Ermənistanın
yarısı yoxsulluq içərisində
yaşayır
Ölkəni son 30 ildə 2 milyondan
çox insan tərk edib
Ermənistanda sosial-iqtisadi durum getdikcə ağırlaşmaqda, ölkədə yaşanan tənəzzül durmadan genişlənməkdədir. Bu vəziyyətdə sadə vətəndaşların rifah halı daha da pisləşir ki, bu da ölkədə müşahidə olunan sosial narazılığın artmasına rəvac verir.
İndi bu ölkədə insanlar gələcəklərinə nikbin yanaşmır və əvvəlki kimi Ermənistanı tərk etməyə çalışırlar. Yerdə qalan sakinlərin durumu isə olduqca acınacaqlıdır. Onlar böyük səfalət içində yaşayır, gündəlik ərzaq almağa belə pul tapmaqda çətinlik çəkirlər. Məhz bunun nəticəsidir ki, Ermənistanda əhalinin böyük əksəriyyəti banklara borcludur. Bank faizləri isə kifayət qədər yüksəkdir.
2021-ci ilin ikinci yarısının nəticələrinə görə, Ermənistanda makroiqtisadi, eyni zamanda sosial göstəricilərdə kəskin enişlər var. Hazırda Ermənistan əhalisinin təxminən yarısı, 47,6 faizi yoxsulluq içində yaşayır. Ümumiyyətlə, bu ölkədə yoxsulların 51,1 faizini kənd, 48,9 faizini isə şəhər sakinləri təşkil edir. Ermənistan Statistika Komitəsinin Məişət Statistikası Departamentinin rəhbəri Lusine Markosyan “Past” nəşrinə bildirir ki, əhalinin 0,7 faizi bütün gəlirlərini yalnız ərzaq almağa yönəldir. Qeyd olunur ki, ölkədə yemək üçün pulu olmayan əhalinin əsas hissəsi kəndlərdə yaşayır ki, bu da bir neçə amillə izah olunur: ya insanlar torpağı becərməyiblər, ya da ilin məhsulu pis olub. Belə vəziyyət hər il təkrar olunursa, deməli, bu, hökumətin ölkədə apardığı uğursuz aqrar siyasətin göstəricisi kimi qəbul edilməlidir. Qafqaz Araşdırmaları Resurs Mərkəzinin məlumatına görə, 2021-ci ilin avqustunda keçirilən sorğuda respondentlərin 51 faizi son bir ildə ərzaq almaq üçün pul çatışmazlığından qorxduqlarını, 10 faizi isə bütün günü ac qalmalı olduqlarını bildirir.
“Desoğutyun” analitik mərkəzinin eksperti Lilya Amirxanyan belə vəziyyətin yaranmasına səbəb kimi xüsusən son iki ildə baş verən yüksək inflyasiyanı göstərir. Qiymətlərin xüsusən ərzaq və həyati əhəmiyyətli mallarda artdığını bildirən Amirxanyan deyir: “Koronavirus açıq şəkildə göstərdi ki, Ermənistan iqtisadiyyatının böhranla mübarizə üçün immuniteti yoxdur. Bu da öz növbəsində 2019-cu ildə iqtisadi inqilab və misli görünməmiş iqtisadi artımla bağlı bəyanatların əsassızlığını ortaya qoydu”.
O, ilin sonunda yoxsulluq səviyyəsinin 2020-ci ildəkindən xeyli yüksək olduğunu və bunda hökumətin vətəndaşlarına etdiyi “sürprizlər”in rol oynayacağını bildirir: “Əhalinin gəlirlərində heç bir müsbət dəyişiklik yoxdur”. Bu da Ermənistanı ciddi iqtisadi çətinliklər gözlədiyini göstərir və bu halda büdcə gəlirləri üzrə proqnozların icrası da problem yaradır. Gələn il üçün Ermənistanda büdcənin ümumi gəlirləri 17,5 faiz artaraq 1 trilyon 946 milyard drama (təxminən 4,05 milyard dollar) çatacaq. Xərclər 2 trilyon 184 milyard dram (təxminən 4,55 milyard dollar) təşkil edəcək ki, bu da 2021-ci ilin büdcə layihəsi ilə müqayisədə təxminən 18 faiz və il ərzində dəqiqləşdirilmiş büdcədən 9 faiz çoxdur.
Bütün bunların fonunda isə pandemiya şəraiti ilə əlaqədar olaraq əksər ölkələrin gediş-gəliş, viza məsələlərini çətinləşdirməsi “erməni axını” qarşısında əsas əngələ çevrilib. Əks təqdirdə ölkədən birdəfəlik çıxan vətəndaşların sayı indikindən qat-qat çox olardı. Miqrasiya problemləri ekspertləri də narahat edir. Hətta tarixçi Arşaluis Zurabyan ümumi analiz apararaq 30 ildə faciəvi mənzərənin yaranmasından gileylənib: “Son 30 il ərzində iki milyon yarıma yaxın insan vətəni tərk edib. Əgər bu “soyqırımı siyasətinin” nəticəsi deyilsə, bəs onun adı nədir?”
Vurğulanır ki, Ermənistanda iqtisadi vəziyyətin ağırlaşması 2022-ci ildə miqrasiyanı daha da sürətləndirəcək. Məğlub ölkədə xalis miqrasiya dərəcəsi (immiqrantlarla emiqrantlar arasındakı fərq) hər min nəfərə mənfi işarə ilə 5,6-dır. Bu da Ermənistanda emiqrantların sayının immiqrantlardan hər 1000 nəfər üçün 5,6 dəfə çox olduğunu göstərir. Ermənistanda emiqrantların yaşı isə 15-65 arası dəyişir. Bu da onu göstərir ki, həm gənclər, həm də yaşlılar üçün, yəni daha geniş yaş spektrində olan vətəndaşlar üçün Ermənistanda yaşamaq və işləmək imkanları daha aşağıdır. Ermənistandan gedənlərə - emiqrantlara həm şəhər, həm də kənd yerlərində rast gəlinir. Digər bir fakt isə erməni emiqrantların daha çox qadın olmasıdır.
Göründüyü kimi, Ermənistan tarixinin ən ağır və əzablı günlərini yaşayır. Hazırda ölkədə bütün sahələrdə ciddi və dərin xaos hökm sürür. Bütövlükdə, proseslərin gedişi onu göstərir ki, əgər Azərbaycanla sülh danışıqlarını uzadarsa, Ermənistanı qarşıdakı dövr ərzində daha çətin günlər və qarşıdurmalar gözləyir.
Elçin
CƏFƏROV
Azərbaycan.- 2021.- 29 dekabr.- S. 1;
9.