“Şahdəniz”in yubiley ilinə yekun vurarkən bir daha “Şahdəniz” haqqında

 

2021-ci il bizim üçün həm də “Şahdəniz” ili oldu. Bizim sahəmizdə bu ilin ən mühüm hadisələrindən biri olan “Şahdəniz” layihəsinin 25 illiyinə də yekun vurmaq vaxtı çatdı.

“Şahdəniz”in qısa tərifini verəsi olsaq,  deyərik ki, bu, Azərbaycanın ən böyük qaz yatağıdır. Dünya enerji sənayesi baxımından isə “Şahdəniz” belə görünür - qlobal neftqaz sənayesinin indiyə qədər həyata keçirdiyi ən böyük və ən mürəkkəb layihələrdən biri. Hər ikisi doğrudur - bu, həqiqətən nəhəng bir yataqdır və möhtəşəm bir qaz işlənməsi layihəsidir.

“Şahdəniz”ə aid hər şey heyrətamizdir. 25 il əvvəl müqavilə imzalananda heç kim təxmin edə bilməzdi ki, cəmi üç il sonra, yəni 1999-cu ildə bu layihə çərçivəsində dünyanın ən böyük qaz-kondensat yataqlarından biri kəşf ediləcək. İlkin geoloji ehtiyatlarına görə 1 trilyon kubmetrdən çox qaza və 2 milyard barel kondensata malik bu dünya səviyyəli yataq bp-nin 110 illik tarixində aşkar edilmiş ən böyük qaz yatağıdır.

Dünyada çox az layihə tapılar ki, bir ölkənin gələcəyini müəyyənləşdirmək və bir regionun enerji landşaftını dəyişmək gücündə olsun. “Şahdəniz” məhz bu cür layihələrdəndir.

“Şahdəniz” layihəsi həm də “Azəri-Çıraq-Günəşli”dən (AÇG) sonra Azərbaycana qoyulan ikinci ən böyük birbaşa xarici sərmayədir. Bu da son 20 il ərzində ölkə iqtisadiyyatının daha da güclənməsinə ciddi bir dəstək olub. Hətta deyərdim ki, bu mənada “Şahdəniz” ölkənin və bütün regionun görünməmiş dirçəlişinə, inkişafına və artımına nəhəng təkan verərək Azərbaycanın qürur duyulan enerji tarixində AÇG qədər rol oynayıb. Bu iki layihə birlikdə əslində ölkə tarixində yeni bir səhifə açaraq Azərbaycanın müstəqillik qazandıqdan sonra əldə etdiyi iqtisadi dirçəlişin möhkəm təməlini qoyub.

“Şahdəniz”in 25 illiyi eyni zamanda tarixi bir hadisədir, çünki bu, Azərbaycanın təbii ehtiyatlarının ilk dəfə olaraq Avropa bazarlarına birbaşa çıxışı ilə əlamətdardır. Azərbaycan demək olar ki, iki əsrdir  bütün dünya üçün neftqaz hasil edirfaktiki olaraq, dünya neft sənayesinin beşiyidir. Lakin ilk dəfədir ki, Avropaya birbaşa bağlanıb və bu, “Cənub qaz dəhlizi”nin giriş qapısı olan “Şahdəniz”in sayəsində mümkün olub.

Amma “Şahdəniz”in əhəmiyyəti təkcə ölkə və regionla məhdudlaşmır. Onun çox böyük qlobal əhəmiyyəti var. Prezident İlham Əliyev bir dəfə “Cənub qaz dəhlizi” haqqında dedi ki, o, Avropanın enerji xəritəsini dəyişəcək, Azərbaycan və region ölkələri üçün əlavə imkanlar açacaq. Bu sözlər eynilə bütün “Şahdəniz” layihəsinə aid edilə bilər  -  “Şahdəniz” bir çox ölkənin, xüsusən də regional enerji mərkəzi kimi Türkiyənin və Avropa İttifaqının bəzi ölkələrinin enerji qovşağına çevrilməsində mühüm rol oynayıb.

Bildiyimiz kimi, Avropa İttifaqının nisbətən az qaz ehtiyatı var. Faktiki olaraq, təkcə Azərbaycanda olan qaz ehtiyatları Avropanın ümumi  qaz ehtiyatlarının 75 faizdən çoxuna bərabərdir. Buna görə də Avropanın Azərbaycan qazının təchizatına çıxış əldə etməsi mühüm əhəmiyyət daşıyırdı və bu gün “Şahdəniz” həmin təchizat həcmlərinin əsas mənbələrindən biridir. Bu da Azərbaycanı Avropa İttifaqının enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən etibarlı enerji tərəfdaşına çevirir.

“Şahdəniz”in Xəzərə gətirdiklərini isə, heç şübhəsiz, texnoloji inqilab adlandırmaq olar, yəni texnologiya baxımından son nailliyyətlərə söykənən tam yenilikçi bir layihədir. Bu mənada onun sənaye üçün əhəmiyyəti əvəzsizdir. Xüsusən də “Şahdəniz-2”-də tətbiq edilən texnologiyalardakı çoxsaylı sənaye yeniliklərini nəzərdə tuturam.

Məsələn, layihə çərçivəsində 10 sualtı manifoldu və 26 sualtı quyunu birləşdirən 500 kilometrlik axın xətlərindən ibarət çox böyük bir sualtı hasilat sistemi quraşdıırılıb. Bundan əlavə, bu sualtı hasilat mərkəzində beş cinah boyunca özül konstruksiyalarından, çoxsaylı birləşmə və fittinqlərdən, idarəetmə xətti üçün nəzərdə tutulmuş sualtı elastik kabellərdən və üç ixrac boru kəmərindən istifadə olunur. Bu sualtı konstruksiyalar ən müasir texnologiyaya əsaslanır. Onlar dünyanın ən çətin və mürəkkəb qazma şəraitlərindən biri kimi tanınan “Şahdəniz” üçün məxsusi  olaraq layihələndirilib və inşa edilib. Bu konstruksiyalar yataqdakı yüksək təzyiqlərin və axın sürətinin son dərəcə mürəkkəb xüsusiyyətlərinin öhdəsindən gəlmək gücündədir.

Digər bir misal kimi təzyiqə qarşı yüksək etibarlılıqlı qoruyucu klapanları (HİPPS) göstərmək olar. “Şahdəniz” yatağında dəniz dibində aktiv palçıq vulkanları və yumşaq qrunt kimi geoloji təhlükələr mövcuddurbunlar da əməliyyatları son dərəcə çətinləşdirir. Dəniz dibinin altındakı geoloji mühit isə daha da mürəkkəbdir. Beləliklə, HİPPS sistemi dünyanın ən yüksək təzyiqlərindən birinə malik və dəniz səviyyəsindən altı kilometr aşağıda yerləşən yataqda bu çətinlikləri dəf edə bilir. Məsələn, HİPPS klapanı cəmi 15 saniyə ərzində bağlana bilir ki, bu da əməliyyatların  təhlükəsizliyi üçün çox vacibdir.

“Şahdəniz”in qurudakı obyektlərində də bəzi unikal texnologiyalar tətbiq olunur. Səngəçal terminalındakı “Şahdəniz” qurğusu karbon tullantılarını azaltmağa kömək edən istiliyin utilizasiyası texnologiyasından istifadə edirbu da təmiz ətraf mühit səylərinə ciddi dəstəkdir. Bu texnologiya fiziki olaraq kompressorların qaz turbinlərinə bərkidilmiş innovativ qurğulardan ibarətdir və bu qurğular qaz turbinindən çıxan işlənmiş qazı tutaraq təkrar emaldan keçirir və terminalı istiliklə təmin etmək üçün istifadə edir. Rəqəmlər baxımından bu texnologiya “Şahdəniz” qurğusunun illik emissiyalarını təxminən 110 min  ton  CO2  azaldır. Müqayisə etsək, bu, Bakı ilə London arasında gündəlik iki reys olmaqla birillik uçuşa bərabərdir.

Bunlar “Şahdəniz”in qlobal enerji sənayesində necə bir lider olduğunu göstərən sadəcə bir neçə nümunədir. Səmərəli şəkildə işləyən bir çox digər nümunələr də var və inanıram ki, zamanla daha çox nümunələr görəcəyik.

Bir az da “Şahdəniz”dəki hazırkı  vəziyyətdən danışmaq istərdim. Biz operator olaraq, həqiqətən də, çox məmnunuq ki, bu gün “Şahdəniz”in uğur hekayəsi daha sürətlə və daha uğurlu davam edir. Layihə regionalAvropa bazarlarına olan bütün öhdəliklərini yerinə yetirməyə qadirdirçox yüksək icrası nümayiş etdirir. Pandemiyaya baxmayaraq, hasilat ən yüksək sabit  səviyyəyə doğru möhkəm irəliləyir.

İndi əsas diqqətimizi “Şahdəniz 2”-də yeni cinahların işə salınması üçün qalan sualtı tikinti fəaliyyətlərinə və qazma proqramına yönəltmişik. Bir neçə  ay öncə layihə 2021-ci ilə planlaşdırılan ən mühüm bir işi uğurla tamamladı  -  suyun 540 metr dərinliyində yerləşən şərq-cənub cinahından hasilat başladı. Bunun üçün bütün işlər təhlükəsiz, qrafikə uyğun və planlaşdırılmış büdcə daxilində icra olundu və artıq üçüncü rübdə cinah tam hasilat səviyyəsinə çatdı. Bu cinahdan hasilat səviyyəsinin artması nəticəsində 2021-ci ilin iyul ayında ilk dəfə olaraq “Şahdəniz Bravo” platformasından gündəlik hasilat “Şahdəniz Alfa” ilə eyni səviyyəyə çatdı.

Hazırda “Şahdəniz” gündə təxminən 70 milyon standart kubmetr qaz hasil etmək gücündədir və bu da ildə 25 milyard kubmetrdən çox qaz deməkdir. Bu isə birinciikinci mərhələdən birlikdə ümumi sabit ən yüksək  hasilat səviyyəsinə (yəni illik 26 milyard kubmetr qaz və gündə 100 min bareldən çox kondensat) yaxın olduğumuzu göstərir.

Gələcəyə nəzər salsaq, “Şahdəniz” üzrə hasilatın pay bölgüsü sazişinin müddəti 2048-ci ilə qədər uzadılıb və bu, investorlara yatağın işlənməsini daha da genişləndirməyə, bu nəhəng yataqdakı perspektiv strukturlarda əlavə kəşfiyyat və qiymətləndirmə işləri aparmağa imkan verir. Beləliklə, “Şahdəniz” gələcək onilliklər ərzində də enerji təchizatına uğurla davam edəcək.

25-ci ildönümündə “Şahdəniz”in ilk başlanğıcdan vəd etdiyi bütün gözləntiləri gerçəkləşdirdiyini gördükdə, biz dünya üçün mühüm əhəmiyyət daşıyan və Azərbaycan üçün böyük strateji önəmi olan bu möhtəşəm layihənin bir parçası olmağımızdan böyük qürur duyuruq.

“Şahdəniz”in uğuru ona cəlb olunmuş bütün tərəflərin birgə nailiyyətidir və ən əsası da Azərbaycan hökumətinin və şəxsən Prezident İlham Əliyevin nailiyyətidir. Bu elə nəhəng miqyaslı və elə mürəkkəb bir layihədir ki, onu  yalnız kollektiv şəkildə həyata keçirmək mümkün idi. Bu layihə yalnız Azərbaycan Prezidentinin, Azərbaycan hökumətinin, digər regionalAvropa hökumətlərinin, SOCAR-ın, digər milli və beynəlxalq təşkilatların, tərəfdaşların və podratçı şirkətlərin, icmaların, “Cənub qaz dəhlizi” boyunca bir çox ölkələrdə həyata keçirilən əməliyyatlara və tikinti işlərinə cəlb olunmuş on minlərlə insanın böyük səyləri sayəsində gerçəkləşib.

Birlikdə biz bu layihəni qlobal miqyasda bütün maraqlı tərəflərə fayda verən və gələcək uzun illər ərzində də faydalar gətirəcək ən uğurlu tərəfdaşlıqlarından biri etmişik. Bu möhtəşəm layihə ona cəlb edilmiş bütün tərəflərin təcrübəsini və resurslarını bir araya gətirib və bu 25-ci uğurlu ildönümündə  dəstəyinə, tərəfdaşlığına və iştirakına görə onların hamısına təşəkkür edirik.

 

Bəxtiyar ASLANBƏYLİ,

bp-nin Xəzər regionu üzrə kommunikasiya

və xarici əlaqələr üzrə vitse-prezidenti

 

Azərbaycan.- 2021.- 25 dekabr.- S.11.