Unudulmayan Şahmar Əkbərzadə

 

İyirmi bir il keçib onun dünyasını dəyişməsindən. 2000-ci il 31 avqust idi, 59 yaşının tamamına dördcə ay qalırdı.

 

Göy buludsuz, çay bulaqsız çağlamaz,

Yalqız arı pətəkdə şan bağlamaz.

Hicran dağı hansı qəlbi dağlamaz,

Kök üzülsə budaq vaxtsız solar heyyy!

 

Budağlara o dövranlar qayıtmaz,

O qartallar, o tərlanlar qayıtmaz.

O elatlar, o karvanlar qayıtmaz

Binələrin gözü yolda qalar heyyy!

 

Şahmar, bəsdir, zildə durma, keç bəmə,

Dağ üstündən dağı çəkmə sinəmə.

Məhəbbətin kökü varsa, qəm yemə -

Qoca dünya boşalar hey, dolar heyyy!

 

Ömrümdə bizim sənət dünyasından olan çox adamın qəfil ölümünə təəssüflənmişəm.  Əli Kərimin, Sərdar Əsədin,  İsa İsmayılzadənin, Eldar Baxışın, Nüsrət Kəsəmənlinin, Ağamalı Sadiqin,  Akif Səmədin, Aydın Səlimzadənin bir də iki Şahmarın - gözəl hekayələr müəllifi Şahmar Hüseynovun və poeziyamızda, publisistikamızda silinməz izlər qoyan Şahmar Əkbərzadənin.

Misal gətirdiyim şeiri Şahmar ölümündən on altı il öncə, 1984-cü ildə qələmə alıb. Şeiri misra-misra, hətta söz-söz oxuyanda belə ondan VİDA qoxusu gəlir.  Birinci və ikinci bənddə kədər var, üçüncü bənddə nikbinlik. Elə bil, Şahmar o vaxt ölümünü qabaqcadan hiss edirmiş, ondan əvvəl isə doğulduğu Qarabağın qəhrini çəkəcəkdi: O elatlar, o karvanlar qayıtmaz, Binələrin gözü yolda qalar heyyy!

Açığını deyim, mən Şahmar Əkbərzadə ilə dost olmamışam, amma ədəbiyyat çeşməsindən su içdiyimiz  üçün bir-birimizi yaxşı tanıyırdıq.  Mən onun mətbuatda çıxan gözəl şeirlərini oxuyurdum, rastlaşanda həmin şeirlər haqqında ürəyimdən gələn tərifi deyirdim və o, uşaq kimi sevinirdi. Ömrünün son illərində onun redaktor olduğu “Mədəniyyət” qəzetinə yazılar aparırdım, bu yazıları şəxsən özünə təqdim edirdim (belə tapşırmışdı), ən yaxın nömrədə onları çap edirdi, hətta kiçik maliyyə büdcəsi olduğuna baxmayaraq, qonorar da verirdi.

Tez-tez eşidirdim ki, Şahmar bütün türk dünyasının nəhəng sənətkarı olan Çingiz Aytmatovun görüşünə gedir. Çingiz Aytmatov Şahmarı çox sevirdi. Şahmar dünyasını dəyişəndə bu böyük sənətkar çox sarsılmışdı. Polad Bülbüloğlu yazır: “Bişkekdə  Çingiz  Aytmatovun  yubileyinin keçirildiyi günləri xatırlayıram.  Şənliyə dünyanın hər yerindən çoxsaylı qonaqlar gəlmişdi. Şahmarın alovlu çıxışları bütün iştirakçıları valeh edirdi. Onun söylədiyi bəzi kəlmələr hətta dillər əzbəri olmuşdu. Qəzetlər onun sözlərini manşetə çıxarmışdılar: “Yaşasın Qırğızıstan - Manasstan və Çingizstan!”

Bəli, Şahmarı sevirdilər. Onun dönməz türkçülüyü, azərbaycançılığı, yurdsevərliyi dillər əzbəri olmuşdu.  Hər bir insana sevgi və ehtiramı da  bu ali məhəbbətdən doğurdu.Türk dünyasının öndər simalarından olan Oljas Süleymenov da Ç.Aytmatov kimi  Şahmarın ölümünü eşidib sarsılmışdı.

Şahmarın dostluq etdiyi,  illər boyu ünsiyyət  bağladığı  sənətkarlardan  biri də böyük şairimiz  Bəxtiyar Vahabzadə idi. Onları birləşdirən, ürəklərini bir araya gətirən səbəblər çox idi. Şahmar özünü həmişə Bəxtiyarın tələbəsi sayırdı. Ustad-tələbə münasibətində ən önəmli cəhət odur ki, məslək birliyi həm də dostluğa çevrilsin. Bəxtiyar müəllimin çox böyük bir səmimiyyətlə Şahmarın “Ona yanıram ki  kitabına  yazdığı ön  sözü xatırlayıram.  Adı belədir: “Düşündürmək, yandırmaq və inandırmaq”. Bəxtiyar müəllim yazırdı:

 

“Sərhəd kənarında, cavan yaşımda

Həsədim utanıb yerə girirdi.

İki quş dimdiyi ağac başında

Vətəni vətənə birləşdirirdi.

 

Bu misralar bizi Şahmar nəfəsinin, Şahmar yanğısının od aldığı ocağa aparır. Misal gətirdiyim üçbəndlik “Dağdağan” şeirini oxu, qorlanma görüm, necə qorlanmırsan? Araz qırağında o taydan, bu taydan  çör-çöp daşıyıb yuva qura-qura “Vətəni vətənə birləşdirən”  iki sağsağana  bax,  Azərbaycanın keşməkeşli taleyini  anma görüm, necə anmırsan? On iki misrada deyilənlər məni cild-cild salnamələrdən çox barındırır”.

Bəxtiyar Vahabzadənin o kiçik, amma Şahmarı bir insan və şair kimi sevdirən-tanıdan o yazısında Çingiz  Aytmatovun adı çəkilir: “Çingiz Aytmatovun mənə yazdığı məktubdakı bir fikri xatırlamaya bilmirəm: “Özündən çox özgələrə yananlar, el-obalarımızı düşünənlər haqqında fikirləşəndə Şahmarı anıram”.

Şahmar  Əkbərzadənin  “Xarıbülbül”  şeirlər kitabı qarşımdadır və deyim ki, hər dəfə yaxşı bir şeir oxumaq həvəsilə o kitabı da əlimə götürür, açıb vərəqləyir və həmişə birinci olaraq “Üzeyirbaycan” şeirini axtarıram. Bu şeirin adının altında “Anam Qarabağa” sözləri yazılıb.

 

“Şikəstə” oxuyub, sən zaman-zaman

Qızıl torpağına dərd-qəm əkmisən.

“Heyratı” üstündə ayağa qalxıb

Zülmün anasına dağlar çəkmisən.

 

Elin dar günündə, ağır günündə

Söykənib yenilməz vüqarına sən,

Qızın Nüşabənin ləyaqətiylə

Fateh İsgəndərə diz çökdürmüsən!

 

İndi də Vətənim yanıb-yaxılır

Başından əksilən tək bircə tükə

Ölməz Füzulinin əsli, nəsli də

Sənin Bayatından düşüb Kərkükə.

 

Torpağın nəğməkar, daşın nəğməkar

Yayılıb şöhrətin, şanın hər yana.

Bir dahi oğlunun barmaqlarıyla,

Himni sən yazmısan Azərbaycana.

 

Adını Vətənə yaraşdırıram

Üzeyirbaycanım, ey ulu binəm!

Ölməzlər yetirən boz torpağına

Babam qurban olub, növbədə mənəm.

 

Məşhur “Qarabağnamə”lər ədəbi mühitə məlumdur. Amma poeziyamızda “Qarabağnamə”ni düşünəndə onlarla ən gözəl şeirlərin içində Şahmarın bu şeirini də xatırlamamaq olmur. Və o kitabdakı bir çox şeirləri “Üzeyirbaycan” silsiləsinə daxil etmək olar. Məsələ onda deyil ki, Şahmar o şeirlərdə doğulduğu torpağa  - Qarabağa məhəbbətini poeziya sevgisinə çevirirdi, söhbət ondan gedir ki, Qarabağ böyük, o taylı-bu taylı Azərbaycan demək idi Şahmar üçün. Gərək birinci doğulduğun torpağa ürəkdən bağlanasan ki, böyük Vətəni də sevə biləsən.

Şahmarın yaradıcılığında baş mövzu Azərbaycandır... O, sovet dövründə onlarca şairin Azərbaycanı mədh edən və çox vədə bir-birinin təkrarı olan şeirlərdən fərqli olaraq Vətənin birliyi, bütövlüyünü arzulayan, haçansa bunun həqiqət olacağına inanan bir şair kimi diqqəti cəlb edirdi.

Şahmar az yazırdı, amma lazım olanda, məqamı çatanda yazırdı, ilhamını zorlamırdı. Bir neçə sifarişdən, təkiddən sonra Şahmar şeirlərini “Azərbaycan” jurnalı redaksiyasına gətirdi. Baxıb gördük ki, Şahmarın şair xarakteri qətiyyən dəyişməyib,  şeirlərində yenə həmin o patriotik duyğular, hisslər yaşayır. Amma bu şeirlərdə, təbii ki, 1990-cı illərin ictimai-siyasi ab-havası duyulurdu.  Şahmar Azərbaycan torpağının iyirmi faizinin işğalına dözə bilmirdi, bunu özü və xalqı üçün böyük dərd hesab edirdi, keçid dövrünün bitib-tükənməyən məhrumiyyətləri, insanların düçar olduğu əzab-əziyyətlər onun ürəyini parçalayırdı.

Şahmarın “Mərkəzi poçtxana” adlı bir şeiri də var ki, bu şeir vətənpərvərliyin poeziyada ən həzin, ən kövrək notları kimi misilsizdir. Şair Mərkəzi Poçtxanaya gəlir, amma harasa, konkret bir ünvana teleqram göndərmək niyyəti yoxdur. Çünki teleqram vurulası obalar, ellər, yollar, dağlar, çöllər var ki, onların həsrətini çəkir.

Şahmar qarabağlı idi və onun danışığında, rəftarında, ədasında məhz keçmiş Qarabağ kişilərinə məxsus bütün əlamətlər cəmləşmişdi. Deyə bilmərəm, onun babası, babasının babası bəy olub, ya olmayıb, amma Şahmarda bir bəylik, özü də ziyalı bəyliyi, qüruru  görürdüm. Çıxışlarında da o əda, o qürur apaydın hiss edilirdi.

  Təbii ki, onun xatirəsi yad olunan bu balaca yazıda bütün şeirləri barədə söz açmaq çətindir və haçansa, daha geniş bir yazı da yazacağam. Amma budur, əlimdə bir başqa kitab var: “Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatlarının şeir antologiyası” (tərtib edənlər Elçin İsgəndərzadə və Adil Şirin). Deməli, Şahmar unudulmayıb. Onun adına Beynəlxalq Ədəbiyyat Mükafatı da təsis olunub və bu mükafatın bir xeyli laureatı var.

Bu yazını bitirəndə bir də Şahmarın kitabına baxdım. ONA YANIRAM  ...  İndi biz ona yanırıq ki, Şahmar bizim sıralarımızda deyil. Və Şahmarın sanki əbədiyyətdən göndərdiyi - amma 1985-ci ildə yazdığı bir şeirindən bu üç bəndlə sözümü tamamladım:

 

Qarabağdan əsən yellər,

Cığırlarım yol olubmu?

Mənsiz Damcı bulağının

Göz yaşları sel olubmu?

 

Şahbulağın döşündəki,

Qaramanın qaşındakı,

Ürəyimin başındakı

Tikanlar kol-kol olubmu?

 

Doğulduğum doğma yeri

Görməmişəm yazdan bəri,

Çəmənlinin çiçəkləri

Həsrətimdən kül olubmu?

 

İndi Şahmarın ruhu şaddır. 44 günlük Zəfər müharibəsindən sonra onun doğuldduğu kənd də, Ağdam da, bütün Qarabağ da işğaldan azad olundu. Kaş Şahmar da sağ olaydı-bu günlərin qələbə sevincləriylə yaşayaydı...

 

Vaqif YUSİFLİ

 

Azərbaycan.- 2021.- 28 dekabr.- S.11.