Teatr
asılqandan başlayır
İnsanlar həyatda baş verən hadisələri, ideyalarının məhsulu olan epizodları əbədiləşdirmək üçün bir sıra yollardan istifadə edirlər. Rəsm, ədəbiyyat, musiqi - bir sözlə, bir çox incəsənət növləri də belə yaranmışdır. Teatrın meydana çıxması da insan yaradıcılığı ilə bağlıdır. Teatr sənətinin ilk sədaları keçmişdən gəlir. Erkən çağlarda ibtidai dinlərin rituallarında şənliklərdə, rəqs mərasimlərində tamaşalara çox rast gəlinib. Bunlar teatr tamaşalarının ilk görünən kökləri idi.
Teatr sözünün yunan dilində “theama” (tamaşa) sözündən yarandığı qeyd edilir. Eramızdan əvvəl 500-cü ildə açıq havada oyunların hazırlanması üçün ən qədim teatr binası inşa olunub. Afinada yerləşən bu məkan “Dionisin açıq hava teatrı” adlandırılıb. Bina qədim yunan şərab tanrısı Dionisin adını daşıyır. Buranın tamaşaçı tutumu 17000 nəfər olub. Səhnə dairəvi şəkildə, yamacdan aşağıya, izləyicilər üçün oturma yerləri isə aşağıdan yuxarıya doğru dairəvi düzülmüş daşlardan ibarət imiş. Faciələr və komediyalar nümayiş etdirilməklə yanaşı, teatr tamaşaçılarının bəyəndikləri oyuna səs vermə hüququ da var imiş. Əsasən 3 janrda oyunlar hazırlanırmış: komediya, faciə və satirik mövzularda.
Qərb teatrı Roma dövründə xeyli inkişaf edib genişlənmişdi. Tarixçi Livi yazırdı ki, romalılar teatrı ilk dəfə eramızdan əvvəl 4-cü əsrdə etrusk aktyorlarının çıxışı ilə nümayiş etdiriblər. Roma teatrlarının təməli küçə teatrı, çılpaq rəqs və akrobatik tamaşalarla qoyulub. Sonralar yunan mədəniyyətində olduğu kimi inkişaf edərək geniş vüsət almışdı. Yunan teatr mədəniyyətindən fərqli olaraq, qədim Romadakı tamaşalarda qadınların da iştirakına icazə verilirmiş.
İlk pyeslər yalnız bir aktyorla oynanılırdı. Əsərdə yalnız baş qəhrəmana rol verilirdi. Xor aktyora hekayəni izah etməyə kömək edən, eyni zamanda pyesə gözəllik qatan vasitə kimi istifadə edilirdi.
Eramızdan əvvəl V əsrdən dramaturqlar yeniliklər etməyə davam etmişlər. Dramaturgiyaya
Esxil antaqonist adlanan ikinci bir danışıq rolunu
əlavə etmişdi. Buna
baxmayaraq, xorda çox adamın olması tamaşanı çox səs-küylü edirmiş.
Esxil xoru 50 nəfərdən
12-yə endirmişdi. Onun
ilk dəfə e.ə. 472-ci ildə
yazdığı “Farslar” adlı pyesi bütün yunan əsərləri arasında bu günə qədər gəlib çatan ən qədim nümunədir.
Azərbaycan.-2021.- 26 dekabr.- S.10.