Azərbaycan
2022-ci ilə yeni
sosial islahatlarla daxil olur
Vətəndaş rifahının təminatı Prezident
İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində
dayanır və bunun nəticəsidir ki, sosial sahədə
islahatlar geniş miqyas alıb. Hələ 2019-cu ildə sosial sahədə
genişmiqyaslı islahatlar həyata keçirilməklə əməkhaqları və digər
sosial ödənişlər orta hesabla 100 faiz, bəzi sahələrdə
isə daha çox artmış, yeni sosial təminat növləri
formalaşmışdır. Həmin artımlar
üçün dövlət büdcəsindən illik əlavə
vəsait olaraq 3 milyard manat ayrılmışdır.
2020-ci və 2021-ci illərdə də sosial islahatlar
davam etmiş, COVID-19 pandemiyasının məşğulluğa
və rifaha mənfi təsirlərinin qarşısının
alınması məqsədilə ünvanlı dəstək
proqramları icra olunmuşdur. Postmüharibə
dövründə şəhid ailələrinin, müharibə
əlillərinin təqaüdləri orta hesabla 60 faiz
artırılmış, yeni təqaüd növləri təsis
olunmuşdur.
Prezidentin
16 oktyabr 2021-ci il tarixli
“Əhalinin sosial rifahının qorunması sahəsində
əlavə tədbirlər haqqında” sərəncamı
qeyd olunan sosial islahatların uğurla davam etdirilməsinə
imkan yaratmışdır. Bu əsasda Prezident
İlham Əliyevin dekabr ayında imzaladığı yeni fərman
və sərəncamlarla ölkəmizdə sosial ödənişlərin
artırılması istiqamətində islahatların növbəti
mərhələsinə başlanmışdır.
2,1 milyondan çox şəxsi əhatə edən
sosial ödənişlərin artımı üçün
illik əlavə 1,5 milyard manat vəsait ayrılıb
Bu mərhələdə
2,1 milyondan çox şəxsi əhatə
edən əməkhaqları, müavinət və təqaüdlərdə
növbəti ciddi artımlar edilir ki, bunun üçün
illik əlavə olaraq 1,5 milyard manat vəsait nəzərdə
tutulub. Yeni sosial islahat mərhələsində
minimum aylıq əməkhaqqı artırılaraq 250 manatdan
300 manata çatdırılıb.
19 pilləli vahid tarif cədvəli üzrə əməkhaqqı
müəyyən olunan sahələrdə də bu cədvəlin
ilk pilləsindəki əməkhaqqı 300 manata çatmaqla
digər pillələrdəki əməkhaqqı göstəricilərinin
də artmasına səbəb olacaq. Ümumilikdə 800 min işçi
(dövlət sektoru üzrə 400 min, özəl sektor
üzrə 400 min nəfər) bu artımdan faydalanacaq,
onların gəlirləri artacaq, maaşları orta hesabla 80
manat çox olacaq.
Minimum əməkhaqqı
300 manata çatmaqla bir tərəfdən gələn il üçün yaşayış minimumunu
(210 manat) 43 faiz üstələyəcək, digər tərəfdən
xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına
nisbəti göstəricisi növbəti dəfə yüksələcək.
Xatırladaq ki, bu nisbət 2018-ci ildə 26,5,
2019-cu ildə 33,3, 2020-ci ildə 38 faiz olmuşdur. 2022-ci ildə isə təqribən 40-41 faiz səviyyəsində
olacaq. Yəni bu istiqamətdə də əməkhaqqı
sisteminin qabaqcıl beynəlxalq normalara
uyğunlaşdırılmasında irəliyə doğru yeni
addım atılmış olur.
2019-cu
ilin əvvəlində 130 manat təşkil edən minimum əməkhaqqı
son 3 ildə 2,3 dəfə artırılıb ki, bu da
çox ciddi irəliləyişdir. Yeni islahat mərhələsində
dövlət ümumi təhsil müəssisələrindəki
müəllimlərin maaşları orta hesabla 20, gənclərin
çağırışaqədərki
hazırlığı rəhbərlərinin maaşları
orta hesabla 40 faiz artıb. Dövlət peşə təhsili
müəssisələri müəllimlərinin, idarəetmə,
təlim işçilərinin maaşlarında orta hesabla 20,
gənclərin çağırışaqədərki
hazırlığı rəhbərlərinin
maaşlarında orta hesabla 40, fiziki tərbiyə rəhbərlərinin
maaşlarında orta hesabla 30, digər bir sıra sahələrdə
əməkhaqlarında orta hesabla 20 faiz artım olacaq. Bir
sıra qurumların - həqiqi hərbi xidmət hərbi
qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının
aylıq vəzifə maaşlarına həmin maaşın 20
faizi məbləğində əlavə müəyyən
edilib, dövlət qulluqçusu olmayan mülki işçilərin
aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz
artırılıb.
2018-2021-ci illərdə ölkəmizdə orta aylıq əməkhaqqında
37, median əməkhaqqında 74, əmək müqavilələrinin
sayında 30 faiz və ya 400 minə yaxın artım baş
verib. Bu müsbət proseslər əməkhaqqı
fondunda da iki dəfəyə yaxın artımı təmin
edib. Yeni artımlarla gələn il əməkhaqqı
fondu daha da artacaq.
Müavinət
və təqaüdlər növbəti dəfə
artırıldı
Prezident
İlham Əliyevin yeni fərman və sərəncamları
ilə 732 min şəxsi, o cümlədən 132 min doktorant və
tələbəni əhatə
edən müavinət və təqaüdlər növbəti
dəfə artırılıb. Əlilliyə görə müavinətlər I dərəcə üzrə 150 manatdan 220, II dərəcə üzrə 130 manatdan 180, III dərəcə üzrə 110 manatdan 120 manata çatdırılıb. Həmin
müavinətlərdə son üç ildə I dərəcə
üzrə 2,7, II dərəcə üzrə
3, III dərəcə üzrə 2,3 dəfə artım
baş verib.
Müavinətlə
yanaşı, ümumi səbəbdən I dərəcə əlilliyi
olanlar Prezidentin aylıq təqaüdü (130 manat) ilə də
təmin edilirlər. Müharibə, hərbi
xidmət vəzifələrini yerinə yetirməklə və
digər xüsusi səbəblərlə əlaqədar əlilliyi
olanlar bu müavinətlə və ya pensiya ilə
yanaşı, Prezidentin aylıq təqaüdü (I dərəcə
üçün 400, II dərəcə üçün 350, III
dərəcə üçün 300 manat) ilə təmin
olunurlar ki, həmin təqaüdlər də 2021-ci ilin əvvəlindən
növbəti dəfə olmaqla orta hesabla 50 faiz
artırılıb.
2019-cu ildə
I dərəcə əlilliyi olan şəxslərə
qulluğa görə Prezidentin aylıq təqaüdü təsis
olunub ki, bu təqaüd də yeni islahatla 50 manatdan 80 manata
çatdırılıb, yəni 60 faiz artırılıb. Beləliklə, müharibə və digər
xüsusi səbəblərlə əlaqədar əlilliyi
olanlar əgər əlilliyə görə müavinət və
təqaüd alırlarsa, yeni ilin əvvəlindən onlara I dərəcə
üzrə 700, II dərəcə üzrə 530, III dərəcə
üzrə 420 manat ödəniləcək. Yəni
onlara yönələn sosial ödənişlər 2019-cu ilin
əvvəlinə nisbətən müvafiq olaraq 2,5, 2,2 dəfə və 2,2 dəfə
çoxalıb. Əlilliyə
görə pensiya və təqaüd alırlarsa, o zaman 2019-cu
illə müqayisədə dərəcələr üzrə
müvafiq olaraq 72, 81 və 97 faiz çox olmaqla gələn
aydan orta hesabla aylıq I dərəcə üzrə 915, II dərəcə
üzrə 845, III dərəcə üzrə 610 manat
alacaqlar. Ümumi səbəbdən əlilliyi
olan şəxslər üzrə sosial ödənişlərdə
isə son 3 ildə dərəcələr üzrə
müvafiq olaraq 50, 59 və 112 faiz artım olub.
Yeni fərman
və sərəncamlarla sağlamlıq imkanları məhdud
18 yaşınadək uşaqlara müavinət 150 manatdan 200
manata, onlara qulluğa görə Prezidentin aylıq təqaüdü
60 faiz artırılaraq 50 manatdan 80 manata
çatdırılıb. 2019-cu ilin əvvəlində həmin
uşaqlara yalnız müavinət kimi cəmi 82 manat ödənilirdisə,
2019-cu ildəki islahatlar nəticəsində bu məbləğ müavinət
və təqaüd formasında 200 manat oldu. Yeni
islahatlarla isə gələn aydan 280 manat təşkil edəcək.
Yəni həmin uşaqlar üzrə sosial ödənişdə
son üç ildə 3,4 dəfə
artım baş verib.
Eləcə
də yeni fərman və sərəncamlarla:
* Yaşa
görə müavinət 130 manatdan 180 manata
çatdırılıb və bununla üç il əvvələ
(73 manat) nisbətən 2,5 dəfə
artırılıb;
* Ailə
başçısını itirməyə görə hər
ailə üzvü üçün müavinət 80 manatdan
100 manata çatdırılıb və üç il əvvələ
(68 manat) nisbətən 47 faiz artırılıb;
* Müddətli
hərbi xidmətdə olanların uşaqlarına müavinət
100 manatdan 120 manata çatdırılıb və bununla
üç il əvvələ (68 manat) nisbətən 76,5 faiz
artırılıb;
*
Uşaqların qəyyumları üçün müavinət
100 manatdan 120 manata çatdırılıb və bununla üç il əvvələ
(61 manat) nisbətən təqribən 2 dəfə
artırılıb;
* Beşdən
çox uşağı olan qadınlara hər uşağa
görə aylıq müavinət 55 manatdan 70 manata
çatdırılıb və bununla üç il əvvələ
(33 manat) nisbətən 2,1 dəfə artırılıb;
* Bir
yaşınadək uşağı olan aztəminatlı
(ünvanlı sosial yardım təyin edilən) ailələrə
hər uşağa görə müavinət 55 manatdan 70
manata çatdırılıb. Beləliklə, son
üç ildə 55,6 faiz
artırılıb;
* Övladlığa
götürülən uşağa, o cümlədən
sağlamlıq imkanları məhdud uşağa görə
müavinət 2021-ci ilin əvvəlindən təsis olunub.
Yeni fərmanla bu müavinət də 25 faiz artırılaraq
hər uşağa görə 160 manatdan 200 manata,
sağlamlıq imkanları məhdud hər uşağa
görə isə 480 manatdan 600 manata
çatdırılıb;
*
Uşağın anadan olmasına görə birdəfəlik
müavinət 200 manatdan 300 manata çatdırılıb və
bununla üç il əvvələ nisbətən (109 manat)
2,8 dəfə artırılıb;
* Dəfn
üçün birdəfəlik müavinət 300 manatdan 350
manata çatdırılıb və bununla üç il əvvələ
(146 manat) nisbətən 2,4 dəfə
artırılıb;
* Azı
25 il pedaqoji staja malik, işləməyən
pensiyaçı elmlər doktorları və fəlsəfə
doktorlarına 2021-ci il yanvarın 1-dən Prezidentin aylıq təqaüdü
təsis olunub. Yeni fərmanla bu təqaüd elmlər
doktorları üçün 50 faiz artırılaraq 200
manatdan 300 manata, fəlsəfə doktorları
üçün 67 faiz artırılaraq 120 manatdan 200 manata
çatdırılıb;
* Fəxri
adlara görə aylıq təqaüdlər də 20 faiz
artımla “Xalq” fəxri adına görə
150 manatdan 180 manata, “Əməkdar” fəxri adına görə
100 manatdan 120 manata çatdırılıb;
* Doktorant
və tələbələrin təqaüdlərinin də 20
faiz artırılması təmin edilib.
Göründüyü kimi, son üç ildə bu
ödənişlərdə baş verən artımlar hətta
bəzi hallarda 3 dəfəyə yaxındır.
Pensiyalarda
ciddi artım dinamikası ardıcıl xarakter alıb
Yeni sosial islahat paketinin tərkib hissəsi kimi, yeni
qanunla minimum aylıq əmək pensiyasının məbləği
2022-ci ilin əvvəlindən 20 faiz artımla 200 manatdan 240
manata çatdırılır. Bu artım 65 min insanı əhatə
edəcək və bunun üçün illik əlavə 13,2 milyon manat ayrılıb.
Ümumilikdə, 2019-cu ildə reallaşan sosial
islahatların nəticələrindən biri kimi ölkəmizdə
minimum pensiya 82 faiz artırılaraq 200 manata
çatdırılmışdı. 2022-ci ilin əvvəlindən
isə daha 20 faiz artırılır. Beləliklə, son
üç ildə minimum pensiyalarda 2,2 dəfə
artım baş verib.
Bildiyimiz
kimi, 2022-ci il üçün
yaşayış minimumu ölkə üzrə 210, əmək
qabiliyyətli əhali üçün 220,
pensiyaçılar üçün 176, uşaqlar
üçün 193 manat məbləğində müəyyən
edilib. Beləliklə, 2022-ci il üçün minimum pensiya məbləği
pensiyaçılar üçün yaşayış
minimumunu 36,4 faiz üstələyəcək.
Minimum pensiya kimi, orta aylıq pensiya da mütəmadi
artmaqda davam edir. Son üç ildə orta aylıq pensiya
60 faiz artaraq 331, o cümlədən yaşa görə orta
aylıq pensiya 358 manata çatıb. Onu
da qeyd edək ki, 2020-2021-ci illərdə pensiyaların
indeksasiya üzrə əvvəlki dövrlərlə
müqayisədə dəfələrlə yüksək
artımı baş verib.
Əməkhaqqında
ciddi artımlara uyğun olaraq 2020-ci ilin əvvəlindən
pensiyaların indeksləşdirilərək 16,6,
2021-ci ilin əvvəlindən isə 11,4 faiz artırılması
təmin olundu.
2019-cu
ilin əvvəlindən pensiyaların, sonralar müavinət və
təqaüdlərin
elektron qaydada təyinatı sistemləri fəaliyyətə başlayıb.
Cari ilin 1 dekabr tarixinə 254 min, o cümlədən bu ilin 11
ayında 128,3 min pensiya, müavinət, təqaüd təyinatı
e-qaydada həyata keçirilib.
Ünvanlı
sosial yardımın hər ailəyə düşən orta
aylıq məbləği də son 4 ildə 88 faiz artaraq 280
manatı ötüb. Prezident İlham
Əliyevin imzaladığı yeni “Aztəminatlı ailələrə
birdəfəlik yardım göstərilməsi haqqında” sərəncam
həmin ailələrin sosial müdafiəsinə xüsusi
qayğının daha bir təzahürüdür. Sərəncama
əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il bayramı münasibətilə 2021-ci il 30 dekabr tarixinə
ünvanlı dövlət sosial yardımı alan ailələrin
hər birinə 100 manat məbləğində birdəfəlik
yardım ödənilməsi nəzərdə tutulub və
bunun üçün 4,8 milyon manat
ayrılıb. Sərəncam hazırda ünvanlı dövlət
sosial yardımı alan, 200 mindən
çox ailə üzvü olan 47 min ailəni əhatə
edir.
Ümumilikdə
isə 2018-2021-ci illərdə sosial təminat (pensiya,
müavinət, təqaüd, ünvanlı sosial yardım)
üzrə illik xərclər 2,4 mlrd. manat və ya 60 faiz artaraq 6,4 mlrd. manata çatıb. 2022-ci ildə
isə yeni artımlar nəticəsində sosial ödənişlərə
yönəldilən vəsaitlərdə də artım olacaq.
Onu da
bildirim ki, əməkhaqqı və digər sosial ödənişlərin
artımı üçün 2019-cu ildəki islahatlar üzrə
illik əlavə 4 milyard manat, 2020-ci ildəki islahatlar üzrə
illik əlavə 600 milyon manat, builki islahatlar üzrə isə
illik əlavə 1,5 milyard manat ayrılıb. Beləliklə,
son üç ildə əməkhaqqı və digər sosial
ödənişlərin artırılması
üçün yalnız dövlət vəsaitləri
hesabına əlavə olaraq ayrılan illik məbləğ 6
milyard manatdır.
Qarabağ
müharibəsi əlillərinə xüsusi
qayğıkeşliyin daha bir təzahürü
Hələ
2019-2020-ci illərdə Prezident İlham Əliyevin müvafiq
fərmanları ilə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycanın
ərazi bütövlüyü uğrunda həlak olmuş,
ölmüş və hərbi əməliyyatlarla əlaqədar
xəbərsiz itkin düşdüyünə görə
ölmüş elan edilmiş hərbi qulluqçuların və
daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə
11 min manat məbləğində birdəfəlik ödəmə
verilməsi proqramını icra etmişdir. Proqram üzrə
12,3 minə yaxın şəhidin 18 mindən
çox vərəsəsi birdəfəlik ödəmə ilə
təmin olunmuşdur.
Yeni sosial islahat
paketinin bir istiqaməti də Birinci Qarabağ müharibəsi
əlillərinə birdəfəlik sığorta ödənişi
verilməsini nəzərdə tutur. Bu məqsədlə
dövlət başçısının
imzaladığı yeni - 23 dekabr 2021-ci il tarixli fərmanla
1997-ci il avqustun 2-dək olan xidmət dövründə
ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi
və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar,
hərbi xidmət vəzifələrini yerinə yetirərkən
və ya hərbi xidmət dövründə xəsarət
alması və ya xəstələnməsi nəticəsində
əlilliyi müəyyən edilmiş hərbi qulluqçular
və daxili işlər orqanları əməkdaşları,
vəfat etmiş şəxslərin ailə üzvləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
birdəfəlik ödəmə (I dərəcə əlilliyə
görə 8800 manat, II dərəcə
əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə
görə 4400 manat) ilə təmin
olunacaq. Həmin kateqoriyaya aid 17-20 min şəxs
birdəfəlik ödəmə ilə təmin ediləcək
və bunun üçün ilkin olaraq 50 milyon manat vəsait
ayrılıb. Ödənişlər
onların bank hesabına köçürüləcək.
Vətən
müharibəsi iştirakçılarına “Müharibə
veteranı” adı, vəsiqəsi və Prezidentin təqaüdü
veriləcək
Yeni sosial islahatlar paketinin bir istiqaməti də Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Ordumuzun möhtəşəm Zəfərlə
başa vurduğu Vətən müharibəsinin iştirakçıları
ilə bağlıdır. Dövlət
başçısının imzaladığı yeni sərəncamla
onlara yeni ildən “Müharibə veteranı” adı və “Azərbaycan
Respublikasının Müharibə Veteranı” vəsiqəsi
veriləcək.
“Müharibə
veteranı” adı və vəsiqəsi 2020-ci il
sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində
Azərbaycan Respublikasının ərazi
bütövlüyü uğrunda döyüş əməliyyatlarında
iştirak etmiş şəxslərə veriləcək. Onların siyahısı xidmət keçdikləri
aidiyyəti qurumlar tərəfindən müəyyən
edilib, Nazirlər Kabineti ilə razılaşdırılacaq.
Həmin qurumlar razılaşdırılmış siyahı nəzərə
alınmaqla “Müharibə veteranı” adı və vəsiqəsi verdikləri
şəxslərə dair məlumatları Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər”
altsisteminə daxil edəcək. Nazirlik isə “Müharibə
veteranı” adı və vəsiqəsi verilmiş və “Zəfər”
altsisteminə daxil edilmiş şəxslərə proaktiv
qaydada 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikası
Prezidentinin aylıq təqaüdünü (80 manat) təyin edəcək.
Postmüharibə
dövrü üzrə sosial dəstək tədbirləri
getdikcə daha da genişlənir
Vətən
müharibəsindən sonra dövlət
başçısının tapşırığına əsasən,
şəhid ailələri üzvləri, müharibə
iştirakçıları, erməni terrorundan zərər
çəkən şəxslər ilə bağlı Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
aparılan genişmiqyaslı sosial dəstək işləri
artıq 41 min şəxsi əhatə edib, onlara 47 min xidmət
göstərilib. Belə ki, Vətən
müharibəsi şəhidlərinin ailə üzvlərindən
və Vətən müharibəsi əlillərindən ibarət
10351 şəxsə 20644 sosial ödəniş (Prezidentin
aylıq təqaüdü, pensiya və ya müavinət) təyin
edilib. Vətən
müharibəsində yaralanmış hərbi
qulluqçulardan artıq 2500 şəxsə ölkəmizin ərazi
bütövlüyünün müdafiəsi ilə əlaqədar
əlillik və müvafiq sosial ödənişlər təyin
olunub.
Dövlət
başçısının fərmanları ilə Prezidentin
aylıq təqaüdü növbəti dəfə olmaqla
2021-ci ilin əvvəlindən əhəmiyyətli şəkildə
artırılıb, yəni şəhid ailəsi
üçün 300 manatdan 500, müharibə əlilləri
üçün I dərəcə üzrə 250 manatdan 400,
II dərəcə üzrə 230 manatdan 350, III dərəcə
üzrə 210 manatdan 300, Azərbaycanın Milli Qəhrəmanları
üçün 1500 manatdan 1800 manata
çatdırılıb. Eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı”
adı verilmiş şəxslərə 2000 manat məbləğində
Prezidentin aylıq təqaüdü təsis edilib.
Şəhid ailələrinin, müharibə əlillərinin
mənzil və fərdi evlə təminatı proqramı
2021-ci ildə 5 dəfə genişlənib. Dövlət
başçısının 25 yanvar 2021-ci il
tarixli sərəncamı ilə 2021-2025-ci illərdə
onların mərhələli şəkildə 11 min mənzil
və ya fərdi evlərlə təmin olunması nəzərdə
tutulub. 2021-ci il üzrə də 2018-ci ilə nisbətən
5 dəfə çox olmaqla 3 minədək mənzilin şəhid
ailələri və müharibə əlillərinə (o
cümlədən 44 günlük Vətən müharibəsi
zamanı şəhid olanların ailələrinə və həmin
müharibənin əlillərinə) verilməsi
proqramının icrası artıq uğurla yekunlaşır.
Ümumən ötən dövrdə 12,1
mindən çox şəhid ailəsi və müharibə əlili
mənzil və fərdi evlə təmin edilib. 2021-ci ilin
ötən dövründə daha 164 müharibə əlili,
ümumilikdə ötən dövrdə 7400 müharibə əlili
nazirlik tərəfindən avtomobillə təmin olunub.
Şəhid
ailələri üzvləri, müharibə
iştirakçıları, erməni terrorundan zərər
çəkən şəxslər daxil olmaqla 10 minədək şəxsin məşğulluğuna
dəstək göstərilib, o cümlədən 6 minədək
şəxs özünüməşğulluq proqramına cəlb
edilib, 4 minədək şəxs işlə təmin
olunub. Bu ilin 10 iyunundan
başlanan “Məşğulluq marafonu”na artıq
600-dən çox işəgötürən qoşularaq 3900
vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə artıq 1400-dən
çox şəhid ailəsi üzvü və müharibə
iştirakçısı işlə təmin olunub. 3 min ailə üzrə 10 minədək şəxsə
sosial-psixoloji dəstək göstərilib.
Reabilitasiya
müəssisələrində 1300 müharibə əlili
reabilitasiya xidmətləri, Qarabağ müharibəsi əlillərindən
ibarət 1200 şəxs 12600 reabilitasiya vasitəsi, o cümlədən
əsasən müharibə əlillərindən ibarət
1000 şəxs mühərrikli
təkərli oturacaqla, 183 müharibə əlili 192 ədəd
yüksək texnologiyalı, müasir 4-cü nəsil protezlə
təmin edilib.
Prezident
İlham Əliyevin 25 iyun 2021-ci il tarixli fərmanı ilə
vahid əlaqələndirmə mərkəzləri
yaradılıb ki, bu mərkəzlərdə şəhid ailələrinə,
müharibədə yaralanmış qazilərə xidmətlər
“bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş
rahatlığı və məmnunluğu prinsipi əsasında
təqdim edilir.
Mərkəzlərdə
mərkəzi icra hakimiyyəti orqanları (Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə
Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi, Dövlət Sığorta Kommersiya Şirkəti) və
aidiyyəti şəhər və rayonların icra hakimiyyətləri
tərəfindən 26 istiqamətdə xidmətlər təqdim
edilir.
Bu il
avqustun 23-dən Bakıdakı DOST mərkəzlərində,
noyabrın əvvəlindən Abşerondakı DOST mərkəzində,
dekabrın 24-dən isə 19 rayon və şəhəri də
əhatə etməklə Gəncə şəhərində,
Masallı və Ucar rayonlarında da regional vahid əlaqələndirmə
mərkəzləri fəaliyyət göstərir. Ötən
dövrdə vahid əlaqələndirmə mərkəzlərində
6,1 min şəxsə xidmətlər
göstərilib.
Yeni ilə
yeni sosial hədəflərlə
2022-ci il
üçün əsas hədəflərdən biri - qeyd
edilən növbəti islahat paketi üzrə gələn
ilin əvvəlindən 2,1 milyon insanın
sosial ödənişlərində artımların təmin
edilməsidir. Həmçinin ilin əvvəlindən
indeksasiya əsasında pensiyaların artırılması da
gözlənilir.
Bu ilin 11
ayında məşğulluq orqanları tərəfindən
daha 74,2 min nəfər işlə təmin edildi, həmçinin
56 min insan ictimai işlər proqramı çərçivəsində
fəaliyyət göstərdi. Özünüməşğulluq
proqramına 16 min şəxsin cəlb edilməsi işləri
aparıldı, yəni
özünüməşğulluq
proqramının icrasına başlandığı 2017-ci illə
muqayisədə bu proqram 2021-ci ildə 13,6 dəfə
genişləndi.
Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan,
nazirliklə BMT-nin İnkişaf Proqramının birgə icra
etdiyi layihə üzrə də 500 nəfər əlilliyi
olan şəxsin dayanıqlı biznes qurmalarına dəstək
verilir.
Nazirlik və
Dünya Bankının
birgə icra etdiyi “Azərbaycanda məşğulluğa
dəstək” layihəsi iştirakçılarına isə
aktivlərin təqdim edilməsinə artıq başlanıb.
Layihə ölkə üzrə 22 min işsiz
şəxsin özünüməşğulluq proqramı
üzrə kiçik biznesə
çıxışını təmin edəcək. Onlardan artıq 6003 nəfər qeydiyyata alınaraq təlimlərə
cəlb olunub.
Gələn
il aktiv məşğulluq proqramları
daha da genişlənəcək. Bu günlərdə
nazirliyin tabeliyindəki Dövlət Məşğulluq
Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi
ISO beynəlxalq sertifikatı aldı və ölkəmizdə
ilk ISO sertifikatlı peşə hazırlığı müəssisəsi
oldu. Artıq yeni ildə bu standart üzrə peşə
hazırlığı təşkil ediləcək. Bu da əmək bazarına daha ixtisaslı
işçi qüvvəsi gətirməyə imkan verəcək.
Əsas prioritetlərdən biri həm məşğulluq
xidmətlərinin keyfiyyətinin, həm də əhatə
dairəsinin genişləndirilməsidir. Vətəndaşların
daha çox aktiv dəstək proqramları ilə əhatə
olunması, əmək
bazarına çıxş imkanlarının
artırılmasıdır.
Əlilliyi olan insanların cəmiyyətə
inteqrasiyası imkanlarının artırılması da hədəflərdən
biridir. 2021-ci ilin oktyabr ayında Prezident İlham Əliyev,
birinci xanım Mehriban Əliyeva və qızları Leyla
Əliyevanın iştirakı ilə Bakıda DOST
İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin
açılışı bu sahədə çox
böyük dəstəkdir. Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə yaradılan bu mərkəz əlilliyi olan şəxslər
və digər həssas qruplar üçün Cənubi
Qafqazda kifayət qədər əhatəli, çoxşaxəli
fəaliyyət istiqamətlərini özündə birləşdirən
ilk ən böyük inklüziv yaradıcılıq və
inkişaf məkanıdır. Mərkəzdə
eyni anda 5 yaşdan yuxarı 100 nəfərin müxtəlif
peşə-yaradıcılıq növləri üzrə
bacarıqlarının inkişafı üçün tədris-təlim
işləri aparılması imkanı mövcuddur.
Ümumilikdə,
əmək, məşğulluq, sosial təminat, sosial xidmət,
əlillik, reabilitasiya, övladlığagötürmə və
s. sahələrdə e-texnologiyaların geniş tətbiqi təmin
edilib. Dövlət başçısının 5 sentyabr
2018-ci il tarixli fərmanı ilə yaradılan “e-sosial.az”
portalına 2021-ci ilin 11 ayında 8,7 milyon
müraciət qeydə alınıb. Nazirliyin
e-xidmətlərinə isə 11 ayda 14 milyon müraciət
olub. Bu gün nazirlik üzrə 173 xidmətdən
105-i e-platforma üzərindən göstərilir. Həmçinin 44 e-xidmət vasitəsilə proaktiv
qaydada xidmətlər göstərir. Gələn il elektronlaşdırma proqramı daha da
genişlənəcək, nazirlik üzrə daha 56 xidmətin
elektronlaşması təmin ediləcək. Həssas
əhali qrupları ilə bağlı sosial xidmət layihələri
də daha geniş miqyasda davam edəcək.
Prezident
İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı ilə
nazirliyin tabeliyində 2019-cu ilin may ayında DOST
(Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və bundan sonra
5 DOST mərkəzi açılıb. Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın təşəbbüsü
olan DOST konsepsiyası dövlət
sosial xidmətlərinin “bir pəncərə”dən, operativ,
tam şəffaf və müasir, innovativ əsasda, nəzakətli
şəkildə təqdim edilməsinə imkan verib. Ötən
dövrdə DOST xidmətlərindən faydalanan vətəndaşların
sayı 650 mini ötür və bu xidmətlərdən məmnunluq
səviyyəsi 2021-ci ildə 98 faizdir.
DOST xidmətlərinin sayı 2019-cu ilin may ayından bəri 30 faizə yaxın genişlənərək 155-ə çatıb. “Virtual DOST mərkəzi” platforması da hazırlanır və gələn il istifadəyə veriləcək ki, bu da ölkənin istənilən yerindən DOST xidmətləri üzrə müraciət etmək imkanı verəcək. Bu gün 15-dək ölkə Azərbaycanın sosial sahədə mühüm innovativ yeniliyi olan “DOST” təcrübəsini özündə tətbiq etməyə maraq göstərir.
Yeni ildə əsas hədəflərdən biri də Bakıda və respublikanın regionlarında yeni DOST mərkəzlərinin açılmasıdır. Açılmış 5 DOST mərkəzindən 4-ü Bakıdadır, 1-isə Abşeron rayonunda. Bakıdakı DOST mərkəzlərinə paytaxtın hansı rayonunda qeydiyyatda olmasından asılı olmayaraq istənilən Bakı sakini müraciət edə bilər.
Yəni iki il ərzində bütün Bakı şəhəri və hətta Aberon rayonu DOST xidmətləri ilə əhatə edilib. Regionlarda da bu sürətlə DOST xidmətləri şəbəkəsinin qurulması əsas hədəflərdəndir.
Son üç ildə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəsisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, Qəbələdə yeni Uşaq Reabilitasiya Mərkəzi açılıb. Gələn il Şəmkirdə də Uşaq Reabilitasiya Mərkəzi açılacaq. Artıq reabilitasiya infrastrukturu, potensial xeyli güclənib və bu əsasda gələn il reabilitasiya müəssisələrində ambulator və stasionar şəkildə reabilitasiya xidmətləri göstəriləcək şəxslərin sayının 25-30 minə çatdırılması hədəflənir. Halbuki iki il əvvəl bu göstərici maksimum 10 min nəfər idi.
Həmçinin gələn il günərzi və icma əsaslı reabilitasiya mərkəzləri şəbəkəsi genişlənəcək, bununla bağlı təqribən 150-200 sosial xidmət layihəsinin reallaşdırılması nəzərdə tutulur. Xidmət sahələrində daimi təkmilləşdirmələr də aparılacaq. Ümumilikdə nazirliyin hər bir fəaliyyət sahəsi üzrə strateji yol xəritələri mövcuddur.
Prezident İlham Əliyevin sosial sahəyə böyük qayğıkeşliyi ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına imkan verib və qarşıdakı dövrdə bu uğurların sırası daha da genişlənəcək.
Sahil BABAYEV,
əmək və
əhalinin sosial müdafiəsi naziri
Azərbaycan.-2021.- 30 dekabr.- S.1;5.