Birinci Qarabağ savaşının
salyanlı qaziləri Prezidentin fərmanını
yüksək dəyərləndirirlər
Ötən əsrin 80-ci illərinin sonunda erməni separatçıları yenidən baş qaldırdılar. Niyyətləri 200 ildən bəri türklərə qarşı ürəklərində gəzdirdikləri düşmənçiliyə yenidən rəvac vermək, ərazilərimizi işğal etmək idi.
Xaricdəki və daxildəki havadarlarına arxalanaraq Qarabağı işğal etmək üçün hərəkətə keçdilər. O zaman respublikamızda yaşanan özbaşınalıq, xaos, hərc-mərclik işlərinə yarayırdı. Lakin Azərbaycan da igid, Vətənini sevən oğullardan xali deyildi.
Həmin vaxt Salyan rayonundan 1643 nəfər gənc cəbhəyə yollandı. Vahid komandanlığın, lazımi silah-sursatın olmadığı şəraitdə min bir çətinliyə sinə gərərək Vətən, torpaq sevdalı igid oğullarımız ölümün gözünə dik baxdılar və cəsarətlə vuruşdular. Amma qüvvələr bərabər deyildi. O zaman Salyana bəzən gün ərzində bir neçə şəhid gəlirdi. Birinci Qarabağ müharibəsində onların sayı 193 nəfərə çatdı. Rayon əhalisi o vaxt onların hamısını böyük ehtiramla son mənzilə yola saldı. 157 nəfər isə bu və ya digər dərəcədə sağlamlığını itirdi. 5 nəfəri 1-ci, 73 nəfəri 2-ci, 79 nəfəri isə 3-cü dərəcəli əlil oldu.
İstər şəhid ailələri, istərsə də qazilər həmişə dövlətin diqqət mərkəzində olmuşdur. Xəbər verildiyi kimi, bu günlər Prezident İlham Əliyev “Azəbaycan Pespublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalamışdır. Fərman bütün hərbi qulluqçular, qazilər və şəhid ailələri tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Birinci Qarabağ müharibəsi qazisi, Xələc kənd sakini Rövşən Cavadov: “Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə getdim. 1992-ci ildə Ağdərənin düşməndən geri alınmasında yaxından iştirak etdim. Elə həmin il Ağdamın Şelli kəndində gedən döyüşlərdə yaralandım. Müalicə olunduqdan sona mənə 2-ci qrup əlillik verdilər. Dövlətin bütün qayğıkeşliyi ilə əhatə olunmuşam. Ev, minik maşını veriblər. Hər ay 643 manat müavinət alıram. Fərmanla əlaqədar 2-ci qrup əlil kimi 6 min 600 manat almaq imkanım olacaq. Deməli, heç kim unudulmur, heç nə yaddan çıxmır, tökülən qanlar yerdə qalmır. Prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi nəticəsində torpaqlarımız geri alındı. Mənim üçün dünyada bu Zəfərdən əziz heç nə yoxdur. O vaxt belə bir ordu, belə nizam-intizam olsaydı, torpaqlarımız da itirilməzdi”.
Qarabağlı kənd sakini, qazi Şahin Şükürov: “Atam əslən Kəlbəcərin Əsrik kəndindən idi. Salyan rayonunun Qarabağlı kəndində ailə qurub, burada məskunlaşıb, biz burada anadan olmuşuq. İmkan olanda atamın yurdunda yaşayan əmilərimgilə qonaq gedirdim. Birinci Qarabağ müharibəsi başlayanda mən də o yerlərə getməyi, Vətəni müdafiə etməyi özümə borc bilib cəbhəyə yollandım. Bu, 1991-ci il idi. Könüllü olaraq Ağdam uğrunda gedən döyüşlərdə iştirak etdim. Çox çəkmədi, ora bizim bir batalyon gəldi. Dedilər, gedin, yaşadığınız rayonun hərbi komissarlığından keçib orduya yazılın. Rayona qayıtdım. O vaxt burada Salyan batalyonu yaradılırdı. Mən də könüllü olaraq batalyonun tərkibinə yazıldım. Buradan bizi Ağdamın Şelli kəndinə göndərdilər. Kəndin yaxınlığındakı Qara Qaya yüksəkliyi uğrunda gedən döyüşdə ağciyərimdən, qabırğamdan ağır yara aldım. Helikopterlə məni Bakıya hospitala gətirdilər. 8 ay müalicə olundum. Ağciyərimə süni aparat qoydular. 2-ci qrup əliləm, başımda və kürək nahiyəmdə iki qəlpə var. Oğullar Vətəni qorumaq üçün doğulur. Bu hər bir kişinin, gəncin şərəf işidir. Dövlətimiz də bizimkimilərin qayğısına qalır. Mən də bu gün hər cür diqqətlə əhatə olunmuşam. Mənzil, minik avtomobili veriblər. Hər ay 500 manat əlillik pensiyası, 300 manat Prezident təqaüdü alıram. Pis dolanmırıq. Prezidentin müharibə əlillərinə birdəfəlik ödəmə haqqında imzaladığı fərman mənim də ürəyimcədir. 2-ci qrup əlil kimi mən də 6 min 600 manat almalıyam. Özüm və ailə üzvlərim adından ölkə başçısına minnətdarlığımı bildirmək istəyirəm. Mən artıq qalib Ordunun veteranıyam. Ali Baş Komandanımızın sayəsində Azərbaycan düşmənə qalib gəlib. 60 yaşının tamam olduğu gün Qarabağda hərbi hissədə əsgər və zabitlərin hazırlıq vəziyyəti ilə tanış olması, hərbi hissəyə Azərbaycan Bayrağını təqdim etməsi Prezidentin - dəmir yumruq sahibinin hər zaman sərvaxt olmasını bir daha göstərir”.
Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyi Salyan rayon filialının sədri Asif Əsgərov qurumun rəhbəri kimi Birinci Qarabağ müharibəsi əlillərinə veriləcək birdəfəlik ödəmə ilə bağlı dedi ki, Yeni il ərəfəsində Prezidentin fərmanı hər birimizdə qürur hissi yaradır. Allah razı olsun!
Seyran CAVADOV
Azərbaycan.- 2021.- 28 dekabr.- S.1; 8.