“Əsgərə xatirə” - Zəfərin şanlı
irsinə böyük ehtiram
“Əsgərə xatirə” layihəsinin təşkilatçılığı, Müdafiə Nazirliyinin birgə əməkdaşlığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Xarıbülbül, igid yadigarları, qış nağılı” uşaq festivalı keçirilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasında, qorunub-saxlanılmasında canından keçmiş və şücaət göstərmiş, eləcə də Vətən müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirmiş şəhid və qazilərin övladlarına həsr olunmuş tədbir şəhidlərimizin əziz xatirəsinin ehtiramla anılması ilə başlayıb.
Tədbirdə Milli Məclisin deputatları Vüqar İskəndərov, Arzu Nağıyev, Müdafiə Nazirliyinin məsul əməkdaşı Anar Nağıyev, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, “Azərbaycan Bayrağı” ordenli Yaşar Bağırov, şəhid Abdurrəhmanlı Sübhanın anası Mehriban xanım, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Mehrab Niftəliyevin həyat yoldaşı Vüsalə Niftəliyeva çıxış edərək bildiriblər ki, “Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı Böyük Qələbə qazanıb, Zəfər tarixi, qəhrəmanlıq dastanı yazıb. Bu qələbə Ali Baş Komandan İlham Əliyevin qətiyyət və cəsarəti, fədakar xalqımızın birliyi və Müzəffər Ordumuzun gücü ilə əldə olunub.
Layihənin icraçı direktoru Məltəm Şıxəliyeva tədbirin ərsəyə gəlməsinə dəstək olan “Əsgərə xatirə” layihəsinin fəxri üzvlərinə, cəsur və zərif insanlara, sahibkarlara, mədəniyyət xadimlərinə, eləcə də media nümayəndələrinə minnətdarlığını bildirib.
Dövlət rəsmiləri, iş adamları və festival qəhrəmanları gələcəyimizi etibar etdiyimiz uşaq və yeniyetmələrlə birlikdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə hazırlanan tortu kəsiblər, 60 şəhid və qazi övladı nağıl qəhrəmanları ilə görüşərək xoş və əyləncəli anlar yaşayıb. Hər bir igidin övladına hədiyyələr və sovqatlar təqdim olunub.
Ülkər XASPOLADOVA
Azərbaycan.- 2021.- 25 dekabr.- S.12.