Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

 

Monteneqroda yaşayan azərbaycanlılar adından Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, ali və şərəfli vəzifənizdə yeni nailiyyətlər arzulayırıq.

Mənalı ömrünüzün tam yarısı dövlətimizin müstəqillik illərinə təsadüf edir. Azərbaycanın müstəqilliyinin, dövlətçiliyimizin qorunmasında, möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı kimi Sizin müstəsna və tarixi xidmətləriniz var. 44 günlük Vətən müharibəsində yüksək zəkanız, diplomatik məharətiniz və cəsarətinizlə qalib xalqın müzəffər Lideri adını Azərbaycanın müasir tarixinə həkk etdiniz.

Ölkə hüdudlarından kənarda yaşayan diaspor nümayəndələri olaraq dövlətimizin xarici siyasətini xüsusi maraq və diqqətlə izləyir, bu sahədə biz də necə iştirakçı və dəstəkçi ola biləcəyimizi daim düşünür, əlimizdən gələni əsirgəmirik. Sizin uğurlu, qətiyyətli, cəsarətli və ümummilli maraqlarımıza söykənən praqmatik xarici siyasətiniz sayəsində Azərbaycan bu gün multikonfessional, multikultural, tolerant, dövlət-xalq birliyinin mövcud olduğu, öz ərazi bütövlüyünü bərpa etmək gücünə malik, bütün beynəlxalq öhdəliklərinə məsuliyyətlə yanaşan, etibarlı tərəfdaş olan, siyasiiqtisadi sabitliyini qoruyan, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin açarı sayılan, humanitar fəaliyyəti ilə tanınan, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan dörd qətnaməsini 44 gün ərzində təkbaşına yerinə yetirmək qüdrətinə sahib bir ölkə kimi qəbul edilir. Bir Azərbaycan vətəndaşı olaraq digər dövlətlərin ölkəmizin qarşıya qoyduğu təşəbbüs və şərtlərlə hesablaşmaq məcburiyyətində qalmalarından qürur duyuram.

Sizi bir daha səmimi-qəlbdən təbrik edirik. Siz xalqımıza Zəfər sevincini bəxş etdiniz. Uca Tanrı bütün arzularınızı çin etsin, yar və yardımçınız olsun!

 

Dərin ehtiramla,

 

Seyran Mirzəzadə,

 

Azərbaycan–Monteneqro İqtisadi və Mədəni Mərkəzinin direktoru

 

Azərbaycan.- 2021.- 29 dekabr.- S.2.