Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi
Gününə həsr olunmuş tədbir
keçirilib
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni il bayramına həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiyanın və Azərbaycanın gənclər birliklərinin, Azərbaycan diasporunun nümayəndələri və rəsmi qonaqlar iştirak ediblər.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova çıxış edərək Leyla Əliyevanın rəhbərliyi ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) bu ölkədə humanitar sahədə fəaliyyətindən danışıb, təşkilatın gənc üzvlərinin humanitar tədbirlərdə iştirakını yüksək qiymətləndirib.
RAGB-nin məsul katibi Ceyhun Hüseynov Birliyin sədri Leyla Əliyevanın adından qonaqları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, təşkilatın 2021-ci ildə fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, Leyla Əliyevanın rəhbərliyi ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi bir sıra yeni layihələr həyata keçirib, Rusiyanın ictimai birlikləri və ali təhsil müəssisələri ilə uğurlu əməkdaşlığı davam etdirib.
Daha sonra Rusiya ali təhsil müəssisələrində ən fəal Azərbaycan klubları mükafatlandırılıb.
Bayram tədbiri milli musiqi və rəqslərdən ibarət konsert proqramı ilə davam edib.
Azərbaycan.- 2021.- 28 dekabr.- S.9.