İlham Əliyevin sosial siyasəti yeni uğurlu mərhələyə qədəm qoyur

 

Vətəndaşların rifahının yüksəldilməsini hər zaman prioritet məsələ kimi müəyyən edən Azərbaycan pandemiya şəraitinin davam etməsinə, müharibədən yeni çıxan ölkə olmasına baxmayaraq, davamlı olaraq sosial sahədəki uğurlu siyasətini başqa dövlətlərə örnək ola biləcək şəkildə həyata keçirməkdədir.

Sosial tədbirlərin reallaşdırılması üçün böyük maliyyə vəsaiti tələb olunsa da, dövlət vətəndaşlarının yaşayış şəraitinin yaxşılaşdırılması, həssas əhali qruplarının sosial müdafiəsinin daha da gücləndirilməsi  naminə bu proqramların icrasını heç vaxt yarımçıq saxlamayıb və hər zaman siyasətinin mərkəzində vətəndaşlarının rifahının dayandığını nümayiş etdirib.

Sosial islahatların ən mühüm istiqamətlərini təşkil edən pensiya və müavinətlərin son illər ərzində davamlı şəkildə artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ən mühüm addımlardandır. 2018-2021-ci illərdə pensiyaların orta artımının 60 faiz, minimum pensiya artımının 82 faiz olması, müavinətlərin məbləğinin orta hesabla 2 dəfəyə yaxın, minimum aylıq əməkhaqqının məbləğinin 2,3 dəfə, əlilliyə görə müavinətlərin 3 dəfəyə yaxın artırılması bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin imzaladığı yeni fərman və sərəncamlar əsasında isə gələn ildən sosial ödənişlərin məbləği daha da artırılır.

Gələn il yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 300, yaşayış minimumu 210 manata çatdırılır. Bu artım ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisinin 2022-ci ildə 40-41 faiz səviyyəsinə yüksəldilməsinə imkan verəcək. Minimum əməkhaqqının yüksəlməsi vahid tarif cədvəlinin bütün pillələri üzrə artımlara - orta hesabla 20 faiz artımın baş verməsi ilə nəticələnəcək. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin maaşlarında orta hesabla 20 faiz artım olacaq. Bundan başqa, 2022-ci il yanvarın 1-dən dövlət ümumi və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20 faiz artırılır. Diaqnostik qiymətləndirmədən keçmiş dövlət peşə məktəblərində çalışan idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları 40, fiziki tərbiyə rəhbərlərinin maaşları 30 faiz artırılır. Yalnız təhsilverənlərin deyil, həm də təhsilalanların sosial rifahının gücləndirilməsindən ötrü onların da təqaüdlərinin məbləği yüksəldilir. Gələn ildən doktorantlar, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələr indikindən 20 faiz daha çox təqaüd alacaqlar.

Əlilliyi olanların, sağlamlıq imkanları məhdud uşaqların, yaşa görə müavinət alanların, beşdən çox uşağı olanların, bir sözlə, həssas təbəqəyə aid olan digər şəxslərin sosial ödənişlərinin əhəmiyyətli şəkildə artırılması dövlətin bu kateqoriyadan olan vətəndaşların sosial təminatının gücləndirməsinə böyük önəm verdiyini göstərir.

Ümumilikdə bütün bu artımlar hökumətin ötən illər ərzində yürütdüyü səmərəli sosialyönümlü siyasətin davamı, ölkədə ardıcıl aparılan sosial islahatların növbəti mərhələsidir. Artımların çoxşaxəli istiqamətlər üzrə və hiss edilən səviyyədə olması bütün təbəqələrə aid əhali qruplarının sosial rifahına dəstək olacaq.

Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında”  2021-ci il 16 oktyabr tarixli sərəncamına əsasən,  reallaşdırılacaq bu islahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək. Yeni sosial paket üçün il ərzində əlavə olaraq, 1,5 milyard manat vəsaitin sərf edilməsi nəzərdə tutulur.

 

Gələn il sosial xərclərin büdcə xərclərindəki payı 45 faizlik həddi keçəcək

 

Yeni sosial paketi kifayət qədər əhatəli hesab edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, həm əməkhaqlarının, həm də sosial baxımdan dəstəyə çox ehtiyacı olan həssas kateqoriyaya aid olan vətəndaşların müavinətlərinin artırılmasının məqsədi insanların sosial təminatının daha da gücləndirilməsidir.

Deputatın sözlərinə görə, Azərbaycanın müstəqillik dövründə ilk dəfə olaraq, gələn il sosial xərclərin büdcə xərclərindəki payı 45 faizlik həddi keçəcək. 2022-ci ilin dövlət büdcəsində sosial xərclərin payı 46,4 faizə qədər yüksələcək, sosial istiqamətə 14 milyard manata yaxın vəsait ayrılacaq.  Bu isə ondan xəbər verir ki, gələn il dövlət büdcəsindən ayrılan hər iki manatdan biri sosial sferaya yönəldiləcək: “Növbəti ilsosial təminatın gücləndirilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi öz prioritetliyini qoruyub saxlayacaq.  Təbii ki, bu, eyni zamanda Azərbaycanda əhalinin rifah səviyyəsinin artırılması ilə bağlı aparılan islahatların bir elementi  kimi də xarakterizə olunmalıdır. Nəzərə alaq ki, hər bir vətəndaşın sosial təminatının gücləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Pandemiyanın davam etməsinə baxmayaraq, ölkə rəhbərliyinin vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi üçün əlavə vəsait ayırması, yeni sosial paketin maliyyələşdirilməsi, sosial proqramların maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi və heç bir sosial proqramın təxirə salınmaması dövlətin siyasi iradəsini bir daha nümayiş etdirir”.

V.Bayramov nəzərə çatdırır ki, həm özəl, həm də dövlət sektorunda çalışanların əməkhaqlarının minimum əməkhaqqı məbləğindən aşağı olmasına yol verilmir. Buna görə minimum əməkhaqqı artımı təkcə dövlət deyil, özəl sektorda çalışanların da gəlirlərinə təsir göstərəcək. Minimum əməkhaqqı artımı dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə də 400 min nəfər olmaqla, ümumilikdə 800 min işçini əhatə edəcək. Gələn il yalnız maaşlarda deyil, pensiya və digər müavinətlərin məbləğində, sosial proqramların maliyyələşdirilmə həcmində artımlar olacaq. 2022-ci il üçün yaşayış minimumunun 210, ehtiyac meyarının  200 manata çatdırılması sosial proqramlardan faydalanan vətəndaşların gəlirlərinin artmasına səbəb olacaq: “Artıq gələn aydan etibarən sosial yardım proqramına uyğun ödənilən aylıq məbləğin həcmində artımlar baş verəcək.  Yanvardan pensiyaların indeksasiyası həyata keçiriləcək. Bu da gələn aydan əmək pensiyalarının artacağı deməkdir. Artımlar 2022-ci və növbəti illərdə də davam etdiriləcək. Çünki sosial təminatın daha da gücləndirilməsi, bütövlükdə həm pensiya, həm əməkhaqqı sisteminin daha təkmilləşdirilməsi ölkə Prezidenti tərəfindən təsdiq edilmiş strategiyanın əsas istiqamətlərindən biridir”.

V.Bayramov hesab edir ki, 2022-ci ildə yalnız sosial təminat tədbirləri deyil, inflyasiyaya qarşı mübarizə tədbirləri də gücləndiriləcək. Əməkhaqqı , müavinət və digər sosial ödənişlərdə artımların edilməsi həm də inflyasiyanın yaratdığı neqativ təsirləri minimumlaşdıracaq. Əməkhaqqı artımlarının inflyasiya ilə müqayisədə daha çox olması, əməkhaqqı artımlarının reallığını qoruyub saxlaması əsas məqsədlərdəndir. 2022-ci ildə inflyasiyanın tənzimlənməsi ilə bağlı sistemli tədbirlərin həyata keçirilməsi həm də əməkhaqqı və pensiyalardakı artımların real olması,  əhalinin sosial təminatının daha da gücləndirilməsi baxımından vacib hesab edilir. Ona görə 2022-ci il birmənalı şəkildə vətəndaşların sosial təminatının gücləndirildiyi il kimi yadda qalacaq.

 

Tələbələrin təqaüdləri 30-50 faiz artacaq

 

Bakı Mühəndislik Universitetinin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru, təhsil üzrə ekspert Elçin Süleymanov deyir ki, tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə - müxtəlif pillələr üzrə 30-50 faiz həcmində artacaq. Bu artım 130 mindən çox tələbəni əhatə edəcək.

Təqaüdlərin artırılması ilə bağlı sərəncamı kifayət qədər sosialyönümlü sayan ekspert bunu ölkəmizdə təhsil almaq istəyən gənclərə dövlətin qayğısının növbəti təzahürü kimi qiymətləndirir.

Onun sözlərinə görə, sərəncamda əsas vacib məqamlardan biri təhsildə fərqlənən, yaxşı oxuyan tələbələrin motivasiya edilməsi və tələbələrə təqaüdlərin ümumi  orta  müvəffəqiyyət göstəricisinə uyğun verilməsidir: “Dövlət  hesabına    ödənişli  əsaslarla  təhsil almasından  asılı  olmayaraq, ali    orta  ixtisas  təhsili  müəssisələrində əyani formada  təhsil  alan  tələbələrə  təqaüd  onların  ümumi  orta  müvəffəqiyyət göstəricisinə  görə  verilir. Tələbənin hər  növbəti  semestrdə  təqaüd  alıb-almayacağı, yaxud  alacağı  təqaüdün miqdarı  onun  əvvəlki  semestr  imtahanlarının  nəticələrinə əsaslanır. Ödənişsiz  əsaslarla  təhsil  alan  tələbə  kimi, ödənişli  təhsil  alan  tələbə    təqaüd  ala  bilər, ancaq  bu,  tələbənin   imtahan  nəticələrinə  bağlıdır. Bu gün tələbələrin təxminən yarıdan çoxu təqaüd alır və dövlət sifarişi ilə təhsil alır”.

E.Süleymanov əlavə edir ki, tələbə təqaüdünün verilmə meyarlarının tətbiqi təhsil mühitində kifayət qədər rəqabət imkanı yaradıb. Artıq tələbələr təqaüd alanların siyahısına düşə bilmək üçün bir-biri ilə müsbət mənada rəqabətə girirlər. Bu da onların təhsil keyfiyyətinin yüksəlməsinə təsir göstərir.

E.Süleymanov qeyd edir ki, 2022-ci ilin büdcəsində təhsilə ayrılan vəsait 600 milyon manatdan çox artırılaraq təqribən 4 milyard 500 milyon manata çatdırılıb. Bu isə müstəqillik tariximizin ən böyük təhsil büdcəsidir.

 

Dövlət büdcəsində artımlar üçün maliyyə vəsaiti formalaşıb

 

Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat departamentinin dosenti, professor Emin Qəribli bildirir ki, Azərbaycan gənc, eyni zamanda müharibəni yeni başa vurmuş ölkə olmasına baxmayaraq, sosial vəzifələrinin öhdəsindən layiqincə gəlir. Dövlət pandemiya başlayandan onun iqtisadiyyata və əhalinin rifahına mənfi təsirlərinin minimumlaşdırılması üçün adekvat tədbirlər həyata keçirir. Ötən dövr  ərzində minimal əməkhaqqı demək olar ki, 2 dəfə artırılaraq 250 manata çatdırıldı. 2022-ci il 1 yanvar tarixindən isə minimum aylıq əməkhaqqının məbləği 250 manatdan 300 manata yüksələcək. Qlobal böhranın olmasına, neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, dövlət büdcəsində artımlar üçün maliyyə vəsaiti formalaşıb və maliyyə resursları ilə bağlı problem yoxdur.

Artımların insanların yaşayış şəraitinə təsir edəcəyi qənaətində olan E.Qəribli deyir ki, dövlət müəssisələrində çalışanların əməkhaqlarının yüksəldilməsi artıq digər müəssisələrdə də maaşların artırılmasına səbəb olur: “Artıq görürük ki, publik müəssisələr də işçilərinin maaşlarını artırırlar. Kommersiya müəssisələri hər zaman belə proseslərə operativ cavab verirlər. İnanıram ki, onlar yenə də bu çağırışa uyğun adekvat addım atacaqlar”.

İqtisadçı hesab edir ki, əməkhaqları və müavinətlərin artımından sonra əhali qida və digər məhsulları daha çox alacaq. Məhsullara olan tələbatın yüksəlməsi isə yerli sahibkarlığın inkişafına səbəb olacaq. Maaşların artımı qeyri-neft sektorunun inkişafında da rol oynayacaq: “Dövlət bir tərəfdən bu sahənin stimullaşdırılması üçün tədbirlər həyata keçirir, bu sahədə vergi yükünü müəyyən qədər azaldır, digər tərəfdən isə sosial müavinət və əməkhaqlarını artırır. Vergilərin azaldılması ilə vergi yığımının artımını müşahidə edirikbu artımı gələcəkdə də görəcəyik. Bu ilin əvvəlində vergi azaldılmışdı, amma bir ilin büdcəsinə baxılarsa, görərik ki, vergi yığımı artıb. Bu, o deməkdir ki, artıq Azərbaycanda bazar institutları effektiv şəkildə çalışır, dövlət sosialyönümlü siyasətini buna uyğun davam etdirir. Qonşu ölkələrə baxdıqda görürük ki, valyuta siyasətində müəyyən problemlər mövcuddur. Azərbaycan isə bu dövr ərzində nə valyuta baxımından, nə də sosial təminat baxımından sarsıntı yaşadı. Tam əksinə olaraq, pandemiya dövründə müəyyən inkişaf etmiş ölkələrdə  yerlərinin sayı azaldılsa da, Azərbaycanda yeni yerləri yaradıldı. Qarabağ bölgəsində nə qədər tikinti işlərinin aparıldığını görürük! Bu, özü də insanların məşğulluğunun artırılmasında, rifah səviyyəsinin yüksəldilməsində bir sosial amil kimi çıxış edir”.

 

İlhamə İSABALAYEVA

 

Azərbaycan.- 2021.- 25 dekabr.- S.10.