“Rossiya-1” televiziya kanalı Prezident İlham Əliyev və
Azərbaycan haqqında reportaj yayımlayıb
Dekabrın 26-da Rusiyanın “Rossiya-1” televiziya kanalının “Vesti Nedeli” proqramında Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmiz haqqında reportaj yayımlanıb.
AZƏRTAC həmin
reportajı təqdim edir.
Aparıcı: Dekabrın 24-də Azərbaycan
Prezidenti İlham Əliyev 60 illik yubileyini qeyd edib. O, 18 ildən
çoxdur ki, dövlət başçısıdır. Bu müddətdə Azərbaycan iqtisadi, sosial sahədə
əhəmiyyətli nailiyyətlər əldə edib. İlham Əliyev özü isə beynəlxalq
arenada böyük nüfuz qazanıb. Əliyevin
Putin ilə münasibətinin xüsusiyyəti ondadır ki, hər
ikisi bir-birinə verdiyi sözə əməl edir. Bu, bizim dövrümüzdə dəyərli keyfiyyətdir.
Prezident İlham Əliyev
öz yubileyini Şuşada - onun Sərəncamı ilə Azərbaycanın
mədəniyyət paytaxtı elan edilən şəhərdə
qarşılayıb. Çoxsaylı insanların
iştirakı ilə heç bir təntənəli tədbir
olmayıb. Televiziyada qısaca
çıxış edərək, təbriklərə
görə təşəkkürünü bildirib, məscidi
ziyarət edib.
Bu günlərdə bizim
xüsusi müxbirimiz Sergey Zenin Azərbaycanda olub. Onun
hazırladığı reportaj “Azərbaycanda rus dili”
mövzusuna həsr edilib. Yeri gəlmişkən, Rusiya
Elmlər Akademiyasının A.S.Puşkin adına
Rus Dili İnstitutunun bu yaxınlarda apardığı
araşdırmaya görə, Azərbaycan təhsil sistemində
böyük və qüdrətli rus dilinin yayılma dərəcəsinə
görə olduqca layiqli yer tutmaqla, digər Qafqaz
respublikalarını qabaqlayır.
Müxbir Sergey Zenin Bakıdan xəbər verir.
Sakin: Yerli moskvalılara məndən
– yerli bakılıdan böyük salamlar.
Sergey Zenin: Qədim şəhər. Burada dənizin qoxusu təzə bişmiş
çörəyin və kəklikotulu çayın ətrinə
qarışır. Bura Bakının qəlbi,
nostalji hisslərin yeridir.
Bu küçələr belə
qurulub. Turistlər şalbanbaşı döşənmiş
bu küçədə mütləq ayaq saxlamalı,
ayaqları sürüşməli və bu əhvalatdan xatirə
kimi şəkil çəkdirməlidirlər. Ona görə ki, hamının özünü rahat
hiss etdiyi dövrdə burada gözəl bir sovet filmi çəkilib.
Xahiş edirəm deyin, buradan
keçən turistlərin ayağı tez-tezmi
sürüşür?
Sakin: Hər gün belə hallar
olur. Bu, bizə çox xoş təsir
bağışlayır.
Sergey Zenin: Vaxtilə nəhəng bir
ölkədən gələn insanlar şalbanbaşı
döşənmiş bu küçəyə bəlkə də
Qızıl Meydan kimi can atırdılar. Xahiş edirəm
deyin, siz haradan gəlmisiniz?
Qadın turist: Biz Estoniyadan gəlmişik. Çox şadıq ki, nəhayət bu ölkəyə
gələ bilmişik.
Sergey Zenin: Burada rus dilində
danışa bilməyən orta və daha böyük
yaşlı azərbaycanlı tapmaq çətindir. Paytaxtda bu, ümumiyyətlə pis əlamət hesab
edilir. Bakıda bir neçə kitab
mağazasında rus klassiklərinin və müasir rus
yazıçılarının kitabları satılır.
Rus kitab evinin
direktoru İsrafil İsmayılov: Rus kitab evinin vitrinlərində demək
olar ki, Bakının bütün mərkəzi əks olunub və
həqiqətən, bu, çox rəmzi məna
daşıyır. Ona görə ki, məlum
olduğu kimi, əvvəlcə Söz yaranıb. Rus kitab evi sadəcə, kitab mağazası deyil, bu,
həm də rus dilinə ehtiram bəsləyənlər
üçün mədəni mərkəzdir.
Sergey Zenin: Rus kitab evində mütəmadi
olaraq, avtoqraf-sessiyalar, ustad dərsləri keçirilir. Aşağı sinif şagirdləri buraya
tanınmış bir yazıçı qadının
çıxışını dinləməyə gəliblər.
Onların rus dili ilə
tanışlığı nağıldan başlayır və
belə də olmalıdır.
Yazıçı
Solmaz Amanova: Mənim
6 yaşım olanda məndən soruşdular: Azərbaycan
dilində neçə söz bilirsən? O vaxt cəmi 6
söz bilirdim. Məsələn, arbuz –
qarpız. Çünki rusların
arasında yaşayırdıq.
Sergey Zenin: Tədrisin rus dilində
olduğu orta məktəblərə qəbul
üçün institutda olduğu kimi müsabiqə
keçirilir. Ən məşhur və ən
prestijli rusdilli məktəb 6 nömrəli məktəbdir.
Prezident İlham Əliyev özü də bu məktəbi
bitirib.
6 nömrəli məktəbin
direktoru Gülşən Orucova: Rus dilini bilməyən valideynlər
də uşaqlarını rus bölməsinə vermək istəyirlər,
çünki onların fikrincə, özləri rus dilini
yaxşı öyrənmədiklərinə görə həyatda
bəlkə də uduzublar, istəyirlər ki, heç olmasa
uşaqları rus dilini bilsinlər.
Sergey Zenin: Ali təhsil sahəsində
də oxşar vəziyyətdir. Rus dili, o
cümlədən Moskvadan gəlmiş müəllimlərin
sayəsində nüfuz qazanıb. Heydər Əliyev
Fondunun dəstəyi ilə Moskvanın prestijli ali
məktəblərinin Bakıda filialları
açılıb.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialının rektoru Nərgiz Paşayeva: Moskva Universiteti, mənim
fikrimcə, hər bir alimin, hər bir tələbənin bu məkanla
ünsiyyətdə olmaq arzusudur.
Sergey Zenin: Tədris korpusları cəmi
12 il bundan əvvəl yaradılıb,
lakin bu müddətdə əsas məqsədə nail olunub. Bu dəhlizlərdə Moskva Dövlət
Universitetinin ruhu duyulur. Bunu heç nə
ilə dəyişik salmazsan, rektorun səyi ilə dəyərli
biliklərlə birlikdə MDU-nun ruhu da buraya gətirilib.
Filialın kitabxanası, dünyaşöhrətli
müəlliflərin, tanınmış alimlərin
soyadları yazılmış cildlər. Biliklərin
başlanğıc nöqtəsi, qüvvə toplama yeri məhz
burada, bu zaldadır.
XIX əsrin sonu – XX əsrin əvvəlinə
aid çox nadir bir nəşr – Aleksandr Sergeyeviç
Puşkin.
Dörd cild, 1855-ci il, Sankt-Peterburq. Bu isə
nadir mətbu nəşrdir: “Zarya Vostoka”, aprel 1870-ci il. Bütün bunlar Moskva
Dövlət Universitetinin Bakı filialındadır. Bunun necə vacib olduğunu təsəvvür
edirsinizmi?! Mədəniyyətlər bir-birinə necə
nüfuz edir!
Moskvadan gələn müəllimlər
burada növbə metodu ilə işləyirlər. Növbələr
tez-tez dəyişir, lakin, bu, məşğələlərin
proqramına əsla təsir göstərmir. Çünki bu məsələyə klassik
universitet mövqeyindən yanaşılır. Bu, tələbələrin yalnız xeyrinədir.
Onların MDU-nun rusiyalı professorların
hamısından bilik almaq üçün nadir imkanları
var.
MDU-nun üzvü kimya
kafedrasının dosenti Aleksey
Romanov: Bu, ölkələrimiz arasında münasibətləri
inkişaf etdirir, dövlətlər arasında
qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq
üçün etibarlı zəmin yaradır və
bütövlükdə, sadə insanlar arasında əlaqələr
yaratmağa imkan verir.
Sergey Zenin: Seçenov adına
Tibb Universitetinin filialı Bakının mərkəzində
yerləşir. Rektor Əziz Əliyev təbabət
üzrə professor və praktiki cərrah-onkoloqdur. O, hər
bir tələbədən nə tələb etmək lazım
olduğunu bilir.
Rektor Əziz
Əliyev: Mən
həmişə öz tələbələrimə deyirəm,
istər cərrah olsun, istər terapevt ya radioloq, - həkim
ömrü boyu oxumalı, öyrənməlidir. Ona görə ki, tibb elmi sürətlə
inkişaf edir.
Sergey Zenin: Sxem MDU-nun filialında
olduğu kimidir. Moskvadan gələn müəllimlər
növbə ilə işləyirlər. Mühazirədə
gördüyümüz tələbələr sanki hər
sözə xüsusi diqqət yetirirlər.
Seçenov adına
Tibb Universitetinin professoru Marina
Boyçenko: Tələbələr hər şeyi dəqiqliklə
soruşur. Bəzən hər bir hərfi
soruşurlar. Onlar həqiqəti bilmək
üçün suallar yağdırırlar.
Sergey Zenin: Dərslərdən kənar
vaxtlarda müəllimlər zamanlarını turizmə həsr
edirlər. Azərbaycanda gəzməli-görməli
yerlər çoxdur. Bu üzüm bağları bir
neçə il əvvəl salınıb.
Artıq burada dadlı orqanik şərab
hazırlanır. Onu əldə etmək
üçün isə dünyanın hər yerindən
alıcılar növbəyə düzülür.
Azərbaycanın ən
maraqlı yerlərindən biri olan İvanovka kəndinə
gedirik. Burada əsrlər boyu ruslar yaşayıb – ikona və
xaçı qəbul etməyən molokanlar. Ancaq onların əsas kitabı elə həmin
İncildir.
İvanovka kəndinin xristian-molokanlarının
keşişi Sergey Kazakov: Həyatımızın mənası
onda birləşir. Biz nə ediriksə ondan
götürürük.
Sergey Zenin: İvanovkada bütün
postsovet məkanında yeganə olan kolxoz fəaliyyət
göstərir. Onun adının
saxlanılması və təsərrüfat prinsipinin dəyişdirilməməsi
barədə qərar hələ Heydər Əliyevin
vaxtında verilib.
Kolxoz sədri
Vasiliy Novoseltsev:
Biz ruslarıq. Bizim imanımız molokandır.
Ancaq bütün insanlar işə vicdanla
yanaşır.
Sergey Zenin: Andreyin dədə-babaları
da maldar olub. Bu sənət ona atasından
keçib. Paytaxta getməyə can atmır. Kolxozda qabaqcıldır. İş
xoşuna gəlir? Cavan oğlansan.
Andrey Xaritonov: Biz mal-qaraya öyrəşmişik.
Bütün həyatımız mal-qara ilədir.
Anadan olandan bizdə mal-qara var. Hər bir evdə
mal-qara var. Yəni ki, heyvandarlıq bizim
qanımızdadır.
Sergey Zenin: Burada ərzaq malları
ancaq yerlidir, təbiidir. Çörək də,
görməli yerlər qədər boldur. Sovet
vaxtı hər bir kolxozun mütləq bir klubu olmalı idi.
Xüsusən də, belə - 2700 nəfərin
yaşadığı yerdə. İndi
gördüyünüz klub deyil, Mədəniyyət
sarayıdır.
Bu, İvanovka xorunun
yalnız bir hissəsidir. Yeni il
qabağı onların çoxu azərbaycanlı və rus
dostlarının və qohumlarının yanına gediblər.
Burada sənin milliyyətinin qətiyyən fərqi
yoxdur. Hamının bir pasportu var.
Bakı Arxangel Mixail məbədinin
baş keşişi Mefodiy
Əfəndiyev: Hamı bir yerdə yaşayır. Hamı başa düşür ki, Azərbaycan vətəndaşları
üçün bu ölkə ümumi böyük evimizdir.
Sergey Zenin: İvanovkadakı məbədin
tərtibatı hamını heyran edir. Müsəlman
rəssam anadan olandan sonra xristianlığı qəbul edib və
həyatının qalan hissəsini pravoslav kilsəsinin tərtibatına
həsr edib. Həyatdan işini bitirməmiş
köçüb. Onun işini dostları
və yaxınları davam etdiriblər.
Rəssam Batuxan Haqverdiyev: Onun üçün vacib idi ki, bu
iş yekunlaşsın. O, çox sayda əlyazması və
eskiz qoyub.
Sergey Zenin: Bakı COVID məhdudiyyətlərinə
baxmayaraq ruhdan düşmür. Qalereya və mədəni
mərkəzlərdə sərgilər keçirilir. Azərbaycan yalnız çoxmillətli deyil, eyni
zamanda, həm də multikulturaldır. Bunu
burada maksimum inkişaf etdirirlər. Bu
gün Heydər Əliyev Mərkəzində müasir
braziliyalı rəssamın sərgisinin keçirildiyi kimi.
Bakının kafe və
restoranlarında dadı və müxtəlifliyinə görə
gözəl yeməklər var.
Kulinariya mütəxəssisi Fərhad Aşurbəyli: Azərbaycan
həmişə orta əsrlərdə İpək Yolunun - əsas
logistik yolun üzərində yerləşib. Ona
görə dünyanın müxtəlif yerlərindən
buraya ərzaqlar gəlib.
Sergey Zenin: İçərişəhərdə
çox istəsən heç tanımadığın
insanların evinə girə bilərsən və 5 dəqiqədən
sonra orada özünü evindəki kimi hiss edəcəksən.
Azərbaycan.- 2021.-28 dekabr.- S.9.