Ümumxalq sevgisini qazanan Prezident
Hər bir xalqın tarixində xilaskar rolunu oynayan lider var. Həmin lider xalqının taleyüklü məsələsinin həllində xilaskarlıq missiyasını üzərinə götürüb cəsarət nümayiş etdirir və adını əbədi olaraq dövlətinin şanlı tarixinə yazdırır.
Adı ilə qürurlandığımız Azərbaycan xalqının böyük şəxsiyyətləri zaman-zaman tarix yaratmışdılar. Keşməkeşli tariximizin 1970-ci ildən üzü bəri idarə olunmasında, inkişafında, mədəni-iqtisadi yüksəlişində xüsusi əməyi olan, bunun üçün bir övlad fədakarlığı göstərən Ulu Öndər Heydər Əliyevin adı isə tariximizin əbədiyaşar səhifələrində xüsusi ilə şərəfli yer tutur.
Heydər Əliyev siyasi təfəkkürünün, xalqına olan sevgisinin bəhrəsi ötən 50 ildə daha çox diqqət çəkir. İdarəetmədə, diplomatiyada yüksək istedadı olan bu parlaq zəka sahibi xalqa rəhbər olmağın, mənsub olduğu millətini tərəqqi etmiş millətlər arasına çıxarmağın örnək nümunəsini yaratdı və sovetlər dönəmindən üzü bəri ölkəsinin hərtərəfli inkişafına bir ömür həsr etdi.
Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyevin bütün müsbət keyfiyyətlərinin çaları - ifadəsi son 18 ildə zamanın diktəsiylə üzə çıxdı. Məhz cənab İlham Əliyevin siyasi iradəsi, düşünülmüş inkişaf strategiyası, sərkərdəlik məharəti sayəsində Azərbaycanın bütün ərazisində suveren hüquqlarımız bərpa edildi, əyilmiş qamətimiz düzəldi, qalib dövlətə çevrildik, müzəffər xalq olduq. Ölkəmiz bütün dünyaya yeni imicdə göründü, dünya Azərbaycanı qüdrətli dövlət kimi yenidən kəşf etdi.
Cənab İlham Əliyevin Ali Baş Komandan kimi 44 günlük Qarabağ savaşı zamanı verdiyi qərarlar, göstəriş və tapşırıqlar, həmçinin siyasətin əsas tərkib hissəsi olan dürüst informasiya Azərbaycan həqiqətlərini bir qalxan etməklə, həm də böyük gücləri fakt qarşısında susdurmağa məhkum etdi.
İlham Əliyevin prezidentliyi dövründə ölkədə həyata keçən fantastik inkişafın - yeniliklərin saysız-hesabsız olduğu göz qabağındadır. Ölkə boyu dünya standartları səviyyəsində salınan asfalt yollar, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafı, sosial-iqtisadi sahədə tərəqqi son 18 ildə olan inkişafın bir qismidir.
30 il həsrətini çəkdiyimiz, nisgilini yaşadığımız Qarabağımızın qaytarılması - bu şərəfli qələbə, möhtəşəm dönüş hər birimizə iftixar, qürur hissi yaşatdı. Bütün bunların müəllifi olan Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik istedadı da parlaqlığı ilə üzə çıxdı.
İlkin yaranışdan bu günə kimi nəsillər bir-birini əvəzləmiş, hər ötən minilliklər boyu dövrün, vaxtın, zamanın gedişatında xalqımızın tarix yazan, cəsur, igid, qəhrəman övladları idarəetmənin səmtini dəyişə bilmişlər. Bu sırada Azərbaycanın böyük oğullarının adlarını fəxrlə çəkmək olar. Bu günümüzün - XXI əsrin başlanğıcının ilk qəhrəman sərkərdəsi isə Ali Baş Komandan İlham Əliyev oldu.
Cənab İlham Əliyev ölkə rəhbərliyinə başladığı dövrdən Ulu Öndər Heydər Əliyevin yolunu tutmaqla, itirilmiş vətən torpaqlarının geri qaytarılmasını da ata vəsiyyəti kimi köksündə daşıyırdı. Uğura çatmağın yolunun iqtisadi gücdən, güclü ordunun formalaşmasından başladığını bilən İlham Əliyev bu yolda bütün imkanları səfərbər etdi. Ötən bu illər ərzində gərgin fəaliyyətinin nəticəsi isə öz bəhrəsini verdi.
İkinci Qarabağ
savaşı başlanana qədər
ölkədə gedən geniş quruculuğun, vüsətli texniki
tərəqqinin, mədəni inkişafın, sabitliyin
yaratdığı yeniliklər ölkə vətəndaşlarında
bir könül xoşluğu, gələcəyə inam aşılamaqdaydı. Savaşın
başlayacağı geniş kütləyə
məlum olmasa da, onun qığılcımları özünü göstərirdi. Cəmiyyətdə
qayda-qanunun möhkəmləndirilməsi,
hər sahədə köklü
islahatların aparılması istiqamətində ölkə Prezidenti əməli addımlar atdı. Bu işdə ictimaiyyətin nəzarətinin
və dəstəyinin də müsbət təsiri oldu.
Son 18 ildə ölkəmizin rəhbəri İlham Əliyevin apardığı uğurlu, düşünülmüş siyasətlə erməni yalanları iflasa uğradı və onların təbliğatı nə qədər güclü olsa da, haqqın-ədalətin zəfər çalmasına mane ola bilmədi. Cənab İlham Əliyev ordumuzun qəhrəmanlığı, igidliyi sayəsində şanlı qələbəyə imza atdı və bununla da öz adını cəsur sərkərdələrin sırasına saldı. Bütün bunların yaratdığı nikbinlik, gələcəyə inam düşüncəsi - duyğusu xalqın öz rəhbərinə olan sevgisini daha da artırdı. Bu qələbəyə görə soydaşlarımız İlham Əliyevə ümumxalq məhəbbətini ifadə etdi. “Övladı olduğu millətin məhəbbətini qazanmaqdan böyük mükafat yoxdur” deyimi böyük sərkərdə İlham Əliyevin boyuna biçilmiş bir şərəf, ləyaqət libasıdır desək, fikrimizi daha dolğun ifadə etmiş olarıq.
Vaxtilə Ulu Öndər İlham Əliyev barədə ürəklə, inamla demişdi: “Mən ona özüm qədər inanıram”. Bu inam özünü bir daha doğrultdu. Ali Baş Komandan İlham Əliyevin Şuşa azad olunan gün xalqa müraciətində söylədiyi “Xoşbəxtəm ki, ata vəsiyyətini doğrultdum” fikri Heydər Əliyevin varisi İlham Əliyevə verdiyi qiymətin təntənəsidir.
Adil ABDULLAYEV,
“Gənclik” nəşriyyatının direktoru,
Əməkdar
mədəniyyət işçisi, Prezident
mükafatçısı
Azərbaycan.-
2021.- 25 dekabr.- S.11.