Jurnalistikada nəzəri-elmi məktəbin yaradıcısı

 

Müəllim - özünü aydın, işıqlı gələcək üçün şam kimi əridən fədaidir. 110 illik yubileyini qeyd etdiyimiz Nəsir İmanquliyev bu adın haqqını verən şəxsiyyətlərdəndir. O, təkcə unudulmaz müəllim, peşəkar jurnalist deyil, eyni zamanda böyük vətənpərvər ziyalı, ölkəmizin ictimai-mədəni mühitində iz qoymuş elm xadimidir. Klassik ənənələrə söykənən maarifçilik fəaliyyəti ilə jurnalistika tariximizdə məktəb yaratmağı bacaran Nəsir İmanquliyev bu məktəbin davamçılarını yetişdirməklə özündən sonra böyük yol qoymuşdur.

Nəsir müəllim Azərbaycan jurnalistikasının inkişafında iki istiqamətdə önəmli rol oynayıb. Nəzəri-elmi məktəbin yaradıcısı olması bunlardan birincisi hesab olunur. Qeyd etmək yerinə düşər ki, professor Nəsir İmanquliyev ölkəmizdə jurnalistikanın nəzəri modellərinin öyrənilməsində və eləcə də tətbiqində böyük əmək sərf etmiş alimdir. O, bugünkü ali jurnalistika təhsilinin simasını müəyyənləşdirən və onun təməli sayıla biləcək bir sıra ixtisas kurslarının yaradıcısı kimi tarixə düşmüşdür. Jurnalistika ixtisası üzrə tədris planında bu gün də əsas yer tutanbir növ ixtisasın açarı sayılan “Jurnalistikaya giriş” fənni buna misal ola bilər. Nəsir müəllim həmçinin “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kursunun praktik əsaslarını da hazırlamış, janr müxtəliflikləri ilə bağlı maraqlı konsepsiyalar irəli sürmüşdür.

Nəsir müəllimin yetişdirdiyi tələbələr Azərbaycan mediası və ictimai-siyasi mühitində daim mötəbər yer tutmuşlar. Ustadın tələbələri ilə qurduğu mehriban, səmimi münasibət modeli bu gün də müəlim-tələbə münasibətləri üçün örnək göstərilə bilər. Onun həyata vəsiqə verdiyi məzunların bəziləri Jurnalistika fakültəsinin müəllimləri olmuş, bəziləri isə Azərbaycan jurnalistikasında praktik fəaliyyətləri ilə tanınmış, ustadlarının inam və etibarını doğrultmuşlar. Bütün bu sadalananlar isə onun bir pedaqoq kimi uğuru hesab olunmalıdır.

Nəsir müəllimin elmi fəaliyyəti də diqqəti cəlb edir. II Dünya müharibəsi illərində mətbuatın fəaliyyətinin araşdırılması onun əsas elmi işini təşkil etmiş, bu mövzuda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Nəsir İmanquliyev eyni zamanda bir neçə dərs vəsaiti və sanballı monoqrafıyaların müəllifi və həmmüəllifidir. “Qəzetdə xəbər”, “Redaksiya işinin təşkili və planlaşdırılması” kimi elmi araşdırmaları o dövrün nəzəri əhəmiyyəti ilə yanaşı, praktik cəhətdən də qiymətli əsərlərdən idi. Görkəmli jurnalist həmçinin yazıçı və tərcüməçi kimi də fəaliyyət göstərmişdir. Ordudan tərxis olunduqdan sonraKommunist” qəzetində məsul katibbaş redaktorun müavini olarkən onun təşəbbüsü ilə yaranan ədəbiyyat dərnəyi bütöv bir şair, yazıçı nəslinin, xüsusən də cəbhə yazarlarının yetişməsində böyük rol oynamışdır. Müharibə dövrüondan sonrakı quruculuq illərində fədakar əməyinə görə müxtəlif ordenmedallara, mətbuatımızın inkişafındakı xidmətlərinə görə isə “Qızıl qələm” mükafatına, “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar jurnalist” fəxri adlarına layiq görülmüşdür.

Nəsir İmanquliyevin Azərbaycan jurnalistikasının inkişafındakı ikinci mühüm istiqaməti onun peşəkar jurnalist fəaliyyəti ilə bağlıdır. O, elmi-nəzəri sahədə olduğu kimi, praktikada da özünü tam mənası ilə təsdiq etmişdir. Nəsir müəllim jurnalistikanın nəzəriyyəsi ilə praktik fəaliyyətin vəhdətini özündə təcəssüm etdirən nadir ustadlardan olmaqla, ömrünün 70 ilini Azərbaycan mediasının formalaşması və inkişafına həsr etmişdir. O, ətrafına istedadlı, bacarıqlı insanları cəlb etməklə jurnalistikamıza yeni nəfəs gətirməyi bacarmışdı. Nəsir müəllim yaxşı görürdü ki, özündə nəzəriyyə ilə təcrübənin vəhdətini təcəssüm etdirən jurnalistika auditoriyalarda oxunan mühazirələr, söylənilən nəzəri fikirlər yalnız təcrübi vərdişlərlə tamamlandığı halda yaradıcı potensiala çevrilə bilərdi. Onun bu istiqamətdə göstərdiyi səylər “Bakı” və “Baku” qəzetlərinin timsalında özünü doğrultdu. Bu iki axşam qəzetlərinin nəşri ilə Azərbaycan jurnalistikasında yeni bir səhifə yazıldı. Adıçəkilən qəzetlər o dövrdə böyük bir yenilik olmaqla yanaşı, ali jurnalistika təhsili alan tələbələr üçünciddi praktik sınaq meydanı, əsl təcrübə bazası idi. Bu səbəbdəndir ki, həmin qəzetlər ilk gündən tələbə jurnalistlərin yaradıcılıq laboratoriyasına çevrilməyi bacardı. 1958-ci ildən 1998-ci ilədək - 30 il müddətində qəzetin redaktoru olan Nəsir İmanquliyev milli mətbuat tariximizə peşəkar jurnalistikanı: dəqiq, qərəzsiz informasiyanı, maarifçilik ruhunu, milli-mənəvi dəyərlərə hörmət hissini gətirdi. “Bakı” və “Baku” qəzetləri təkcə tələbələrin təcrübə bazasına çevrilmədi, həm də sənət-söz adamlarının, xüsusən də gənc yazarların, tədqiqatçı alimlərin üz tutduqları etibarlı ünvan adını aldı.

Qeyd etmək istərdik ki, professor Nəsir İmanquliyev elmi-pedaqojijurnalist fəaliyyəti ilə yanaşı, geniş və çoxsahəli ictimai-siyasi fəaliyyəti ilə də seçilməyi bacarıb. O, uzun müddət Bakı Şəhər Partiya Komitəsində, Mərkəzi Komitədə təbliğat-təşviqat şöbəsinə rəhbərlik edib. Onun Mədəniyyət Nazirliyinin Baş Radio Məlumat İdarəsinin rəisi, nazirliyin kollegiya üzvü, Azərbaycan RadioTeleviziya Verilişləri Komitəsində sədr müavini olduğu illərdə isə bu dövlət qurumlarının struktur inkişafında xüsusi xidmətləri olub.

Bu gün Jurnalistika fakültəsinin Yeni mediakommunikasiya nəzəriyyəsi (keçmiş Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi) kafedrasında Nəsir müəllimin dərin məna daşıyan portreti, kafedranın qarşısında isə mərmərdən işlənmiş barelyefi jurnalist-tələbələrə sanki öz öyüd və nəsihətlərini verir. 110 illik yubileyini böyük ehtiram hissi ilə qeyd etdiyimiz ustad müəllimimizin əziz xatirəsi çoxsaylı yetişdirmələri olan fakültə müəllimləri, peşəkar jurnalistlər və biz tələbələrinin ürəyində daim yaşayacaqdır!

 

Vüqar ZİFƏROĞLU,

BDU-nun Jurnalistika fakültəsinin dekanı,

filologiya üzrə elmlər doktoru

 

 

Samir XALİDOĞLU,

BDU-nun Jurnalistika fakültəsinin

Sosial məsələlər tələbələrlə üzrə dekan müavini

 

Azərbaycan.- 2021.- 28 dekabr.- S.11.