Ombudsman Səbinə Əliyeva ombudsman haqqında Konstitusiya
Qanunun qəbulunun 20-ci ildönümü
ilə əlaqədar müraciət yayıb
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun qəbul edilməsinin 20-ci ildönümü ilə əlaqədar müraciət yayıb.
AZƏRTAC Ombudsman Aparatının mətbuat xidmətinə istinadla müraciəti təqdim edir:
“Dekabrın 28-i “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun qəbul edilməsindən 20 il ötür. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 28 dekabr 2001-ci il tarixdə qəbul edilmiş Konstitusiya Qanununa əsasən Ombudsman vəzifəsi Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və həmin Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması məqsədilə təsis edilmişdir.
Təqdirəlayiq haldır ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş Ombudsman təsisatının fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insan hüquqlarının təmini sahəsində uğurla həyata keçirdiyi islahatlar nəticəsində daha da inkişaf etdirilir.
Ötən dövr ərzində insan hüquqlarının səmərəli müdafiəsi baxımdan mühüm əhəmiyyət kəsb edən ictimai münasibətlərin tənzimlənməsi zərurəti ilə əlaqədar Konstitusiya Qanununda bir sıra əlavə və dəyişikliklər edilməklə Ombudsman təsisatına müasir dövrün tələblərinə uyğun yeni səlahiyyətlər də verilmişdir. Hazırda ölkəmizin insan hüquqları sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə uyğun olaraq Konstitusiya Qanununun təkmilləşdirilməsi prosesi davam etdirilməkdədir.
Azərbaycan ombudsmanı olaraq, insan hüquq
və azadlıqlarının müdafiəsi sahəsində
qarşıya qoyulmuş olduqca
şərəfli və məsuliyyətli vəzifələrin
icrasına nail olmağa
çalışmaqla xalqımıza sədaqətlə xidmət
etməkdən böyük qürur hissi keçirir və hər kəsi
dövlətimizin ali məqsədi olan insan və vətəndaş
hüquqlarının və azadlıqlarının, Azərbaycan
Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi
naminə birgə əməkdaşlığa
çağırıram”.
Azərbaycan.- 2021.- 29 dekabr.- S.5.