Müharibənin “gizli qatil”ləri

 

 

Ağdam mina və partlayıcı maddələrdən sürətlə təmizlənir

 

 

 

Diqqət!

Mina və mərmilərlə çirklənmiş ərazilərə daxil olmusunuz.

Yalnız işlək yollardan istifadə edin. Şübhəli əşyalara, sursatlara toxunmayın. Təhlükəlidir!

 

Vətən müharibəsindəki böyük Zəfərdən bir il ötsə də, Qarabağa ilk səfər edən hər kəs o torpağa ayaq basan kimi telefonuna bu xəbərdarlıq mesajı gəlir. Elə ilk andan qanunsuz olaraq bu torpaqlarda məskunlaşan düşmənin əsl xisləti bəlli olur. Şəhərlərimizi, rayon və kəndlərimizi talan edən, daşı daş üstündə qoymayan erməni vandalları  torpaqlarımızı tərk edib qaçarkən də xainliklərindən əl çəkməyiblər.

Lakin qüdrətli Azərbaycan 44 günlük Vətən müharibəsində düşməni necə məhv etdisə, eləcə də onun basdırdığı mina və digər partlayıcı maddələri sürətlə zərərsizləşdirir. Qarabağın giriş qapısı sayılan Ağdamda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mütəxəssislərinin minatəmizləmə əməliyyatlarına etdiyi şahidlik bunu söyləməyə tam əsas yaradır.  

 

 

 

Bircə səhv ölümdür

 

 

 

Biz əraziyə çatanda minatəmizləyənlər tərəfindən hələ axtarış prosesi başlanmamışdı. ANAMA-nın 2 saylı təmizləmə qrupunun rəhbəri axtarışa başlayacaq heyəti təlimatlandırırdı.

 

Kənardan müşahidələr aparırıq. Əməliyyatçılar xüsusi geyimdə müxtəlif növ müasir minaaxtaran aparatlarla təchiz olunublar. Bir qədər sonra qrup hərəkətə keçir. Biz isə bütün bu proseslərə nəzarət edən supervayzer Xaliq Zülfüqarovla söhbətləşirik.

 

17 ildir bu səhədə çalışdığını bildirən Xaliq Zülfüqarov müharibədən sonra Cəbrayıl-Füzuli istiqamətində aparılan əməliyyatlarda iştirak edib. Mütəxəssis deyir ki, ANAMA tərəfindən indiyədək işğaldan azad olunmuş ərazilərdə “gizli qatillər”in axtarışında böyük işlər görülüb. Ağdamda isə bir neçə layihə işlənərək aidiyyatı üzrə təhvil verilib.

 

Mütəxəssisin sözlərinə görə, hazırda həyata keçirilən əməliyyatlarda iştirak edən minaaxtaranların hamısı xüsusi təlimlər, kurslar keçdikdən sonra ərazilərə ezam olunublar. Bütün bunlar ANAMA-nın Göygöl rayonunda yerləşən xüsusi təlim bazasında baş verir. Bununla belə kurs keçib ərazilərə ezam olunan yeni əməkdaşlar birbaşa əməliyyat qruplarına daxil edilmirlər. Müəyyən təlimatlardan, məşqlərdən sonra təmizlənmiş ərazilərdə yoxlama xarakterli axtarışlar aparırlar. Bu müddətdə onların psixoloji, fiziki durumlarına nəzarət edilir və sonra təmizlənməmiş ərazilərdə aparılan yoxlamalar üzrə qruplara daxil edilirlər.

 

 

 

“Gizli qatillər”i xüsusi təlim görmüş itlər də tapırlar

 

 

 

Minalanmış ərazilərin təmizlənmə prosesinə gəldikdə isə mütəxəssis deyir ki, öncə ərazilərin qeyri-texniki və ardınca isə texniki tədqiqatı həyata keçirilir. Sonra yerin relyefinə və əməliyyatın planlanmasına başlanılır və həmin ərazidə ola biləcək partlayıcıların xüsusiyyətləri müəyyənləşdirilir.

 

ANAMA-ya məxsus kənardan idarəetmə üsulu ilə işləyən mexaniki təmizləmə maşınlarından istifadə etməklə “ərazilərin kiçildilməsi” əməliyyatları həyata keçirilir. Xaliq Zülfüqarovun sözlərinə görə, böyük ərazilərdə, xüsusən də minalı olmasına dair ilkin əlamətlər olmayan hallarda əl ilə axtarış aparmaq vaxt itkisi yaradar. Ona görə də mexaniki təmizləmə maşınları müəyyən edilmiş əraziyə çıxarılır və texnika hərəkət etdikdə hansı hissədə mina partlayırsa və ya texnikadan sonra partladılmadan qırılmış mina parçaları aşkar edilirsə, bu, artıq mina sahəsinin aşkarlandığını bildirir. Sonra ərazi işarələnir və həmin yerdə əl ilə axtarışlara başlanılır. Bir sözlə, mexaniki təmizləmə texnikası riskləri azaldır, torpağı yumşaldır, işə mane olacaq kolları aradan qaldırır və təmizləmə əməliyyatının aparılmasını sürətləndirir. Axtarışların aparılması supervayzerlərin qərarından asılı olur: “Müəyyən proseslərdən sonra qərar verilir ki, burada əllə və ya avadanlıqla, ya da xüsusi təlim görmüş itlərlə axtarışlar aparılmalıdır. Ola bilər ki, hər 3 vasitədən də istifadə edilsin. Çünki zirehli texnika əleyhinə minaların dərin qatlarda da yerləşməsi mümkündür. Bu zaman xüsusi avadanlıqdan istifadə etmək lazım gəlır. Piyadalar əleyhinə fuqas (partlayış dalğalı) minaları adi metal detektoru ilə aşkar etmək çox çətindir, çünki bu cür minaların gövdəsi əsasən plastik materiallardan hazırlanır və onların daxilində isə bir neçə qram metal olur. Minanın materialı plastikdən olsa da, bütün minalardakı partlayıcı maddənin tərkibi təxminən eynidir və həmin maddələri iyduyma qabiliyyəti güclü olan xüsusi təlim keçmiş itlərin köməyi ilə aşkar etmək mümkündür. Minaların zərərsizləşdirilməsi isə milli və beynəlxalq minatəmizləmə standartlarına uyğun həyata keçirilir. Həmin standartlarda göstərilir ki, bütün mümkün hallarda aşkarlanmış mina və sursatlar yerində partladılmalıdır”.

 

Axtarışların aparılması prosesi 2 mərhələli ola bilir. Əgər ərazidə aparılacaq tikinti işləri zamanı dərin qazıntı olmayacaqsa,  metal detektorlar və itlərlə axtarış hədəfə çatmaq üçün kifayət edir. Yox, əgər həmin ərazidə yaşayış binaları tikiləcəksə və ya böyük obyektlərin inşası nəzərdə tutulursa, o zaman xüsusi avadanlıqlarla axtarışlar aparlmalıdır. Təmizləmə dərinliyi son istifadəçilərin niyyətlərinə görə öncədən müəyyən edilir.

 

Hazırda isə Ağdam şəhərində tikiləcək yaşayış binalarının, bayraq meydanının ərazisində minalardan təmizləmə əməliyyatı həyata keçirilir. Bu ərazilərdə axtarışlar 2 mərhələli - həm üz qatda, həm də iri sursatların aşkar edilməsi üçün 6 metr dərinliyə qədər olan hissədə aparılacaq.

 

Ağdam ərazisində aparılan ümumi yoxlamalardan danışan mütəxəssis deyir ki, şəhərin müxtəlif yerlərində düşmənin basdırdığı daha çox piyada əleyhinə olan “PMN- G” minalarına rast gəlinir. Çünki bu minalar Ermənistanda istehsal edilir. Kustar üsulla, yəni əldə düzəldilən partlayıcılar da tapılıb: “Düşmən “sürpriz” kimi əldədüzəlmə partlayıcı tələlər də qurub. Yol üzərində olan müxtəlif diametrli dəmir su borularının içərisinə elektrik detonatoru və trotil adlı partlayıcı yerləşdiriblər. Həm də borunun içərisini kəsilmiş məftillərlə doldurublar. Bununla da qəlpələnən mina yaradıblar. Onları səngərlərin üstünə düzüblər ki, Azərbaycan əsgəri hücum edəndə kənardan idarə etməklə partlatsınlar. Amma bəzilərini partlada bilməyiblər. Aşkar etdiklərimizi isə zərərsizləşdirmişik”.

 

 

 

Tərkibində iynənin ucu boyda metal olan minanı tapan cihazlar var

 

 

 

Bir qədər söhbətləşdikdən sonra diqqətimizi minaaxtaranların olduğu əraziyə yönəldirik.

 

Axtarış aparılan sahədə müxtəlif rənglərə boyanmış hündür (1.20 sm) və kiçik (60 sm) taxta payalar yan-yana basdırılıb. Qırmızı rəngli hündür payalar sərhəd xəttini, göy payalar başlanğıc xəttini, qara payalar itlərin mina tapdığı əraziləri, rəngli payalar isə ərazinin təhlükəsiz olduğunu göstərir. Sarı payalar isə mina çıxarılan ərazilərə vurulur.

 

Axtarış aparan qrupdan bir nəfər “Ferex” adlı cihazla (yerin 6 metr dərinliyinə qədər olan məsafədə yerləşən metal obyektlərin və sursatların maqnit sahəsini ölçərək) müəyyən trayektoriya ilə hərəkət edir. O, 6 metr dərinliyə qədər torpağın altında tərkibində dəmir olan bütün əşyaları müəyyənləşdirir. Sonra ərazidən kənara çıxaraq aparatın müəyyən etdiyi yaddaşı kompüterə köçürür. Qrup rəhbəri bu görüntülərə baxaraq qərarlar verir.

 

“Ferex”lə hərəkət edən şəxsdən bir qədər aralıda isə iki nəfər bir-birindən 4-5 addım məsafədə “Schonstedt”lə, yəni əldə tutulan maqnit lokatorlarla axtarış aparırlar. Onlardan bir qədər arxada isə qrup rəhbəri hərəkət edir. Hər hansısa bir detal aşkarlanırsa, minaaxtaran şəxs dayanıb bir əlini havaya qaldırır. Bunu görən qrup rəhbəri ona yaxınlaşır və ilkin yoxlama aparıb göstərişini verir. Bundan sonra qazma əməliyyatına başlanılır. Əgər tapılan metaldırsa, metal toplama, partlamamış hərbi sursatdırsa, sursatların müvəqqəti saxlanması ərazisinə təhvil verilir.

 

Bəzi hallarda mina detektoru ilə də axtarışlar aparılır. Bu cihaz hətta tərkibində iynənin ucu boyda metal olan minanı da müəyyən edə bilir. 

 

Ərazi yoxlanıldıqdan sonra həmin qrupun sahə rəhbərləri tərəfindən daxili keyfiyyət yoxlaması aparılır. Bir qədər sonra əraziyə başqa bölgədən xarici keyfiyyət yoxlaması heyəti gələrək son yoxlama aparır. Bu qrup birbaşa ANAMA-nın baş qərargahına tabedir. Yoxlama apardıqdan sonra görülən işin keyfiyyəti ilə bağlı baş idarəyə məlumat verir. Bundan sonra ərazidə çalışacaq şirkətə təhlükəsizlik üçün tamamlanma sertifikatı verilir.

 

 

 

Qeyri-adi hadisələrlə zəngin olan minaaxtaran həyatı

 

 

 

45 dəqiqə əməliyyat aparıldıqdan sonra bütün heyətə eyni vaxtda 15 dəqiqə fasilə verilir. Vaxtdan istifadə edərək ANAMA əməkdaşlarının çay süfrəsi ətrafında dəmlədikləri “samovar” çayından içə-içə söhbətləşirik.

 

Xalq arasında belə bir deyim var ki, adətən minaaxtaranlar bir dəfə səhv edirlər, o da bu sənəti seçəndə. Amma sən demə, bu fikir yalnış imiş. Xaliq Zülfüqarov bildirir ki, nə qədər təhlükəli olsa da, onlar hər gün “gizli qatil” axtarışına çıxırlar. Bilirlər ki, bircə səhvləri ölümdür. Elə bu səbəbdən də daim psixoloji cəhətdən hazırlıqlı və çox diqqətli olurlar. Bununla da həm özlərinin, həm də digərlərinin təhlükəsizliyinə təminat verirlər.

 

Fasilə yarandığı üçün minaaxtaranlardan birinə yaxınlaşıb söhbətləşirik. Saqif Kərimov 2014-cü ildən bu sahədə çalışır. O, noyabrın 18-dən ANAMA-nın Zəngilan bazasından Ağdama ezam olunub. İndiyədək bir çox əməliyyatlarda iştirak edib. Deyir ki, minaaxtaranın ilk növbədə psixoloji durumu yaxşı olmalıdır: “Əgər minaaxtaran hansısa problem səbəbindən narahatdırsa, fikirlidirsə, qrup rəhbəri onun əməliyyata başlamasına icazə vermir. Çünki bir səhv həm özünün, həm də neçə şəxsin ölümünə səbəb ola bilir. Ona görə də biz hər zaman işə başlayarkən ayıq-sayıq, tam hazırlıqlı vəziyyətdə oluruq. Bir sözlə, əraziyə çıxarkən əməliyyatçının fikri başqa problemlərdə olmamalıdır. Onun zərrə qədər fikirli olması böyük faciəyə səbəb ola bilər”.

 

Saqifin sözlərinə görə, axtarış aparılan ərazilərdə tapılan əsasən piyada və tank əleyhinə olan minalardır. Bəzən “sürpriz”lər də olur. Düşmən tank əleyhinə olan minaların üzərinə piyada əleyhinə minaları da yerləşdirir. Bu da böyük partlayışa səbəb olur. Ona görə də mina axtarışı prosesi çox dəqiqliklə aparılır.

 

Bir qədər sonra yenidən qrup üzvləri ayrılmış ərazidə əməliyyata başlayırlar. Biz isə cüzi səhvi belə bağışlanmayan, məsuliyyətli peşə sahiblərinə təşəkkürümüzü bildirərək ayrılırıq.

 

 

 

Müharibədən sonra 200 nəfərə yaxın insan minaların qurbanı olub

 

 

 

Göründüyü kimi, İkinci Qarabağ müharibəsi başa çatsa da, onun ağır fəsadları hələ də qalmaqdadır. Düşmənin mina xəritələrini tam olaraq Azərbaycana təhvil verməməsi səbəbindən indiyədək 200 nəfərə yaxın insanımız mina partlayışı səbəbindən həlak olub və ya ağır yaralanıb.

 

ANAMA-nın son məlumatına görə, 2020-ci ilin noyabr ayından 26 dekabr tarixinədək işğaldan azad edilmiş ərazilərdə agentlik tərəfindən aparılan təmizləmə əməliyyatları zamanı 10,472 ədəd piyada əleyhinə, 4,775 ədəd tank əleyhinə mina və 13,210 ədəd partlamamış hərbi sursat (cəmi: 28 457 ədəd mina və PHS) aşkar olunaraq zərərsizləşdirilib. Nəticədə 66, 892, 166 kv.m (6,689 ha) hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 

Əlbəttə ki, Ermənistanın israrla davam etdirdiyi mina terroru regionda qarşılıqlı etimada və sülh prosesinə təhdiddir. Digər tərəfdən beynəlxalq humanitar hüquqa və konvensiyalara görə, dinc əhaliyə təhlükə yaradan minalama hərbi cinayət sayılır.

 

Nəhayət, dünya ictimaiyyəti görməli və anlamalıdır ki, minalanmış ərazilər problemi təkcə öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan üçün deyil, ümumilikdə region üçün bitib-tükənməyən faciələrin mənbəyi olaraq qalmaqdadır. Buna görə də bölgədə sülh, əmin-amanlıq, təhlükəsizlik istəyən, iqtisadi əlaqələrin genişlənməsində maraqlı olan bütün dövlətlər Ermənistanın sərhəd tanımayan müharibə cinayətlərinə sərt mövqe nümayiş etdirməlidirlər.

 

Ancaq əminliklə deyə bilərik ki, minatəmizləmə prosesi nə qədər çətin olsa da, İlham Əliyevin yenidən qurduğu Ağdamda şahidlik etdiyimiz mənzərə onu deməyə əsas verdi ki, tezliklə şəhər tamamilə “gizli qatillər”dən təmizlənəcək və xarabalıqlar üzərində möhtəşəm, əzəmətli şəhər salınacaq.                                             

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2021.- 30 dekabr.- S.1;7.