyətli siyasəti nəticəsində hər bir təxribat, mənfi təsir təşəbbüsü dərhal zərərsizləşdirilir. İndi heç kəs, heç bir qüvvə Azərbaycanla hədə tonunda danışa bilmir.

Cənab Prezidentin azad edilmiş ərazilərdə verdiyi bəyanatlar, mesajlar Azərbaycan dövlətinin Qarabağ bölgəsi, Qafqaz regionu ilə bağlı strateji baxışlarını, niyyətlərini tam və geniş ifadə edir. Dövlət başçısının bəyanatları bütün dünyaya səsləniş, məğlub Ermənistana isə aydın, konkret çağırışdır. Hər kəs bir daha anlayır ki, Qarabağda tarixi ədaləti hərbi gücüylə təmin edən cənab Prezident İlham Əliyev indi bölgədə mədəniyyət, quruculuq, inkişaf gücünü tətbiq edir, möhkəm və etibarlı təhlükəsizlik mühiti yaradır.

- Ramil müəllim, bu reallığa, yeni başlanğıca Ermənistanın qoşulması ləng gedir...

- Ermənistan dövləti, cəmiyyəti savaşın acı nəticələrindən, sarsıdıcı məğlubiyyətdən sonra hələ də özünə gələ bilməyib. Onilliklər boyu yalançı, saxta “ideyalara” əsaslanıb, işğalçı siyasət yürütməyin aqibətini erməni xalqı, lobbisi, hakimiyyəti aydın gördü. Onların “qalib” durumda olduqları dövrlər belə tam tənəzzül illəri idi. Ən əsası isə son 25 il ərzində Cənubi Qafqazda Azərbaycanın liderliyi ilə formalaşan yeni iqtisadi-ticarət-logistika əməkdaşlığı formatından bu dövlət kənar qalmış, tam təcrid vəziyyətinə düşmüşdür.

Erməni xalqının əksəriyyəti düçar olduğu ağır vəziyyətin, yaşadığı acınacaqlı durumun səbəbinin məhz işğalçılıq siyasəti olduğunu anlayır və Sarkisyan-Koçaryan cütlüyünün keçmiş hərbi xuntasını günahkar kimi qəbul edir. Bu dövlətdə keçirilən son parlament seçkilərinin nəticələri də erməni xalqının mövqeyini göstərdi. “Müharibə partiyası”na etimad göstərməyən ermənilər seçkilərə 10 noyabr Bəyannaməsinin öhdəliklərini, yəni təslimçilik aktının müddəalarını yerinə yetirəcəyi vədi ilə qatılan iqtidar partiyasına mandat verdi, Azərbaycanla müharibəyə yox, Azərbaycanla əməkdaşlığa səs verdi. Bu seçim Ermənistan rəhbərliyinə nəticə çıxarmaq üçün şərait yaradır. Həm də bizə və beynəlxalq birliyə bu ölkənin daxili auditoriyasının münasibətini öyrənməyə imkan verir. Digər hay-küylər, avantürist, revanşist bəyanatlar erməni xalqının həlledici hissəsinin mövqeyini əks etdirmir və sadəcə, məğlubların ucuz demoqogiyasıdır.

- Sizcə, bu istiqamətdə danışıqların perspektivi necə olacaq?

- Bu barədə indi konkret nə isə söyləmək mümkün deyil. Ancaq danışıqların uğursuzluğuna artıq heç kəs inanmır. Sadəcə, zaman məsələsidir. Çünki maneə yaradacaq tərəf - Ermənistan öz xalqının maraqlarını və mövqeyini nəzərə almasa, onu nəyin gözlədiyini bilir.

Əlbəttə ki, biz N.Paşinyanın hakimiyyətə gələrkən sülh danışıqlarına hazır olmasını bəyan etməsinə, sonradan isə fikrindən vaz keçib “yeni ərazilər uğrunda yeni müharibə” cəfəng fikrini ortaya atıb, Şuşada yallı getməsinə, Qarabağın Ermənistana məxsusluğu barədə populist və yalnız acı gülüş doğuran hərəkətlərinə şahidik. Ancaq N.Paşinyanın timsalında Ermənistan dövləti və xalqı Müzəffər Ali Baş Komandanımızın “dəmir yumruğ”unu gördü, nəticəsini öz taleyində yaşadı.

Hələ ötən ilin sentyabrınadək Ermənistan özünü “güclü ordusu, yüksək döyüş bacarığı” olan ölkə sayırdı. Ancaq 44 gün içində bütün hərbi arsenalını və şəxsi heyətininin xeyli hissəsini itirdikdən sonra, indi nəinki müharibəyə, ciddi bir müqavimətə belə qadir olmadığı dövrdə bu dövlətin hansısa riskə getməsi az ehtimal olunandır.

Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci il Bəyanatı, həmçinin bu ilin yanvarında Moskvada, noyabrda Soçidə, daha sonra bu günlərdə Brüsseldə qəbul edilən sənədlər, orada əks olunan müddəalar artıq tam həll olunmuş, bitmiş münaqişənin sonrakı mərhələsi üçün yeganə “yol xəritəsi”dir. Tərəflər öhdəliklərinə əməl etməlidirlər, necə ki, Azərbaycan bunu həyata keçirir. Moskvada hökumət təmsilçləri arasında aparılan üçtərəfli danışıqlar da bu prosesi, əsasən, tənzimləyir. Elə son Soçi və Brüssel görüşləri də sübut etdi ki, Prezident İlham Əliyevin hərbi zəfəri diplomatik cəbhədə uğurla davam edir və maneələrə, təxribatlara baxmayaraq, Azərbaycanın yeni reallıqları ilə xarici ölkələr, beynəlxalq təşkilatlar birmənalı hesablaşırlar.

Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Qarabağda əvvəllər yaşayan erməni sakinləri üçün də hər cür imkan yaradılacaq, onların sosial şəraiti, məşğulluğu təmin olunacaq, təhlükəsizliklərinə təminat veriləcək. Cənab İlham Əliyevin sözünün imzası qədər dəqiq və dürüst olduğunu erməni xalqı yaxşı bilir, ən azı öz gerçək tarixlərində buna dəfələrlə şahid olublar.

- İşğaldan azad olunmuş ərazilərin sürətlə dirçəldilməsindən bəhs etdiniz. Bu proses necə gedir?

- Azad olunan bölgələrin yenidən dirçəlişi, inkişaf salnaməsi məhz Prezident İlham Əliyev tərəfindən yazılır. Zəfər Komandanı indi Qurucu Lider kimi Qarabağı və Şərqi Zəngəzuru Qafqazın ən böyük tikinti meydanına, güclü inkişaf ünvanına, möhkəm təhlükəsizlik məkanına çevirir.

Bu tikinti-quruculuq prosesinin miqyası, dinamikası Azərbaycan dövlətinin gücünü, ən əsası isə Prezident İlham Əliyevin 18 illik fəaliyyət dövrünün nə qədər uğurlu olduğunu göstərir. Təsəvvürünüzə gətirin, Azərbaycan ağır müharibədən çıxıb. Bu savaşın hər günü dövlət büdcəmizə böyük məbləğdə vəsait hesabına başa gəlib. Ölkəmizin ötənilki hərbi xərcləri milyardlarla manat həcmində olub, bunu hər kəs bilir.

Postsavaş dövründə isə yenə də iki istiqamət üzrə bu işlər intensiv surətdə davam etdirilir. Həm Silahlı Qüvvələrimizin arsenalı daha müasir səviyyədə və çox böyük həcmdə yenilənir, azad olunmuş ərazilərdə, sərhəddə çoxsaylı müvafiq hərbi, müdafiə xarakterli infrastrukturlar yaradılır. Məlum olduğu kimi, indi müdafiə xərcləri əvvəlki illərlə müqayisədə daha da artırılıb. Digər istiqamət isə quruculuq, tikinti məsələləridir ki, onlar da uğurla aparılır.

Dediyim odur ki, müharibədən çıxmış bir ölkə savaşın fəsadlarını aradan qaldırmaq üçün yenə də milyardlarla vəsait xərcləyir. Dünya Azərbaycanın iqtisadi cəhətdən necə güclü dövlət olduğunu elə bu faktlarla görür və bütün bunlar həyata keçirilən siyasətin düzgünlüyünü, islahatların səmərəliliyini göstərir. Aparılan nəhəng quruculuq prosesi Prezident İlham Əliyevin sərkərdəlik qüdrətini, liderlik bacarığını, müdrik idarəçiliyini bir daha təsdiqləyir.

Prezident Qarabağa və Şərqi Zəngəzura bəzən bir ay ərzində bir neçə dəfə səfər edib. Qafqazda ilk “ağllı kənd”, “ağıllı şəhər” konsepti məhz işğaldan azad edilmiş ərazilərdə salınır. On aya beynəlxalq hava limanı tikilib, əlavə daha ikisinin də tikintisi sürətlə davam edir.

Xalqımız ötən illər ərzində işğal olunmuş torpaqlarımızın düşməndən azad ediləcəyinə ümidini itirmədi. Bu, onun öz Ümummilli Liderinin uzaqgörən, müdrik siyasətinə, dahi şəxsiyyətinə, onun layiqli davamçısı, qüdrətli rəhbərimiz cənab İlham Əliyevin qətiyyətinə, əzminə, polad iradəsinə, yüksək idarəçilik qabiliyyətinə və yorulmaz fəaliyyətinə inamdan qaynaqlanır. Bu ruh indi tariximizə, irsimizə, milli-mənəvi dəyərlərimizə layiq şəkildə dirçəldilir.

Qarabağ həm də ötən əsrin 70-80-ci illərində onu yenidən quran, inkişaf etdirən Ulu Öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə ehtiramla ucaldılır. Hörmətli Mehriban xanım Əliyevanın böyük fədakarlıqları ilə Ağdamdan Kəlbəcərə, Füzulidən Şuşaya, Tuğdan Azıxa qədər bütün məkanlarda onlarca tarixi, mədəniyyət və mənəviyyat abidələrimiz bərpa olunur, yenidən həyata qaytarılır. Bu baxımdan Prezident İlham Əliyevlə yanaşı, hörmətli Mehriban xanım Əliyevanı da haqlı olaraq Qarabağın və Şərqi Zəngəzurun baş memarları adlandırmaq olar.

Qarabağ və Şərqi Zəngəzur artıq azaddır. Onlar üçün ciddi təhlükə yoxdur. Ancaq bu bölgə elə bir həssaslığa malikdir ki, burada tikilən, qurulan dövlət, sosial, mədəniyyət, iaşə və digər infrastrukturlar həm də təhlükəsizlik sisteminin vacib təməlləridir. Hər bir tikili, hər bir quruculuq işi Azərbaycanın etibarlı təhlükəsizlik tələblərinin normalarına tam cavab verir.

- Ramil müəllim, yeri gəlmişkən, sizin Türkiyəyə rəsmi səfəriniz oldu. Bu səfər kontekstində iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın nəticələrini necə dəyərləndirərdiniz? Həmçinin Moskvada iştirak etdiyiniz MDB üzvü olan ölkələrin təhlükəsizlik şuralarının katiblərinin IX görüşü hansı məqamlarla diqqəti cəlb etdi?

- Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfullah Hacımüftüoğlunun dəvəti ilə baş tutan səfərin məqsədi Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı maraq doğuran aktual məsələlərin müzakirəsi idi. Azərbaycan Prezidentinin tapşırığı ilə mən dövlətlərarası və regional təhlükəsizlik məsələlərinin ən aktual gündəm mövzularını həmkarımla müzakirə etdim.

Səfər müddətində Şuşa Bəyannaməsinin imzalanması ilə ölkələrimiz arasındakı əməkdaşlıq münasibətlərində yeni səhifənin açıldığı, sənədin müddəalarından irəli gələn öhdəliklərin həyata keçirilməsi sahəsində vəziyyət və perspektivlər barədə geniş müzakirələr aparıldı. Bütün görüşlərdə dost və qardaş ölkələrimiz arasında siyasi, iqtisadi, hüquqi və təhlükəsizlik sahələrində əlaqələrin ən yüksək səviyyədə olduğu, regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət etdiyi vurğulandı. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qardaşlıq, dostluq münasibətlərinin hər iki dövlət arasında əməkdaşlığa böyük töhfələr verdiyi ortaq qənaətimiz idi.

Moskvada MDB üzvü olan ölkələrin təhlükəsizlik şuralarının katiblərinin IX görüşünün əsas müzakirə mövzuları isə bölgə üçün yaranan yeni təhdidlər, miqrasiya sahəsində əməkdaşlıq, humanitar münasibətlər, informasiya-kommunikasiya texnologiyalarından cinayətkar məqsədlərlə istifadə edilməsinə qarşı mübarizə və digər məsələlər idi. MDB ölkələri üzrə həmkarlarımla keçirdiyim görüşlərdə, apardığım danışıqlarda milli, regional və beynəlxalq təhlükəsizlik məsələlərinə Azərbaycan Respublikasının münasibətini, baxışını çatdırdım. Həmçinin qlobal və bölgə üçün yaranan təhdidlərə qarşı dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən mübarizə tədbirləri barədə danışdım.

Əlbəttə, bütün müzakirələrin əsas mövzusu Azərbaycanın Vətən savaşında qazandığı tarixi zəfərdən sonra ölkəmizdə və Qafqazda yeni reallıqlar fonunda formalaşan müasir təhlükəsizlik sistemi barədə idi. Azərbaycan dövlətinin, şəxsən möhtərəm Prezidentimizin bu məsələlərlə bağlı həyata keçirdiyi taktiki tədbirlər, müəyyənləşdirdiyi strateji məqsədlər haqda məlumatları həmkarlarımın nəzərinə çatdırdım. Respublikamızın uzun onilliklərdir ki, beynəlxalq terrorizmə qarşı mübarizəyə verdiyi böyük töhfələrdən və çoxsaylı xarici ölkələrdə sülhyaratma missiyasında öz heyəti ilə fəal iştirak etməsindən onların xəbəri var. Bu faktların timsalında Azərbaycan Respublikasının 10 noyabrdan sonra tarixi ədaləti bərpa etməklə yanaşı, həm də beynəlxalq terrorizmin elementi kimi çıxış edən etnik separatizm və ərazi bütövlüyünə təhlükə meyillərini də zərərsizləşdirdiyini, eyni zamanda Qafqazda möhkəm və etibarlı sülhün bərqərarına böyük səylə çalışdığımızı xüsusi vurğuladım.

Qafqaz bölgəsində maraqları olan, regionda hansısa layihə icra etməyə çalışan dövlətləri, ayrı- ayrı şirkətləri, beynəlxalq təsisatları Azərbaycanla, onun lideri ilə, yeni reallıqlarla hesablaşmağa təşviq edən bir amil də var: Azərbaycan qüdrətli, sabit, təhlükəsiz ölkə olmaqla yanaşı, həm də güclü həmrəyliyə, möhkəm dövlət-xalq birliyinə malik respublika kimi qəbul olunur.

Azərbaycan məhz cənab İlham Əliyevin liderliyində Heydər Əliyev yolu ilə addımlayaraq böyük Qələbəyə çatdı. Xalqımız tarixi Zəfərdən sonra birmənalı şəkildə bu liderliyə, bu kursa alternativ görmür və öz rəhbərinin ətrafında konkret hədəflər naminə indi daha sıx səfərbər olub.

Vətən savaşını Silahlı Qüvvələrimizin Zəfəri ilə yekunlaşdıran Müzəffər Ali Baş Komandana hər bir qədirbilən vətəndaşımız əbədi minnətdardır. Cənab Prezident yalnız Ulu Öndərin vəsiyyətini yox, bütün xalqımızın müqəddəs arzusunu həyata keçirdi. Hər bir azərbaycanlı ən böyük dayağına, xeyirxahına, xilaskarına əbədi minnətdardır və sadiqdir. Başqa cür ola da bilməz!

Prezident İlham Əliyev Azərbaycanın ən böyük Zəfərinin və ən qüdrətli dövrünün müəllifidir. Günümüzün reallığı, həqiqəti də budur - qətiyyətli İlham Əliyev, qüdrətli Azərbaycan, azad Qarabağ və möhkəm “dəmir yumruq!”

Xalqımız qarşısında əsrlərboyu ən vacib məqsəd kimi müəyyənləşən taleyüklü vəzifələri, zati-alilərinin özünün dediyi kimi, nəyi necə, nə zaman edəcəyini dəqiq bilən Müzəffər Komandanımız elə peşəkarlıqla, qətiyyətlə, yüksək vətənpərvərliklə həll edib ki, tarix onu Azərbaycan var olduqca yaşadacaq, qüdrətli liderliyin mükəmməl örnəyi, əsl vətəndaşlığın kamil nümunəsi kimi tərənnüm edəcək.

Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan tarixinin ən şanlı səhifələrini təşkil edən 60 illik müdrik, mənalı, şərəfli ömrünün sadə həqiqəti də, məncə, məhz budur...

 

 Müsahibəni apardı:

 

İxtiyar HÜSEYNLİ

 

Azərbaycan.- 2021.- 29 dekabr.- S. 1; 5.